Çaqayevin 1000 manatlıq məşqinə həkimdən reaksiya: “Ölüm riski var!”

“TikTok”un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin məşqlərinin müzakirəsi davam edir. Özünəməxsus tərzdə məşq keçən idmançı gündəmdən düşmür. Görəsən, ağır çəkili insanların rəqs və yüksək templi məşqlər etməsinin sağlamlığa hər hansı zərəri varmı? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirib ki, bu cür məşqlər ürək üçün risklidir: “Bu cür yüksək templi məşqlər infarktdan tutmuş, qəfil ölümə qədər apara bilər. Həmçinin, bu cür məşq qan təzyiqinin qalxmasına da səbəb olur. Xüsusilə, yaşlı adamlar üçün bu təhlükə daha böyükdür. Belə məşqlər ağır fiziki məşqlərdir. Bu gün qəfləti ölümlərin sayı artıb, adicə toyda içib tullanıb-düşəndə bir də görürsən şəxs ürəktutmadan vəfat edir. Ümumiyyətlə, hər şeyin əndazəsi var. Məşqçi bununla nə etmək istəyir? Bu məşq deyil, sanki idmana gələnləri qamçılayıb döyür, belə məşqin orqanizmə nə faydası var?! Hər məşqin özünün qaydası var, orqanizm buna öyrəşməlidir. Birdən-birə belə məşqlə, tullanıb-düşməklə orqanizmə xeyirdən çox zərər dəyir”. Kardioloq qeyd edib ki, piylənmədən əziyyət çəkənlər əvvəlcə həkimə müraciət etməlidir: “Piylənmədən əziyyət çəkənlər məşqə yazılmamışdan öncə həkimə müraciət etməlidir. Aydınlaşdırmaq lazımdır ki, şəxsin piylənməsi genetikdirmi, yoxsa qida ilə bağlıdır? Ola bilər ki, kökələn adamın hər hansı endokrin xəstəliyi olsun. Bunları yoxlamaq lazımdır. Xəstənin heç olmasa kardeoqrammı, exo-kardeoqrammı olmalıdır, məşqlər mütləq pəhrizlə birgə aparılmalıdır. Pəhriz olmasa, bu cür məşqi gündə 10 saat da etsən istədiyin nəticəni ala bilməyəcəksən. Yavaş-yavaş pəhrizlə istədiyin çəkiyə çatandan sonra məşqləri edə bilərsən, amma birdən-birə o cür ağır məşqlər təhlükəlidir. Bunun xoşagəlməz nəticələri ola bilər. O cür artıq çəkili adamların bədənindəki qədər daxildə - ürəyinin ətrafında piy olur. Piy ürəyi sanki torbanın içinə alır və sıxır, ürəyi normal açılıb-yığılmağa qoymur. Buna görə də daxili piyləri yavaş-yavaş, mülayim formada əritmək lazımdır. Bunun üçün zaman lazımdır. Birdən-birə ürəyi piy basmış adamı ağır məşqlərə saldıqda qəfləti ölüm riski artır”.

Evdə qızılcalı uşaq varsa, bütün ailə karantində olmalıdır - Həkim

Qızılca və suçiçəyində kimlər neçə gün karantində qalmalıdır? Sozcu.az xəbər verir ki, pediatr Tərlan Eyyubov bu barədə məlumat verib. “Qızılca və suçiçəyində təkcə xəstə olan uşaqlar yox, xəstə ilə kontaktda olan sağlam və peyvənd olunmayan hər kəs 21 gün müddətində karantində olmalıdır. Suçiçəyində səpki əmələ gələndən sonrakı 5-6 gündə, bədəndəki sonuncu suluq qartmaq bağlayana kimi digərləri üçün yoluxucu olurlar. Yalnız səpkilər qərtməq bağlayıbsa, yoluxuculuq itir. Qızılcada isə səpkinin hələ çıxmamasından 4 gün əvvəldən və səpkilər çıxandan 4-5 gün sonra da ətrafdakılar üçün yoluxucu olurlar. Ondan sonra yoluxuculuq azalır. Ona görə də bu nüanslara fikir verməlisiz. Uşaq və onunla kontaktı olanlar 21 gündən sonra cəmiyyətə, dərsə,işə çıxa bilərlər”.medicina.az)

Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilir?

Onkoloji xəstəliklərlə bağlı tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi üzrə müvafiq qurumlarla müzakirələr aparılır. Sozcu.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agnetliyindən bildirilib. Qeyd edilib ki, tibbi xidmətlə bağlı mövcud vəziyyət, tibbi statistik məlumatlar təhlil edilir. “Tibbi xidmət Xidmətlər Zərfinə daxil edildikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək”, – deyə əlavə edilib. Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib ki, onkoloji xəstəliklərin hələ də icbari sığorta sahəsində əhatə olunmaması problemdir. “Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi ilə görüşlərimiz keçirilib. Ümid edirəm ki, tezliklə bu məsələ həllini tapacaq. Onkoloji xəstəliklərin müalicəsi böyük vəsait tələb edən məsələdir və düşünürəm ki, bu da icbari tibbi sığorta tərəfindən qarşılanmalıdır”, – deyə o, əlavə edib.

Azərbaycanda "sarılıq" təhlükəsi: bu ərazilərdə yayılıb

Ötən ilin son aylarından başlayaraq, ölkənin ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə “Hepatit A” diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub. Qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib. Nəzərə alsaq ki, hepatit A virusu fekal-oral yoluxma mexanizminə malikdir və adətən çirkli əllər, çirklənmiş su, eləcə də ümumi gigiyenik qaydaların pozulması ilə yayılır, mütəşəkkil kollektivlərdə bu və digər yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv yolu gigiyenik qaydalara və əksepidemik rejimə əməl etməkdir. Bununla yanaşı, təhsil müəssisələrində vaxtlı-vaxtında su-kanalizasiya xətlərinin təftişi, mövcud su anbarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub-zərərsizləşdirilməsi də vacib şərtlərdəndir. Müşahidə edilən epidemioloji vəziyyətlə əlaqədar, Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb. Aparılan monitorinqlər nəticəsində “Azərsu” ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilərinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyi müəyyən edilib. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur. Eyni zamanda, su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində də işlər davam etdirilir.

Hər gün 1 qaşıq yesəniz orqanizminizdə mikrob qalmayacaq

Son zamanlar artan qrip infeksiyalarına qarşı təbii antibiotikləri əvəz edən reseptlərdən faydalanmaq lazımdır. Mütəxəssislərin fikrincə, güclü immunitet üçün ilk növbədə immuniteti gücləndirən qidalar qəbul etmək önəmlidir. Axşam.az təbii antibiotikləri əvəz edən qarışıq təqdim edir.  Bu qarışığı yuxudan oyanan kimi yediyiniz zaman immunitetinizi gücləndirir. Qarışım belə hazırlanır: Hər səhər bir qaşıq bal, bir çay qaşığı zəncəfil və yarım çay qaşığı darçın qarışdırın. 10 dəqiqə gözlədikdən sonra acqarına istehlak edin. Hər hansı bir xəstəliyiniz varsa, həkiminizlə məsləhətləşmədən istifadə etməməlisiniz. Qarışımla yanaşı qidalanmağınıza da fikir verin. Hər gün bunlardan yemək sizə yardım edəcək: Folat, dəmir, C vitamini və antioksidantlarla zəngin olan ispanaq immunitet sistemini dəstəkləyir. Tərkibində E vitamini olan badam ən sağlam qəlyanaltılardan sayılır. İmmunitet sisteminin hüceyrələrini qorumağa kömək edir. Tərkibində yüksək miqdarda antioksidant olan göyərti immunitet sistemini gücləndirir və idrak funksiyalarını yaxşılaşdırır. Antiviral və antibakterial xüsusiyyətlərə malik olan sarımsaq immunitet sistemini gücləndirən ən təsirli qidalar arasındadır. Tərkibində omeqa-3 yağ turşuları olan balıq bədəndəki iltihabı azaltmağa kömək edir və həmçinin immunitet sistemini dəstəkləyir. Tərkibində C vitamini, A vitamini və lif olan brokoli immuniteti gücləndirən ən təsirli qidalardandır. Bol probiyotik ehtiva edən qatıq həzm sistemini dəstəkləyir və immunitet sistemini gücləndirir. C vitamini ilə çox zəngin olan portağal, naringi və qreypfrut kimi sitrus meyvələri immunitet sistemini gücləndirir. Yüksək antimikrobiyal xüsusiyyətlərə malik olan bal soyuqdəyməyə qarşı təbii həll təklif edir və davamlı öskürək üçün xüsusilə şəfalıdır.

Son günlər insanlar arasında yayılan xəstəlik nədir? - TƏBİB-dən açıqlama

Hər il olduğu kimi, payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyalarında artım müşahidə edilir. Bu barədə Sozcu.az -a TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, son günlərdə insanlar arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb. "Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər, lakin buna heç bir əsas yoxdur. Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər. Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə həkimə müraciət sayında artım olması, hər zamankı kimi, gözləniləndir. Payız-qış fəsli daxil olandan bəri, TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib, respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tətbiqi həyata keçirilib və keçirilməkdə davam edir", - deyə əlavə edilib.

Xərçəngin müalicəsi çoxdan tapılıb, qəsdən etmirlər – Azərbaycanlı cərrah

Dünyada hələ çarəsi tapılmayan xərçəngin müalicəsi ətrafında müzakirələr həmişə təzadlı olub. “Medicina” xəbər verir ki, onkoloq cərrah İbrahim Əsədli “Künc-bucaq” youtube kanalna şiş xəstəliklərinin yaranma səbəbi və müalicəsinin bəlli olduğunu bildirir. “Mən neçə illərdir xərçəngi araşdırıram. Elmi təbabət xərçəngdə əsas şişi götürür, səbəbi araşdırmırlar, 3 metodları var: cərrahiyyə, şüa və kimya... Digər istiqamət naturopatik onkologiya. Xərçəngin müalicəsi çoxdan tapılıb. Amma bu üsulları rəsmi protokollara daxil etmirlər. Çünki beynəlxalq güclərə insanların sağalması və sayının artması maraqlı deyil. Onlar xərçəngin müalicəsini əngəlləyirlər. Xərçəngin yaranmasının bir obyektiv səbəbi var: hipodinamiya, az hərəkət etmək, oturaq həyat. İnsanlar daha çox şəhərlərə üz tutur, burda isə həyat tərzi zərərlidir. Ürək-damar xəstəliklərinin səbəbi də budur. Elektromaqnit dalğalar, kimyəvi maddələr, yuyucu vasitələr, plastik və keyfiyyətsiz qida. Bunlar şəhər əhalisinin daha tez xəstələnib ölməsinə səbəb olur”.

Səhiyyə Nazirliyindən qızılca ilə bağlı ÇAĞIRIŞ

2023-cü ilin sonlarından başlayan və hazırda davam edən qızılca xəstəliyinin yerli yayılması ilə əlaqədar ölkə ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Sozcu.az-ın məlumatına görə, bununla bağlı Səhiyyə Nazirliyi əhaliyə çağırış ünvanlayıb. Nazirlik qeyd edib ki, yaranmış epidemioloji vəziyyətin təhlilinə əsasən, azyaşlı uşaqlarla yanaşı, həmçinin 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Bunu da qeyd etmək lazımdır ki, yoluxanların, demək olar ki, hamısı qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərdir. İnfeksiyanın yerli yayılmasının, xəstəlikdən ağırlaşma və ölüm hallarının qarşısının alınması üçün 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik peyvəndlər təqviminə əsasən vaksinasiyası ilə yanaşı, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvənd olunmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib. Yüksək yoluxuculuq qabiliyyətinə malik qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edir və qeyd olunan həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırır. Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər.

Qızılca Azərbaycanda daha bir uşağın həyatına son qoydu

Şəkidə altı yaşlı uşaq xəstəxanada ölüb. Yanvarın beşindən altısına keçən gecə rayonun Sarıca kənd sakini, altı yaşlı Yusif müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib. Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir. Qeyd edək ki, son bir ay ərzində ölkədə qızılca xəstəliyindən 10-dək uşaq dünyasını dəyişib.

Alimlər immuniteti gücləndirən virus aşkarlayıblar

Rusiyalı tədqiqatçılar VSV virusu bazasında yeni onkolitik preparat yaradıblar, o, təkcə xərçəng hüceyrələrini məhv etmir, həm də şişlə daha fəal şəkildə mübarizə aparmaq üçün immuniteti gücləndirir. Sozcu.az report.az-a istinadla xəbər verir ki, bu barədə tədqiqatçıların "International Journal of Molecular Sciences" elmi nəşrində dərc edilmiş məqaləsində qeyd edilir. Bildirilir ki, bu virus siçanlarda implant edilmiş şişlərin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladıb və ömürlərini uzadıb. "VSV virusunun bir çox üstünlükləri var, ona qarşı immunitet yoxdur, onun genomuna düzəliş etmək asandır və eyni zamanda o, çoxlu sayda hüceyrə növlərində sürətlə inkişaf edə bilir. Bundan əlavə, ondan immuniteti gücləndirən molekulları şişlərə ötürmək üçün istifadə edilə bilər. Bunu nümayiş etdirmək üçün biz iki oxşar maddənin, IL-12 və GM-CSF-nin istehsalını təşviq edən virus yaratmışıq", - deyə tədqiqatda deyilir. "Sirius" Universitetinin Translyasiya Təbabəti Elmi Mərkəzinin Gen terapiyası istiqamətinin rəhbəri Aleksandr Karabelskinin rəhbərlik etdiyi bioloqlar qrupu bu cür virusların immun sistemini daha da gücləndirəcəyi və şişlə daha fəal mübarizə aparmağa məcbur edəcəyi şəkildə modifikasiya edildiyi təqdirdə onların effektivliyini artırmağın mümkün olub-olmaması barədə danışıb. Belə ki, alimlər VSV virusunun genomunu elə bir şəkildə modifikasiya ediblər ki, o həm şiş hüceyrələrini aktiv şəkildə məhv edib, həm də onları çox miqdarda IL-12 və GM-CSF zülalları istehsal etməyə vadar edib. Həm anadangəlmə, həm də qazanılmış immunitet formasının fəallığını artıran və şişlərlə mübarizə aparan dendritik hüceyrələrin yetişməsini sürətləndirən immunitet sisteminin siqnal molekullarıdır. Bioloqlar tərəfindən aparılan müşahidələr onu göstərir ki, VSV virusunun hər iki variasiyası əhəmiyyətli dərəcədə (36-40 faiz) şişlərin böyüməsini yavaşladıb, bunun sayəsində onları qəbul edən siçanlar nəzarət qrupundakı fərdlərdən orta hesabla bir neçə gün daha çox yaşayıblar. Eyni zamanda, immunitetin gücləndirilməsi gəmiricilərin sağ qalmasını artırıb ki, bu da şişlərin daxilindəki aktivləşməyə onun müsbət təsirini sübuta yetirir.

Azərbaycanda daha bir uşaq qızılcadan öldü - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə ölən 4 yaşlı uşaqla bağlı məlumat açıqlayıb. Qurumdan bildirilib ki, serebral iflic xəstəliyindən əziyyət çəkən 16.05.2019-cu il təvəllüdlü uşaq 14.12.2023-cü il tarixdə səhhətində yaranan problemlərlə bağlı valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müayinəyə gətirilib. "Həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib. Uşağın valideynləri stasionar müalicədən imtina ediblər. Daha sonra uşaq valideynləri tərəfindən 14.12.2023-cü il tarixində saat 15:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilərkən xəstəxanayaqədər ölüm qeydə alınıb", - məlumatda qeyd edilib. 09:24 Şəmkirdə 4 yaşlı oğlan uşağı qızılca xəstəliyindən ölüb. Sozcu.az APA-ya istinadən bildirir ki, 2019-cu il təvəllüdlü Şəmkir rayon sakini H. Allahyarov qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb. Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır

Zəlzələ qorxusu nədir və ona necə qalib gəlmək olar? - Psixoloqdan AÇIQLAMA

Şiddətindən və yerindən asılı olmayaraq zəlzələ hər kəsi qorxuya salır. Əksər insanlar zəlzələdən sonra təkcə özünün deyil, ailəsinin, yaxın çevrəsinin və bütün dünyanın zərər görəcəyindən narahatlıq keçirir. Bəs, zəlzələ qorxusu ilə necə mübarizə aparmaq lazımdır? Sozcu.az zəlzələ qorxusundan xilas olmağın yollarını təqdim edir: Zəlzələdən sonra keçirilən narahatlıqlar: Yuxu pozğunluqları, kiçik bir hərəkətdən belə qorxmaq, ağlamaq istəyi, sıx narahatlıq hissi, depressiya, davamlı olaraq zəlzələ olacağını düşünmək və zəlzələdə baş verənlərlə bağlı böyük ağrıdan gündəlik həyata davam edə bilməmək. Biz dünyaya təbii fəlakətlərdən əvvəl təhlükəsiz yer kimi baxırıq. Amma hər təbii fəlakətdən sonra dünya ilə yenidən tanış olur və anlayırıq ki, əslində dünya təhlükəsiz yer deyil. Zaman keçdikcə dünya yenidən təhlükəsiz yer kimi hiss olunur. Türkiyəli psixoloq İsmail Aykut Öztürk bu məsələni belə izah edir və zəlzələdən sonra yaşanan qorxulara qarşı alınması lazım olan tədbirləri sadalayıb. Belə anlarda ağlınız pis bir şeyin ola biləcəyinə inanır, ona görə də zəlzələnin baş verməməsi ehtimalı barədə düşünə bilməzsiniz. Çünki narahatlıq və qorxu var. Ancaq dərindən nəfəs alıb həmin anda zəlzələ olmaya biləcəyini düşünmək sizi rahatlaşdıracaq. Bunu yaşadıqdan sonra ertəsi gün yenidən zəlzələ yaşayacağınızdan qorxursunuz və bu proses davam etdikcə əslində qorxmaqdan qorxacaqsınız. Sonra ertəsi gün yenidən zəlzələ qorxusunu yaşayacağınızdan qorxursunuz. Bu proses davam etdikcə əslində zəlzələdən yox, həm də qorxmaqdan qorxacaqsınız. Bütün digər qorxular kimi zəlzələ qorxusu da qəbul olunduqca azalır.  Zəlzələdən sonra insanları ən çox narahat edən qorxu və təşviş kimi görünsə də, əslində bu narahatçılığın yaranmasında “mənfi düşüncələr” ciddi əhəmiyyət kəsb edir. “Yenə zəlzələ olacaq, evdən çıxa bilməyəcəm.”, “Sağ qalsam da, sevdiklərim bacarmasa, həyatıma necə davam edəcəyəm?”, “Dağıntılar altında qalsam, kim məni xilas etməyin neçə saat çəkəcəyini bilir?", "Mən orada ac-susuz necə qala bilərəm?" Bu kimi fikirlər ağlınıza gəldikdə, onları rədd etmək əvəzinə bu düşüncələrdən qaçmamaq və onlarla üzləşmək lazımdır. Onları yenidən şərh etmək sizi zehni və fiziki cəhətdən rahatlaşdıracaq. Mənfi düşüncələri rədd etmədən, onlar haqqında düşünməyə davam etmək lazımdır. “Zəlzələ olanda ev yıxılmaya bilər.”, “Zəlzələ olsa belə, yaxınlarıma və mənə ziyan dəyə bilməz.”, “Eşitdiyim bu səslər zəlzələdən yaranmaya bilər.”, “ Zəlzələ olduğu üçün yata bilmirəm, amma nə qədər ki, tədbir görməmişəm, yatıb yatmaq arasında heç bir fərq olmayacaq”. kimi cümlələr qurmağı da bacarmaq lazımdır. Bu, təkcə neqativlərə deyil, həm də müsbətə diqqət yetirmək üçün yol açır. Ehtiyat tədbirləri görmək həmişə qorxunu azaldır. Buna görə də riskli binada yaşasanız, zəlzələ çantası hazırlamasanız, zəlzələ zamanı necə davranacağınızı düşünməsəniz və s. qorxu və narahatlıq səviyyəniz artacaq.BAKU.WS)