Bir çox yeməyə dad verən və sağlamlığa müsbət təsiri olan sarımsağın çoxsaylı faydalarını bilirik. Amma araşdırmalar zamanı közlənmiş sarımsağın inanılmaz müsbət təsirləri ortaya çıxıb. Araşdırmaların nəticəsinə əsasən, gündə 2-3 diş közlənmiş, ya da qızardılmış sarımsaq yedikdə 24 saat ərzində orqanizminizdə bu dəyişikliklər meydana gəlir. 2-4 saat: Orqanizminizin həzm etdiyi qidalar xərçəngli hüceyrələrlə savaşmağa başlayır. 4-6 saat: Metabolizmanız sürətlənir. Yığılan yağlar yanmağa və orqanizminizdəki artıq yağlar atılmağa başlayır. 6-7 saat: Sarımsağın antibakterial özəlliyi bədənə yayılır və qan dövranınızı düzənləyir. Sarımsaq bakteriyalarla savaşmağa başlayır. 6-10 saat: Sarımsaqdakı maddələr hüceyrələri qoruyur. 10-24 saat: Sarımsaq aşağıdakıları gerçəkləşdirir: - Xolesterolun səviyyəsini aşağı salır - Damarları təmizləyir və ürək problemlərinə qarşı qoruyur - Təzyiqi normallaşdırır - Sinir sistemini gücləndirir - Bədənə ağır metalların girməsini əngəlləyir - Sümükləri və oynaqları gücləndirir - Yorğunluğu önləyir - Hüceyrələrin ömrünü uzadır.
Artıq çəkidən qurtulmaq üçün öncə maddələr mübadiləsini sürətləndirmək lazımdır. Bunun üçün bir çox çaylar, qarışımlar mövcuddur. Sozcu.az axşam.az-a istinadən sizə həm dadlı, həm də arıqlamanıza yardımçı olacaq kokteyl reseptini təqdim edir. 5 ədəd badam ləpəsi, 1 ədəd yaşıl alma, yarım fincan qatıq və ya şəkərsiz, azyağlı yoğurt, 1 çay qaşığı darçın tozunu blendrdən keçirib için. Bu kokteyli qəlyanaltı kimi içə bilərsiniz.
Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. Sozcu.az Azərtac-a istinadən türkiyəli həkim Özkan Akyolun mövzu ilə bağlı araşdırmasını təqdim edir. O, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğunun elmi şəkildə sübuta yetirildiyini bildirib: “Oruc tutmaq bir tərəfdən həzm sisteminə, digər tərəfdən insan psixologiyasına faydalıdır. Orqanizmdə toplanmış yağlar oruc zamanı yağ hüceyrələri vasitəsilə parçalanır. Sağlam arıqlama yığılmış yağların parçalanması yolu ilə baş verir. Ancaq imsak və iftarda az kalorili qidalanma ilə buna nail olmaq olar. Elmi araşdırmalar oruc və insulin sağlamlığı arasındakı əlaqəni ortaya qoyur. Tədqiqat sübut edib ki, oruc tutarkən hüceyrələr daha çox qlükoza qəbulu ilə bağlı siqnal göndərir. Bu da insulinin normallaşmasına müsbət təsir göstərir”. Mütəxəssis qeyd edir ki, orucun həzm sisteminə də faydası var. Oruc tutmaq həzm sisteminin dincəlməsinə kömək edir. Müntəzəm oruc tutmaq metabolik sağlamlığa faydalıdır, həmçinin bağırsaqların normal fəaliyyətinə kömək edir. Az yemək ömrü uzadır və daha uzun yaşamağa kömək edir. “Oruc bədənimizi yeniləyir. Parkinson və Alzheimer kimi xəstəliklərə qarşı qoruyucu rol oynaya bilir. Elmi araşdırmalar göstərir ki, vəhşi heyvanlar xəstə olduqda qida qəbulunu azaldır. Oruc tutmaq da immun sistemini gücləndirməklə bir çox xəstəlikdən qorunmağa kömək edir və bəzi xəstəliklərin müalicəsini sürətləndirir. Oruc tutmaq orqanizmin ümumi təmizlənməsi üçün faydalıdır. Həzm sisteminin təmizlənməsi dolayı yolla bütün orqanizmi təmizləyir. Qaraciyər və böyrəklərdəki toksinlər təmizləndiyi üçün dəri yenilənir”, - deyə həkim əlavə edib.
Aptekdə sadə bir dərman üçün getdikdə,ş eyni dərmanın müxtəlif versiyalarına rast gəlirik: istehsal ölkəsi, markası, firması, qiyməti və s. Həkim və əczaçı çox zaman 10-15-20 manatlıq dərmanı tövsiyə edir. Məsələn, adi aspirinin 2 manatlıq versiyası da var, 7 manatlıq da. Bir təzyiq dərmanını eyni molekul ilə 3-5 şirkət istehsal edirı. Hətta birində 5 manat, digərində 10 manat ola bilər. “Medicina” müalicə üçün dərman preparatının analoqlarını daha sərfəli qiymətə necə əldə etməyin sirlərini açır. Bütün dərmanları 2 qrupa bölülər: orijinal və ceneriklər. Orijinal preparatın hazırlanmasına milyonlarla dollar vəsait, elmi araşdırmalar sərf olunub. Ona görə bu dərmanlar baha olur. Çünki əsas ilk şirkət bütün bu xərcləri gəlirlə birgə geri almalıdır. Bu dərman kütləvi satışa çıxandan sonra digər şirkətlər o tərkibdə dərmanları istehsal edir, lakin adı və istehsal zavodu fərqli olur. Təbii ki, belə dərmanların qiyməti daha ucuz olur. “Kopya preparatlar” sıfırdan hazırlanmır, elmi araşdırma xərcləri olmur, sadəcə hazırı götürüb istehsal edirlər. Sadəcə ona fərqli ad, marka adı və s qoyulur. Amma cenerik preparatlarda da orijinal molekul istifadə olunur. Sadəcə, cenerik şirkətlər öz preparatının orijinalla eyni və keyfiyyətli olmasını sübut etməlidir, bu isə kifayət qədər asan və ucuz başa gəlir. Ona görə də siz normal ölkə, zavod istehsalı olan cenerik dərmanları da ala bilərsiz. Sadəcə dərmanın qutusunda yazılan iri hərflərlə ada yox, daha kiçik hərflərlə yazılan tərkib, molekul adına baxın. Ya da əzcaçıdan xahiş edin ki, bu dərmanın ekvivalenti olan daha ucuz vasitəni təklif etsin. Əmin olun ki, 18 manatlıq dərmanın 3 manatlıq alternativi var. Necə ki, 25 manata da D vitamini var, 4 manata da.
İcbari tibbi sığorta fondunun maliyyə vəsaiti hesabat ilində 2 milyard manata yaxınlaşıb. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Deputat bildirib ki, icbari tibbi sığorta ilə əhatə olunan cərrahi əməliyyatlara qoyulan say məhdudiyyətinin aradan qaldırılacağına ümid edir: “154 özəl xəstəxana sığortaya cəlb edilənlər sırasına əlavə edilib. Əhalinin sığortadan məmnunluğunun artması ilə yanaşı 5 milyondan çox insan 22 milyondan çox müraciət edib. Ümumiyyətlə, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır. Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır”. Komitə sədri xatırladıb ki, hesabat ilində “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklər bu sahədə problemlərin aradan qaldırılmasına şərait yaradacaq.
"Bilərək ki, rentgen şüaları zərərlidir "ürəyim rahat olsun deyə apardım" deyən valideynlər çoxdur. Ürəyiniz rahat olsun deyə uşağınızı rentgen müayinəsindən keçirtməyin". Musavat.com bildirir ki, bu barədə tanınmış pediatr həkim Aytən İsmayılzadə deyib. Pediatr rentgen şüalarının sağlamlığa çox zərərli olduğunu vurğulayıb: "Rentgen müayinəsi ultrasəs deyil ki, hər istədiyinizdə edəsiniz. Rentgen şüaları da radioaktiv şüalardır. Necə ki, o, hamilə üçün çox ehtiyatla, dölü şüalanmadan qoruyan xüsusi önlüklə aparılır, eləcə də körpələri də maksimum bu şüalardan qorumağa çalışmalıyıq. Çünki uşaq orqanizmi böyüyən orqanizmdir. Burada hələ hüceyrələrin bölünərək çoxalması davam edir. Belə hüceyrələr radiasiyaya daha həssas olur. Məsələn, sümük iliyi. Burada həmişə qan hüceyrələri yaranır. Şüa xəstəliyi zamanı ( orqanizmin yüksək doz radioaktiv şüalanmaya məruz qalması) sümük iliyi zədələnir. Rentgen şüalarının dozası müayinəyə görə seçilir. Yəni nəyə baxılacaqsa ona uyğun seçilir, amma biz bilmirik ki, uşaq üçün nə dərəcədə düzgün icra edilir". Pediatr qeyd edib ki, köhnə rentgen aparatlarında şüalanma daha çox olur: "Şüalanma xərçəng riskini artırır. Ona görə də nə vaxt vacibdirsə onda etməliyik. Ətraf mühitdən də şüa alırıq. Amma artığı bizə lazımdırmı? Və ya ehtiyac olmadıqca niyə edək? Bəlkə bu gün öskürən uşaq iki gün sonra yıxıldı bir yeri sındı, rentgen müayinə vacib oldu. Hətta travmatoloji problemlərdə təkrarı rentgen müayinələri lazım olur. Ona görə də konkret olaraq zərərli bildiyimiz hər şeydən maksimum uzaq olmalıyıq". Aytən İsmayılzadə rentgen müayinəsi ilə bağlı tövsiyələrini də bildirib: "- Həkimə əlinizdə döş qəfəsinin rentgen müayinəsi ilə gəlməyin. - Həkim müayinə etmədən birbaşa rentgenə yönlədirirsə onu dəyişin. - Evdə müalicə ala biləcək uşağı xəstəxanaya yatırmayın. Orda rentgen müayinə mütləq ki olunacaq. - Yad cisim udan uşağı dərhal rentgen etdirməyin. Sabahı gözləyirik. Ən azından hələ də mədədə ya bağırsaqda olduğunu bilmək uçun vaxt qazanırıq. - Burun axıntısı olduğu zaman adenoidə görə rentgen etmirik, çünki nəticə yalançı pozitiv ola bilər. - Uşağın bud - çanaq müayinəsini 6 aya kimi USM ilə müayinə etmək varkən ertələyib rentgenə saxlamayın. - Bir yerində sınıq-çıxıq şübhəniz olduğunda travmatoloqa getmədən rentgen çəkdirməyin".
Azərbaycanda son 1 ayda koronavirus infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 513 nəfər sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son ayda COVID-19-dan 28 nəfər vəfat edib. Aktiv xəstə sayı 114-dir. Qeyd edək ki, dekabr-yanvar ayı ərzində 325 nəfər koronavirusa yoluxmuş, 217 nəfər sağalmış, 21 nəfər isə COVİD-19-un qurbanı olmuşdu.
Araşdırmalar göstərib ki, xüsusilə bir qida hər il milyonlarla insanın ölümünə səbəb olan ürək xəstəliyi riskini azalda bilər. Hətta xolesterol kimi bir bəlanı qida vasitəsiylə aradan qaldırmaq mümkündür. Sozcu.az xəbər verir ki, yediyimiz şey ümumi sağlamlığımız və rifahımız üçün vacib amildir. Bu, bütün dünyada artan bir problem olan ürək-damar sağlamlığına və ya ürəyimizin, qan dövranı sistemimizin fəaliyyətinə də aiddir. Xüsusilə yüksək xolesterin ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri kimi önə çıxır. Bunun səbəbi, damarlarda xolesterinin yığılması, onların daralmasına və qanın düzgün axmasına mane olmasıdır. Yüksək xolesterol adətən qidalanmadan qaynaqlanır və doymuş yağların istehlakı bu vəziyyəti sürətləndirir. Buna görə səhiyyə təşkilatları insanlara xolesterol səviyyəsini yaxşılaşdırmaq üçün doymuş yağ qəbulunu azaltmağı tövsiyə edir. Mütəxəssislər yeməklərinizə zeytun yağı əlavə etməyi tövsiyə edir. Zeytun yağı ürək-damar sağlamlığını dəstəkləmək üçün əla qidadır və souslar, yeməklər üçün seçim yağı olmalıdır. Zeytun yağı qan təzyiqini aşağı salmağa kömək edir və ürək sağlamlığı üçün çox vacib olan ümumi ürək-damar sağlamlığını dəstəkləyir. Elmi araşdırmalar zeytun yağının ürək-damar sağlamlığının qorunmasında da rol oynayan yüksək antioksidant tərkibinin də əhəmiyyətli olduğunu ortaya qoyur. Gündə 20 qrama qədər zeytun yağı qəbul edə bilərsiniz.
Son vaxtlar insanlar arasında elektron siqaretlərdən istifadə xeyli populiyarlaşıb. Bir çoxları elektron siqaretlərin adi siqareti əvəz etdiyini və zərərsiz olduğunu düşünür. Elektron siqaretlərin artımını statistik göstəricilər də əsaslandırır. Təkcə 2023-cü ildə ölkəyə 1.16 mln. ədəd bir dəfə istifadə edilən elektron siqaret və 1.55 mln. ədəd elektron siqaret mayeləri idxal edilib. Bu isə öncə ildən 61 faiz daha çoxdur. Bəs görəsən elektron siqaretlər insanların düşündüyü kimi həqiqətən zərərsizdirmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-pulmonoloq Əsəd Beydullayev elektron siqaretlərin insan orqanizmində olduqca ciddi fəsadlar törətdiyini qeyd edib: “Siqaret özü günümüzdə yetərincə ciddi bir bəla olaraq qalır. Digər tərəfdən elektron siqaretlər də insan səhhətində ciddi fəsadlar törədir. Bildiyimiz adi siqaretlərin tərkibində tüstü var və bu tüstünün tərkibində qətran və nikotin mövcuddur. Nikotin asılılıq yaradır, tüstü isə özlüyündə insan bədəninə ziyan vurur. Elektron siqaretlərin də tərkibində nikotin və tüstü olur. Yəni məntiq olaraq eyni şeydir. Ağciyərlər sadəcə təmiz hava qəbul etmək üçün yaradılıb. Tüstü və digər maddələr ağciyərlərin funksiyasına zərərlidir. Elektron siqaretlər yeni-yeni yarandığından zərərlərin tam forması hələki naməlumdur. Bunu tam müəyyən etmək üçün bir müddət müşahidə aparmaq lazəmdır. Ancaq son araşdırmalarda elektron siqaretlərin meydana gətirdiyi xüsusi xəstəlik qrupu aşkarlanıb. Bu onu göstərir ki, elektron siqaretlər adi siqaretlərdən heç də təhlükəsiz deyil. Hətta bəlkə də daha təhlükəlidir. Məsələn, asma və buna bənzər xəstəlikdən əziyyət çəkən insanların elektron siqaretlərdən istifadəsi qətiyyən yolverilməzdir. Elektron siqaretlərin ağciyər və tənəffüs sistemində müxtəlif xəstəlikləri olanlara ciddi dərəcədə yan təsirləri var. Elektron siqaretin zərərsiz olduğunu bildirənlər sadəcə marketinq məsqədləri güdür və bütün deyilənlər yalandır". Həkim elektron siqaretin ağciyərlərdə su yığılmasına səbəb olması ilə bağlı iddialara da aydınlıq gətirib: “Siqaret və elektron siqaretlər ağ ciyərlərdə birbaşa su əmələ gətirmir. Ümumiyyətlə, götürdükdə ağ ciyərlərdə su yığılmasının səbəbləri olduqca çoxdur. Bunların başında ağciyər xərçəngi durur. Digər tərəfdən, ürəyin normal işləməməsi də ağ ciyərlərə su yığılmasına gətirib çıxarır. Ürəyin normal işləməməsinin əsas səbəblərindən biri də məhz siqaretlə bağlıdır. Bu səbəbdən siqaret, o cümlədən elektron siqaretlər bu xəstəliyin yaranmasında da yan təsir göstərir”.
Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırıb. Nazirlikdən Sozcu.az-a verilən məluamta görə, ötən ilin aprelindən başlayaraq, digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Qeyd olunub ki, yaranmış epidemioloji vəziyyətin təhlili yoluxanların böyük əksəriyyətinin qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərin olduğunu göstərir: "Bununla əlaqədar Azərbaycan ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Profilaktik peyvəndlər təqviminə əsasən 10 yaşa qədər uşaqların vaksinasiyası davamlı olaraq həyata keçirilir. Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırır. Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər".
Azərbaycanda bir tibbi vasitənin satışı qadağan olunub. Bu barədə Sozcu.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilib ki, “M&C Firması”nın Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciətində 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2” (88 mm) M.FK-EU/AP/SA ticari adlı tibb vasitəsinin spinal iynəsinin iynə altlığı və polad kannulanı birləşdirən hissənin istifadə zamanı qopması riski ilə əlaqədar könüllü olaraq geri çağırmaq qərarı qəbul etdiyi və qeyd edilən seriya ilə buraxılan tibb vasitələrini son istifadəçilərdən, pərakəndə satış müəssisələrindən (apteklərdən) və topdansatış müəssisələrindən (distributorlardan) geri çağırması bildirilib. Müraciəti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları araşdırıb və Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 5-ci hissəsinin müddəalarını rəhbər tutaraq, müraciətdə qeyd edilən tibb vasitəsinin geri çağırılması qərarı Mərkəzin sərəncamı ilə təsdiqlənib. Yuxarıda qeyd edilənləri və “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 16-cı hissəsinin müddəalarını nəzərə alaraq, 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2” (88 mm) M.FK-EU/AP/SA ticari adlı tibb vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilir.
Ölkədə, demək olar ki, hər gün qızılcaya yoluxma və ondan ölüm halları eşidirik. Çarəsi ancaq peyvənddə və el təbabətində tapılır. El adətinə görə, qızılca olan şəxsi qızıl suyunda çimizdirib, qırmızı paltar geyindirmək lazımdır. Düşünürlər ki, belə olan halda səpgilər sovrulacaq. Amma qızılcanın çox adamın agah olmadığı çarəsi var. Eşşək südü… Bəziləriniz yəqin, etiraz edib deyəcəksiniz ki, “Eşşək südündən nə fayda?”. Amma elm adamlarının uzun müddət sürən araşdırmaları bir çox xəstəliklərin müalicəsində eşşək südünün əvəzsiz olduğunu təsdiq ediblər. Sozcu.az bildirir ki, Lent.az xarici mətbuatda araşdırma aparıb. Məlum olub ki, eşşəkdən alınan süd dünyanın bəlasına çevrilən xərçəng xəstəliyinin, o cümlədən sədəf, serroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malikdir. Bunla da qalmayıb, dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək ferması yaradılıb. Bəzi insanlar İslam dinində eşşək ətinin yeyilməsini haram sayır. Deyirlər ki, əti haram olan heyvanın südü də haramdır. Bu deyimlərin dini açıqlamasını verən ilahiyyatçılar bildirib ki, İslam dinində haram sayılan ancaq donuz ətidir. O zamanlar eşşəkdən minik vasitəsi kimi istifadə edildiyi üçün Mədinə yaxınlığındakı kiçik bir şəhərdə onun əti və südü qadağan edilib. İndi isə eşşəkdən demək olar ki, heç bir yerdə minik vasitəsi kimi istifadə olunmur. Eşşək südü tərkibindəki protein, kalsium, şəkərin miqdarına görə ana südünə ən yaxın süddür. Hələ qədimdən eşşək südünün ana südünə yaxın olduğunu üçün, südəmər uşaqları bu südlə mayalandıranlar olub. Hətta qədimdən eşşək südü ilə antibiotik olmayan vaxtlarda uşaqları sağaldırdılar. İnək südü bəzi körpələrə allergiya yaradır. Amma alimlərin və qida mütəxəssislərinin araşdırmaları eşşək südünün heç bir allergik xüsusiyyətinin olmadığını təsdiq edib. İnək südü brüselyoz keçməməsi üçün qaynadıb bişirildiyi halda, eşşək südü çiy verilir, onun qaynatmağa ehtiyac yoxdur. Min bir dərdə dərman olan eşşək südü son dövrün bəlasına çevrilən qızılcanın müalicəsində əvəzsiz rol oynayır. Elə sosial şəbəkələrdə qızılcaya yoluxmuş övladını dövrün bəlasından qurtarmaq üçün analar eşşək südü axtarır. Analar son ümidini dərmanlara yox, məhz uzunqulaq südünə bağlayıblar. Digər südlərdən qiymətcə çox baha olan eşşək südünün bu gün gizlicə, özəl yerlərdə satılır. Qiyməti isə əl yandırır. Araşdırma nəticəsində məlum olub ki, eşşək südünün stəkanı 20 manata satılır (litri 100 manat). Süd əsasən 200 və 500 qramlıq şüşələrdə satılır. 200 qramlıq süd 20 manat, 500 qramlıq süd isə 40 manatdır. Stəkanı 20 manata satılan, qədimdən südəmər uşaqlara dərman kimi verilən eşşək südünün faydaları nələrdir? Eşşək südü həzmi rahatlaşdırır, kökəltmə vermir. Bunun səbəbi onun tərkibində olan yağların digər südlərin tərkibində olan yağlardan az olmasıdır. Onun orqanizmə faydaları isə bunlardır: – mineral çatışmazlığını aradan qaldırır – immun sistemi gücləndirir – xərçəng riskini azaldır – astma xəstəliyinin müalicəsində əhəmiyyəti böyükdür – antibakterial təsirə malikdir – bronxiti sağaldır – qızılcanın dərmanıdır – qara ciyər fəaliyyətini yaxşılaşdırır – sümükləri möhkəmləndirir – artıq yağları əridir – bəlğəmi tamamilə aradan qaldırır – köpüyünü üzə sürtdükdə sızanaqları yox edir. Hətta Almaniyanın Reyn çayı sahilində eşşəyə abidə qoyublar. Çox qiymətli məhsuldur, həm uşaqlar, həm böyüklər içə bilər. Dünyanın heç yerində eşşək südünə qadağa yoxdur.