Redaktor seçimi

Regionda vəziyyət kifayət qədər gərgindir — Paşinyan

"Biz Moskvada keçirilən üçtərəfli görüşdə regional kommunikasiyaların açılmasından danışdıq". Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib. "İrəvan ölkənin suverenliyi və yurisdiksiyası prinsipi əsasında buna hazırdır. Hazırda dəmir yolunda işlər gedir", - Paşinyan deyib. "Dünyada baş verən hadisələr, Rusiya ilə Ukrayna arasında, İran-Əfqanıstan sərhədində kəskinləşməyə görə regionda hərbi-siyasi vəziyyət kifayət qədər gərgin olmaqda davam edir. Amma İrəvan “sülh gündəmini” həyata keçirmək üçün hər şeyi edir", - o bildirib. Ermənistan baş naziri Laçın dəhlizi barədə danışarkən Rusiya sülhməramlılarını ittiham edib.

Ukrayna Rusiyanın 66 hava hücumunun qarşısını alıb

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Rusiyanın 75 hava hücumundan 66-nın qarşısını alıb. Məlumatı Ukrayna Silahlı Qüvvələri yayıb. Bildirilib ki, Rusiya qoşunları Xəzər dənizində yerləşən bazadan 9 “Tu-95MC” təyyarə ilə 40 “X-101/X-555” qanadlı raket atıb. Bundan başqa, Rusiya Ukraynanın cənub və şimal ərazilərinə İran istehsallı 35 “Shahed-136/131” PUA ilə hücum edib. Ukrayna müdafiəçiləri 40 qanadlı raketdən 37-sini və 35 PUA-dan 29-unu zərərsizləşdiriblər.

Ermənistan eyni səhvləri edir - Azərbaycanın bu dəfə cavabı nə olacaq?

Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesinin intensivləşdiyi ərəfədə daimi belə təxribatlar yaradır. Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. "Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesinin intensivləşdiyi ərəfədə daimi belə təxribatlar yaradır. Biz belə hallarla dəfələrlə rastlaşmışıq. Keçən ilin sentyabrında da başlanan təxribatlar sonunda sülh sazişi üzrə danışıqları təxminən altı ay müddətinə ləngitmişdi. Ermənistanda bu tərxibatlarla sülh sazişinin imzlanmasını müəyyən qədər uzun müddətə yaymağa çalışır. Bu cür təxribatların qarşısı keçmişdə də alınıb, indi də alınacaq. Təxribatların miqyasının genişlənməsi isə Azərbaycanın daha sərt adekvat və təsirli addımlar atmağa vadar edə bilər", - deyə o əlavə edib. Xatırladaq ki, may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, mayın 26-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

“Tərtər işi” üzrə bəraət almış üç nəfərə böyük məbləğdə təzminat ödəniləcək

“Tərtər işi” üzrə 5 il həbsdə qaldıqdan sonra bəraət almış şəxslərdən 3 nəfərinin təzminat tələbi təmin olunub. APA-nın əldə etdiyi xəbərə görə, üç nəfərə ümumilikdə 361 min manat təzminat ödəniləcək. Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə keçirilən iclasda bəraət almış Müşfiq Əhmədliyə mənəvi ziyana görə 66 min (həbsdə olduğu hər aya görə 1000 manat), maddi ziyana görə isə 57 min 486 manat, ümumilikdə 123 min 486 manat təzminat ödənilməsi qərara alınıb. Digər iki iddiaya isə Nəsimi Rayon Məhkəməsində hakim Nail Abbasovun sədrliyi ilə baxılıb. Ayrı-ayrılıqda baxılan iddialar üzrə elan olunmuş qərarlara əsasən, bəraət almış Zaur Abdullayevə mənəvi ziyana görə 66 min, maddi ziyana görə 52 min 879 min manat, ümumilikdə 118 min 879 manat, Vəli Xəlilova mənəvi ziyana görə 66 min, maddi ziyana görə 52 min 649 manat, ümumilikdə 118 min 649 manat təzminat ödənilməsi barədə qərar qəbul olunub. Bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Lakin nazirlik məhkəməyə yazılı şəkildə izahat göndərib. İzahatda deyilir ki, nazirliyin hərəkətləri nəticəsində bu şəxslərə ziyan dəymədiyinə görə cavabdeh qismində cəlb olunmamalıdır. Məhkəmə nazirliyin mövqeyini əsassız sayıb. Kompensasiya kəsilmiş hər üç şəxs Müddətdən artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu (MAXE) olublar. Onlar 2017-ci ildə “Tərtər işi” üzrə həbs olunub, 2022-ci ildə bəraət alıblar. Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Bundan sonra iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 20 ilə qədər azadlıqdan məhrum edilmiş 19 nəfərin işi yenidən araşdırılıb. Əlavə istintaq zamanı qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar. Eyni zamanda istintaqla mərhum Mehman Telman oğlu Hüseynov və Elxan Kəmaləddin oğlu Ağazadə ilə əlaqədar bütün xüsusatlar araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.

Moskva separatçılarla sülhə mane olmağa çalışır

ABŞ və Qərb diplomatlarının Cənubi Qafqaz respublikalarına səfərləri, XİN rəhbərləri ilə görüşləri regionda daimi sülh prosesinin tənzimlənməsinə xidmət edən amillərdən biridir. Sozcu.az xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Şərq.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Qərb ölkələri, ABŞ və Avropa Birliyi Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olmasından sonra kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin güclənməsi, bölgədəki problemlərin həllində həqiqətən maraqlıdırlar: “Azərbaycan elə bir regionda yerləşir ki, Qərb və Şərq üçün körpü rolunu ifadə edir. Ona görə Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulması və sabitliyin olması xüsusi əhəmiyyət daşıyır. İran və Rusiyanın bölgədə destruktiv hərəkətləri tam sülhün olmasına imkan vermir. Həm də hər iki ölkə Qərbin sanksiyaları altındadır. Yəni regionda ən əlverişli və etibarlı tərəfdaş Azərbaycandır. İrəvan hökuməti də Qərbdən müəyyən çağırışlar almaqdadır. Son günlər Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlamaları buna xidmət edir. Paşinyan da dərk edir ki, sülh müqaviləsi imzalanmadığı müddətcə Ermənistanın gələcəyi yoxdur. O baxımdan Paşinyan da əslində Azərbaycanla sülh müqaviləsinin bağlanmasında, əməkdaşlığın qurulmasında maraqlı olduğunu gizlətmir. Həmçinin Rusiyanın vasitəçiliyinin bu məsələyə töhfə vermədiyini də anlayır. Qərbin aktivliyini, İrəvanın mövqe dəyişikliyini görən Moskva revanşist qüvvələrin, Qarabağdakı separatçıların iştirakı ilə prosesin inkişafına mane olmağa çalışır. Ancaq bunu bacarmır, çünki Qərb daha istəkli və qərarlıdır. ABŞ diplomatlarının bölgəyə gəlişi, rəsmilərlə görüşləri önəmlidir. Əgər İrəvan hökuməti də qətiyyətli addım atarsa, ABŞ-ın fəallığı işə yarayar və sülh müqaviləsi imzalanar".

Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıdıq

Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışında deyib.

Paşinyan Moskvada saziş imzalamaz - Past

Bu gün Moskvada keçiriləcək üçtərəfli görüşlə əlaqədar bəzi detallar “sızıb”. Çətin ki, bu gün Moskvada, xüsusən də fundamental məsələlər ətrafında konkret razılıq əldə olunsun. Ermənistan tərəfi, yumşaq desək, əslində Rusiyanın təkliflərini dəstəkləmir, Qərbin təqdim etdiyi təkliflər paketində kifayət qədər maraqlıdır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti gizli mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Hoqanın Vaşinqton administrasiyasının Ermənistan və Azərbaycan rəhbərliyinə ən mübahisəli məsələlərin həlli ilə bağlı öz təkliflərini təqdim etməsi təsadüfi deyil.

Rusiyaya sanksiya tətbiq edəcəm - Kılıçdaroğlu

Türkiyə müxalifətinin lideri Kamal Kılıçdaroğlu vəd edib ki, prezident seçkilərinin ikinci turunda qalib gələrsə, Ankara Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək. Sozcu.az xəbər verir ki, bu barədə CHP sədri sosial şəbəkə hesabında paylaşım edib. Eyni zamanda, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya əleyhinə sanksiyalar tətbiq etmək fikrində olmadığını açıqlayıb. O qeyd edib ki, yenidən prezident seçiləcəyi təqdirdə ölkə digər dövlətlərə münasibətdə dostluq siyasətini davam etdirəcək. Xatırladaq ki, Türkiyədə prezident seçkiləri mayın 28-də keçiriləcək.

Ermənistan qəsdən təxribatlar törədir - Baş Qərargah rəisi

Ermənistan vəziyyəti gərginləşdirmək məqsədilə qəsdən təxribatlar törədir və hər dəfə də layiqli cavablarını alırlar. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Asim Munir ilə görüşdə deyib. Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar barədə danışan Baş Qərargah rəisi bunun Ermənistan tərəfindən qəsdən vəziyyətin gərginləşdirilməsi məqsədilə edildiyini və hər dəfə onların layiqli cavab aldığını qeyd edib.

Mənimsəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Emil Dadaşevin ibtidai istintaqı yekunlaşıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, E.Dadaşevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Bir müddət əvvəl onun cinayət əməlini törətməkdə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan olunub. Daha sonra E.Dadaşev Rusiyada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

“G7” sammitində Zelenski ilə bağlı qapılar arxasında nələr danışıldığını bilmirik...”

“Amma  deyilənlər, mətbuata çıxan mövqelər və bəyanatlar göstərir ki, Zelenskinin Yaponiya səfəri kifayət qədər uğurlu olub...” Xəbər verildiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenski  ötən şənbə günü Xirosimada keçirilən Yeddilik Qrupunun (“G7”) sammitində şəxsən iştirak etmək üçün Yaponiyada səfərdə olub. O, Ukraynadakı vəziyyətlə bağlı sessiyada iştirak və çıxış edib. Eyni zamanda “G7” ölkələrinin başçılarıyla görüşlər keçirib. Bəs görəsən, Ukrayna lideri  “G7”  sammitindən hansı real uğurlarla dönüb? Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert  Ərəstun Oruclu hafta.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib. “ “G-7” ölkələrinin sammitindən Zelenskinin qazandığı ən ciddi uğur ondan ibarət oldu ki, birmənalı şəkildə Ukraynaya dəstək ifadə olundu. Və yalnız sözdə deyil, biz bilirik ki, Ukrayna ordusuna artıq hücum silahları da verilməkdədir: “F-16” qırıcıları, yeni raket növləri. Həmçinin əlavə maliyyə və silah-sursat yardımı da edilir. Və ən başlıcası, dediyim kimi, sammit iştirakçıları tərəfindən bildirildi ki, Ukraynaya nə qədər lazımdırsa, o qədər də dəstək veriləcək. Əlbəttə, bağlı qapılar arxasında nələr olub, nələr danışılıb – biz bunu bilmirik. Amma elə bu deyilənlər, mətbuata çıxan mövqelər və bəyanatlar göstərir ki, Zelenskinin Yaponiya səfəri kifayət qədər uğurlu olub. Və Ukraynaya da həm hərbi, həm iqtisadi, maliyyə dəstəyi davam edəcəkdir. Həm də, təbii ki, siyasi dəstək... Bu, açıq-aydın görünməkdədir. Və hesab edirəm ki, bütün bunlar kifayət qədər ciddi uğurdur. Çünki Rusiyanın təcavüzünün ilk dövrlərində  “G-7” ölkələri arasında bəzən Ukrayna ilə bağlı fərqli mövqelər sərgiləyənlər olurdu. Amma bu gün artıq hər hansı fərqlilik görünmür. Bu gün görünür ki, həmin ölkələrin hamısı eyni platformadan, eyni mövqedən çıxış edirlər. Və  Ukrayna üçün ən böyük uğur da elə budur...”