Redaktor seçimi

Bakıda bu institut köçürülür - SƏBƏB

Mərkəzi Nəbatat Bağında aparılan yenidənqurma işləri ilə əlaqədar Botanika İnstitutu köçürüləcək. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, yeni lahiyəyə əsasən, Mərkəzi Nəbatat Bağında aparılan yenidənqurma işləri institutun köçürülməsi məsələsini reallaşdıracaq. Məsələ ilə bağlı Botanika İnstitutun icraçı direktoru Şakir Qasımov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib: “Belə bir məlumat var, amma hələ dəqiqləşməyib”.

48 minə yaxın şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi aprelin 9-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. DİM-dən Sozcu.az-a verilən məlumata görə, imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; -Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 31-dən etibarən çap edib götürə bilirlər. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 195 imtahan binası, 3575 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 568 imtahan rəhbəri və ümumi rəhbər, 4434 nəzarətçi-müəllim, 643 buraxılışı rejimi əməkdaşı (mühafizə), 195 bina nümayəndəsi ayrılıb. Aprelin 9-da keçiriləcək imtahanda 47 917 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 12 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Rus qoşunları dirənir: Ukrayna ordusu imkan vermir

Baxmutda hərbi əməliyyatlar davam edir, rus işğalçıları qala şəhərinin mərkəzi hissəsinə daxil olmağa çalışırlar. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Zqurets bildirib. "Döyüş əməliyyatlarının dinamikası bir neçə gündür ki, ardıcıl olaraq dəyişməyib. Əsgərlərimizin maddi-texniki təminatı kifayət qədər səmərəli işləyir, bu da düşmənə daha da irəliləməyə imkan vermir", - ekspert söyləyib. Zquretsin sözlərinə görə, Avdeyevka ərazisində də vəziyyət oxşardır. Orada rus işğalçıları mühasirə modelini həyata keçirməyə çalışdılar.

“Attestasiya komissiyasında rüşvətxorluq, qohumbazlıqdır” - AÇIQLAMA

Bir deputatın Milli Məclis kürsüsündən Azərbaycan Attestasiya Komissiyasını lazımsız bir qurum adlandırması ciddi siqnaldır, elm adına ləkədir. Millət vəkili Etibar Əliyevin Attestasiya Komissiyasının ləğv olunması ilə bağlı təklifi əslində elmi dərəcə almağa çalışan, lakin qarşısında Çin səddi kimi AAK-ı görən elm adamlarının həm də xilası üçün atılan addım idi. Ancaq nə yüksək kürsülərdən deyilən sözlər, nə AAK-dakı rüşvətxoşluq, açıq-aşkar satılan, pay verilən, bağışlanan elmi dərəcələrlə bağlı faktlar, elmi dərəcə bazarına dönən qurumun nə professorlarını narahat edir, nə də rəhbərliyini qorxudur. İllər keçir, Ali Attestasiya Komissiyasında rəhbərliklər dəyişir. Ancaq bir dəyişməyən üsul-idarədir, rüşvətxoşluuqdur, korrupsiyadır. Bu illər ərzində hətta elmi dərəcələrin qiyməti də 20 mindən 30 minə qədər qalxdı. Hətta pulundan keçib bunu ödəyərək adlar, dərəcələr alanlar da oldu. Milyonlarla belə faktlar ictimailəşsə də hələ ki, heç nə dəyişməyib, al-ver davam edir… Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Ali Attestasiya Komissiyası çoxdan köhnəlmiş bir strukturdur. Keçmiş postsovet ölkələrinə xas olan bir xüsusiyyətdir: “Bu gün Azərbaycanda elmi dərəcə və elmi ad alanlar arasında məmur olmayanlar çox azdır. Azərbaycan elmi, Azərbaycan elmi adları məmurlara daha çox xidmət edir. Buna da səbəb AAK-dakı özbaşınalıq, rüşvət, qohumbazlıqdı. Məsələn, dəfələrlə şahidi olmuşuq ki, icra hakimiyyətində, və yaxud dövlət strukturlarında çalışan şəxslər, deputatlar, dövlət qulluqçusu olan şəxslər elmi adları daha rahatlıqla ala bilirlər. Amma həqiqətən tədqiqatla məşğul olan, elmi işlə məşğul olanlar bu prosesdən kənarda qalıb. Bu yaxşı hal deyil. Məhz ona görə də Azərbaycan elmi dünyada etibarlı elm kimi qəbul edilmir. Beynəlxalq indekslərdə olan Azərbaycan alimlərinə istinadlar demək olar ki, çox aşağıdır. Alimlərimizdən cəmi 36-sının indeksi kifayət qədər yaxşıdır. Bu da Azərbaycandakı alimlərin sayı ilə müqayisədə dəhşətli bir rəqəmdir”. K.Əsədov bildirib ki, bütün bunlar onu göstərir ki, Azərbaycanda elmi tədqiqat işləri və elmi adlarla bağlı problemlər var: “Universitetlərdə mərkəzlərdə bu istiqamətlərdə problemlər mövcuddur. Mən hesab edirəm ki, Azərbaycanda Ali Attestasiya Komissiyası ləğv olunmalıdır və hər bir ali təhsil müəssisəsi özü bununla məşğul olmalıdır. Çünki bu tipli qurumlar elmə gələnlərin sayına mane olurlar. Bu ciddi bir məsələdir. Mən hesab edirəm ki, necə ki Türkiyədə bu var, hər bir ali təhsil müəssisəsinin özü tədqiqtçılıqla bağlı müstəqildir. Bizdə də bu formatda istifadə olunmalıdır”.

İşdən çıxarılan baş həkim danışdı: “Uşaq haqqında nə demişəmsə, düz demişəm”

Xəbər verdiyimiz kimi, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov Səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən azad olunub. A.Rəsulovun Əmək Məcəlləsinə əsasən, yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunduğu deyilir.  Amma burda digər maraqlı məqam da var. Bildiyimiz kimi, Xətai rayonundakı  3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Lakin baş həkim Ağahəsən Rəsulov uşaqda psixi pozğunluğun olmadığını bildirib. Bundan bir gün sonra isə o, nazirin əmri ilə vəzifəsindən azad edilib. Məsələni dəqiqləşdirmək üçün sabiq baş həkim Ağahəsən Rəsulovla əlaqə saxladıq. Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, açıqlamasında o, vəzifədən azad olunduğunu təsdiqləyib: “Səbəbini yaxşı olar ki, Səhiyyə Nazirliyindən soruşun. Bu barədə mən danışmaq istəmirəm”. Vəzifədən azad olmasının Məhəmməd Hacıyevlə bağlı səsləndirdiyi fikirlə əlaqəli olması ilə bağlı suala isə Ağahəsən Rəsulov belə cavab verib: “Mən uşaq haqqında nə demişəmsə, düz demişəm. Burda nə var ki, Məhəmməd Hacıyev haqqında dediklərimi yenə də təkrarlaya bilərəm”.

"Tarix ermənilərə qarşı hansısa soyqırımın olmadığını sübut edir" - Hulusi Akar

"Tarix ermənilərə qarşı hansısa soyqırımın olmadığını sübut edir". Sozcu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar erməni hadisələri ilə bağlı seminardakı çıxışında deyib. "Biz bunu beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Erməni məsələsi uzun illərdir siyasi alət kimi istifadə olunur. Ermənilərin iddiaları Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasına mane olan əsas məsələdir", - nazir bildirib.

Təhsil nazirliyinin fırıldaqlıq etdiyi ölkədə təhsildən nə umasan?

Təhsil nazirliyi ötən ilin noyabr ayında Dövlət Proqramı ilə təqaüdlü təhsil alına biləcək universitetlərin siyahısını konkret ixtisaslar üzrə elan etdi. Rəsmi səhifəsində elan etdiyi sənəddə dünya universitetlərinin TOP siyahısına liderlik edən ABŞ, Kanada kimi ölkələrin və universitetlərin adını bakalavr siyahısına daxil etmədi. Beləcə bu ölkəni və TOP universitetləri hədəfləyən gənclərin çoxu yüksək təhsil xərclərinə görə bu universitetlərin müraciət prosesində iştirak etmək istəmədi.  Bundan  beş ay  keçdi, təhsil nazirliyi mart ayının sonunda ötən ilin noyabr ayında elan etdiyi həmin siyahıya balaca bir əlavə etdi. Buna görə ABŞ-ın Texas A&M Universitetinin ekologiya mühəndisliyi, neft mühəndisliyi ixtisasları, Michigan Universitetinin dəniz mühəndisliyi ixtisası və Iowa Universitetinin baytarlıq elmləri bakalavr pilləsi üzrə təqaüd siyasına daxil edildi. Bu bəs eləmədi, bir də daha əvvəlki siyahıdan fərqli olaraq əksəriyyəti ABŞ-da yerləşən TOP 10 universitetlər də sakitcə siyahıya əlavə olundu. Hansı ki, bu universitetlərin müraciət tarixi çoxdan, təhsil nazirliyinin "xırda düzəlişindən" üç ay əvvəl başa çatmışdı.  Sual yaranır. Kimin üçün? Hansı dərəcəli yaxınlar üçün? Təhsil nazirliyinin himayə etdiyi hansı özəl təhsil şirkətləri üçün?  Təhsil nazirliyi bu universitetlərdə təhsil almağa layiq olan gənclərin əksəriyyətini beş ay əvvəl öz məqsədlərindən daşındırır, son anda isə bəziləri üçün belə çirkin saxtakarlıqla təqaüd imkanı yaradır. Bu işi ədəb-ərkanla görməyin yolu odur ki, əvvəl təqaüd şərtlərini elan edirsən, sonra bu şərtlərə uyğun olanlar müraciət edir. Amma bizim təhsil nazirliyi deyəsən əvvəl namizədləri seçir, sonra təqaüd şərtlərini həmin namizədlərə uyğunlaşdırır.  Əziz təhsil nazirliyi, təqaüd proqramına xərclədiyiniz vəsait dədə malınız deyil. Bu xalqın vergiləriylə formalaşan dövlət büdcəsinindir. Xalqın vəsaitini xalq üçün xərcləyin. Öz yaxınlarınız, maddi və mənəvi formada durmadan himayə etdiyiniz özəl təhsil şirkətləri üçün xərcləməyin. İdeoloji şəbəkələşmənizi netvorkinq oyunu kimi sırımağa çalışsanız da, kimləri hansı maraqlarla dəstəklədiyinizi çox yaxşı başa düşürük. Sizi indiyə qədər ciddiyə alıb bəzən lehdə, bəzən əleyhdə müzakirə etməkdə çox səhv etmişik. Ən çox layiq olduğunuz münasibət elə lağlağıya qoyulmaq imiş. Təhsil eksperti, Kamran Əsədov

Nigar Əhmədovaya yeni vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı Nigar Əhmədova işdən çıxıb. Sozcu.az  xəbər verir ki, o, bundan sonra əmək fəaliyyətini Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində davam etdirəcək. N.Əhmədova 1986-cı ildə Bakıda anadan olub. O, 2004-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində "Menecment" ixtisası üzrə bakalavr, 2009-2012-ci illərdə isə "Strateji İdarəetmə" ixtisası üzrə magistr təhsili alıb. N.Əhmədova vaxtilə bir sıra aparıcı media qurumlarında çalışıb, 2019-cu ildən isə nazirliyin komandasına qoşulub.

Zelenski Moskvanın BMT TŞ-dəki “kreslosunun” arxasında gizlənə bilməyəcəyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Kremlin BMT Təhlükəsizlik Şurasındakı "kreslosu" və ya qaz borularınn arxasında gizlənə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Moskva bütün cinayət əməllərinə görə məsuliyyətə cəlb olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri ənənəvi axşam videomüraciətində danışıb. “Kreml BMT Təhlükəsizlik Şurasında kreslo, qaz boruları və ya başqa bir şeyin arxasında gizlənə bilməyəcək. Ukrayna torpaqlarında törədilən hər bir Rusiya cinayətinə görə, şübhəsiz ki, qanuni və ədalətli şəkildə məsuliyyətə cəlb olunacaq”, - Ukraynanın ali baş komandanı deyib. Siyasətçi Rusiyanın həm Beynəlxalq Cinayət Məhkəməsində, həm də Ukrayna məhkəmələrində məsuliyyətə cəlb olunacağını diqqətə çatdırıb.

“İran Azərbaycana hücum etməyə qərar versə, deməli, ən ağılsız, ən axmaq dövlətdir...”

“Daxilində sabitlik olmayan dövlət heç vaxt müharibədə qalib gələ bilməz...” “Son günlər yenə də bəzi “SEPAH” generalları bizə qarşı hədə dolu çıxışlar etməyə başlayıb... Əgər  İran Azərbaycana hücum etməyə qərar versə, deməli, ən ağılsız, ən axmaq dövlətdir. Bu halda o, bir dövlət kimi məhv olub getməlidir. Çünki öncə bunu nəzərə almaq lazımdır ki, bu dövlətin tutduğu ərazidəki əhalinin bəlkə də yarıdan çoxu Azərbaycan türkləridir”.  Bunu Moderator.az-a açıqlamasında keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev söyləyib. “İkincisi, Azərbaycan ordusu sayca İran ordusundan az olsa da, artıq 90-cı illərin ordusu deyil.  Dövlətimiz ordumuzu son 20-25 ildə dünyanın ən müasir və güclü texnologiyalarına, silah və texnikalarına yiyələndirdi və sonda da  44 günlük savaşda özünü göstərdi. İran ordusu isə təsəvvür və təbliğ edilən qədər güclü deyil və elə 40-50-ci illərin texnologiyası və taktikası ilə hərəkət edən Rusiya ordusundan çox da fərqlənmir. Və əgər İran elə bilirsə ki, Azərbaycan əvvəlki Azərbaycandır, çox ciddi şəkildə yanılır...  Üçüncüsü, bizim arxamızda qardaş Türkiyə kimi NATO-nun ən güclü ordularından birinə malik olan dövlət, Pakistan kimi müsəlman ölkəsi var. Bizimlə müttəfiq olan İsrail kimi bir əjdaha İrandan çox da uzaqda deyil. İranın arxasında kimdir? Dünyanın guya ikinci ən güclü dövləti sayılan, amma əslində dağılıb-tökülən nəhəng arabaya bənzər Rusiya imperiyası?.. Dördüncüsü, bəlkə də ən əsası isə hazırda İran yarım ilə yaxındır ki, öz daxilində stabilliyi bərpa edə bilmir. Daxilində sabitlik olmayan dövlət heç vaxt müharibədə qalib gələ bilməz. Odur ki, İran müharibəyə başlasa, tez bir zamanda elə öz daxilindən dağılacaq”, –  general əlavə edib.  “Bütün bunlarla belə, əlbəttə, Azərbaycan da bütün qonşularla sülh şəraitində yaşamaq istəyir və dövlətimiz  çalışır ki, İranla da bütün ziddiyyətləri diplomatik yollarla həll etsin. Amma o da var ki, bizə qonşu olan bu iki böyük dövlətin – istər İranın, istərsə də Rusiyanın heç bir sözünə, vədinə, imzasına inanmaq olmaz”- deyə keçmiş nazir sonda qeyd edib.

Ermənilərin qondarma abidəsi Ordumuzun nəzarətinə keçdi

“Ermənistan mətbuatı dərin təəssüf hissi ilə xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Laçın rayonuna yeridilməsi nəticəsində “Böyük və Kiçik Sünik Memorial”ı Azərbaycan tərəfinin nəzarətinə keçib”. Bu barədə hərbi ekspert Ədalət Verdiyev “facobook” hesabında paylaşım edərək məlumat verib. “Ermənilər son anda yalnız xaçkarı “memorial”dan yığışdıra biliblər. Qeyd edək ki, erməni ekspansionistlərinin terminologiyasında “kiçik Sünik” Azərbaycanın Qarabağ bölgəsi hesab edilirdi və memorial “Sünik və Arsax talelərinin birliyini” simvolizə edirdi. Nə isə. Fərarilərə keçmiş olmasın”, – ekspert bildirib.

İran "qabaqdangəlmişlik" edir: kimdən və nəyin kompensasiyası tələb olunur?

Bu gün internet informasiya resurslarında məlumat yayılıb ki, İran dövləti Azərbaycanın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Beləliklə, İran Azərbaycana nota verib. Əvvəlcə gəlin görək, nota nədir və necə göndərilir? Nota bir dövlətin başqa dövlətə siyasi məsələlər, əməkdaşlıq, razılaşma təklifləri, brifinqlər və bu kimi məsələlərlə bağlı göndərdiyi xarici siyasət məktubudur. Bir qayda olaraq, həftənin iş günləri göndərilir və həmin dövlətin nümayəndəsi, yəni səfir xarici siyasət idarəsinə çağırılır və bu məktub ona təqdim edilir. Nota prinsipial məsələlərlə bağlı göndərilir və ya özündə hər hansı vacib hadisə haqqında informasiyanı ehtiva edir. İranın diplomatik “nota” verməsi isə qeyd edilən halların heç birinə uyğun gəlmir. Bu gün həftənin iş günü deyil. Tehranda Azərbaycan səfiri yoxdur, səfirlik işləmir. İranlılar notanı haraya və necə göndəriblər? Notanın məzmununa baxaq. Azərbaycanın bəzi kütləvi informasiya vasitələri tərəfindən nalayiq və təhqiredici hərəkətlərin davam etməsi. Hər kəsə məlumdur ki, Azərbaycan mətbuatı ölkənin xarici siyasət istiqamətlərindən kənara çıxmır. Əgər hər hansı dövlət digər dövlətin ərazi bütövlüyü və suverenliyinə təhdid yaradırsa, təxribatçı qüvvələri maliyyələşdirirsə, media da bunu tapıb aşkara çıxarırsa, İran tərəfində bu "qabaqdangəlmişlik" haradan qaynaqlanır? Cənub qonşumuz kimdən və nəyin kompensasiyasını tələb edir? Ermənistanın təxribatına bu və ya digər şəkildə yardım etməsini işıqlandırmağımız ancaq onlara zərərli ola bilər. İran unutmasın ki, bu, Azərbaycanın dövlət təhlükəsizliyi məsələsidir. Dəqiq və vicdanlı yerli media da bunu mütləq dərc etməlidir. Bir sözlə, bu gün Azərbaycan mətbuatında Tehran rejimi ilə bağlı yazılanlar milyonlarla azərbaycanlının fikrinə uyğundur. Azərbaycanda Tehrandakı molla rejimindən fərqli olaraq mediada plüralizm hökm sürür. Nalayiq və təhqir dolu media deyərkən, özlərinin "Səhər TV" telekanalını unutmasınlar. Həqiqətə uyğun olmayan, böhran xarakterli məlumatlardan danışırıqsa, biz onlara nota verməliyik, onlar bizə yox./Report