Redaktor seçimi

Ermənilər təyyarələrimizə radiomaneələr tətbiq edir

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb. Bildiririk ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınıb. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməyib.

Emin Əmrullayev: "İstedadlı uşağa daha çox pul xərcləmək lazımdır"

"İstedadlı uşağa daha çox pul xərcləmək lazımdır. Ailənin maddi vəziyyətindən asılı olmayaraq həmin uşaqları vahid məktəbdə toplayıb onları rəqabətli məzmunla hazırlamaq önəmlidir". Bunu elm və təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. Nazir bildirib ki, son 7-8 ildə olimpiadalarda ən uğurlu nəticələr əldə edilib: "Təxminən 15 ilə olimpiada qalibləri olan şagirdlər Azərbaycanın ən yaxşı kadrları olacaq. Bilik və bacarıqların inkişafı milli sərvətimizdir. Bundan necə istifadədən asılı olaraq ölkənin iqtisadiyyatı, sosial inkişafı da məhz bundan asılı olacaq".

Əsgərimiz intihar etdi

Gəncədə əsgər intihar edib. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, intihar N saylı hərbi hissədə qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov hərbi hissənin yataqxanasında özünü ataraq intihar edib. Əsgərin intiharının səbəbləri haqqında hələlik məlumat yoxdur.

Nəcməddin Sadıqovun yaxın adamının azadlığa buraxılmasına ETİRAZ

Bu yaxınlarda azadlığa buraxılan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevlə bağlı hökmdən protest verilib. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, dövlət ittihamçısı təqsirləndirilən şəxslər barədə hökmdən narazı qalıb. Prokuror birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, Z.Niftəliyev və E.Niftəliyevin külli miqdarda rüşvət almaqda təqsirli bilinmələrini istəyir. Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Z. Niftəliyev, həm də CM-in 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddəsi ilə təqsirləndirilib. Cinayət işi Tərtər Hərbi Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə  Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib. Z.Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Təqsirləndirilən gizir Elsəvər Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib. Xatırladaq ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.

Brüssel görüşü qabağa çəkildi – Paşinyan açıqladı

Brüsseldə 15 iyulda Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəm. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Ümid edirəm ki, görüş zamanı sülh sazişi üzrə danışıqlarda irəliləyiş qeydə alınacaq”, - Paşinyan bildirib. Xatırladaq ki, ötən gün 21 iyulda nəzərdə tutulan görüşün qabağa çəkilə biləcəyi haqda məlumat yayılmışdı.

Rusiya Türkiyədən Qarabağda “əvəz” çıxacaq - Akyar

Öncə “Azov” batalyonuna qısa şəkildə tarixi perspektivdə baxmaq və məsələnin hüquqi tərəfinə nəzər yetirmək lazımdır. Bu sözləri Axar.az-a “Azov” komandirlərinin Ukraynaya verilməsi haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib. Polkovnik batalyonun yaranma tarixindən bəhs edib: “Azov” batalyonu 2014-cü ildə Rusiya Krımı işğal etdikdən sonra qurulan paramilitar qrupdur. Yəni tərkibində həm hərbçilər, həm də mülki insanlar var. Hazırda Ukraynanı dəstəkləyən bir sıra ölkələr batalyonu xüsusilə Donbas bölgəsində beynəlxalq humanitar hüquqa zidd olan fəaliyyətlərə görə tənqid edib. Kiyev 2018-ci ildə batalyonu Daxili İşlər Nazirliyinin nəzdindəki xüsusi bir idarənin tabeçiliyinə verdiyini açıqlayıb. Ancaq təbii ki, bütün ölkələrdə olduğu kimi, Ukraynada da müharibə başladıqdan sonra milli gücün bütün ünsürləri istifadə olunur. Müasir dünyada hibrid müharibənin əsas xüsusiyyəti budur. “Gerasimov doktrinası”nda da bu məsələ öz əksini tapıb”. Akyar Ankaranın əsir mübadiləsi məsələsində də vasitəçi rolunu oynadığını, “Azov” komandirlərinin verilməsinin Ukraynaya jest ola biləcəyini qeyd edib: “Bildiyimiz kimi, Türkiyə Ukrayna müharibəsinin əvvəlindən tərəflər arasında vasitəçi rolu oynayır. Bu da hazırki geosiyasi vəziyyətdə çoxtərəfli siyasətlə bağlıdır. Yenə ölkəmiz əsir mübadiləsi məsələsində vasitəçi və birbaşa iştirakçı olub. “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyasına görə hərbi əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə dəyişdirilir. Türkiyə də buna öz töhfəsini verib. Sözügedən sənədin 111-ci maddəsinə görə isə döyüşən tərəflərdən başqa digər dövlətlər hərbi əsirləri və s. qarşılıqlı müqavilələr əsasında öz ərazilərində saxlaya bilərlər. Buna görə Rusiya “Azov”un 5 komandirinin verilməsi ilə bağlı ölkəmizin əldə olunan razılaşmanı pozduğunu iddia edir. Ukrayna isə sözügedən konvensiyanın 117-ci maddəsini əsas gətirir. Bu maddə ilə müharibədə əsir düşən və sonra dəyişdirilərək öz ölkəsinə qaytarılan hərbçilərin yenidən döyüşlərə qatılması birmənalı şəkildə qadağan olunub. Rəsmi Kiyev Moskvanı qadağanı pozmaqda ittiham edir. Vladimir Zelenskinin Türkiyəyə son səfərində müdafiə sənayesi və iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsinə dair çoxşaxəli müqavilə imzalandı. Ankaranın belə önəmli hadisə ilə bağlı Kiyevə jest etməsi də mümkündür. NATO-nun Vilnüs sammitinin və İsveçin üzvlük məsələsinin də prosesə təsiri ola bilər”. Alim hərbi əsirlərin Kiyevə təhvil verilməsinin ümumi mənada əlaqələrə təsir göstərməyəcəyini, ancaq qarşılıq olaraq Rusiyanın Suriya və Qarabağda müəyyən addımlar atmağa cəhd etməsinin mümkün olduğunu bildirib: “Rusiya “Azov” komandirlərinin Ukraynaya verilməsinin iqtisadi və s. münasibətlərə təsir göstərməyəcəyini, ancaq addımın yaxşı qarşılanmadığını bildirib. Yəqin ki, cənab Ərdoğanın İsveçin NATO üzvlüyünə razılıq verməsi münasibətləri bir az da gərginləşdirəcək. Ancaq Türkiyənin də özünə görə haqlı səbəbləri var və bunlar Ankaraya səfəri zamanı Putinin də nəzərinə çatdırılacaq. Eyni zamanda Vladimir Putinin Türkiyəni itirməmək üçün əlavə addımlar atması da gözləniləndir. Ölkələrimiz arasında münasibətlər pozulanda Rusiya hər zaman Suriya kartını irəli sürür. Məsələn, 2020-ci ilin əvvəllərində Türkiyə Liviyada ABŞ ilə birlikdə hərəkət etməyə başlayanda həmin ilin fevral ayında mənşəyi bəlli olmayan qırıcıların hücumu nəticəsində 34 nəfər hərbçimiz şəhid oldu. Yenə Suriyada hərəkətlənmələr ola və Rusiya Qarabağda Ermənistan lehinə addımlar atmağa çalışa bilər. Vilnüsdə İsveçin NATO-ya üzvlüyü hər nə qədər “Azov” komandirlərinin verilməsi məsələsini kölgədə qoysa da, Rusiya bununla bağlı hansısa addımlar atacaq. Türkiyə-Rusiya münasibətlərində problemli sahə yaransa da, ümumi mənada əlaqələr ciddi zədələnməyəcək. Çünki Türkiyə kimi güclü NATO ölkəsi ilə əlaqələr Rusiya üçün önəmlidir. Bu, Qərbə də sərf edir”.

Səlim Müslümovun məhkəməsi niyə uzanır?

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi biraylıq təxirə salınıb. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin bu dəfə təxirə salınmasına səbəb sədrlik edən hakim Faiq Qəniyevin məzuniyyətə çıxmasıdır. Ümumilikdə bir-iki iclası nəzərə almasaq, 6 aya yaxındır ki, bu iş üzrə məhkəmə iclasları keçirilmir. Ötən ilin dekabr ayında şahidlərin dindirilməsi yekunlaşıb, eks-nazir sərbəst ifadə verib. Prosedura görə, bundan sonrakı iclaslarda sənədlərin tədqiqi mərhələsi keçirilməli, məhkəmə istintaqı tamamlanmalıdır. Sədrlik edən hakim F.Qəniyevin sözlərinə görə, məhkəmə iclaslarının təxirə salınmasına səbəb israfetmə epizodu üzrə ayrılmış cinayət işində şirkətlər tərəfindən vurulmuş ziyanın ödənilməsi istiqəmətində işlərin aparılmasıdır. Cinayət işi üzrə dəymiş ziyan 27 milyon manat hesablanıb. Həmin məbləğin 20 milyonu mənimsəmə və rüşvət alma, 7 milyonu isə israfetmə epizodu ilə bağlıdır. Dəymiş ziyanın 20 milyon manatı ibtidai istintaqın sonunda, 5 milyonu isə məhkəmə istintaqı dövründə ödənilib. S.Müslümovun nazir olduğu müddətdə müxtəlif şirkətlər tərəfindən şəhid ailələri və qazilər üçün evlərin tikilməsi zamanı qanunsuzluğa yol verilərək dövlət büdcəsindən ayrılmış 7 milyon manat israf edilib. Bir müddət əvvəl S.Müslümov könüllü olaraq həmin ziyanın da  4.5 milyon manatını ödəyib. Şirkət rəhbərləri isə hələ ki yerə qalan məbləğin 600 min manatdan bir az çox təşkil edən hissəsini ödəyiblər.  Əldə etdiyimiz məlumata görə, növbəti ay keçiriləcək iclasda ödəmənin mahiyyəti barədə yekun məlumat veriləcək. Həmin gün məhkəmə istintaqı tamamlanacaq, prokuror ittiham nitqi ilə çıxış edəcək. Proses 11 avqusta təyin edilib. Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan keçmiş nazir sonradan ev dustaqlığına buraxılıb.

Ermənilər yenə fortifikasiya quraşdırmağa cəhd etdi

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.

Prezidentin təyin etdiyi yeni rəis kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilib. Sozcu.az xəbər verir ki, M.Seyidov bundan əvvəl Pentensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb.

Masallıda 15 yaşlı oğlan suda boğularaq ölüb

Masallı rayonunda 15 yaşlı oğlan suda boğularaq ölüb. Hadisə rayonun Qəriblər kəndində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Nurlan Novruzov Viləşçay su tutumunda çimərkən boğulub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Zelenski: Qəhrəmanlarımızı vətənə aparırıq

“Azovstal” metallurgiya zavodunun müdafiəsinə başçılıq edən bütün ukraynalı komandirlər Rusiya əsirliyindən azad olunublar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib. "Biz Türkiyədən vətənə qayıdırıq və qəhrəmanlarımızı vətənə aparırıq”, - Zelenski bildirib.

“Ruslar dovşan kimi qaçacaqlar...”

Ukrayna Silahlı Qüvvələri Kleşşiyevka bölgəsindəki dominant yüksəkliyi azad edərək təkcə bu yaşayış məntəqəsini deyil, Baxmutu da atəş nəzarətinə götürüb. Müdafiə Qüvvələrinin bir neçə güclü artilleriya zərbəsindən sonra Rusiya işğalçıları Kleşçievkadan Popasnaya tərəf qaçmağa məcbur olacaqlar.  Sozcu.az xəbər verir ki, bu barədə “Kanal 24” telekanalında hərbi ekspert Roman Svitan danışıb. "Söhbət Kleşşiyevkadan getmir, Kleşşiyevka xəritədə sadəcə bir nöqtədir. Baxmutun cənubundakı dominant yüksəklik həm Baxmutun, həm də Kleşşiyevkanın bizim artilleriyamızın birbaşa atəşi altında qaldığı yüksəklikdir. Bizim gördüyümüz iş bu yüksəkliyi götürmək idi. Kleşşiyevka bonus olaraq gedəcək, ruslar orada dayana bilməyəcəklər, hətta oraya girib onları vurmaq da lazım deyil, onlar bir neçə güclü artilleriya zərbəsindən sonra özləri dovşann kimi qaçacaqlar”-deyə  ekspert bildirib.