Redaktor seçimi

"Separatçı qüvvələr bu variantın sağ qalmaları üçün yeganə seçim olduğunu görməlidirlər..."

"Azərbaycan son güzəşt olaraq Qarabağdakı erməni hərbi qüvvələrinin Laçın yolu ilə Rus qüvvələrinin müşayəti ilə Ermənistana daşınmasına izn verə bilər..." Beynəlxalq məsələlər üzrə ekspert Elxan Mehdiyev Moderator.az-ın suallarını cavablandırıb: - Elxan bəy, Paşinyanın Ankara səfərini necə qiymətləndirirsiniz? İzlənən odur ki, son zamanlar baş verən hadisələr Ermənistanda siyasət dəyişikliyindən xəbər verir.     - Paşinyanın bu addımı alqışlanmalıdır. 30 illik Qarabağ məcarası Ermənistanı baş tutmamış dövlət durumuna salmışdır. Düşmənçiliyin davam etməsi halında, Ermənistan özünün dövlət kimi qalıb –qalmaması dilemması ilə üzləşmişdir. Paşinyan ölkənin təhlükəsizliyinin təmin edilməsini qonşularla normal münasibət qurmaqda görür. Bu Ermənistan üçün yeni strateji seçimdir. Paşinyan Ermənistanın potensialını Azərbaycanla və onun müttəfiqi Türkiyə ilə düzgün qiymətləndirərək bu yolu seçmişdir. O ərazi iddiasının Ermənistanın müstəqilliyinə və suverenliyinə ən böyük təhlükə mənbəyi olduğunu bəyan etmişdir və Qarabağ məcarasından qurtulmaq üçün addımlar atır. Əksəriyyəti rasional düşüncədən uzaq olan erməni cəmiyyəti üçün bu cür addımların atılması cəsarət tələb edir və intihara bənzəyir. Digər tərəfdən, Ermənistanda indi cəmiyyət də dəyişir. Söz və mətbuat azadlığı sayəsində fikir sahibləri və Paşinyan qrupundan olan parlament üzvləri Ermənistanda son 100 ildə qurulmuş mifik fikirlərin və yanaşmaların əleyhinə qarşı açıq danışırlar. Təbii ki, həm Paşinyanın və həm də cəmiyyətin ayılması və öz yerini bilməsi Azərbaycan ordusunun hesabına olmuşdur. Paşinyanın lider kimi çatışmayan cəhəti zəruri qərarlılıq və qətiyyət problemidir və hələ də saga və sola baxaraq “bəlkə də vəziyyətdən daha da avantajli çıxarıq” düşüncələri bir çox halllarda öz siyasətinə qarşı yönəlir. Bu gedişlər də proseslərin sürətini azaldır. Erməni cəmiyyətindəki bir çox ekspertlər isə bu gedişləri daxili siyasətlə bağlayırlar.   - Sizcə Paşinyana və ya Ermənistana inanmaq olarmı? - Ermənistan və erməni qüvvələri bu son 30 ildə Azərbaycana ağlr yaralar vurub. Bizim Vətənimizin bir hissəsini yer üzündən silib,xarabaya çevirib, yüz minlərlə insanların həyatını məhv etmşdir. Sag qalanların da təkcə 30 illik ömrü deyil, bütövlükdə həyatı məhv olmuşdur. Bundan sonra bizlərə ancaq ömrümüzü yaşamaq yox, başa vurmaq qalır. Biz millət olaraq Ermənistanın bu cinayətlərə görə cavab verməsini istəyirik. Amma dünyada  ədalətin olub –olmadığını biz işğal dönəmindən bilirik. Bütün bu işləri biz beynəlxalq dairələrdə qoymaqla, yaranmış vəziyyətdə nə etməli sualına millət kimi cavab verməliyik.Bütün məsələləri sərbəst müzakirə edərək qərar verməlyik.  Biz heç kimə inanmalı deyilk, lakin biz indi ermənilərlə yaxın tarix üzərində hakim olmuş düşmənçiliyi davam etdirib, siyasəti də onun üzərində qurarıqsa Azərbaycan dövləti heç də təhlükəsiz olmaz. Bizim hər bir gənc əsgərimizin ölümü onun valideynlərinin həyatını məhv etdiyi kimi, bizim də ürəyimizi dağlayır.  Biz əlbəttə düşünürük ki, Ermənistan tərəfdən istənilən təhdid olursa onu yerindəcə məhv edərik. Bu doğrudur.  Lap sabah sülh gündəmi olan Paşinyanın yerinə Koçaryan gəlsin, danışıqları pozsun və Qarabağ şüarları ilə əvvəlki çağırışları etsin. O zaman, onun hərəkətlərinin sahədə nəyisə dəyişəcəyi ehtimalı yenə sıfıra bərabər olacaq. Amma Azərbaycan da öz növbəsində daha sıx təhlükəsiz tədbirləri görəcəkdir, bu tədbirlərə daha çox maliyyə ayrılacaq və əhali də təhlükəsiz yox, həyəcan və qayğılı həyat sürəcək.  Baxın İsrail ən müasir orduya və texnologiyaya malikdir və ABŞ kimi supergüc də hər zaman onun yanındadır, amma təhlükəsizldirmi? Yox. İsraeldən asılı olan və olmayan səbəblər üzündən qonşularla münasibət normallaşmadığından təhlükəsiz deyil. Bu baxımdan Azərbaycan da ilk növbədə qonşularla normal münasibətlər qurmaq yolunda olmalıdır. Məncə indi proseslər bu istiqamətdə gedir. - Siz Paşinyanın sülh gündəmi olduğunu deyirsiniz amma Ermənistan hələ də Qarabağdakı hərbi qüvvələrini çıxarmır? Bəs bu vəziyyət sülhə gətirirmi? Paşinyan səmimidirmi? - Bu məsələ ortadakı ən ciddi məsələdir. Burada Qarabağdakı Rusiyanın himayəsi altında olan erməni hərbi qüvvələri faktiki olaraq indiki zamanda müharibədən öncəki de-fakto yerli erməni hakimyyətinin bel sütununu və ya gücünü təmsil edir. Separatçı qüvvələr bu hərbi qüvvələrin gələcəyini danışıq mövzusuna çevirib, nəzarət etdikləri ərazidə özlərinə fərqli status əldə etməyə çalışırlar. Bu yanaşmanı isə biz qəbul etmirik. Rusiya da onların varlığında maraqlıdır və lazımi zamanda onlar üçün zəruri mexanizmdir.    Paşinyana gəldikdə, o, Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığı bir dövrdə, Qarabağdakı qüvvələrlə üz-üzə gəlmişdir. Qarabağdakı erməni liderləri, artıq Paşinyanla hesablaşmır və görünən odur ki, Rusiyadan gələn siqnallarla hərəkət edərək artıq sərbəst “subyekt” kimi çıxış etməyə çalışırlar.  Son nəticədə Paşinyan bu hərbi qüvvələrin orada qalmasının lehinə deyil və Azərbaycanın bu məsələdə necə həssas olduğunu da bilir. Ancaq onun bu qüvvələrin Qarabağdan çıxmasını açıq şəkildə bəyan etməsi indiki dönəmdə mümkün deyil. O bu məsələnin Bakı ilə Xankəndi arasında aparılacaq dialoq nəticəsində həll olmasını istəyir, Qarabağ ermənilərinin hüquq və təhlkəsizliyinə beynəlxalq maraqlı tərəflərin iştirakı ilə Azərbaycan tərəfindən qarantiya verilməsini istəyir və bu qarantiya razılaşdırıldıqdan sonra bu qüvvələrin çıxmasını açıq şəkildə deyə bilər. Bu bir variant olsa da, səmimilik və xoş niyyət tələb edir. - Son zamanlarda erməni hərbi qüvvələri də aktivləşmişlər...Bu məsələ necə həll oluna bilər?  - Dogrudur, bizim hərbi qüvvələrə qarşı atılan atəşlər və separatçı liderlərin təhdid dolu çıxışları bu məsələnin təhlükəli istiqamətdə davam edəcəyi ehtimallarını artırır. Bu gün Xankəndindən gələn səslər 44 günlük müharibədən öncəki aqressiv,barışmaz mühiti xatırladır. Bu cür mühitdə,onların dinc yolla tərksilah olması ehtimalından danışmağa dəyməz. Müharibə sonrası dövrdə, bu cür vəziyyətlər yaranır və mərkəzi hökümətin gücündən və qətiyyətindən asılı olaraq həll edilir. Məsələn, belə qüvvələr dinc yolla mərkəzi hökümətin də tanıdığı yerli hakimiyyət orqanlarının,ağır silahlar xaric,polis və ya qvardiya qüvvələri adı altında leqallaşdırılır. Bu cür razılaşma olmadığı hallarda isə həmin qüvvələr tərksilah edilib, ləğv edilir.  Bizim halımızda, 1-ci variantın qəbul edilməsi imkansızdır. Razılıq olmazsa, erməni qüvvələrinin tamamilə təmizlənməsi əməliyyatı məsələsi ortaya çıxacaqdır. Bu cür əməliyyat, qısa müddətli və qarşı tərəfi hədsiz dərəcədə aşan xüsusi qüvvələrin cəlb edilməsi vasitəsilə aparılır. Məncə burada 1982 ci il A. Şaronun Beyrut əməliyyatına bənzər vəziyyət yarana bilər. Ağır silahları məhv edilmiş və mühasirəyə  alınmış separatçı hərbi qüvvələrin əsir alınması və ya məhv edilməsi variantı da ola bilir və ya onların texnikanı buraxaraq Laçın yolu ilə Rus qüvvələrinin müşaiyəti Ermənistana daşınmasına izn verilə bilər. Burada təbii Ruslar və yəqin ki, Ermənistan da vasitəçi rolunda çıxış edəcəkdir. Bu variant hərbi qarşıdurma təqdirində real variant görünür. Əməliyyat o qədər effektli olmalıdır ki, separatçı qüvvələr bu variantı özlərinin sağ qalması üçün yeganə seçim olduğunu görsünlər. Düşünürəm ki, bu hərbi qüvvələrlə bərabər Stepanakertdə hakim olan mülki və hərbi separatçı liderlər də o konvoylarla Laçından çıxmağa çalışacaqlar və arzu olunan olmasa da, kompromisin bir maddəsi də bu ola bilər. Daha sərt yanaşma halında, separatçı liderlərin təslim olması müqabilində hərbi qüvvələrin təhlükəsiz çıxması da digər bir variant ola bilər. Sonucda bu əməliyyat uğurla başa çatarsa, Paşinyan höküməti fakt qarşısında qalıb bunu suveren dövlətin addımı kimi qəbul edəcək. Amma burada Azərbaycan tərəfi 2020- də olduğu kimi həssas davranaraq mülki obyektləri qorumaqla, yerli əhalinin də çıxmamasına və burada yaşamasına təminat verməklə yaranmış vəziyyətdən üstün arqumentlerlə çıxa bilər..   - Sizcə bununla orada Azərbaycanın suverenlyi bərpa olunurmu?  - Qarabağda ağır silahlarla silahlanmış hərbi qüvvələrin varlığı bizim ordumuzun indiki imkanları və qabiliyyətləri ilə tərs mütanasibdir. Onları orada himayə edən rus qüvvələridir və 10 Noyabr Bəyanatıdır. Amma 10 Noyabr Bəyanatı, 10 Noyabrda movcud olan durumla bağlı verilmişdir və o zamandan bəri köklü dəyişikliklər baş vermişdir. Digər tərəfdən 10 Noyabr bəyanatı nə Azərbaycanın suverenliyi üçün və nə də Azərbaycan-Ermənistan arasındakı məsələləri yoluna qoymaq üçün yol xəritəsi deyil. O faktiki olaraq keçid anlaşması kimi qəbul edilə bilər. İşlərin bu bəyənat üzərində getməsinin vacibliyini ruslar hər dəfə əsassız olaraq səsləndirir və bu bəyənatı şişirdir, o daha çox öz aparıcı rolunu saxlamaq və “müharibəni mən dayandlrdım” arqumenti ilə başqa beynəlxalq gücləri kənarda tutmağa yönəlmişdir. Bu bəyənat Putinin dediyi kimi erməniləri intihardan xilas edib və indi də psixoloji dillə desək onların peabilitasiya dövrüdür.Bu bəyənatın müddəalarını artıq Ermənistan tərəfi də tanımır. Əslində, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, nehayi anlamda Ermənistanın və bilavasitə Paşinyanın da maraqlarına xidmət edəcək və ondan sonra həqiqi mənada regionda sülh və əməkdaşlıq özünə yer tutacaq. İndiki durum, yəni separatçı qüvvələrin və onların hərbi qüvvələrinin mövcudluğu tərəflər arasında inamsızlığa aparan ən böyük maneədir.  Əlbəttə, dinc yolla bu qüvvələr tərksilah olmazsa, dövlətin təhlükəsizliyi bu addımı tələb edəcəkdir. Amma həmən,eynilə, oradakı erməni əhalisinin gələcəyi və sosial –iqtisadi problemləri ilə bağlı paralel olaraq Azərbaycan höküməti proqramlar ortaya qoymalıdır. Bütün bunlar edilməzsə hərbi əməliyyatların yerli əhaliyə qarşı yönəldiyi barədə təbliğat işə düşəcəkdir. Bu boşluqları doldurmaq üçün mülki əhalinin təhlükəsizliyi və sosial vəziyyəti ilə bağlı paralel tədbirlər işə salınmalıdır. Azərbaycan dövləti öz erməni vətəndaşlarına sahib çıxmalıdır. Sahib çıxması ilə də dövlətin suverenliyi təmin olunur.

Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür

İyunun 12-si Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin simvollarından biri olan Allahverdi Bağırovun şəhid olduğu gündür. Erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən Bağırov həm də Qarabağ müqavimətinin rəmzi idi. Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səy göstərib. 1991-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon “Vətən oğulları” adlanırdı. Həmin ildə onun qardaşı Eldar yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Qardaşı Eldarın ölümündən sonra Bağırov batalyona rəhbərlik edib. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvə və texnikasını darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəklikləri tutub, Kətük kəndi ilə üzbəüz mövqe qurub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Uğurlu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” mükafatına layiq görülüb. Onun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb. Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid verib. A.Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib. Bağırov 1992-ci ildə, o vaxt işğaldan azad olunan Əsgəranın Naxçıvanlı kəndindən Ağdama geri qayıdarkən yolda minaya düşərək şəhid olub. O, doğulduğu Ağdam rayonunda dəfn edilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

“Ağzından horra tökülən, kiminsə alt paltarını göstərən aparıcılar yaxşı qazanır”

Bu gün  yerli telekanallar, orada yayımlanan bayağı verilişlər, teleaparıcılar tez-tez tənqid hədəfinə çevrilir. Ən çox qeyd edilən isə televiziyalarda peşəkarlıq səviyyəsinin çox aşağı olmasıdır. Ekranlarda daha çox şou əhli meydan sulayır, yaradıcılıq peşəkar jurnalistikadan tamamilə uzaqdır. Peşəkar aparıcılar isə məlum olmayan səbəblərdən ekranlardan uzaqlaşıb. Məsələ ilə bağlı Yenisabah.az-a  danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, bu gün cəmiyyət daha çox məişət xarakterli mövzularla maraqlanır: "Bu gün hansısa televiziyada jurnalistikaya aidiyyatı olmayan, danışanda ağzından horra tökülən, Azərbaycan ədəbi dilinin qolunu-qanadını sındıran adamlar böyük qazanc əldə edirlər. Çünki cəmiyyətin istədiyi yüngül, dedi-qodulu mövzulardır. Bu gün başqalarının ailəsində nə baş verdiyini bilmək istəyən, kiminsə iç camaşırının nə rəngdə olduğu ilə maraqlanan insanların sayı təəssüf ki, çoxdur.  Bunu hər kəsə aid etmirəm, lakin belə insanlar çoxdur.  Ona görə də həmin aparıcılar həm yaxşı qazanır, həm də buna haqq qazandırır. O pulları qazanan adam deyir ki, mənim qazanc mənbəyim budur, ciddi şeylərdən danışmaq nəyimə lazımdır?" Əməkdar jurnalist  qeyd edib ki, cəmiyyətin istədiyi bayağı mövzuları onlara verən aparıcılar bundan xeyli gəlir əldə edirlər: "O cür aparıcılar, özünə jurnalist deyənlər çox gözəl yaşayır, maddi problemləri olmur, amma ciddi jurnalistika ilə məşğul olanlar təzyiqlərə, təqiblərə, hədə-qorxuya məruz qalır, hətta həbsə də düşürlər. Sonda bəxtləri gətirsə, həmin təqib və təzyiqlər qaçıb gedirlər xarici ölkələrə.  Belə olan halda, jurnalistika cəmiyyəti öz arxası ilə apara bilmir. Çünki jurnalist gərək həqiqəti yazsın, həqiqəti yazanda da söyüşlə, qışqırıqla, həyasızlıqla bunu etməməlisən. Jurnalistikanın qaydaları, etik çərçivələr var, əlində sənəd, sübut, təsdiq olmadan heç kimə böhtan atmaq olmaz. Əfsuslar olsun ki, bizdə bu şərtlər çox zəif haldadır. Əvvəllər buna əməl edənlər var idi, amma çoxunu itirdik. Bundan əvvəl də jurnalistika ideal deyildi, amma hər halda, nə isə ideala oxşar bir şey var idi, amma indi tamamilə yoxdur" .

İlkin Süleymanovun Apellyasiya Məhkəməsinə əngəl yaradılır - Qardaşından AÇIQLAMA

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilərək 18 il müddətinə həbs cəzasına məhkum edilən İlkin Süleymanovun ailəsi Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və Ali Məhkəməsinin sədri İnam Kərimova müraciət edib. Bu barədə Pravda.az-a İlkin Süleymanovun qardaşı Adil Süleymanov məlumat verib. O bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov onların Apellyasiya məhkəməsinə şikayət etmələrini əngəlləməyə çalışır: “Belə ki, Dadaş İmanov iyunun 6-da verilmiş hökmün surətini 3 gün müddətində vəkillərə və qardaşıma təqdim etməli olduğu halda, qanunun bu tələbinə də məhəl qoymur. Müxtəlif əsassız bəhanələr gətirərək 5 gün keçməsinə baxmayaraq hələ də vəkillərə və qardaşıma hökmün surətini təqdim etməkdən boyun qaçırır. Apellyasiya şikayətinin müddətinin az olduğunu bildiyi halda Dadaş İmanovun bu hökmü hələ də bizə təqdim etməməkdə maraqlı və məqsədli olduğunu düşünürük. İnam Kərimovdan və Fikrət Məmmədovdan xahiş edirik ki, Dadaş İmanovun bu qanunsuz hərəkətlərinin qarşısının alınması  və 05.06.2023 tarixli hökmün çox gec olmadan vəkillərə və İlkinə təqdim olunması üçün göstəriş versinlər”.

Gürcüstan ordusunda azərbaycanlı əsgər öldürüldü

Gürcüstan ordusunun Azərbaycan əsilli hərbçisi odlu silahdan açılan atəş nəticəsində həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iyunun 8-də Gürcüstanın Müdafiə Qüvvələrinin bölmələrindən birində xidmət edən Yusif Nəsibovun (2005-ci il təvəllüdlü) ölümü ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə istintaq başlayıb.

"Rusiya elitası Putinin Ukraynada müharibəni udmaq şanslarına inanmır" - "Bloomberg"

"Elita dalana dirənib, onlar mənasız müharibəyə görə "suç keçisi" olmaqdan qorxur..." "Putinin liderliyinə mütləq inam sarsılıb, onun Rusiyanın təhlükəsizlik qarantı kimi nüfuzuna ciddi zərbə vurulub..." Rusiya elitası müharibədən yorulub və onun dayandırılmasını istəyir, hərçənd, Putinin döyüş əməliyyatlarını dayandırmasına şübhə edir. Sozcu.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Bloomberg" nəşri yazıb. Hətta ən nikbin ovqatda olan mənbələr Kreml üçün ən yaxşı nəticə kimi danışıqların aparılması və ilin sonunadək münaqişənin sondurulmasını qeyd edir, bundan sonra Putin zəbt etdiyi Ukrayna ərazilərinin bir hissəsini əlində saxlamaqla "Pirr qələbəsini" elan edə biləcək. Elitalardan heç kim Ukraynaya hərbi müdaxilə ilə bağlı Putinə qarşı çıxmaq istəməməsinə rəğmən, bu müdaxilə onun liderliyinə mütləq inamı sarsıdıb. "Elita dalana dirənib, onlar mənasız müharibəyə görə "suç keçisi" olmaqdan qorxur", - bunu Rusiya hökumətinin ölkəni hərbi müdaxilədən sonra tərk etmiş sabiq müşaviri Kirill Roqov deyib. Agentlik Rusiyada siyasi və işgüzar elitanın bir çox nümayəndələrinin Ukraynada müharibənin perspektivləri ilə bağlı ovqatını "getdikcə artan məyusluq" kimi təsvir edir.  Agentlik qeyd edir ki, bu, böyük ehtimalla, böyük itkilərlə və döyüş meydanında hər hansı əhəmiyyətli uğurlar olmadan müşayiət edilən uğursuz hərbi müdaxilənin məsuliyyətinin yerdəyişməsini gücləndirəcək. Rusiyanın daxilində, o cümlədən Moskvada pilotsuz uçuş aparatlarının hücumları müdafiə olunmamaq hissini gücləndirir, döyüş əməliyyatlarının Belqorod vilayətinə yayılması isə Putinin Rusiyanın təhlükəsizlik qarantı kimi "nüfuzuna ciddi zərbə vurub", - nəşr yazır. Qeyd edilir ki, bu vəziyyətdə hətta hərbi müdaxiləni dəstəkləyənlər belə Rusiyanın üç günə bitməli olan, amma artıq il yarımdır davam edən müharibədə perspektivləri barədə məyus olub. Onlardan biri Konstantin Zatulindir, o, üzdəniraq "xüsusi hərbi əməliyyat"ın məqsədlərinə nail olunmasına şübhə edib. Elita nümayəndələrinin əksəriyyəti "başlarını qaldırmır" və öz işlərini davam edir, onlar əmindir ki, vəziyyətə təsir edə bilmir, agentliyin həmsöhbətləri deyib. Onlar əmindir ki, Putinin bu müharibəyə son qomaq istəyinin heç bir əlamətləri yoxdur. Bundan öncə "Politico" jurnalı məlumat verib ki, ABŞ prezidenti Co Bayden administrasiyasında hadisələrin mümkün inkişaf ssenilərindən biri kimi hərbi münaqişənin dondurulmuş mərhələyə keçməsi nəzərdən keçirilir . Ukrayna hakimiyyəti dəfələrlə deyib ki, ərazilərin itirilməsi və ya münaqişənin dondurulmasını nəzərdə tutan heç bir təklifi qəbul etməyəcək. Kreml bəyan edir ki, Moskva Ukrayna ilə münaqişənin dondurulmasının əleyhinədir və Ukraynada müharibənin məqsədlərinə "ya xüsusi hərbi əməliyyat", ya da digər mümkün vasitələrlə nail olmağa çalışacaq.

Cərimələrin artırılması ilə bağlı məsələ böyüyür: “Sürücülərə pusqu qururlar...”

Azərbaycanda yol qəzalarının sayının azaldılması istiqamətində tədbirlər görülür. Bu məqsədlə aprel ayında Bakının bəzi küçə və magistrallarında sürət həddi endirilib. Növbəti mərhələdə isə yollarda sürət həddini aşmaya görə cərimələrin artırılması planlaşdırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək. Yeni layihəyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər dəyişikliyə uyğun olaraq, yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə yazılacaq. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycanda 1668 yol-nəqliyyat hadisəsi baş verib. Statistik rəqəmlər göstərir ki, qəzalar nəticəsində zərər çəkən şəxslərin sayı əvvəlki illə müqayisədə 6,1 faiz artaraq 2290 nəfər olub. Zərər çəkən şəxslərən 834-ü həlak olub, 1456 nəfər isə yaralanıb. Bəs yeni dəyişiklik yol qəzalarının sayının azalmasına təsir edə biləcəkmi? Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, cərimələrin artırılmasına bir neçə səbəb var: "Sözün açığı, cərimələrin məbləğinin artırılması ilə bağlı layihənin müzakirəsi bir növ cəmiyyətdən gələn tələb və sifarişdir. Cəmiyyət hansı formada inkişaf edirsə, necə davranırsa, qanunlar da ona uyğun qurulur. Bu məsələdə artıq-əskik nəsə yoxdur. Cəmiyyət buna layiqdir, bunu istəyir. Cəmiyyət qaydaları tez-tez pozur. Hüquq da onu tənzimləməyə çalışır". Ekspert yol-nəqliyyat hadisələrinin artdığını diqqətə çatdırıb: "Qəzalar nəticəsində ölüm və xəsarət halları çoxalıb. Bütün bunların təhlili nəticəsində məlum olur ki, səbəblər sürət həddinin aşılması, narkotik vasitələrinin təsiri altında nəqliyyat vasaitəsinin idarə edilməsi, eləcə də yolayrıcı keçmə qaydasının pozulması, işıqforun qırmızı işığının tələbinin pozulması, dəmiryolu keçidlərinin keçmə qaydalarının pozulmasıdır. Sürücülər burada məsuliyyət daşıyır. Qəzaların nəticəsində biz hər gün insanlarımızı itiririk. Təbii ki, bunlar təhlil olunandan sonra ortaya çıxan nəticə bu insanlarla mübarizə metodlarının təkmilləşdirilməsidir. Onlardan biri də qanunvericiliyin sərtləşdirilməsidir. Mən düşünürəm ki, qanunvericilik bu dəfə maddi cəzalarla sərtləşdirilib. Gələcəkdə bunun mənəvi tərəflərini də nəzərə almaq lazımdır". E.Muradlı sürət həddini pozanların tibbi müayinəyə göndərilməsini təklif edir: "Hesab edirəm ki, saatda 41-60 kilometr, yaxud 60 və daha artıq sürət həddinin aşılması artıq psixoloji problem kimi görülməlidir. Yəni normal insan ya puluna güvənir, yaxud beynində, düşüncələrində problem var. 100 km/saat sürət həddi müəyyənləşdirilən yolda 200 km/saat sürətlə hərəkət edirsə, düşünmək lazımdır ki, bu adamın təfəkküründə problem var. Bu insanlarla başqa cür mübarizə aparmaq lazımdır. Bunlardan biri də həmin insanların tibbi müayinəyə göndərilməsidir. Məsələn, Avropanın bir çox ölkələrində elə insanlara mütləq psixoloji yardım tövsiyyə olunur ki, “gedin yoxlanın, görək, sürət həddini niyə aşırsınız?”. Bu baxımdan düşünürəm ki, bu məsələləri zəruri edən amillər var. Heç bir cəza səbəbsiz yerə artırılmır. Vaxt var idi ki, kəmər taxmamağa görə cərimə 10, ya da 20 manat idi. Sürücülər başqa qayda pozuntuları ilə bağlı saxlanılanda yol polisinə yalvar-yaxar edirdilər ki, "bir dənə “kəmər” yaz çıxım gedim". Kəmər taxmamağa görə cərimə elə urvatsız olmuşdu ki, insanlar onu çox zövqlə özlərinə yazdırırdılar. Çünki kəmərə görə cəza 60 manatdır, digər qayda pozuntularına görə cəza isə  60 manat və 3 baldır. Belə yanaşmalara görə cəzaların sərtləşdirildiyini düşünürəm. Gələcəkdə tendensiya bu cür davam edəcəksə, yenə də cəzalar sərləşdiriləcək. Bu insanlarımızın təfəkkürü, daxili mədəniyyəti, yol mədəniyyəti tam formalaşana qədər davam edəcək. Burada qeyri-adi heç nə görmürəm. Əgər heç kim qayda pozmasa, cərimələrin artırılmasından narahat olmasınlar. Təsəvvür edin ki, adam öldürmək üçün cəzalar sərtləşdirib. İnsanlar çıxıb, buna etiraz etmir.  Adama sual verərlər ki, bunun sənə nə dəxli var, sən ki adam öldürmürsən. Bu məsələdə də belədir. Şəxsən mən sürət həddini aşmıramsa, 300 manatlıq cərimədən niyə narazıyam. Zəhmət çəkib qanunlar çərçivəsində maşınımı idarə etməliyəm.  Bu məsələləri obyektiv düşünmək lazımdır. İnsanlar bunu cəmiyyətə basqı kimi qiymətləndirməməlidirlər.  İnzibati tənbeh tədbiri maarifləndirmə addımıdır. İnsan bunun mahiyyətini dərk etsin ki, bu cəza ona niyə yazılıb. Onda nəticə çıxaracaq", - Elməddin Muradlı vurğulayıb. Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli də yeni qərarın effektli olacağını düşünür. "Biz yollarda qəzaların sayının və yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq istəyiriksə, hərtərəfli iş görməliyik. Sadəcə cərimələri yüksəltməməliyik. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbi qaydaların bilərəkdən pozulması ilə bağlıdır. Digər səbəblər də bura aiddir. Yol infrastrukturlarının yaxşı olmaması, qaranlıq və çala-çuxur yolların olması, eyni zamanda köhnə avtomobillərin olmasını səbəblər sırasına daxil edə bilərik. Biz cərimələri yüksəldirik, ancaq yol infrasturukturu ilə bağlı hər hansı islahatlar aparmırıq. Bu gün Bakı şəhərində elə yollar var ki, təhlükəlidir, faktiki olaraq qəza ocaqlarıdır. Biz onlarla bağlı hər hansı işləri görümürük. Yollarda, işıqfor olan ərazilərdə, nizamlanmayan keçid olan ərazilərdə keçidlərə qalmış yol nişanlarının qoyulmaması, keçidlərin vaxtlı-vaxtında boyanmaması, bunlar hamısı qəzalara səbəb olur.  Qaranlıq yollar ağır faciələrə səbəb olur. Biz bunun son vaxtlar şahidi oluruq", - o vurğulayıb. Ekspert dəyişiklikdən sui-istifadə hallarının ola biləcəyini güman edir. "Yeni qanundan bəzi yol-patrul xidməti əməkdaşları sui-istifadə bilərlər. Onlar sutkanın müəyyən vaxtlarında pusqu qurub, qayda pozuntularını gözləyirlər. Yalnız bundan sonra cəza yazırlar. Təəssüf ki, belə hallar da var.  Nərimanov rayonu yol-patrul xidməti əməkdaşlarından xeyli narazılıq var. Əhməd Rəcəbli küçəsində yaşayan vətəndaşlar deyirlər ki, gecə vaxtında Nərimanov rayonu yol-patrul xidmətinin əməkdaşları hətta məhəllənin içərisinə daxil olub, işıqları söndürüb, pusqu qururlar. Bu isə Dövlət Yol Polisinin illər ərzində gördüyü irimiqyaslı işlərin, çəkilən zəhmətlərin yerə vurulması deməkdir. Ona görə də belə cərimələrin artırılması ilə yanaşı, fürsətcil polislərə qarşı da mübarizə aparılmalıdır”, - Eldəniz Cəfərli sözlərini yekunlaşdırıb.

Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə  Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyunun 7-si saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Teymur Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İbtidai istintaq davam etdirilir.

Üç nazir yola salınır: Kəmaləddin Heydərov istefa ərizəsi yazıb?

Azərbaycan hakimiyyətində anonsu verilən kadr dəyişikliyi gerçəkləşmək üzrədir.  Yaxın günlərdə hökumətdə təmsil olunan 3 yüksək rütbəli məmurun postu ilə vidalaşacağı gözlənilir.  Sozcu.az xəbər verir ki, bu barədə yenisabah.az-a iqtidar düşərgəsindəki nüfuzlu mənbədən bildirilib. Qeyd olunub ki, kariyerası ilə vidalaşacaq hər 3 şəxs nazirdir.  Məlumatlı şəxs yol üstündə olan "üçlük"ün siyahısına Fövqəladə hallar Naziri Kəmaləddin Heydərovun başçılıq etdiyini bildirib. Onun sözlərinə görə, postunu təhvil vermək K.Heydərovun öz arzusudur. Mənbə "fövqəlnazir"in hələ ötən ilin dekabrında istefa ərizəsi yazdığını bildirib.  Hakim komandanı tərk etməyə hazırlaşan ikinci şəxs isə Ədliyyə naziri Fikrət Məmmədovdur. 68 yaşlı Məmmədovun yaxın günlərdə təqaüdə göndəriləcəyi bildirilir.  Qeyd edək ki, ölkənin ən uzunömürlü nazirlərindən olan F.Məmmədov bu posta 2000-ci ilin aprelində təyin olunub. Onun hüquq-mühafizə orqanlarında aparılan islahatlar çərçivəsində işdən çıxarılması gözlənilir.  Postunu itirməsinə real baxılan üçüncü hökumət üzvü isə Elm və Təhsil naziri Emin Əmrullayevdir. Həmkarları ilə müqayisədə xeyli gənc və enerjili olan Əmrullayevin "vurulmasının" sırf ictimai rəylə bağlı olduğu deyilir.  Təhsil sektorunda yaranmış sosial narazılığın sürətlə böyüməsi E.Əmrullayev üçün "əcəl zəngi" sayıla bilər.  Bildirək ki, E.Əmrullayevlə bağlı sərt qərarın qəbul ediləcəyinə real yanaşmayanlar da var. Onların fikrincə, 41 yaşlı nazirin cəmi 3 il əvvəl bu posta təyinat alması onun adını "qara siyahı"dan çıxara bilər.  Həmsöhbətimiz isə cəzalandırma prosesində bu faktorun aparıcı rol oynamadığını düşünür. Onun sözlərinə görə, Azərbaycanda yüksək rütbəli məmurların erkən cəzalandırılması presedenti var:  "Sabiq Mədəniyyət naziri Anar Kərimov 5 yanvar 2021-ci ildə vəzifəyə təyin olunmuşdu, amma fəaliyyəti ilə bağlı narazılıq artdığı üçün nazir postunda 2 ilini belə tamamlaya bilmədi".  Xatırladaq ki, A.Kərimov 5 yanvar 2021-ci ildə Mədəniyyət naziri təyin olunsa da, təxminən 23 ay sonra - 22 dekabr 2022-ci ildə tutduğu vəzifədən azad edilib. 

Ermənistan Baş prokurorun müavini dinlənilirmiş

Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın işlərinin araşdırılmasında iştirak edən prokurorların istefaya getməsinə səbəb onların Baş prokuror Anna Vardapetyanın ünvanına “sərt” ifadələrlə müşayiət olunan söhbətləri olub. Prokurorların otaqlarında dinləmə cihazları yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti məlumat yayıb. Qeyd edək ki, dünən Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorlar tutduqları vəzifələrdən istefa ərizələri yazıblar. İstefa verənlər Baş prokurorun müavini Gevorq Baqdasaryan və Robert Köçəryanın işi ilə məşğul olan prokuror Petros Petrosyan, həmçinin Serj Sərkisyanın işinə nəzarət edən prokuror Arsen Martirosyandır.

Zelenski SES-dəki partlayışa görə təcili iclas keçirdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Nova Kaxovka Su Elektrik Stansiyasını bombalaması ilə əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirib. Sozcu.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb. "Kaxovka su anbarından su ilə təmin olunan bütün şəhər və kəndlərin riskli ərazilərdən köçürülməsi və içməli su ilə təmin olunması tapşırılıb. İnsanları xilas etmək üçün bütün xidmətlər, hərbçilər, hökumət, Prezident Ofisi iştirak edir", - deyə qeyd olunub. "Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Rusiyanın bu terror aktına görə məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq və təhlükəsizlik tədbirləri kompleksi razılaşdırılıb", - məlumatda deyilir.

“Sülh sazişinin tezliklə əldə olunacağı haqda proqnozlar reallıqdan çox uzaqdır...”

“Buna hələ uzun bir yol var... Bu yol bölgəyə təsirlərin dinamikasının dəyişməsindən, tərəflərin özünü nə qədər  güvənli hiss etməsindən və siyasi iradənin hansı səviyyədə olmasından asılıdır...” “Kişinyov danışıqlarının nəticələrindən danışsaq, göründüyü kimi, ortalıqda  heç bir nəticə yoxdur. Yəni hər hansı bir sənəd imzalanmadı, gözlənildiyi kimi, hər hansı bir anlaşma əldə edilmədi.  Əslində, bunu bir sıra KİV-ə öncəki açıqlamalarımda mən də demişdim ki, oradakı görüşlərdən real heç nə gözləmirəm. Ona görə ki, bugünkü mürəkkəb geo-siyasi situasiyada Azərbaycan və Ermənistan arasında hər hansı bir sənəd imzalanması tərəf tutmaq kimi olacaq”.  Sozcu.az xəbər verir ki, bu sözəri moderator.az-a açıqlamasında  iyunun 1-də Kişinyovda Avropa İttifaqı, Almaniya və Fransa liderlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin danışıqlarının nəticələri haqda danışan siyasi təhülksəizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu belə deyib. “Biz gördük ki, Vaşinqton danışıqları, ondan öncə və sonrakı Brüssel görüşləri – bunlar hamısı Moskva tərəfindən çox aktiv müdaxilə ilə qarşılanır. Rusiya bununla demək istəyir ki, anlaşma heç bir halda əks tərəfin, yəni Qərbin,- istər ABŞ, istər Avropa İttifaqı olsun, istər ikisi birlikdə  olsun, - əldə oluna bilməz. Və bunu həm İrəvanda, həm də Bakıda çox yaxşı anlayırlar. Odur ki, tərəflər hələlik mümkün qədər sülhlə bağlı yekun sənədin, hətta nəinki yekun sənədin, ilkin, çərçivə sənədinin imazalanmasına belə, ciddi təşəbbüs göstərmirlər. Ona görə ki, bu halda Rusiya tərəfdən təzyiq güclənəcək. Digər tərəfdən isə Kremlin vasitəçiliyi ilə sülh sazişini imzalamaq Qərbin hədəfinə gəlmək demək olacaq, həm də Rusiyanın bölgəyə müdaxiləsinə şərait yaradacaq”- deyə açıqlamasının  davamında analitik söyləyib.  “Yadınızdadırsa, Moskva görüşü ərəfəsində də Rusiya baş nazirinin müavini Aleksey Overçuk hansısa sənədin imzalanacağı haqda optimist açıqlama vermişdi. Amma həmin gün Rusiya müdafiə naziri Şoyqu da açıqlama vermişdi. O demişdi ki, bölgədə sülh yaranması üçün KTMT-nin “sülhməramlı” qüvvələri də yeridilməlidir. Yəni Rusiyanın hədəfləri açıq-aydın görünür: hərbi güc vasitəsilə bölgəni öz nəzarətinə qaytarmaq. Təbii ki, bu da istər Ermənistanın, istərsə də Azərbaycanın maraqlarına cavab vermir. Ona görə də sülh sazişi, onun tezliklə əldə olunacağı haqda Azərbaycan mediası və ictimai-siyasi kəsimində gedən müzakirələr, verilən optimist proqnozlar reallıqdan çox uzaqdır. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmasına hələ xeyli yol var. Uzun bir yol... Bu yol bölgəyə təsirlərin dinamikasının dəyişməsindən, tərəflərin özünü nə qədər  güvənli hiss etməsindən və siyasi iradənin hansı səviyyədə olmasından asılıdır. Bax,  bunlardan asılı olaraq sülhə doğru yol hələ xeyli gediləcək”, -deyə ekspert vurğulayıb.