"Rusiyanın Qarabağda varlığı münaqişəyə son qoyulmasına ən böyük maneə olaraq qalır…”

“Xankəndi rejiminin finalına aparan yolun cığırı…”

“Siyasi proqnozlar hava proqnozuna bənzəmir, çox vaxt əks proseslər baş verir və ona görə də Azərbaycan bugünkü reallığı dəyərləndirib, ləngimədən Xankəndində separatçı rejimin varlığına son qoymaq üçün praktik siyasi, hərbi variantlara start verməlidir…”

“Siyasi yolla çıxmayan hərbi qüvvənin hərbi yolla çıxarılacağı xəbərdarlığı gündəmə gətirilməli və bu iş ilin sonunadək bitməlidir…”

Qarabağ ətrafında yaranmış və davam edən prosesin tezliklə finala yaxınlaşacağı barədə hətta nikbin proqnozlar verməyə meyilli olanlar da indi birmənalı fikir bildirməyə ehtiyat edirlər. 44 günlük müharibə dayandırılandan sonra Ermənistanın ehtiyatla, sətiraltı apardığı “zamanı uzatma” siyasəti bu gün bütün çılpaqlığı ilə istər rəsmilərin, istərsə də siyasi və hərbi ekspertlərinin dilindən tez-tez səsləndirilir.  Laçın və Ağdam yolu ətrafında mövcud böhranın həll edilməsinin ilkin şərtləri (hər iki yoldan müəyyən şərtlər əsasında istifadə olunma) barədə yayılan informasiyalar yaxın günlərə, çətin ki, təsdiqini tapsın, hətta bu baş versə belə, finala aparan yolun cığırı hesab edilməz. Ermənilər ən xırda detalı problemə çevirib diqqəti aylarla onun həllinə yönəltməklə, həm əsas hədəfdən – sülhdən yayınır, həm də zamanı uzatmaqla hərbi, siyasi hazırlıqlarını davam etdirir. Üstəlik, ənənəvi “əzabkeş erməni” obraz şou-təbliğatı ilə bizi dünyanın təzyiq və qınaq hədəfinə çevirir və yalnız təzyiq deyil, məcburetmə siyasətinə keçməyin zəruriliyini xüsusi vurğulayırlar. İrəvan merinin seçki kampaniyasında namizədlər paytaxtlarının problemini necə həll edəcəklərindən yox, Qarabağdan danışırlar, Azərbaycana qarşı hansı siyasətin uğurlu olacağını seçicilərlə müzakirə edirlər. Namizəd və partiya sədri titulunda olan birinin çıxışı erməni siyasətinin mahiyyətini aydın göstərir: “Dünya Azərbaycanı nəyəsə inandırmağa çalışır və kimin inandırmasının fərqi yoxdur, Rusiya, yoxsa Qərb, çünki inandırılan tərəf güzəşt istəyir. Və bunun qarşısını almaq üçün Azərbaycanı inandırmaq yox, məcbur etmək lazımdır. Bunun üçün dünyadan tələb etmək lazımdır ki, qəbul etdiyi qanunları müdafiə etsin”. Bu, ümumerməni siyasətinin - yəni, Ermənistan hakimiyyətinin, müxalifətinin, diasporunun, kilsənin, erməni terror təşkilatlarının müəyyənləşdirdiyi siyasətdir. Baxmayaraq ki, bu qüvvələr arasında hakimiyyət uğrunda mübarizə gedir(çünki Paşinyan bəzi gedişləri və fərqli siyasət yeritməsi ilə qeyri müəyyənliklər yarada bilir),  amma bu amil ümumerməni siyasətinə təsir göstərmir. Son anda Paşinyan da, onu hakimiyyətdən uzaqlaşdırmaq istəyən qüvvələr də Qarabağ məsələsində külüngü bir yerə vururlar və deyirlər ki, rəsmi Bakı keçmiş Dağlıq Qarabağdakı qondarma, qanunsuz, separatçı “hakimiyyət” orqanları ilə beynəlxalq mexanizm tətbiq olunmaqla dialoq qurmalıdır… 

Bu tələb həm də ikili standartlarla çıxış edən Qərbin istifadə etdiyi siyasi alətdir və qeyri-rəsmi şəkildə çatdırırlar ki, əks halda BMT Təhlükəsizlik Şurası müzakirələrdən sonra Laçın dəhlizi ilə bağlı blokadanı pisləyən qətnamə qəbul edə bilər, üstəlik, Ermənistan-Azərbaycan sərhədində olduğu kimi, Yuxarı Qarabağda da monitorinq keçirməsini Qərb mümkün variant kimi görür. Məqsəd ermənilərə milli azlıqdan daha yüksək status verilməsidir. Ermənilərin arzusu və apardığı siyasət də odur ki, 10-15 il Qarabağda beynəlxalq sülhməramlılar yerləşdirilsə, bu müddət ərzində dövləti və ordunu bərpa etmək mümkündür, ondan sonra “sülh dövrü”ndən danışmaq olar. Məqsəd, hədəf bu qədər sadəliklə aydındır və ermənilərin indiyədək sülhdən danışması, sadəcə siyasi texnologiyadır və müharibə dayandırılandan bəri, bu siyasi texnologiyanı köklü şəkildə dayandırmağa hələ ki, müvəffəq olmamışıq… 

Separatçıların dayağı Rusiyanın Qarabağda mövcudluğu münaqişənin yekun nöqtəsinin qoyulmasına ən böyük maneə olaraq qalır və bu gedişlə 2025-ci ilin noyabrında Azərbaycanı tərk etməsi real görünmür. Ukrayna müharibəsinin necə davam edəcəyi, nə vaxt bitəcəyi, hansı şərtlərlə dayandırılacağı və Qarabağ münaqişəsinə təsir etməsinin mümkün variantlarına nəzər salaq; bu günkü reallıq odur ki, müharibə davam edir, Rusiyanın əsas hədəfi bu müharibə olsa da, Qarabağı da unutmur və müharibənin gedişində bir neçə dəfə Rusiya Federasiyası məkanında tərəflərin görüşlərinə, danışıqlarına vasitəçilik edib, daha doğrusu tərəfləri, ehtiyatla olsa da, sülh imzalanmasından yayındırıb. Beləliklə, Rusiya Ukrayna müharibəsindəki işğalçı üstünlüyünü saxlayarsa, Qarabağda qalma şərtlərini artıq ehtiyatla deyil, sərt şəkildə irəli sürəcək; müharibəni uduzarsa, nüfuzunu qorumaq naminə Qarabağda mövcudluğunu beynəlxalq mandat qazanmaq pərdəsi ilə saxlamağa cəhd edəcək, yəni birmənalı şəkildə istədiyinə nail olması çox çətin olacaq… 

Siyasi proqnozlar hava proqnozuna bənzəmir, çox vaxt əks proseslər baş verir və ona görə də Azərbaycan bugünkü reallığı dəyərləndirib, ləngimədən Xankəndidə separatçı rejimin varlığına son qoymaq üçün praktik siyasi, hərbi variantlara start verməlidir. Laçın yoluna tətbiq olunan məhdudiyyətə baxmayaraq ermənilər güzəştli addımlar atmağa tələsmirlər, çünki özlərinin etirafına görə Rusiya helikopterləri hər gün minimum tələbatı ödəyən qida və tibbi məhsullar daşımaqda davam edirlər. Rusiya erməni silahlı qüvvələrini də çıxarmır. Deməli, siyasi yolla çıxmayan hərbi qüvvənin hərbi yolla çıxarılacağı xəbərdarlığı gündəmə gətirilməli və bu iş ilin sonunadək bitməlidir. Bu məsələ Xankəndi rejiminin fəaliyyətinə son verilməsinin və Azərbaycan dövlət strukturlarının dövlət nəzarətinin Xankəndində bərpa edilməsinin başlanğıcı deməkdir. 2024-cü ildə isə keçmiş Dağlıq Qarabağda yaşamış və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma yurdlarına qayıdışı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti ilə həyata keçirilməlidir… 

Qarşıda danışıqlar prosesi gözlənilir. Açığı, sentyabrda Brüssel, oktyabrda Qranada görüşündən sonra konkret nəticələr olacağı yenə də real görsənmir, hətta bu görüşlər pozitiv təsir bağışlasa da, Qarabağda separatçı rejimin fəaliyyətinə son verəsi deyil. Biz Xankəndi rejiminə son verəcək siyasi, hərbi fəaliyyətə üstünlük verməliyik, ermənilərin planlı şəkildə davam etdirdikləri vaxtuzatma siyasətinin detallı problemlərini aradan qaldırmağa zaman sərf edilməsi maraqlarımıza uyğun deyil…(moderator)

İlham İsmayıl

Share on Facebook