Redaktor seçimi

“Vaqner” qiyamı və Qarabağ şərtləri...- “Yaranmış situasiyadan yararlanmalıyıq...”

“Azərbaycan tərəfi yaxın günlərdə Rusiya Federasiyasına, bəli, bəli, məhz Rusiya dövlətinə xəbərdarlıq etməlidir...” “Ağdam-Əsgəran- Xocalı-Şuşa yolu niyə açılmasın ki? Eyni zamanda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması da şərtlər paketinə salınmalıdır...”   Bütün dünyanın diqqəti bu iki gündə Özəl Hərbi Kompaniya “Vaqner”in bir sutkalıq qiyamına yönəlib. Təsadüfi deyil, bir sutkada 23 illik Putin hakimiyyətinin sarsılmazlığı haqqında formalaşmış fikir sarsıdıcı zərbə aldı. Ukrayna müharibəsi başlanandan beynəlxalq aləmdə Rusiya təcrid dövlətə çevrilmişdisə, qısamüddətli “Vaqner” qiyamı onun lideri Putinin də ölkə daxilində nüfuzuna ən böyük zərbə vurdu. Qiyamın zərərsizləşdirilməsi Putini müvəqqəti xilas edə bilər, amma onun komandası arasında, generalların da qatılacağı siyasi hakimiyyət uğrunda daxili mübarizə şiddətlənəcək. Rusiyada baş verən qiyam 1991-ci il avqust putçunu xatırladır. Putç uğursuz oldu, amma Krımdan hakimiyyət kreslosuna qayıdan Qorbaçovun da cəmi dörd aydan sonra siyasi karyerasının sonunun qarşısı alınmaz oldu. Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Putin erasının da sonu “Vaqner” qiyamından sonra sürətlənəcək...  “ Vaqner” qiyamının Qarabağ ətrafında baş verənlərə təsiri ola bilərmi? Təsir öz-özünə yaranmır, onu yaratmaq lazımdır və bu təsiri nə Moskva, nə İrəvan, nə də Xankəndi yaradası deyil, maraqlarımıza xidmət edən təsiri biz yaratmalıyıq. Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti bərpa edilib və bu, doğru addımdır. Rusiya hərbiçiləri yol bağlı olduğu müddətdə helikopterlərlə onsuz da kritik uçuşlar həyata keçirirdilər. Nəzarət yoxlaması keçirilməklə keçid məntəqəsinin fəaliyyətinin davam etməsi üçün isə Azərbaycan tərəfi yaxın günlərdə Rusiya Federasiyasına, bəli, bəli, məhz Rusiya dövlətinə xəbərdarlıq etməlidir. Xəbərdarlıq erməni silahlı qüvvələrinin 10 gün ərzində Azərbaycan ərazisini tərk etməsi ilə bağlı olmalıdır. Vaxt təyin edib, həmin zaman çərçivəsində qanunsuz erməni silahlı qüvvələrin bütün arsenalı ilə Azərbaycan ərazisini tərk etməsi şərti irəli sürülməli, əks halda, yolun açılmayacağı bildirilməli və qanunsuz silahlı dəstələrə hərbi güc tətbiq ediləcəyi qarşı tərəflərə bəyan edilməlidir. Rusiyanın Ukrayna cəbhəsində hərbiçilərə ehtiyacı var və erməni silahlı qüvvələri bölgəni tərk edəcəyi halda Qarabağda sülhməramlıların sayının minimuma endirilməsi şübhə yaratmır. Rusiyanın daxili gərginlik yaşadığı situasiyadan yararlanmaq lazımdır. Hətta, bu xəbərdarlığın Vaşinqton görüşündən əvvəl elan olunması daha məqsədəuyğundur. RF-yə olunan xəbərdarlıq Vaşinqtonda sükutla qarşılanacaq və Rusiya bunu Vaşinqton görüşünün nəticəsi kimi qəbul etməyəcək. Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyi” adı altında səsləndirilən abstrakt şərtlər də səslənməyəcək...  Laçın yolunun tam açılması üçün bizim digər maraqlarımıza uyğun başqa şərtlər də irəli sürülməlidir. Qarabağda daxili yollardakı maneələrin aradan qaldırılması artıq zəruri həddə çatıb. Ağdam-Əsgəran- Xocalı-Şuşa yolu niyə açılmasın ki? Eyni zamanda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması da şərtlər paketinə salınmalıdır.  Reinteqrasiyaya xidmət edən bəzi məsələləri qarşılıqlı şərtlərlə müzakirəyə çıxarmağın da zamanıdır. Məsələn, Sərsəng su anbarına nəzarətin də Azərbaycana verildiyi təqdirdə Ermənistandan gələn elektrik xəttinin istifadəyə verilməsi, fasiləsiz qaz təminatı da qarşılıqlı razılaşmaların predmeti ola bilər. Ümumiyyətlə, qarşı tərəflərə Azərbaycanın siyasi şərtlərinin yerinə yetirildiyi halda humanitar məsələlərin də müzakirə olunacağını öncədən bildirmək lazımdır. Ermənilər imtina etdikdə (bu daha çox ehtimal olunur) yolun açılmayacağı və erməni silahlı qüvvələrin hərbi güc tətbiq etməklə ərazilərimizdən çıxarılacağı sərt şəkildə həm Rusiyaya, həm də Ermənistana çatdırılmalıdır... Rusiya həm xaricdən, həm də daxildən gərginlik yaşayır. Türkiyənin də bu vəziyyətdə Qarabağla əlaqədar artıq Rusiya ilə təmaslara keçməsi çox yerinə, zamanına uyğun ola bilər. Putin çətin günündə Türkiyə prezidentindən daha dəqiq dəstək aldı. Bu situasiyanı dəyərləndirmək və ondan yararlanmaq maraqlarımıza xidmət etmiş olar...  Qarşıda Vaşinqton və Brüssel görüşləri dayanır. May ayında keçirilən birinci Vaşinqton görüşündə bəzi “prinsipial məsələlərdə razılığın olmaması” bu dəfəki görüşdə həllini tapa bilər, ən azı müəyyən bir hissəsində. Əlbəttə, bu bizim nəyəsə güzəşt edəcəyimiz demək deyil, əksinə, yersiz şərtlər qaldıran Ermənistana aiddir. Azərbaycan bu görüşlərdə yalnız iki ölkə arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması prinsiplərini müzakirə edəcək. Qarabağ bizim daxili işimizdir və yuxarıda qeyd etdiyimiz şərtlər birbaşa Qarabağa aiddir və bir daha vurğulayırıq ki, Rusiyada yaranmış daxili böhranı nəzərə alıb şərtlərimizi irəli sürməliyik...(moderaor) İlham İsmayıl

Rusiyanın 57-ci briqadasının taboru məhv edildi

Ukrayna Silahlı Qüvvələrinin 3-cü əlahiddə hücum briqadasının döyüşçüləri Rusiyanın 57-ci briqadasının taborunu məhv ediblər. Sozcu.az xəbər verir ki, bu barədə briqadadan məlumat verilib. “Döyüşçülər nəinki peşəkarlıq, həm də əsl hücumçu xarakteri göstəriblər. Bəzi döyüşlər 1-2 metrlikdən aparılıb”, - məlumatda qeyd olunub. Məlumata görə, Severski Donets kanalının sağ sahili ruslardan tamamilə təmizlənib.

“Vladimir Putin başda olmaqla, onun komanda üzvləri qaçaraq Rusiya paytaxtından uzaqlaşdılar"

“Rusiyada baş verən qiyam göstərdi ki, o nə qədər biabırçı bir gündədir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.  O bu fikrdədir ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan dövlətin özəl hərbi şirkətin qarşısında acizlik nümayiş etdirib:  “Vladimir Putin başda olmaqla, onun komanda üzvləri qaçaraq Rusiya paytaxtından uzaqlaşdılar. Bir qismi Sankt-Peterburqa, digər bir qismi isə başqa şəhərlərə. Bu, zərrə qədər də oyun deyildi. Çünki belə oyun olmur, əksinə, bu, Rusiyanın zəifliyi idi ki, Yevgeni Priqojin qısa bir müddətdə Rostovu və Voroneji nəzarətə götürdü. Hamı da çaşqın bir vəziyyətdə idi. Priqojinin Sergey Şoyqunun müavini Yunusbek Yevkurov və digər bir generalla qurduğu təmaslar onu göstərdi ki, bu adamın fikri qətidir”. Ekspertin fikrincə, Priqojin öldürüləcək: “Hər şey bundan sonra başlayacaq və Rusiyada vəziyyət daha da xaotik hala gələcək. Aleksandr Lukaşenkodan da Putin xahiş etmişdi, çünki Priqojinlə təmaslara girməyi qüruruna sığışdırmırdı.  Lukaşenko Priqojinə bəzi zəmanətlər verdi. Priqojin və onun silahdaşlarına qarşı cinayət işinin ləğv olunduğunu isə Peskov bildirdi. Bu, sadəcə nonsensdir. Yəni bu ölkədə kefləri necə istəyirlərsə, elə də edirlər”.  Müsahibimizin sözlərinə görə, baş verənlər onu deməyə əsas verir ki, ölkə artıq rüşvət və korrupsiyanın içərisində çabalayır: “Putinin özü də çirkaba batıb. Onun generalları, Şoyqu və Gerasimov da eynilə. Mən sosial şəbəkə hesabımda yazdım ki, 25 minlik hansısa bir silahlı dəstədən qaçan bir dövlət bu gün Qarabağda bizə yol göstərməyə çalışır və orada hoqqalardan çıxır. Düşünürəm ki, bu, Putinin oyunu deyil. Çünki Putin özü-özünü rüsvay etməzdi. O, faktiki olaraq yerlə bir oldu. Rusiya prezidenti vətənə xəyanət ittihamları səsləndirib, “vagner”çilərin məhvi ilə bağlı göstərişlər verirdi. Bu, oyun ola bilərdi, amma gərək bunu fərqli formada oynamalı idilər. Fakt faktlığında qalır ki, Rusiya dövləti bir daha bütün dünyanın gözü qarşısında rüsvayçı bir duruma düşdü.  Putin, əlbəttə, bunu Priqojinə bağışlamayacaq. Hadisələrin yaxın vaxtlarda hansı məcrada inkişaf edəcəyini görəcəyik. Bəlkə, Lukaşenko öz dostunu, eyni zamanda həm də özünü xilas etmək üçün bu yola baş vurdu. Çünki Putin devriləcəyi təqdirdə, Lukaşenkonun əlləri qandallanacaq.  25 minlik dəstənin qarşısında kimsə çıxa bilmədi. Rusiya tarixinin ən rəzil gününü yaşadı. Məncə, Putin bunu asanlıqla həzm etməyəcək. Şoyqu isə müvəqqəti vəzifəsində qalacaq. Gerasimov da yaxın vəzifəsindən uzaqlaşdırılacaq. Öz həyatına görə narahat olan Putin daha böyük problemlərlə qarşılaşmamaq üçün bu addımları atacaq”. 

Göygöldə 18 yaşlı oğlan qoyun otarmaq adı ilə evdən çıxaraq itkin düşüb

Göygöldə 18 yaşlı oğlan itkin düşüb. Sozcu.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Zaur İsmayılov özlərinə məxsus qoyunları otarmaq məqsədilə örüş sahəsinə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb. Araşdırma aparılır.

Niyə biz bir güllə atmadan Rostovu tutduq? - Priqojin

Niyə ölkə bizim tərəfimizdədir? Çünki biz haqq yolundayıq. Bizə öncə artilleriya, sonra helikopterlərlə zərbələr endirdilər və biz atəş altında irəlilədik. Biz yolda heç bir çağırışçını, insanı öldürmədik. Biz aviasiyanın, helikopter və qırıcıların atəşi altında Rostova daxil olduq. Bir güllə belə atmadan qərargahı (Cənub Hərbi Dairəsi – red.) tutduq. Biz bir nəfər də olsun insanın işinə mane olmadıq. Artıq küçələrdə “Vaqner”in bayraqlarını qaldıran insanları görə bilərsiniz. Döyüşçülərimiz nəsə almaq üçün dükana gedəndə insanlar onlardan pul ödəməməyi xahiş edirlər. Çünki onlar xoş bir şey etmək istəyirlər, komplentlər səsləndirirlər... Sozcu.az xəbər verir ki, bu sözləri “Vaqner”in rəhbəri Priqojin son səsli müraciətində deyib.

Erməni terror təşkilatı: “Məsələ silahla həll olunacaq”

Ermənistanın VOMA terror təşkilatı Azərbaycana qarşı yeni təxribatlar törətməyə hazırlaşır.  Sozcu.az xəbər verir ki, qanunsuz təşkilat sosial şəbəkə vasitəsilə erməniləri Azərbaycana qarşı mübarizə aparmaq məqsədilə təlimlərə çağırıb.  Təxribatçı çağırış “Facebook” üzərindən paylaşılıb.  VOMA-çıların çağırışında ermənilərin hər an müharibəyə hazır olmaları qeyd olunub. Bildirilib ki, ermənilər Azərbaycanla sülh danışıqlarına yox, müharibəyə hazırlaşmalıdırlar. İddialara görə, məsələlər danışıqlarla yox, silahla həll olunacaq.  Bu cür absurd və təxribatçı çağırışlara Ermənistan rəsmiləri hər hansı reaksiya verməyiblər. 

Tofiq Həsənovun həbs müddəti yenidən uzadıldı

Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddəti yenidən uzadılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub. Qərara əsasən, T.Həsənovun həbs müddəti daha 2 ay artırılıb. Qeyd edək ki, general-mayor T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

Söyüdlüyə giriş-çıxış məhdudlaşdırıldı – Rəsmi

Gədəbəyin Söyüdlü kəndində ictimai təhlükəsizliyin təmin olunması məqsədilə postlar qurulub. Kəndə giriş-çıxış orada qeydiyyatda olan sakinlərdən başqa vətəndaşlar üçün məhdudlaşdırılıb. Hazırda sakinləri narahat edən məsələlər araşdırılır. Bu sözləri Sozcu.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Ermənilər yenə fortifikasiya quraşdırmağa cəhd etdi

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb", - məlumatda qeyd edilib.

"Azərbaycan xanımına qarşı bu cür rəftar etmək olmaz" - Vahid Əhmədov

"Əhali ilə polis arasında bu cür münasibət yolverilməzdir". Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov Gədəbəy rayonu, Söyüdlü kəndində sakinlərlə polis arasında insident haqda danışarkən deyib. Kənd əhalisinin qızıl emalı zamanı ətraf mühitin çirklənməsi barədə narazılıqlarına toxunan millət vəkili qeyd edib ki, zərərli maddələrin saxlanılması üçün xüsusi tələblərə riayət olunmalıdır: “Polislə əhali arasında olan xoşagəlməz görüntülər hamımızı məyus etdi. Bu cür toqquşmalara yol vermək olmaz. Bunu dinc yolla həll etmək olardı. Burda polisin üzərinə böyük məsuliyyət düşürdü. Polis öz səlahiyyətlərini qanun çərçivəsində yerinə yetirməlidir. Azərbaycan xanımına qarşı bu cür rəftar etmək olmaz. Daxili İşlər Nazirliyi bu işi araşdırıb, məsələyə hüquqi qiymət verməlidir. Vətəndaşların tələbi odur ki, bu zərərli maddələr gölə atılmasın. Əhali başqa bir şey tələb etmir. Kim olsa, bunu istəyər. O zəhərli maddələr sabahısı günü əhali üçün çox ciddi problemlər yarada bilər". V.Əhmədov qeyd edib ki, zəhərli maddələrin saxlanılması üçün xüsusi tələblər var: "Həmin tullantıları dərinliyi hardasa 100 metr olan bir yerə basdırmaq lazımdır". Millət vəkili qeyd edib ki, bu məsələ ciddi araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır: “Ekologiya Nazirliyi bununla bağlı araşdırma aparmalıdır ki, niyə bu cür problem baş verib? Gədəbəy Rayon İcra Hakimiyyəti bu məsələni elə həll etməli idi ki, bu cür insident yaranmasın. Digər tərəfdən, yayılan videolarda icra başçısının xanımla dialoqu düzgün deyildi. Deyir ki, əgər burda zəhərli qaz olsaydı, 78 yaş yaşamazdın. Bu, ümumiyyətlə, gülməli bir frazadır. Bu cür sözləri deyəndə bir balaca fikirləşmək lazımdır. Dağ adamları uzunömürlü olurlar. Xanıma da Allah uzun ömür versin. Burda ekologiyadan söhbət gedir. İnanmıram ki, başqa bir məsələ olsun”. Vahid Əhmədov həmçinin, Ermənistanın Naxçıvanla sərhəddə -Arazdəyən kəndində iri metallurgiya zavodu inşa etməsinə də münasibət bildirib: "Ermənilərin sərhəddə metallurgiya zavodu açması çox ciddi bir problemdir. Mən bu haqda öz mövqeyimi bildirmişəm. Deyirlər, guya zavodu Amerika şirkəti açıb. Ordan Amerika bayrağı asıblar. Kimin açmağından asılı olmayaraq, bu, yolverilməzdir. Metallurgiya kombinatının açılması ilə çaylara kifayət qədər zərərli maddələr atılacaq. Bu da bölgə üçün ekoloji cəhətdən böyük problemə çevrilə bilər. Əlbəttə, bunun qarşısını almaq lazımdır. Xarici İşlər Nazirliyi və Ekologiya Nazirliyi bu haqda hökumət səviyyəsində öz etirazını bildirməlidir. Artıq qeyri-hökumət təşkilatları bu məsələ ilə bağlı mövqelərini bildiriblər”.

Emin Əmrullayev təhsili şam yeməyi ilə müqayisə etdi

“Apardığımız tədqiqat nəticəsinə görə şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladlarının oxu, riyaziyyat göstəricilərində fərq var”. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib. Nazir bildirib ki, təhsil prosesi mexaniki prosesi deyil: “Bu, çox ciddi psixoloji inkişaf prosesidir. Təhsilin sonda kamil insan yaratmaq məqsədi var. Bir insanın inkişafına ev, təhsil və makrogöstəricilər təsir edir. Mühit inkişafı şərtləndirən əsas amildir. Tədqiqat aləmində bunun ölçülə bilən meyarları var. İlk faktor erkən yaş inkişafıdır. Kimsə 6 ay ərzində böyük sayda İT mütəxəssisi yetişdirmək istəyir”. E.Əmrullayev əlavə edib ki, məktəbə hazırlığa gedən və getməyən uşaqlar arasında ciddi fərq olur: “Bunu müəllimlər də deyir. Sadəcə bu sahədə tədqiqatlar apara bilmirik. Apardığımız tədqiqat nəticəsinə görə şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladlarının oxu, riyaziyyat göstəricilərində fərq var”.

"İcbari Tibbi Sığorta" 7.8 milyon manatlıq müqavilə imzaladı: "Zeytun Pharmaceuticals” kimindir?

İcbari Tibbi Sığorta Agentliyi imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması ilə bağlı tenderə yekun vurub.  Sozcu.az xəbər verir ki, tenderin qalibi "Zeytun Pharmaceuticals” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 7 852 864,01 AZN təşkil edir.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.  Bəhruz Şirəliyev vaxtilə "Rəvan” futbol klubunun vitse-prezidenti vəzifəsində çalışıb.  "Zeytun Pharmaceuticals” MMC "Farum Qafur” MMC ilə eyni hüquqi ünvanda qeydiyyatdadır. "Farum Qafur” MMC artı ləğv edilib. Bu şirkətin qanuni təmsilçisi Tağıyev Zamir Elşad oğlu olub.   Mediada geən məlumatlara görə, Zamir Tağıyevin qanuni təmsilçisi olduğu başqa şirkətlər də var. Onlardan biri də "Azmedkom" MMC-dir. Artıq ləğv olunan bu şirkətin təsisçisi isə keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Kazım Şirəliyev olub. Bu fakt göstərir ki, "Zeytun Pharmaceuticals” MMC-nin Səhiyyə Nazirliyinə, daha doğrusu, qurumun keçmiş rəhbərliyinə yaxın şirkətdir.  Bundan başqa məlumatlarda qeyd edilir ki, "Zeytun Pharmaceuticals” MMC-nin keçmiş hüquqi ünvanı Səbail rayonu, Niyazi küçəsi ev 5, mənzil 15-də yerləşib. Bu ünvan Səhiyyə Nazirliyinin "Dərmanların Analtik Ekspertizasi Mərkəzi” MMC-nin keçmiş direktoru Əbülfəz Abdullazadənin qeydiyyatda olduğu mənzildir. Müəssisə yaradılanda Əbülfəz Abdullazadə "Dərmanların Analtik Ekspertizasi Mərkəzi”nin direktoru vəzifəsində işləyib. Dərman preparatlarının lisenziyası ilə məşğul olan bir qurumun rəhbərinin ünvanında dərman şirkəti qeydiyyatdan keçib.(qaynarinfo)