Redaktor seçimi

“Naxçıvanda eşşəyə minib Bakıya gəlsən, təyyarədən daha tez çatarsan” – Problem böyüyür

Son günlər Naxçıvan-Bakı reysində təyyarə reyslərinin qiyməti süni şəkildə qaldırılır. Satış qiyməti 60 manat olan qiymətlər “qara kassa”da 80-90, bəzən isə 100 manata satılır. Əslən Naxçıvandan olan Milli Məclisin deputatı Fazil Mustafa iddia edib ki, bu problem süni şəkildə yaradılıb. Onun fikrincə, bəzən sərnişinlər məcburiyyət qarşısında qalaraq, bir bilet üçün real dəyərindən 100-150 manat artıq pul ödəyirlər. Bu isə sosial narazılıq yaradıb. Naxçıvandan Bakıya gəlmək istəyən sərnişinlərə niyə süni problem yaradılır? Bu, təxribat ola bilərmi? Bu fəaliyyətin arxasında Naxçıvanın yeni rəhbərliyini gözdən salmaq istəyən qüvvələr dayana bilərmi? Yenisabah.az-a açıqlamasında əslən Naxçıvandan olan jurnalist, Ovqat.com saytının baş redaktoru Heydər Oğuz da təsdiqləyib ki, Naxçıvanda həqiqətən də çox ciddi nəqliyyat problemi var: “Əvvəl avtomobil yolu ilə İrandan gəlib-gedirdilər, amma indi bu imkanı da itirmişik. Yeganə bir dənə yol qalır ki, bu, hava nəqliyyatıdır. Lakin bu da AZAL-ın monopoliyasındadır. Azərbaycan hökuməti bunu düzəltməli və məsələyə aydınlıq gətirməlidir. Əvvəla, oraya reyslər artırılmalıdır. Məsələn, dünənə qədər öz maşınları ilə Bakıya gəlmək imkanları olanların hazırda elə bir imkanı yoxdur. AZAL isə reysləri artırmır”. Jurnalistin fikrincə, bu monopoliyanı AZAL-dan almaq lazımdır: “Bunun da bir yolu var ki, AZAL-ı bir neçə yerə parçalayıb rəqabət halına gətirə biləcək düzəlişləri həyata keçirmək olar. Yaxud yeni hava yolları şirkətləri yaratmaq olar. Yox, əgər özümüz yarada bilmiriksə, o şirkətlərdən bəzilərini Azərbaycana dəvət etmək olar. Bunun yolları azad rəqabət aparan şirkətlərin Naxçıvana təyyarə reysləri açmasından keçir. Amma qəribədir ki, bu gün Azərbaycan hökuməti bu addımı atmır və bu da AZAL-a yarayır. Ümumiyyətlə, AZAL 30 ildir ki, bu siyasəti yürüdür, qəsdən qıtlıq yaradır və insanlara daha artıq qiymətə biletlər satır. Bu, əvvəllər daha çox müşahidə olunurdu və son zamanlar bunun qarşısı bir az alınmışdı. Amma görünən odur ki, yenə də bu cür siyasətə əl atmağa başlayıblar”. “Bileti altdan baha qiymətə satmaq məsələsini deyə bilmərəm, amma bütün hallarda Naxçıvana getmək istəyənlər böyük bir problemlə qarşılaşır. Mən o dəfə getmək istəyirdim və AZAL-ın internet səhifəsinə baxdım. Haradasa 10-15 gün sonraya bilet tapmaq olur. Tutaq ki, bir adamın Naxçıvanda atası ölürsə, bunun atasında yasına 15 gündən sonra getməsinin nə mənası var? Adamın meyiti ortada qalır, amma sən onu dəfn edə bilmirsən. Yaxud Naxçıvandan Bakıya gəlmək istəyənlər də eyni halla qarşılaşır. Bunlar nəqliyyat fəlsəfəsinə ziddir, xüsusilə də hava nəqliyyatı”, – əlavə edib. H. Oğuza görə, bu gün AZAL-ın Naxçıvan camaatına təqdim etdiyi gediş xidməti haradasa 15-20 gün sonraya sirayət edir: “Əgər Naxçıvandan eşşəyə minib Bakıya gəlsən, təyyarədən daha tez çatarsan. Əgər sən öz missiyana və təyinatına uyğun hərəkət edə bilmirsənsə, ya Azərbaycan hökuməti qarşısında bu məsələni qaldırıb deməlisən ki, mən bunu tək bacarmıram, ya da ki, boynuna götürmüsənsə, etməyə borclusan. Faktiki olaraq, bu gün Naxçıvan camaatı bu gün əzab-əziyyət içərisindədir. Naxçıvandakı hüquqi boşluqların nəticəsində AZAL-ın oradakı fəaliyyəti bu boşluqlardan istifadəyə yarayır və daha çox pul qazanmaq onların hərisliyinə işləyir”. Müsahibimiz iddia edib ki, AZAL Naxçıvan camaatına bileti pul ilə satır, üstəlik, satdığı qədər də dövlətdən dotasiya alır: “Yəni 60 manatlıq bileti 120-180 manata sataraq, 2-3 qat fayda götürür və dotasiya da alır. Hesab edirəm ki, Azərbaycan hökuməti AZAL-a  alternativ qurumlar yaratmaqla, dövlət büdcəsi üçün çox ciddi bir qazanc əldə edə bilər. Yəni AZAL-a ödənilən dotasiya kəsilə bilər və Naxçıvana gediş-gəlişlər artır. Naxçıvanın yüzminlərlə əhalisi var, amma AZAL-ın açıqlamasında görə bölgəyə 2 min adam gedib-gələ bilir. İnsanlar mərkəzlə əlaqə saxlaya bilmir. Biz Azərbaycanın suverenliyindən danışırıqsa, bunlar olmalıdır. Naxçıvan bu gün Azərbaycanla əlaqələri kəsilmiş durumdadır. Onsuz da “xan” həzrətləri bunu o vaxtı həyata keçirirdi. Bu gün də onun həyata keçirmək istədiyi siyasət bir başqa formada AZAL tərəfindən həyata keçirilir”.

İsmayıllıda 46 yaşlı kişi kanalda boğularaq ölüb

İsmayıllı sakini kanalda boğulub. Sozcu.az xəbər verir ki, İsmayıllı rayon sakini, 1977-ci il təvəllüdlü Mehdiyev Elnur Biləndər oğlu ehtiyatsızlıqdan evinin yaxınlığından keçən kanala düşüb. Onun boğularaq öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.apa

Ukraynadan Ermənistan aviaşirkətinə qarşı sanksiya

Ukrayna Ermənistanın “Air Dilijans” aviaşirkətinə qarşı sanksiya tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə müvafiq sənədi Ukrayna Prezidenti Vladimir Zelenski imzalayıb. Qeyd edək ki, şirkətin sahibi gürcü əsilli Tamaz Qayaşvilidir. Xatırladaq ki, V.Zelenskinin bu gün imzaladığı sənədlə rəsmi Kiyev ümumilikdə 190 fiziki və 291 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Onların əksəriyyəti Rusiya vətəndaşı və şirkətidir.

Rusiyanın ŞOK itkiləri açıqlandı

Ukrayna müharibənin 493-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 228 870 hərbçi, 4042 ədəd tank, 7868 ədəd zirehli döyüş maşını, 4162 ədəd artilleriya sistemi, 632 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 389 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 308 ədəd helikopter, 6794 ədəd avtomobil texnikası, 3545 ədəd PUA, 1261 qanadlı raket, 18 gəmi/qayıq, 580 xüsusi avadanlıq itirib.

Makron Brüsseldən yarımçıq qayıdır: Fövqəladə iclas...

Fransa Prezidenti Emmanuel Makron 17 yaşlı əlcəzairli gəncin polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarla əlaqədar hökumətin fövqəladə iclasını keçirəcək. Sozcu.az xəbər verir ki, bununla bağlı Fransa prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, E.Makron fövqəladə iclas üçün Brüssel səfərindən yarımçıq qayıdacaq.

"Putin devrilən kimi Azərbaycanla Ermənistan arasında... Ayağa qalxmağın vaxtı çatıb!.."

"Putin  rejimi devrilən kimi Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında barışıq perspektivləri yaranacaq". Sozcu.az xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili özünün "Twitter" mikrobloqunda yazıb . “Putin rejimi devrilən kimi Gürcüstanda hakimiyyət dərhal dəyişəcək, Cənubi Qafqazda Azərbaycanla Ermənistanın barışıq perspektivləri yaranacaq. Ona görə də çox tezliklə biz tamamilə fərqli, vahid Cənubi Qafqaza sahib olacağıq və eyni zamanda (bununla) qalib Ukraynaya və bütün Avropaya çıxış imkanı ilə bütün Qafqazı birləşdirməyin yollarını axtarmalıyıq”,- deyə  hazırdaGürcüstanda həbsdə olan siyasətçi yazıb. Saakaşvili öz postunda qeyd edib ki, Rusiyada baş verən son hadisələr (silahlı çevriliş cəhdi) hökumətin “həddindən artıq zəifliyini” göstərib, ona görə də Saakaşvilinin fikrincə, ayağa qalxmağın vaxtı çatıb. “Köhnələri bərpa edin və yeni müqavimət hüceyrələri yaradın, diaspor və təbii ki, Ukrayna vasitəsilə əlaqələrinizi aktivləşdirin, demokratik dünyanı Şimali Qafqaz xalqlarının müstəqilliyinə hazırlamağa birlikdə çalışaq. Biz bir-birimizlə körpülər qurmalıyıq ki, Rusiyanın parçalanması prosesi mümkün qədər qeyri-zorakılığa çevrilsin və gələcəkdə münaqişələrdən qaçınılsın". deyə eks-prezident vurğulayıb. Həmçinin Saakaşvili Kiyevdə Azad Qafqaz Təşkilatının daimi katibliyinin yaradılmasını təklif edib.

Hərbçimizin qisası alındı - 4 separatçı məhv edildi

Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib. Nəticədə 4 terrorçu məhv edilib. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür./APA

Paşinyan 44 günlük müharibədəki məğlubiyyətə görə ordunu günahlandırıb

Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki məğlubiyyətə görə ordunu günahlandırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb. Baş nazir bildirib ki, Ermənistan Silahlı Qüvvələri vəzifələrinin öhdəsindən gələcəyini bildirmişdi: “Mənə hansı texnikaların, silahların lazım olması barədə məlumat vermişdilər. Demişdim ki, nə lazımdırsa, təmin edəcəm. Müharibə ərzində bu prinsipə daim əməl etdim, ordunun ehtiyaclarını ödədim”.

“Vaqner” qiyamı və Qarabağ şərtləri...- “Yaranmış situasiyadan yararlanmalıyıq...”

“Azərbaycan tərəfi yaxın günlərdə Rusiya Federasiyasına, bəli, bəli, məhz Rusiya dövlətinə xəbərdarlıq etməlidir...” “Ağdam-Əsgəran- Xocalı-Şuşa yolu niyə açılmasın ki? Eyni zamanda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması da şərtlər paketinə salınmalıdır...”   Bütün dünyanın diqqəti bu iki gündə Özəl Hərbi Kompaniya “Vaqner”in bir sutkalıq qiyamına yönəlib. Təsadüfi deyil, bir sutkada 23 illik Putin hakimiyyətinin sarsılmazlığı haqqında formalaşmış fikir sarsıdıcı zərbə aldı. Ukrayna müharibəsi başlanandan beynəlxalq aləmdə Rusiya təcrid dövlətə çevrilmişdisə, qısamüddətli “Vaqner” qiyamı onun lideri Putinin də ölkə daxilində nüfuzuna ən böyük zərbə vurdu. Qiyamın zərərsizləşdirilməsi Putini müvəqqəti xilas edə bilər, amma onun komandası arasında, generalların da qatılacağı siyasi hakimiyyət uğrunda daxili mübarizə şiddətlənəcək. Rusiyada baş verən qiyam 1991-ci il avqust putçunu xatırladır. Putç uğursuz oldu, amma Krımdan hakimiyyət kreslosuna qayıdan Qorbaçovun da cəmi dörd aydan sonra siyasi karyerasının sonunun qarşısı alınmaz oldu. Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Putin erasının da sonu “Vaqner” qiyamından sonra sürətlənəcək...  “ Vaqner” qiyamının Qarabağ ətrafında baş verənlərə təsiri ola bilərmi? Təsir öz-özünə yaranmır, onu yaratmaq lazımdır və bu təsiri nə Moskva, nə İrəvan, nə də Xankəndi yaradası deyil, maraqlarımıza xidmət edən təsiri biz yaratmalıyıq. Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti bərpa edilib və bu, doğru addımdır. Rusiya hərbiçiləri yol bağlı olduğu müddətdə helikopterlərlə onsuz da kritik uçuşlar həyata keçirirdilər. Nəzarət yoxlaması keçirilməklə keçid məntəqəsinin fəaliyyətinin davam etməsi üçün isə Azərbaycan tərəfi yaxın günlərdə Rusiya Federasiyasına, bəli, bəli, məhz Rusiya dövlətinə xəbərdarlıq etməlidir. Xəbərdarlıq erməni silahlı qüvvələrinin 10 gün ərzində Azərbaycan ərazisini tərk etməsi ilə bağlı olmalıdır. Vaxt təyin edib, həmin zaman çərçivəsində qanunsuz erməni silahlı qüvvələrin bütün arsenalı ilə Azərbaycan ərazisini tərk etməsi şərti irəli sürülməli, əks halda, yolun açılmayacağı bildirilməli və qanunsuz silahlı dəstələrə hərbi güc tətbiq ediləcəyi qarşı tərəflərə bəyan edilməlidir. Rusiyanın Ukrayna cəbhəsində hərbiçilərə ehtiyacı var və erməni silahlı qüvvələri bölgəni tərk edəcəyi halda Qarabağda sülhməramlıların sayının minimuma endirilməsi şübhə yaratmır. Rusiyanın daxili gərginlik yaşadığı situasiyadan yararlanmaq lazımdır. Hətta, bu xəbərdarlığın Vaşinqton görüşündən əvvəl elan olunması daha məqsədəuyğundur. RF-yə olunan xəbərdarlıq Vaşinqtonda sükutla qarşılanacaq və Rusiya bunu Vaşinqton görüşünün nəticəsi kimi qəbul etməyəcək. Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyi” adı altında səsləndirilən abstrakt şərtlər də səslənməyəcək...  Laçın yolunun tam açılması üçün bizim digər maraqlarımıza uyğun başqa şərtlər də irəli sürülməlidir. Qarabağda daxili yollardakı maneələrin aradan qaldırılması artıq zəruri həddə çatıb. Ağdam-Əsgəran- Xocalı-Şuşa yolu niyə açılmasın ki? Eyni zamanda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması da şərtlər paketinə salınmalıdır.  Reinteqrasiyaya xidmət edən bəzi məsələləri qarşılıqlı şərtlərlə müzakirəyə çıxarmağın da zamanıdır. Məsələn, Sərsəng su anbarına nəzarətin də Azərbaycana verildiyi təqdirdə Ermənistandan gələn elektrik xəttinin istifadəyə verilməsi, fasiləsiz qaz təminatı da qarşılıqlı razılaşmaların predmeti ola bilər. Ümumiyyətlə, qarşı tərəflərə Azərbaycanın siyasi şərtlərinin yerinə yetirildiyi halda humanitar məsələlərin də müzakirə olunacağını öncədən bildirmək lazımdır. Ermənilər imtina etdikdə (bu daha çox ehtimal olunur) yolun açılmayacağı və erməni silahlı qüvvələrin hərbi güc tətbiq etməklə ərazilərimizdən çıxarılacağı sərt şəkildə həm Rusiyaya, həm də Ermənistana çatdırılmalıdır... Rusiya həm xaricdən, həm də daxildən gərginlik yaşayır. Türkiyənin də bu vəziyyətdə Qarabağla əlaqədar artıq Rusiya ilə təmaslara keçməsi çox yerinə, zamanına uyğun ola bilər. Putin çətin günündə Türkiyə prezidentindən daha dəqiq dəstək aldı. Bu situasiyanı dəyərləndirmək və ondan yararlanmaq maraqlarımıza xidmət etmiş olar...  Qarşıda Vaşinqton və Brüssel görüşləri dayanır. May ayında keçirilən birinci Vaşinqton görüşündə bəzi “prinsipial məsələlərdə razılığın olmaması” bu dəfəki görüşdə həllini tapa bilər, ən azı müəyyən bir hissəsində. Əlbəttə, bu bizim nəyəsə güzəşt edəcəyimiz demək deyil, əksinə, yersiz şərtlər qaldıran Ermənistana aiddir. Azərbaycan bu görüşlərdə yalnız iki ölkə arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması prinsiplərini müzakirə edəcək. Qarabağ bizim daxili işimizdir və yuxarıda qeyd etdiyimiz şərtlər birbaşa Qarabağa aiddir və bir daha vurğulayırıq ki, Rusiyada yaranmış daxili böhranı nəzərə alıb şərtlərimizi irəli sürməliyik...(moderaor) İlham İsmayıl

Rusiyanın 57-ci briqadasının taboru məhv edildi

Ukrayna Silahlı Qüvvələrinin 3-cü əlahiddə hücum briqadasının döyüşçüləri Rusiyanın 57-ci briqadasının taborunu məhv ediblər. Sozcu.az xəbər verir ki, bu barədə briqadadan məlumat verilib. “Döyüşçülər nəinki peşəkarlıq, həm də əsl hücumçu xarakteri göstəriblər. Bəzi döyüşlər 1-2 metrlikdən aparılıb”, - məlumatda qeyd olunub. Məlumata görə, Severski Donets kanalının sağ sahili ruslardan tamamilə təmizlənib.

“Vladimir Putin başda olmaqla, onun komanda üzvləri qaçaraq Rusiya paytaxtından uzaqlaşdılar"

“Rusiyada baş verən qiyam göstərdi ki, o nə qədər biabırçı bir gündədir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.  O bu fikrdədir ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan dövlətin özəl hərbi şirkətin qarşısında acizlik nümayiş etdirib:  “Vladimir Putin başda olmaqla, onun komanda üzvləri qaçaraq Rusiya paytaxtından uzaqlaşdılar. Bir qismi Sankt-Peterburqa, digər bir qismi isə başqa şəhərlərə. Bu, zərrə qədər də oyun deyildi. Çünki belə oyun olmur, əksinə, bu, Rusiyanın zəifliyi idi ki, Yevgeni Priqojin qısa bir müddətdə Rostovu və Voroneji nəzarətə götürdü. Hamı da çaşqın bir vəziyyətdə idi. Priqojinin Sergey Şoyqunun müavini Yunusbek Yevkurov və digər bir generalla qurduğu təmaslar onu göstərdi ki, bu adamın fikri qətidir”. Ekspertin fikrincə, Priqojin öldürüləcək: “Hər şey bundan sonra başlayacaq və Rusiyada vəziyyət daha da xaotik hala gələcək. Aleksandr Lukaşenkodan da Putin xahiş etmişdi, çünki Priqojinlə təmaslara girməyi qüruruna sığışdırmırdı.  Lukaşenko Priqojinə bəzi zəmanətlər verdi. Priqojin və onun silahdaşlarına qarşı cinayət işinin ləğv olunduğunu isə Peskov bildirdi. Bu, sadəcə nonsensdir. Yəni bu ölkədə kefləri necə istəyirlərsə, elə də edirlər”.  Müsahibimizin sözlərinə görə, baş verənlər onu deməyə əsas verir ki, ölkə artıq rüşvət və korrupsiyanın içərisində çabalayır: “Putinin özü də çirkaba batıb. Onun generalları, Şoyqu və Gerasimov da eynilə. Mən sosial şəbəkə hesabımda yazdım ki, 25 minlik hansısa bir silahlı dəstədən qaçan bir dövlət bu gün Qarabağda bizə yol göstərməyə çalışır və orada hoqqalardan çıxır. Düşünürəm ki, bu, Putinin oyunu deyil. Çünki Putin özü-özünü rüsvay etməzdi. O, faktiki olaraq yerlə bir oldu. Rusiya prezidenti vətənə xəyanət ittihamları səsləndirib, “vagner”çilərin məhvi ilə bağlı göstərişlər verirdi. Bu, oyun ola bilərdi, amma gərək bunu fərqli formada oynamalı idilər. Fakt faktlığında qalır ki, Rusiya dövləti bir daha bütün dünyanın gözü qarşısında rüsvayçı bir duruma düşdü.  Putin, əlbəttə, bunu Priqojinə bağışlamayacaq. Hadisələrin yaxın vaxtlarda hansı məcrada inkişaf edəcəyini görəcəyik. Bəlkə, Lukaşenko öz dostunu, eyni zamanda həm də özünü xilas etmək üçün bu yola baş vurdu. Çünki Putin devriləcəyi təqdirdə, Lukaşenkonun əlləri qandallanacaq.  25 minlik dəstənin qarşısında kimsə çıxa bilmədi. Rusiya tarixinin ən rəzil gününü yaşadı. Məncə, Putin bunu asanlıqla həzm etməyəcək. Şoyqu isə müvəqqəti vəzifəsində qalacaq. Gerasimov da yaxın vəzifəsindən uzaqlaşdırılacaq. Öz həyatına görə narahat olan Putin daha böyük problemlərlə qarşılaşmamaq üçün bu addımları atacaq”. 

Göygöldə 18 yaşlı oğlan qoyun otarmaq adı ilə evdən çıxaraq itkin düşüb

Göygöldə 18 yaşlı oğlan itkin düşüb. Sozcu.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Zaur İsmayılov özlərinə məxsus qoyunları otarmaq məqsədilə örüş sahəsinə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb. Araşdırma aparılır.