Bir neçə gündür ki, sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəbdə baş verənlər müzakirə predmetinə çevrilib. Yada salaq ki, məktəbdə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qalması ilə bağlı məlumatlar yayılmışdı. Düzdür, Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəsmi açıqlamasında qeyd edilib ki, kamera görüntülərinə əsasən məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb. Bununla belə, valideynlər bu açıqlama ilə razılaşmadıqlarını bildiriblər.
Valideynlər Baku TV-yə açıqlamalarında hadisənin ört-basdır edildiyini bildiriblər: “Uşaqla bağlı əvvəl də şikayət olmuşdu. Həmin şagirdlə bağlı heç bir tədbir görmədilər”. Baş verənlərlə bağlı cinsi-seksual hərəkətlərə məruz qaldığı deyilən şagirdin valideyni ilə əlaqə də saxlanılıb. Ana suallara cavab vermək istəmədiyini deyərək məktəb rəhbərliyinin məsələni həll etdiyini bildirib.
6 nömrəli məktəbin direktoru Gülşən Orucova da deyəcəklərini kamera qarşısında deyil, şifahi olaraq açıqlayıb. Bildirib ki, 7-ci sinif şagirdi 2-ci sinif şagirdinə mobil telefonda əxlaqsız video göstərib. Bu, həmin videoya baxan uşağa psixoloji olaraq pis təsir edib. Hadisə məlum olandan sonra 7-ci sinif şagirdi öz valideyninin istəyi ilə başqa məktəbə köçürülüb. Direktorun sözlərinə görə, tualetdən kabinetlərə qədər kamera quraşdırılıb. Görüntülərə baxılıb və həmin uşaqların deyilən vaxtlarda tualetdə birgə olmadığı müəyyən edilib.
Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova zorakılığa məruz qaldığı deyilən şagirdin sağlamlığı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, müayinə zamanı azyaşlıda təşviş, stresdən sonrakı vəziyyət və qorxu simptomları aşkar edilib.
Bir gün öncə isə Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovun məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülməsi məktəblərə olan etimadı, inamı daha da sarsıtdı. Son günlər məktəblərdə baş verən kriminal hadisələr valideynlərin təlaşına səbəb olub. Artıq təhsil ocaqlarında kameraların olmasının yetərli olmadığı görünür. Burada təhlükəsizliklə bağlı daha ciddi tədbirlərin görülməsi zərurəti yaranıb. Bəs məktəbliləri necə qorumalı?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Qoşqar Məhərrəmov Musavat.com-a fikirlərini açıqlayıb. O deyib ki, məktəblərdə şagirdlərin nəzarətsiz qaldığı tək yer altı tam bağlı, kilidi olan ayaqyolu olmalıdır: “Qalan hər yerdə şagirdlər nəzarətdə olmalıdır. Bunun üçün lazımi növbətçilik sistemi direktorlar tərəfindən qurulmalıdır. Bunu edə bilmək üçün isə direktorun tam gün məktəbdə olan və lazımi qədər məvacib alan müəllimlərə ehtiyacı var. Direktor məktəbin hər yerində, bütün şagirdlərə hər an nəzarət edə bilmək üçün hər müəllimə həftədə maksimum 30-60 dəqiqə növbətçilik versə, bu məsələni həll etmək olar. Müəllimlər bəli, həm də şagirdləri mühafizə etməlidirlər. Bu məsələni mühafizə xidməti ilə həll edəsi olsanız, onda hər məktəbdə 5-6 mühafizəçiyə ehtiyac olacaq. Bu da hazırda çətin görünür. Çünki qəza vəziyyətində olan məktəblərə belə hələ sıra gəlməyib. Təklifim budur ki, məktəblərdə siniflərin hamısının qapısında kilid olsun. Bütün siniflərdə məktəbdaxili telefon olsun. Şagirdlər məktəbə gələrkən sinfə keçmədən hamısı bir məkanda gözləsin. Müəllimlər siniflərini özlərində olan açarla açdıqdan sonra şagirdləri qəbul etsinlər. Dəhlizlərdə, bufetdə, şagirdlərin gözləmə zalında və həyətdə növbətçilər, onların xüsusi təlimatı olsun. Bu üsullar yaranan problemin qarşısını ala bilər”.