Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı Zəngəzur dəhlizindən danışıb. Sozcu.az xəbər verir ki, Paşinyan Ermənistanın Horadiz-Mehri-Ordubad-Arazdəyən dəmir yolunun açılmasının əleyhinə olmadığını bildirib. “Hesab edirəm ki, bu, Ermənistan üçün çox vacib layihədir”. Baş nazir bildirib ki, Ermənistan regionda nəqliyyat yollarının açılmasının əleyhinə deyil: “Biz Azərbaycanla Türkiyə arasında, eləcə də Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yolun Ermənistan ərazisindən keçməsinin tərəfdarıyıq. Biz regional qaz kəmərlərinin, neft kəmərlərinin, elektrik ötürücü xətlərinin Ermənistan ərazisindən keçməsinə qarşıyıq? Xeyr, biz buna qarşı deyilik, əksinə, bu layihələrdə maraqlıyıq. Bütün bunlar Ermənistanın, eləcə də digər ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində baş verməlidir”, - Paşinyan vurğulayıb. O, Ermənistan Respublikasının suverenliyini və ya yurisdiksiyasını hər hansı şəkildə şübhə altına alan bəyanatın Ermənistan üçün qəbuledilməz olduğunu bildirib. "Bu, bizim üçün qırmızı xəttdir", - Paşinyan deyib. Bununla yanaşı, Nikol Paşinyan xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yalnız “Laçın dəhlizi” nəzərdə tutulub: “Ermənistan ərazisindən keçən dəhliz nəzərdə tutulmayıb, amma ümumilikdə demək istəyirəm ki, biz beynəlxalq ictimaiyyətin qulağında çaşqınlıq yaratmamalıyıq, çünki bir çox hallarda, məsələn, Avropada dəhliz deyirlər. Amma nəqliyyat yolların deyilməlidir”. "Onlar yol istəyir, biz də istəyirik və biz Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində bu yolları açmağa hazırıq", - Paşinyan əlavə edib. Onun sözlərinə görə, uzun müddətdir ki, Ermənistan hökumətinin gündəliyində Ermənistan-Azərbaycan sərhədində üç keçid məntəqəsinin açılması layihəsi var.
Ermənistan baş nazirinin mövqeyi anlaşılmaz, eyni zamanda, qeyri-konstruktivdir. Mövqeyini dəyişməkdə mahir olan Nikol Paşinyanın siyasi ampluası öz ölkəsində də qıcıq yaradır. Məsələ burasındadır ki, Ermənistanın siyasi dairələrində birmənalı qarşılanmayan baş nazirin yanaşmaları ciddi şəkildə tənqid olunur. ABŞ-la birgə hərbi təlimlər keçirən Ermənistana ən yaxın dostlarından birinin – İranın irad bildirməsi və Rəisinin Paşinyana sərt təpki göstərməsi erməni siyasi ekspertlərin diqqətindən yayınmayıb. Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan yerli mətbuata müsahibəsində bildirib ki, İran Ermənistanın ən yaxın dostudur və Cənubi Qafqazda proseslərin gərginləşməsinə səbəb olan hər bir hadisəyə dərhal reaksiya verəcək. “Regionda gedən proseslərdə onun necə iştirak edəcəyini bu gün söyləmək çətindir. Bu, siyasi təzyiqlər, hərbi-texniki dəstək və ya hərbi hərəkatlar şəklində də ola bilər. Azərbaycan Ermənistana və ya Qarabağa qarşı hərbi əməliyyatlara başlasa, İranın hansı mövqedə dayanacağının şahidi olacağıq”. Qərbin əsas hədəfinin Rusiya deyil, İran olması fikrinə münasibət bildirən Zakaryan onu da deyib ki, İran şimal sərhədlərində Qərb oyunçularının hərbi mövcudluğuna həssas yanaşır. “Türkiyə – İran münasibətlərinə gəlincə, iki ölkə arasında müxtəlif görüşlər, müzakirələr oldu. Bunun nəticəsi idi ki, sərhədlərin dəyişdirilməsinin İran üçün qırmızı xətt olduğu elan edildi. Və biz bildiyimiz, həmçinin, Türkiyə tərəfinin də bəyanatında deyildiyi kimi, İran onlara Zəngəzur dəhlizinin açılmasına icazə vermir. Bu o deməkdir ki, bu məsələdə Türkiyə ilə İran arasında ziddiyyətlər var”. Daha sonra İran prezidentinin Ermənistanın baş naziri ilə sonuncu telefon danışığında kobud davranmasını şərh edən Artak Zakaryan qeyd edib ki, “hökumət bu gün tarixən maraqların üst-üstə düşdüyü iki müttəfiqimizlə münasibətləri ardıcıl olaraq korlayır. Bu gün bizdə İran və Rusiyanın maraqları ilə üst-üstə düşən kəskin təhlükəsizlik problemi var. Və bu hal iki müttəfiqlə diplomatik və siyasi müstəvidə münasibətləri gərginləşdirmək, Ermənistanın təhlükəsizliyinə zərbə vuran xüsusi siyasət həyata keçirmək deməkdir. Əvvəlki hakimiyyətlər dövründə İranla hərbi-texniki əməkdaşlıq addımları mərhələli şəkildə aparılırdı. Amma indiki halda İran Ermənistana güvənmir. Ermənistanın təhlükəsizliyi həmişə İran və Rusiyaya inam üzərində qurulub. Təhlükəsizlik mexanizmlərimizin komponentləri o qədər sadə və məntiqlidir ki, orada başqa şeylər axtarmaq mənasızdır”.(konkret)
Müharibə-müharibə demək asan olduğu vaxtlarda sülh çağırışları etmək çox çətin olur. Xüsusi ilə bu müharibə çağırışları təşkil edilən ərəfədə. Bölgədə sülhün bərqarar olmaması bəzi xarici və daxili güclərin işinə yarayırsa, müharibə ritorikası, qan və ölüm bir çoxuna sadəcə maddi qazanc və oxşar şeylər üçün lazımdır. Onları böyük maraqlar düşündürmür. Onlara maraqlı deyil müharibə olacaq ya olmayacaq. İnsan itkiləri, şəhidlər, yaralılar, yetimlər, ərsizlər, qaraya bürünmüş analar, sürətlə saçları ağaran, belləri bükülən ata-analar, büdcədən xərclənən milyonlar, müharibəsonrası aclıq, stres…onları bu məsələlər qəti maraqlandırmır. Onlar da bəlkə ürəklərində müharibə istəmirlər, bununla yanaşı hansısa maraqlar üçün bu kampaniyada iştirak edirlər. Əlbəttə heç bir maraq güdmədən qarasına kampaniyaya qoşulanlar da olur. Səmimi olaraq, müharibəsiz hansısa problemin həll olunmayacağını düşünənlər də var. Müharibə isə oldu, müharibəylə problem tam olaraq bitmədi. Problem sülhlə, danışıqlarla bitəcək. Sülh danışıqları intensivləşdirilməlidir. Dövlət maraqlarımız da, insani maraqlarımız da bölgədə sülhü tələb edir. Nəinki istənilən hərbi akt, müharibə çağırışları da bizə zərərlidir. Hər bir baxımdan. Qarşı tərəfin sözdə də olsa, sülh çağırışları etməsi fonunda bizim “Dəmir Yumruq” göstərməyimiz beynəlxalq aləmdə ustalıqla əleyhimizə istifadə olunur. Biz həm də növbəti məkrli addımların qarşısını almaq üçün erməni vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcəyimizlə bağlı, hüquqlarından normal istifadə edəcəklərinə təminat verəcəyimizi yüksək tribunalardan yüksək səslə ifadə etməliyik. Mümkün formulaları təklif etməliyik. Öz dövlət və cəmiyyət maraqlarımıza xidmət edən başqa şərtlərimizi də ən yüksəkdən deməliyik. Məsələn, Ermənistandan qovulan vətəndaşlarımızın yurd yuvalarına qayıtması kimi Dövlətin qalıcı və güclü olması üçün mütləq qan tökülməli, şəhid verilməlidir kimi əsassız fikir səsləndirənləri boş verin. Dövlətin gücü və davamlılığı öz insanına, vətəndaşına verdiyi dəyərdən asılıdır. Dövlətin gücü vətəndaşının təhlükəsizliyi, azadlığl və rifahı ilə ölçülür. Şəhid sayıyla öyünən nə normal dövlətə və də şəxsə rast gəlməzsiz. Hakimiyyət sülh danışıqlarına dirəniş göstərməklə Ermənistanı da buna məcbur etməlidir. Güclü ordunun, güclü cəmiyyətin olması sülhü inkar etmir, əksinə. Bütün beynəlxalq hüquq və azadlıqlar çərçivəaində həqiqi sülh tərəfdarlarına sevgilər. Şəhidlərimizin ruhu şad olsun, daha heç vaxt şəhid sayımız artmasın. Səxavət Soltanlı, Müsavat Partiyası başqanının müavini
“Mən Şahmaryanı “prezident” hesab etmiəm”. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. O bildirib ki, Samvel Şahmaryan “prezident” deyil, sadəcə Qarabağ ermənilərinin “lideridir”. “Buna görə də, onu təbrik etmək üçün xüsusi bir səbəb yoxdur”, – deyə Paşinyan əlavə edib.
Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası toplanma, yerdəyişmə və atışma insidentləri də daxil olmaqla hər hansı hərbi dəyişikliyi müşahidə etmək üçün Ermənistan-Azərbaycan sərhədyanı ərazilərində və qarşıdurma xəttində gecə-gündüz patrul xidməti həyata keçirdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Aİ-nin Monitorinq Missiyası X sosial şəbəkəsində paylaşım edib. Aİ-nin Ermənistandakı Monitorinq Missiyası vəziyyətlə bağlı Aİ-ni daha çox narahat edən ərazilərdə patrulları gücləndirib və gərginliyin azaldılmasına töhfə verib.
Qarabağdakı erməni separatçıları Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi birləşmələrin son günlərdəki dislokasiyası ilə bağlı xəbərlərdən həyəcanlanıblar. Separatçıları xüsusilə qorxudan məqam isə Azərbaycan Ordusuna məxsus olduğu iddia edilən hərbi texnikanın üzərində "A" hərfinin tərsinə “∀” kimi qeyd olunmasıdır. Sozcu.az-ın məlumatına görə, sosial şəbəkələrdə üzərinə “∀” simvolu qeyd olunmuş hərbi texnikanın şəklini paylaşan ermənilər bunun xüsusi məna daşıdığını idda ediblər. Bu iddialarda “∀” simvolunun “qələbə”yə (V-Viktoriya) və V-nin ortasındakı xəttin “Zəngəzur dəhlizi”nin açılmasına işarə olduğu bildirilir. Digər iddialarda isə qeyd olunur ki, həmin simvol separatçıların elan etdiyi qondarma “Artsax”ın adındakı baş hərfin tərsinə çevirilmiş formasıdır ki, bu da oyuncaq rejimin darmadağın ediləcəyi anlamı daşıyır. Ordumuza məxsus hərbi texnikaların üzərində isə belə bir görüntünün olduğuna dair heç bir rəsmi açıqlama yoxdur. Ehtiyatda olan polkovnik, hrəbi ekspert Şair Ramaldanov isə deyib ki, əgər hansısa hərbi texnikanın üzrinə “∀” simvolu qeyd olunubsa, bu heç bir məna daşımır. Onun sözlərinə görə, ola bilsin ki, təlimlər zamanı hansısa bölüyü, yaxud texnikaları bir-birindən ayırmaq üçün müvəqqəti işarələrdən istifadə edilib. Şair Ramaldanov hərbi texnikanın üzərinə hansısa hərflərin yazılması və ya işarələrin qoyulması halları əvvəllər də müşahidə edilib. modern)
Son günlər sosial şəbəkələrdə, cəmiyyətdə yenidən müharibə və ya hərbi əməliyyatların başlayacağı ilə bağlı məlumatlar dolaşır. Yenidən müharibənin başlayacağı ilə bağlı yaranmış suallara Sözcü.az olaraq cavab axtarmağa çalışdıq. Bununla bağlı Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi ilə əlaqə saxladıq. Ceyhun Nəbi saytımıza bildirdi ki, bu gün Qafqazda gərgin geosiyasi vəziyyət yaranıb. Cəmiyyətdəki narahatlığın əsasında bu dayanır. Belə ki, Ermənistanda dayaqlarının zəifləməsini istəməyən Rusiya regionda vəziyyəti gərginləşdirərək təsir imkanlarını genişləndirməyə çalışır. Mövcud situasiyada gərginləşən münasibətlərin daha da dərinləşməsində birinci maraqlı tərəf Rusiyadır. Ermənistandakı mövcud hökümətin müstəqillik istəklərinin artması onu Rusiyanın çətin planları ilə üz-üzə qoyur. Hər kəsə bəlli həqiqətdir ki, Qarabağ ərazisində baş verə biləcək hadisələr Rusiyanın hazırladığı sissenaridən başqa bir şey deyil. Sülhməramlı adı altında Azərbaycan ərazisinə soxulmuş rus ordusu region üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan ərazisində ərsəyə gətirilməyə çalışılan qondarma rejimin atdığı hər addımın planı Rusiya tərəfindən müəyyənləşdirilir. Öz ölkəsində Rusiyanın təsirlərini azaltmağa çalışan Paşinyan höküməti isə Qondarma rejimlə bir az məsafəli davranır. Bütün bunlarla yanaşı İran, Türkiyə kimi regiona yaxın dövlətlər, həmçinin ABŞ və Fransa kimi bir sıra böyük güclərdə gərginləşən münasibətlərin arxa fonunda görünməkdədirlər. Baş verə biləcək qarşıdurmanın dəstəkçiləri ilkin müşahidədən artıq bəllidir. 11-20 sentyabr tarixləri arasında Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimlərinin keçiriləcəyi bildirilir. təlimlərin məqsədi ilə bağlı məlumatda qeyd olunur ki, sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, o cümlədən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının “Əməliyyat İmkanları Konsepsiyası”nın planlı qiymətləndirilməsinə erməni hərbçilərinin hazırlığının artırılmasıdır. Amma görünən əsl həqiqət budur ki, bu həmdə bir əzələ nümayişi kimi qiymətləndirilməlidir. Amerika baş vermə ehtimalı olan qarşıdurmada kimin tərəfində dayanacağının ilkin mesajını verir. Bu isə baş verəcək hadisələrin miqyasının nə qədər böyük, dərin və ciddi itkilərlə müşayət olunacağını göstərir. Azərbaycan tərəfi Rusiyanın Ukrayna ilə müharibəsi bitənə qədər güclü müdafiə tədbirləri alaraq müharibə və qarşıdurmadan maksimum kənarda dayanmağa çalışmalıdır. Rusiyanın çirkin və qaranlıq planlarını özündə ehtiva edən vəziyyətin yaranması tək Azərbaycan üçün yox, bütün region üçün mənfi nəticələr doğura bilər. Qafqazda yarana biləcək xoşbəxtlik sülhdən, qarşılıqlı razılaşmadan kənarda mövcud olan bilməz. Müharibə, qarşıdurma nifrət doğurur, bu isə cəmiyyətləri illərlə sarsıdıcı vəziyyətə gətirir. Anar Rəsullu
Bu il Kəlbəcər rayonunda daha 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), gələn ildə isə 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işlərinin aparılması planlaşdırılır. Sozcu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclasında deyib. O bildirib ki, 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcəkdir. N. Hümmətov vurğulayıb ki, Kəlbəcər rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb: "Şəhərin Baş Plan konsepsiyası 2022-ci ilin iyunun 26-da Prezidentə təqdim edilmiş və hal-hazırda baş planın aidiyyəti qurumlarla razılaşdırılması yekun mərhələdədir. 2022-2026-cı illərdə bərpa olunan yaşayış məntəqələrindən birinci mərhələ üzrə Zar, Zallar və Yanşaq kəndlərinin şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi istiqamətində müvafiq işlər aparılmaqdadır". Onun sözlərinə görə, həmin kəndlərin sifarişçisi qismində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti layihələri sürətlə işlənilməkdədir.
Sentyabrın 7-si saat 01:35 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda bildirilib.
Hicama (qanalma) keçmişdə əsas müalicə metodlarından biri kimi bədənin müxtəlif nahiyələrinə tətbiq olunan, Yaxın Şərqdə çox geniş yayılmış müalicə üsuludur. Hazırda Azərbaycanda hicama ilə müalicə üsulunu seçənlərin sayı ötən illərlə müqayisədə daha çoxdur. Misirlilərdə hicama 3 min ildən çox əvvəl tətbiq edilsə də, Avropa ölkələrində orta əsrlərdə istifadə edilib. 1400 il əvvəl Məhəmməd Peyğəmbər qanda dəmirin çoxluğunun zərərli olduğunu bildirərək onun hicama vasitəsilə qandan təmizlənməsini tövsiyə edib. Hicama keçmişdə ev şəraitində tətbiq edilirdisə, bu müalicə üsulu artıq ölkəmizdə bir çox klinikalarda gigiyenik qaydalarla insanlara tətbiq edilir. Hicamanın faydasını görənlər az deyil. Tibb alimləri hicamanın insan üçün 85-dən çox faydasını sadalasalar da, bəziləri bu üsulu cəhalətlə əlaqələndirir, insan orqanizminə heç bir faydası olmadığını deyirlər. Bir neçə gün öncə REAL FM-də qonaq olan tanınmış nevropatoloq Qalib Əsədovun da “bədəndən qan almanın heç bir xeyri yoxdur, bununla məşğul olanlar dələduzlardır, hicama cəfəngiyyatdır” deməsi geniş müzakirəyə səbəb olub. Həkimi tənqid edənlər bildiriblər ki, bu cür yanaşma həm də dinə kölgə salmaqdır, İslam Peyğəmbərinin tövsiyəsini cəfəngiyyat adlandırmaq doğru deyil... Müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən ilahiyyatçı Tural İrfan deyib ki, İslam dini tibb elminə, təbii vasitələrlə müalicə üsuluna çox böyük önəm verən dindir. “Hətta Məhəmməd Peyğəmbərin hədislərinin birində buyurulur ki, elm ikidir: birincisi tibb, ikincisi din elmidir. Tibbi dindən əvvələ salır. Bilirsiniz ki, İslam aləmində İbn Sina kimi böyük tibb alimləri yetişib. Bu gün Avropada da onun yazdığı qanun kitabından istifadə olunur. Şübhəsiz ki, İslamın təqdim etdiyi, ümumiyyətlə, Şərq aləmindəki tibb əsasən təbii vasitələrlə müalicə üsullarından ibarətdir. Buna el arasında “türkəçarə üsulları” deyirlər. Hicama, yaxud həcəmət də tibb elminin özəyində olan üsullardan biridir. Hicamaya qarşı çıxan həkimləri, ümumiyyətlə, həkim adlandırmıram. Onlar, yəqin ki, nə İbn Sinanın əsərlərini, nə də qədim Şərqin tibb mənbələrini oxumayıblar, xəbərləri yoxdur. Ancaq kimyəvi vasitələrlə insanları zəhərləməyi bilirlər. Hicama və bu kimi təbii vasitələrlə müalicə üsullarına qarşı çıxan “həkimlər” dərman mafiyalarının üzvləridir. Onlar bu cür təbii şeylərin qarşısını alırlar, insanları kimyəvi dərmanlarla zəhərləyib, özləri də varlanmaq istəyirlər. Bu, qəti və dəqiq belədir”, - ilahiyyatçı deyib. Tural İrfan bildirib ki, hicama təkcə ərəblərdə, müsəlmanlarda tətbiq edilməyib: “Romanın, Bizansın, Sasanilərin dövründəki tibb mənbələrini araşdırsınlar. Araşdırıblarmı, xəbərləri varmı? Görsünlər ki, həmin dövrlərdə hicamadan tibbi vasitə kimi necə istifadə olunub. O həkimə “həkim” demərəm. Mən tibb mütəxəssisi olmasam da, həkimlərlə bir çox söhbətlər aparmışam. İslam dinində peyğəmbərlərdən, əhli-beyt imamlarından gələn böyük hədislər, mənbələr, tibbi kitablar var. Məsələn, Loğman peyğəmbər həkimlərin ulusu hesab olunur... Hicama bu gün də tibbdə istifadə edilir. Bunu deyənlər heç müasir tibbi də bilməyən adamlardır. Dəfələrlə şahidi olmuşam ki, yüksək təzyiqlə insult keçirmək həddində olan adamdan qan alıblar. Hicama “qan almaq” deməkdir. İnsanın qanı tüğyan etdiyi, yaxud qan dövranının pozulduğu vaxtlarda edilir. İnsanlar bəs niyə qan verirlər? Hicama birinci növbədə dəri altına yığılmış qanın alınmasıdır. Şübhəsiz ki, qaraciyər və başqa orqanlar qanı tənzimləyir. Amma hicama dərinin altına yığılmış, zahirdə olan çirkli qanın təmizlənməsi üçündür. Hicamanı tənqid edən həkimlər hicama zamanı insandan təmizlənən qanı analiz etsinlər. Görsünlər ki, o qan təmizdir, yoxsa çirkli? Bundan sonra hökm vermək olar. Adlarını “həkim” qoyub, camaatı heyvan yerinə qoymaqla deyil ki. Çox təəssüf. Dərman mafiyaları ilə işləyən adamları vətən xaini qədər günahkar hesab edirəm. Çünki insanları zəhərləyirlər. İnsanları təbii yolla müalicə üsullarına cəlb etmək, sağlamlıqlarını qorumaq əvəzinə camaatın ümid yeri olan, şəfa tapdığı mənbələri inkar edib, beləcə anti-təbliğat aparmaqla insanları kimyəvi dərmanlara cəlb edir, onları dərman mafiyalarının qurbanına çevirməyə çalışırlar. Necə yəni? Həzrəti Peyğəmbərimizin hədislərində də var ki, xəstəlik üçdür, müalicəsi də üçdür, onlardan biri hicamadır. Bu, dədə-babadan bizdə olub. Faydası da var. İnsanlar faydasını görmədikləri şeyə heç vaxt yaxın getməzlər. Ola bilsin, hicamanı tənqid edən həkimlər paxıllıq hissi keçirirlər. Çünki insanlar hicamanın arxasınca gedir, bu müalicəni tətbiq edənlərə üz tutur, şəfa tapırlar, bunların isə qəbuluna gələn yoxdur. Ona görə də bunlar xəbis bir xislət ortaya qoyurlar. Bax, bu cür çirkin dövrə gəlib çıxmışıq”. İlahiyyatçı deyib ki, insanların sağlamlığı İslam dinində də çox önəmlidir: “Hicamanı “cəhalət” adlandıran Həzrəti Peyğəmbəri təhqir edib. Halbuki təhqirə bunu deyən adamın özü layiqdir. Peyğəmbərimiz özü son nəfəsinə kimi hicama etdirib. Məhəmməd Peyğəmbərin dövründə həkimə ehtiyac olmayıb. İslam dininin gətirdiyi tövsiyələrin, oruc tutmaq, namaz qılmağın təqva, iman tərəfi varsa, insanın sosial həyatında da böyük önəmi var. İnsanın gündə beş dəfə dəstəmaz alıb, namaz qılması onun qan dövranını yaxşlılaşdırır. Belə şeyləri açıqlasınlar, açılaya bilirlər? Məsələn, ilin müxtəlif ay və fəsillərində oruc tutmaq. Ramazan orucu hər il eyni vaxtda tutulmur, 11 gün dövr edir. Niyə? İnsan 40-50 illik həyatında oruc tutacaq, hər il eyni fəslə düşməsin. Peyğəmbərimizin gətirdiyi din bu cür olub. İslam dininin gətirdiyi şəriət qanunları, həyat tərzi, ibadətlər sayəsində Peyğəmbərimizin dövründə həkimə ehtiyac olmayıb. Hətta Peyğəmbərimizin hədislərində var ki, qan aldığınız alətləri dezinfeksiya edin, insanlara mikrob keçməsin. Gedib oxusunlar, araşdırsınlar. Hamısı mənbələrdə var. Hansı cəhalətdən söhbət gedə bilər? Əsl onların dedikləri cəfəngiyyatdır, boş söhbətdir. Əsl cahil özləridir. Həkim olsalar da, oxumaqla deyil ki. Adam var, üç universitet bitirib, yenə də savadı yoxdur. Bunlar heç mütəxəssis də deyillər. Adicə kəndlərimizdə yaşayan qoca babalar-nənələr türkəçarəni dərindən bilirlər. İnanın ki, onlar bizim dırnaqarası həkimlərimizin çoxundan yaxşı məlumatlıdırlar, savadları da çoxdur. Belə olmasaydı, bel yırtığına görə camaat Bakıdan durub Qusara, Lənkərana getməzdi. Deməli, oxumuş həkimlərimizin bisavadlığının, bu cür danışmalarının nəticəsidir ki, insanlarımız təbii vasitələrə üz tuturlar. Dünyadakı dərman mafiyaları imkan vermir, halbuki Şərqdə, Türk Dünyasında böyük təbii vasitələrlə müalicə üsulları var. Təəssüf ki, Azərbaycanda bu üsulu inkişaf etdirməyiblər. Hətta Azərbaycan Tibb Universitetində bu istiqamətdə şöbə ayrılmalıdır, akademiyada öyrənilməlidir. Əlbəttə ki, savadlı həkimlərimiz var. Onlar müəyyən xəstəliklərin müalicəsində təbii metodlarla - zəli, qara zirə, udi hindi, hicama, təbii bitkilərdən hazırlanmış dərmanlarla tövsiyələr verirlər, effekti olur. Heç olmasa Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” kitabını oxusunlar. AMEA tərəfindən geniş çap olunub. “Tibbnamə”də hicama və onun xüsusiyyətlərindən bəhs olunur. Belə adamların danışıqları məni hiddətləndirir. Çünki bunlar konkret olaraq insanlarımıza zülm etmək istəyirlər”.
“Mən yanımda tarixi şəxsiyyət yox, həyat yoldaşımı istəyirəm”. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya BBC-yə müsahibəsində deyib. O bildirib ki, ailəsi ilə birlikdə vaxt keçirə bilmir: “Amma biz gücümüzü qoruyuruq. Həm emosional, həm də fiziki gücümüzü”. Y.Zelenskaya deyib ki, müharibə başlayanda uşaqları ilə birlikdə aylarla gizli yerlərdə qalıb: “Müharibə başlayandan bəri daimi adrenalin yaşayıram. Zaman keçdikcə anlayıram ki, sakitləşmək, mövcud şəraitə uyğunlaşmaq lazımdır”. Ukraynanın birinci xanımı həyat yoldaşı ilə birlikdə yaşamadığını bildirib: “Bizim bir-birimizi görmək imkanımız var, lakin istədiyimiz qədər yox. Oğlum atası üçün darıxır. Qızımın 19 yaşı var. Səyahət etmək istəyir, planları var. Amma indi arzularını reallaşdırmaq üçün imkanı yoxdur. Bu, məni narahat edir”. Bundan başqa, Y.Zelenskaya həyat yoldaşı Volodimir Zelenskiyə inamını ifadə edib: “Mən ona inanıram və onu dəstəkləyirəm. Bilirəm ki, onun kifayət qədər gücü var. Onun gücünə hazırda hamımızın ehtiyacı var. Mən tanıdığım hər bir insan üçün bu vəziyyətin daha çətin olacağını düşünürəm. O, həqiqətən çox güclü və möhkəm insandır. Və bu möhkəmlik hazırda hamımızın ehtiyac duyduğu şeydir. Qələbəyə böyük ümidimiz var, amma bunun nə vaxt olacağını bilmirik”. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Məlumata görə, V. Zelenskinin həyat yoldaşı və uşaqları hazırda Ukraynada deyil. Amma onların harada qaldıqları açıqlanmır.
Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd edilib.