"Rusiya hələ də Ukraynanı və Azərbaycanı yenidən ram etməyi xəyal edir"

"Biz bilirik ki, həm Ukraynanı, həm Azərbaycanı o zaman da, bu gün də, gələcəkdə də ram etməyi, işğal etməyi arzulayan bir ölkə var..."

Bu gün verilən bir çox sualın cavabını keçmişdə tapmaq olar. Dünyanın müxtəlif ölkələri üçün müxtəlif dövrlərdə eyni tarixi düşmənin mövcud olduğu tez-tez ortaya çıxır.

Sozcu.az xəbər verir ki, bu barədə "Ukrayna azərbaycanlılarının Birləşmiş Diasporu" Ümumukrayna İctimai Birliyinin sədri Hikmət Cavadov "gordonua.com" nəşrindəki bloqunda yazıb.

O, qeyd edir ki, bu fikirdə şübhəsi olanlar ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun "Delfi" nəşrinə verdiyi müsahibə ilə tanış ola bilər.

"Fikrimcə, Putin açıq şəkildə bütün Ukraynanı istəyir. O, Rusiya imperiyasını yenidən qurmağa çalışır. Bu səbəbdən, Ukraynada nə baş verməsindən asılı olmayaraq, keçmiş SSRİ respublikaları daim Moskvanın təhdidi altındadır. Ukraynanın Rusiyaya vurduğu itkiləri nəzərə alsaq, Kreml yeni əraziləri ələ keçirmək iqtidarında deyil. Amma düşünürəm ki, Kremlin hədəfləri təkcə Ukrayna ilə məhdudlaşmır. Belarus bu gün demək olar ki, Rusiyanın bir hissəsidir. Azərbaycan, Gürcüstan, Ermənistan və Orta Asiya respublikaları da risk altındadır. Baltikyanı ölkələr isə şübhəsiz ki, Kreml siyahısındadır", - Con Bolton bəyan edib.

Cavadov davam edir: "Onunla qiyabi mübahisə etmək olar. Amma anlamaq vacibdir ki, bu, tanınmış və məlumatlı bir siyasətçinin şəxsi nəticəsidir. Bəli, bu, artıq baş vermiş hadisələrin təsdiqi deyil, bir proqnozdur. Lakin gəlin Azərbaycan və Ukrayna tarixindən dərs götürək,  paralellər tükürpədicidir.

28 aprel 1920-ci il demokratik Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik ordusunun hücumu altında süqut etdiyi gün kimi tarixə yazılıb. Bu hadisə hələ də yaddaşlarda ağrı və həsrət yaradır. Cəmi 23 ay ərzində gənc Azərbaycan parlamentli demokratiya qurmağa, milli ordu yaratmağa, islahatlar aparmağa və özünü dünyaya tanıtmağa müvəffəq olub. Lakin yüz ildən artıq öncə bunların hamısı bir gündə puç edilib.

Ukrayna Xalq Respublikasının yolu da demək olar ki, eyni olub. Hər iki dövlət - Azərbaycan və Ukrayna Birinci Dünya müharibəsindən və imperiyaların süqutundan sonra dünya siyasi xəritəsində meydana çıxıb. Hər ikisi müstəqillik uğrunda mübarizə aparır, dünyəvi, demokratik dövlətlər qururdu. Hər ikisi beynəlxalq səviyyədə tanınmışdı. Amma hər ikisi sovet Rusiyasının ekspansiyasının qurbanı oldu, bu ekspansiya proletar beynəlmiləlçiliyi şüarları ilə pərdələnmişdi.

Ukrayna Xalq Respublikası 1917-ci ildə elan edilib və artıq 1919-cu ilin yanvarında bolşeviklər Kiyevi işğal edib. Ukrayna müvəqqəti olaraq dövlətçiliyini itirib. Bakıda da eyni hadisə bir il sonra təkrarlanıb: 1920-ci il aprelin 27-də səhər Qızıl Ordu hücuma keçib, aprelin 28-də isə Azərbaycan Sovet Sosialist Respublikası elan olunub. Hər iki halda Moskva öz nizamını zorla qəbul etdirib. Bu, 70 ildən çox davam edən bir işğal olub.

Bu gün, yüz ildən artıq bir zaman keçib, Ukrayna yenidən həmin imperiya məntiqinə - məhz 1920-ci illərdə onu azadlıqdan məhrum edən məntiqə qarşı mübarizə aparır. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan da suverenliyin itirilməsinin nəyə başa gəldiyini yaxşı xatırlayır.

Odur ki, Con Boltonun xəbərdarlığı bizim ölkələr və xalqlar üçün növbəti ciddi xəbərdarlıqdır. Biz bilirik ki, həm Ukraynanı, həm Azərbaycanı o zaman da, bu gün də, gələcəkdə də ram etməyi,  işğal etməyi arzulayan bir ölkə var. Və biz tarix dərslərinin tənəyə çevrilməməsi üçün birgə hərəkət etməliyik", - Cavadov yazıb.moderator)

Share on Facebook