Göndərdiyim məktublar, teleqramlar, cənab Prezidentdən nə üçün gizlədilir?
Hörmətli oxucular, şair-jurnalist kimi bu yazımda çox ciddi bir məsələ haqqında öz fikirlərimi bölüşmək istəyirəm.
Qeyd edim ki, 25 ildir mətbuat sahəsində jurnalist kimi fəaliyyət göstərirəm. Onu da deyim ki, mənzilim olmadığı üçün ailə üzvlərimlə birlikdə 39 dəfə kirayə evlərə köçmüşük. Çox-çox böyük təəssüf hissilə deyirəm ki, hələ də mənzilim yoxdur.
Mətbuat səhifələrində ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vaxtaşırı olaraq ədəbiyyat adamlarına, şairlərə, jurnalistlərə, idmançılara, sənət adamlarına-xanəndələrə, müğənnilərə, aktyorlara, eləcə də ayrı-ayrı sahələrdə çalışan bir çox vətəndaşlara mənzil hədiyyə etdiklərilə bağlı xəbərlər oxuyuruq. Sözsüz ki, bu, çox xoşagələn haldır.
Mənzil hədiyyə edilən vətəndaşlar da bu diqqətə və sayğıya görə ölkə Prezidentinə və Birinci vitse-prezidentə təşəkkürlərini bildirirlər. Əlbəttə, mənzillə təmin olunan şəxslər təbii ki, ölkə başçısına minnətdarlıq etməlidir.
Uzun illərdir jurnalist kimi dövlətimə, Vətənimə yüksək səviyyədə xidmət edirəm. Mənzilim olmadığı üçün başqalarının kirayə evlərində çətinliklə və əzab-əziyyət içində yaşayıram. Belə olan halda dövlət tərəfindən mənzillə məni nə üçün təmin etmirlər axı?
Amma şair-jurnalist kimi mənə çox təəccüblüdür ki, dövlət tərəfindən mənzillə təmin olunan bir çox şəxslərin mənzili var. Ölkə mətbuatından da məlum olduğu kimi mənzil hədiyyə edilən həmin şəxslər hətta bir yox, bir neçə mənzil sahibidir.
Sual olunur ki, bir və bir neçə mənzil sahibi olan vətəndaşların sənədləri, təqqimatı ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iş masasının üzərinə necə, hansı şəraitdə və kimlər tərəfindən qoyulur.
Jurnalist olaraq mənə çox maraqlıdır ki, bir və bir neçə yerdə mənzili olan şəxslərə yenidən mənzil verilməsi üçün o şəxslərin təqdimatını ölkə prezidentinə, eləcə də Birinci vitse-prezidentə bir neçə gün ərzində kimlər təqdim edir?
Etiraf edirəm, bu sual məni elə çox düşündürür ki...
Çünki şəxsən mən şair-jurnalist kimi 10 ildir ki, dövlətin bir çox qurumlarına və Prezident Administrasiyasına, eləcə də Heydər Əliyev Fonduna rəsmi şəkildə müraciət edirəm, poçt vasitəsilə məktub və hətta teleqram da göndərirəm.
Təəssüf ki, bu 10 il ərzində müraciətlərimin heç biri Prezident Aparatının bu məsələlərlə bağlı aidyyatı sektor və şöbələri tərəfindən cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırılmır. Axı buna səbəb nədir?
Yəni müraciətim nədən öz müsbət həllini tapa bilmir? Mənzil problemimlə əlaqədar olaraq mənimlə bağlı təqdimat nəyə görə Prezident cənab İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevaya göndərilmir?
Düşünürəm ki, görəsən bu məsələlərdə görünməyən hansı tərəflər və hansı səbəblər var?
Nə üçün 10 il ərzində rəsmi şəkildə mənim göndərdiyim yazılı müraciətlər Prezidentə çatdırılmır, amma mənzili olan şəxslərin sənədləri, təqdimatı isə bir neçə günə ölkə Prezidentinə çatdırılır. Bu məsələlərdə nə sirr var axı? Bəs mən bu sirri indiyə kimi nəyə görə bilmirəm?
Mayın 25-i ulu Şirvan yurdunda-Ağsuda bu dünyaya göz açdığım gündür. Düşünürəm ki, ömrümün bu əlamətdar günündə Prezident cənab İlham Əliyev ziyalılara, ədəbiyyat adamlarına mənzil bağışladığı kimi mənə də mənzil bağışlayar.
Ad günüm ərəfəsində dövlət başçısı məni də mənzillə təmin etsə, bu, sözün əsl mənasında şair-jurnalist kimi mənim üçün dövlətim tərəfindən çox qiymətli və çox dəyərli hədiyyə olar! Təki belə olsun!
P. S. Məlum olduğu kimi iyulun 22-də Azərbaycan milli mətbuatının 150 illiyi keçiriləcək. Ümidliyəm ki, müraciətlərim ölkə Prezidentinə çatdırılsa, jurnalist kimi 25 illik fəaliyyətim nəzərə alınar və cənab Prezident İlham Əliyev mənə də mənzil hədiyyə edər!
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist