“Onlar işsiz-gücsüz, qadın alveri edən adamlardır” - Açıqlama

Türkiyənin Kayseri bölgəsində Suriya əsilli bir şəxsin 7 yaşındakı uşağı cinsi istismara məruz qoymasından sonra xalq suriyalıları döyüb ölkədən qovur. Ötən gecə Türkiyənin Hatay, Qaziantep, Adana və Bursa vilayətlərində bir qrup şəxs suriyalılara hücum edib. Onlar Türkiyədə məskunlaşan suriyalıların dərhal ölkədən çıxarılmasını tələb edirlər. Mövzu ilə bağlı Bakupost.az -a danışan politoloq Qabil Hüseynli suriyalı qaçqınların geriyə qaytarılmasının çoxdan lazım olduğunu bildirib. O qeyd edib ki, suriyalılar Türkiyədə yaşadıqları müddətdə vətəndaşlıq alıb seçkilərdə iştirak ediblər: "Hazırda baş verən hadisələr zənnimcə, nəticələri çox pis olacaq istiqamətə apara bilər. Hesab edirəm ki, Türkiyə hökuməti onları yavaş-yavaş öz ölkələrinə göndərməli idi. O adamların böyük əksəriyyəti qadınlardır. Onlar Türkiyədə yaşaya bilməzlər, çünki işsiz-gücsüz, qadın alveri edən adamlardırlar. Suriyalı qaçqınlar ölkələrinə qayıdıb təsərrüfatlarıyla məşğul olmalıdır”.

“O, utanmadan yalan danışan siyasətçilərdəndir…”

“Hələ ki, indiki durumda respublikaçılar daha mütəşəkkil, daha əzmkar görünürlər. Və bu da ABŞ və bütövlükdə dünya üçün yaxşı heç nə vəd etmir...” “Prezident Co Baydenlə son debatı zamanı Donald Trampın guya özünün həmin dövrdə  prezident olacağı halda aparacağı siyasət sayəsində Ukrayna ilə Rusiya arasında savaşa imkan verməyəcəyi, guya Putinin Ukraynaya hücumuna səbəbin ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxarmasının olması haqdakı, eləcə də ABŞ-dakı miqrant siyasəti və işsizliklə bağlı söylədiklərinə gəldikdə, əlbəttə, bunlar hamısı yalandır”. Bunu Moderator.az-a açıqlamasında  prezidentliyə mümkün namizəd Donald Trampın ABŞ-ın hazırkı prezidenti Co Baydenlə son debatı zamanı Ukrayna savaşı və ABŞ-dakı daxili siyasətlə bağlı söylədiklərini şərh edərkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib. “Bilirsiz, Donald Tramp o siyasətçilərdəndir ki, utanmadan yalan danışır.  Və həmişə də yalan danışıbdı. Yaxşı yadımdadır ki, o, prezident olduğu dövrdə ABŞ mediası hesablamışdı ki, Tramp bir ildə 10 min dəfə yalan danışıb.  Bu isə Ginnesin Rekordlar Kitabına düşəcək bir səviyyədir. Ona görə də yalnız son debatların ardınca nəsə söyləmək çətindir. Lakin hələ ki, indiki durumda respublikaçılar daha mütəşəkkil, daha əzmkar görünürlər. Və bu da ABŞ və bütövlükdə dünya üçün yaxşı heç nə vəd etmir. Bu, mənim subyektiv fikrimdir. Şəxsən mən düşünmürəm ki, Trampın təkrar prezident seçilməsi nəinki ABŞ, planet üçün də hansısa bəhrələrini verə bilər. Ona görə hələ bir qədər gözləməliyik”, - deyə davamında ekspert diqqətə çatdırıb.

ŞİKAYƏT: “Sürücünü axtarırıq, tapa bilmirik, 35-40 dəqiqə intervalla işləyirlər”

“108 B nömrəli avtobus Mehdiabad qəsəbəsindən Azadlıq metrosuna qədər işləyir. Tək mən yox, bütün Binəqədi qəsəbə sakinləri bu avtobusdan şikayətçidir. Avtobus yaxşı işləmir, yarım saatdan bir intervalı var. İş o yerə gəlib çatıb ki, 108 B-ni görəndə uşaq kimi sevinirik” Bunu Moderator.az-a şikayətçi Gülər Məmmədova deyib. O daha sonra əlavə edib. “Nəzərə alsaq ki, Binəqədi kəndində əhali çoxdur, bu da problemi birəbeş artırır. Avtobusun sonuncu dayanacağı Azadlıq metrosunun qarşısıdır. Təsəvvür edin, axşam saat 9-dan sonra ümumiyyətlə avtobus tapmaq olmur. Gələn avtobus da 35-40 dəqiqə intervalla işləyir. Sürücü avtobusu qoyub çıxıb gedir. Sürücünü axtarırıq, tapa bilmirik ki, sözümüzü deyək. Yəqin çay içməyə, yemək yeməyə gedir. 1 saata yaxın interval olar?! 45 dəqiqədən sonra sürücü gəlir. O gələnə qədər artıq avtobusda bir çoxu yatmış olur. İnsanlar işdən arğın-yorğun halda çıxırlar. Onları qətiyyən qınamıram. Etiraz edəndə də deyir ki, avtobus yoxdur. Avtobus yoxdursa bu bizim problemimiz deyil. Avtobusda kondisioner sistemi yoxdur. Hamının başından su damcılıyır. 108 A nömrəli avtobus yenilərdəndir, Bakı Bus-dur. Sərnişinlərin hər cür rahatlığını təmin ediblər, konsidioner işləyir” deyə o bildirib. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Qadınları İrana apararaq cinsi istismara məruz qoyan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Sevda Məmmədovanın (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 2 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Sevda Məmmədova azərbaycanlı olan 6 qadın İranın paytaxtı Tehran şəhərində işə düzəltmək vədi verib. Bu məqsədlə onları 2017-2019-cu illərdə Tehrana aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib. Sevda Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan olunub.pravda)

Bakıda bu çimərlikdə maşınlar da "çimir"

Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki ictimai çimərliyi maşınlar zəbt edib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, dənizə istirahətə şəxsi avtomobilləri ilə gələnlər çimərliyin ərazisinin böyük hissəsini tutublar. Bu da həmin bölgədə dincələn digər vətəndaşların haqlı narazılığına səbəb olub. Yaranmış mənzərə ictimai çimərlikdən istifadə edənlərin istirahətinə mane olub.

Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən Bəyannamə imzalandı

İyunun 18-də Kişineuda İtaliya Prezidenti Sercio Mattarellanın səfəri zamanı Moldova Respublikasının Avropa İttifaqına (Aİ) daxil olmasını dəstəkləyən Bəyannamə imzalanıb. Sozcu.az xəbər verir ki, sənəd İtaliya lideri və Moldova Prezidenti Maya Sandunun iştirakı ilə aparılan müzakirələrdən sonra imzalanıb. Sonra keçirilən birgə mətbuat konfransında Sercio Mattarella ölkəsinin Moldova Respublikasının Avropa İttifaqına daxil olmasına “tam və birmənalı” dəstəyini təsdiqləyib. “İtaliya Moldovaya Avropa standartlarına çatmaq üçün lazımi islahatları aparmağa gələcəkdə də köməklik göstərəcək və eyni şeyi Ukrayna üçün də davam etdirəcək”, -deyə Mattarella bildirib. İtaliya Prezidenti qeyd edib ki, Maya Sandunun üç il əvvəl Romaya səfəri həm iqtisadi, həm mədəni, həm də sosial baxımdan yüksək qiymətləndirilən ikitərəfli münasibətləri yeni mərhələyə çıxarmağa imkan verib. Eyni zamanda, o, İtaliyada yaxşı inteqrasiya olunmuş və fəal olan böyük moldovalı icmasının ölkəsinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Sercio Mattarella, həmçinin BMT-nin himayəsi altında sülhməramlı missiyalarda, İtaliya hərbçiləri ilə tərəfdaşlıqda həyata keçirilən əməliyyatlarda iştirakına görə Moldova Respublikasına təşəkkür edib. “Bu, sülh naminə əməkdaşlığın yaxşı əlamətidir, xüsusən də buradan bir neçə yüz kilometr aralıda müharibə olduğu üçün”, - deyən İtaliya Prezidenti ölkəsinin Ukraynanın ərazi bütövlüyünə möhkəm sadiqliyini və münaqişənin BMT prinsiplərinə uyğun olaraq sülh yolu həlli yollarını axtardığını təsdiqləyib. Öz növbəsində, Prezident Maya Sandu bildirib ki, İtaliya dövlət başçısının səfəri Moldova Respublikasına, xüsusən də təhlükəsizliyin indiki çətin kontekstində aydın dostluq və dəstək siqnalı göndərir. O, Avropaya inteqrasiya yolunda Kişineunu güclü və birmənalı şəkildə dəstəkləmək öhdəliyinə sadiq qaldığına və Ukraynanı dəstəklədiyinə görə İtaliyaya təşəkkürünü bildirib.

Rəşid Mahmudov qohum nikahlarından DANIŞDI: “İstəyən gedib qeyri-qanuni evlənsin”

“Qohum nikahlarının ləğv edilməsi tibbi nöqteyi nəzərindən çox doğru qərardır. Genetika deyilən bir elm var. Qohumlar bir-biri ilə evlənəndə genlərində, xromosomlarında nəsə bir problem varsa bir neçə nəsil sonra özünü göstərir. Dəlilik varsa dəlilik, bir başqa xəstəlik varsa o üzə çıxır. Bir həkim kimi bu qərardan çox razı qalaram. Bir çox dünya ölkələrində də qohum evlilikləri ləğv edilib. Bəziləri deyir ki, xalaqızı xalaoğlu ilə evlənə bilər. Bunu deməklə deyil. Ola bilər ki, bir neçə nəsil sonra o çatışmazlıq özünü göstərsin və yeni doğulan uşaqlar xəstə olsun” Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra əlavə edib. “İnsanları saflaşdırmaq, sağlamlaşdırmaq lazımdır. Cəmiyyətimiz onsuz da yaralı, zədəlidir. Küçədə gəzən insanların 50-60 faizi normal insanlar deyillər. Bu həqiqətdir. Bu qanundur, sən sevirsənsə get al da. Xarici ölkələrdə zaks büroları var. Orada həkimlər oturur. Əgər qadında rezis müsbətdirsə, kişidə mənfidirsə onların evlənməsinə icazə vermirlər. Çünki bunun sonu xəstəlikdir. Kim nəslində xəstə uşağın doğulmasını istəyər? Ona görə də xarici ölkələrdə icazə vermirdilər. Sovet dövründə məhəbbətə zaval yox idi, kiminlə evlənirsən get evlən. Bütün problem həkimin üstünə düşürdü. Həkim xəstə doğulan uşaqları müalicə etməli idi. Necə etsin?! Evlənən gedib qeyri-qanuni evlənsin, ona yəqin ki, nikah kəsilməyəcək, nikahsız yaşayacaqlar. Nə desəniz bizim millətdən çıxar. Bəzən uşaqlıqdan ad edirlər, göbək kəsdi edirlər. Yazıq uşaqları bədbəxt edirlər” deyə Rəşid Mahmudov bildirib.

“ATƏT-in Minsk qrupu de-fakto fəaliyyətini dayandırıb” - Paşinyan

ATƏT-in Minsk qrupu 2022-ci ilin fevralından sonra fəaliyyətini de-fakto dayandırıb. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. “ATƏT-in Minsk qrupunun üzvləri 2022-ci ilin fevralından sonra və hətta ondan əvvəl də bir-biri ilə təmasda olmayıb. Başqa sözlə, ATƏT-in Minsk qrupu de-fakto mövcud deyil”, - baş nazir əlavə edib.

“Bu biabırçılıqlara son qoyulmur ki, qoyulmur!” - ETİRAZ

“Prezident Administrasiyasında sosial verilişlərlə əlaqədar söhbət oldu, tapşırıqlar verildi, nə dəyişdi? Əvvəla, heç nə dəyişmədi, dəyişməyəcək! Niyə? Çünki səviyyə budur! Həmin televiziyaların rəhbərlərinin də səviyyələri odur!”  Bu sözləri Yenisabah.az-a yazıçı-publisist Xeyrəddin Qoca deyib. Onun sözlərinə görə, telekanal rəhbərləri Prezident Administrasiyasına dəvət olunaraq verilişlərlə bağlı tənbeh olunsalar da, ciddi dəyişiklik müşahidə edilmir:  “Yenə Zaur Baxşəliyev uzun-uzadı danışır, həyat yoldaşına da əlavə bir veriliş tapşırıblar, şit, bayağı hərəkətlərlə, gülüşlərlə efir doldurur! Aparıcılar ekranları lağ-lağı yerinə çeviriblər, danışıqlarda savadsızlıq, məntiqsizlik baş alıb gedir! Sosial verilişlərin hamısı bu gündədir. Hamısı bir-birinə bənzəyir. Elə bilirsiniz, aparıcıların "Nömrə 1" adlandırdıqları həkimlər efirlərdə havayı reklam olunurlar? Ümumiyyətlə, həkimləri nə vaxtdan nömrələyiblər? Mən rayonda yaşayanda kəsim üçün verilən danaları, inəkləri, camışları nömrələyərdilər!.. Bu nömrələmək haradan çıxdı? Həmin həkimlər özləri necə razı olurlar ki, onları nömrələsinlər? Axı məşhur həkimlər özlərini "nömrə 1" hesab etmirlər...”  Yazıçı bildirib ki, telekanallar reklam üçün efirə çıxardıqları həkimlərdən xeyli pul alırlar: “Bəli, həkimlərdən televiziyalara çoxlu pul gəlir! Məlum məsələdir ki, həkimlərə daha çox pul gəlir. Həmin verilişlərə baxan "savadlı" tamaşaçılar da həmin həkimlərin kabinetlərinin qarşısında növbəyə düzülürlər! Nə olur-olsun, pul gəlsin!  Bütün sosial verilişlərin aparıcılarını bir yerə yığsanız, Türkiyənin "Şou" kanalının aparıcısı Didəm Arslan Yılmazın "Vazkeçmə" verilişinin bir süjetini belə hazırlaya bilməzlər! Didəm xanım müstəntiqlərə, prokurorlara, hakimlərə belə cinayət işlərinin açılmasında kömək edir. Yüzlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları da bütün Türkiyənin gözü qarşısında ona yardımçı olurlar. Hamı heyrət içindədir! Hanı bizdə elə aparıcılar? Bizdə sosial verilişlər əttökəndir, bayağıdır, çoxu da uydurma, boğazdan yuxarı, qeyri-səmimi danışıqlar toplusudur!  Onlar tamaşaçıları cəlb etmək, reytinq yığmaq üçün bilərəkdən-bilməyərəkdən min hoqqadan çıxmaqla tamaşaçıları efirlərdən uzaqlaşdırırlar! Artıq söhbətin, tapşırığın, yazmağın, deməyin  təsiri yoxdur, ciddi tədbirlər görülməsinin vaxtıdır! Televiziya efirləri evlənmək, ərə getmək məkanı deyil! Mavi ekranlarda savadsızlar, cahillər danışmalı deyillər! Mavi ekran bəzi qadınların baldırlarını, bədən quruluşunu nümayiş etdirmək yeri də deyil! Bir sözlə, biabırçılıqlara son qoyulmur ki, qoyulmur!” 

Növbədənkənar seçki keçirmək fikrində deyilik

Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkisi keçirmək fikrində deyil. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib. “Bu məsələni müzakirə etməmişik və etmək fikrində deyilik”, - o bildirib. Qeyd edək ki, Ermənsitan parlamentinin müxalifətdən olan “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 33 deputatı növbədənkənar sessiyanın çağırılması tələbi ilə müraciət edib.

Müsahibədən keçə bilməyən müəllimlərin sayı AÇIQLANDI

Ötən il müəllimlərin işə qəbulu müsabiqəsində 30 müəllim müsahibə mərhələsindən keçə bilməyib. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sessiyada deyib. O bildirib ki, müsahibə mərhələsindən keçə bilməyənlərin əksəriyyəti orta yaş qrupuna aid təhsilverənlərdir. Eşqi Bağırov adətən gənc namizədlərin müsabiqədə uğurlu nəticə göstərdiyini vurğulayıb: "Burada aydın görünən problem öyrətmə metodu ilə bağlıdır".

Nəcməddin Sadıkovun oğlunun şəriki məhkəməyə verildi - STOP QOYULUR

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlunun biznes ortağı Akimov Kamal Akimoviç məhkəməyə verilib. Sozcu.az-ın məlumatına görə, onun sahibi olduğu “Keystone” şirkətinin dövlət büdcəsinə vergi borcları yaranıb. Lakin o, nəzərdə tutulan vaxt ərzində həmin borcları ödəməyib. Nəticədə K. Akimoviç barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. İddia tərəfi isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir. Dövlət qurumu borclar ödənmədiyi təqdirdə Akimovun Azərbaycandan kənara çıxışına məhdudiyyət qoyulmasını xahiş edib. Qeyd edək ki, uzun illərdir mətbuatda Kamal Akimoviç Akimovun Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortaqlığı olduğu yazılır. Bildirilir ki, beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan “Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimoviç Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub. Şirkətin qanuni təmsilçisi Akimov Kamal Akimoviçdir. (lent.az)