"Rusiyaya qarşı yeni sanksiyalar və daha böyük təzyiqlə adekvat cavab vacibdir və məhz ABŞ daha təsirli addımlar ata bilər..."
Pasxa bayramından sonrakı dövrdə Rusiya qoşunları öz adət etdikləri hücum fəallığını bərpa edib, Rusiya dünyanı aldatmağa və müharibəni uzatmağa çalışır.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 27-də axşam videomüraciətində bəyan edib.
Onun sözlərinə görə, aprelin 26-da Vatikan və Romada keçirilən görüşlər Ukraynanın tərəfdaşlarının vəziyyəti anladığını təsdiqləyib.
"Biz mövqelərimizi möhkəm saxlayırıq ki, düzgün diplomatiya üçün bütün imkanlar olsun. Rusiyalılar guya ABŞ-ın təkliflərinə getməyə hazır olduqlarını deyir, amma Rusiya ordusunda real atəşkəsə hazırlıq əlamətləri müşahidə edilmir. Əksinə, Pasxadan sonra işğalçılar adət etdikləri hücum fəallığını bərpa edib və əlbəttə ki, bunu böyük itkilər bahasına edirlər", - dövlət başçısı bildirib.
O, qeyd edib ki, rusiyalılar irəliləməyə çalışır, lakin bu, onlara böyük itkilər bahasına başa gəlir. "Hər gün cəbhədə gedən döyüşlər açıq şəkildə sübut edir ki, Rusiya həqiqətən də dünyanı - Amerikanı və digərlərini aldatmağa və müharibəni daha da uzatmağa çalışır", – Zelenski vurğulayıb.
O, Rusiyaya qarşı təzyiqin vacibliyini qeyd edib: "Təzyiqsiz rusiyalıları bütün lazımi addımları atmağa, müharibəni dayandırmaq üçün vacib olan hər şeyə getməyə məcbur etmək mümkün deyil". Zelenski bildirib ki, dünyadan yeni sanksiyalar və Rusiyaya qarşı daha böyük təzyiq şəklində adekvat cavab olmalıdır. Dövlət başçısı vurğulayıb ki, məhz ABŞ Moskvaya qarşı "ən təsirli addımları ata" bilər.
Prezidentin fikrincə, aprelin 26-da Vatikan və Romada keçirilən görüşlər bir daha göstərdi ki, tərəfdaşlar baş verənləri anlayır:
"Ukrayna diplomatiya sahəsində maksimum sürətlə irəliləməyə hazırdır. Biz 47 gün əvvəl ABŞ-ın qeyd-şərtsiz atəşkəs təklifini qəbul etdik və daha sonra rusiyalılara öz təkliflərimizi verdik ki, heç olmasa mülki obyektlərə hücumları dayandıraq. Amma Moskva buna cavab olaraq "Shahed" dronları, raketlər, artilleriya atəşi və yeni hücumlar həyata keçirir", - Zelenski vurğulayıb.
Ukraynada müharibə: Zelenskinin bəyanatı
Xatırladaq ki, Zelenskinin sözlərinə görə, Ukraynada cəbhənin bir çox istiqamətlərində vəziyyət hələ də mürəkkəb olaraq qalır: "Artıq bu günün ortalarına qədər rusiyalılar bizim mövqelərimizə təxminən 70 hücum həyata keçirib. Döyüşlər davam edir. İşğalçılar hücum cəhdlərini davam etdirir. Ən çox döyüşlər Pokrovsk, Kramatorsk, Liman və Kursk istiqamətlərində gedir".