Zəngin Azərbaycanın yoxsul vətəndaşları... Kirayə evlərdə ömrü çürüyən işsiz ziyalılar...

Birbaşa mətləbə keçmək istəyirəm. Məlum olduğu kimi ölkədə işsizlik problemi var. Həmçinin bakalavr və magistratura təhsili almış gənclər də iş tapmaqda çox böyük çətinliklə qarşılaşırlar. 

Sual yaranır, bəs hansı səbəblərə görə Azərbaycanda vətəndaşlar öz ixtisasına uyğun olan iş tapa bilmir. Bunun səbəbi nədədir axı?

Təhsilli, savadlı bilikli, elmli, istedadlı, eləcə də təhsil aldığı sahəni çox yaxşı bilən insanlar öz doğma Vətəni Azərbaycanda ixtisasına uyğun olaraq işlə təmin olunmur. 

İşsiz vətəndaşlar bu problemi həll etmək üçün uzun illər iş axtarışında olur və bu insanların ömrü beləcə ötüb keçir. 

Gənclər ali təhsil alır, həmçinin minlərlə gənc magistraturada oxuyub 2 diplom sahibi olur, yenə də bu gənclərin çoxusu oxuduğu ixtisasa görə iş tapa bilmir, nəticədə isə yüzlərlə gənc işsiz qalır.

Şəxsən mən bir neçə sahə üzrə oxuyub təhsil almışam. Qeyd edim ki, təhsilim əsasən humanitar sahə üzrədir. Demək olar ki, ömrümün çox hissəsi təhsil almaqla ötüb. Yəni fəxrlə söyləyirəm ki, ömrüm uzun illər təhsil müəssisələrinin auditoriyasında keçib. Amma çox böyük təəssüf hissilə deyirəm ki, neçə ildir işsizəm. 

Uzun illərdir ki, müstəqil jurnalist kimi fəaliyyət göstərirəm. Amma hansısa bir qurumdan əmək haqqım yoxdur. İşsizlik isə mənə çox böyük və çox ciddi çətinliklər yaradıb. Bu xoşagəlməz hala təəssüflər olsun deyirəm.

İxtisasıma uyğun olaraq rəsmi qaydada işləmək istəyirəm. Amma məlumdur ki, Azərbaycanda iş tapmaq elə də asan deyil, çox çətindir, hətta deyərdim ki, bu, çox illər mümkün olmur. 

Təbii ki, işsiz insan üçün sosial-iqtisadi baxımdan yaşamaq çox çətin olur. Xüsusilə də mənim kimi evi olmayan, illərlə kirayələrdə yaşayan insanlar üçün daha ağırdır işsiz qalmaq. Axı maliyyə dayağı olmasa, insan iqtisadi baxımdan necə yaşaya bilər? 

Ev-eşiksiz ailələr kirayə evlərdə qalmağa məcburdur. Kirayələrdə yaşamaq o qədər çətindir ki...

 Mənim kimi uzun illər kirayə evlərdə qalanlar evsiz olmağın çətinliyini, ağrısını, əzab-əziyyətini daha yaxşı bilir.

Evimin olmadığına görə başqalarının evində elə əziyyət çəkirəm ki... Bu isə dəhşətdir.

İxtisasıma uyğun Media-Holdinqdə, qəzetdə, xəbər saytında, Media Qrupda, eləcə də radio və televiziyada, İnformasiya Agentliyində çalışa bilərəm...

Əfsuslar olsun ki, hələ də işsizəm, bu da, sosial baxımdan mənə də, ailəmə də bir çox saysız-hesabsız çətinliklər yaradır. 

Şair-jurnalist kimi düşünürəm ki, zəngin neft-qaz ölkəsi olan Azərbaycanda ziyalılar nə üçün evsiz qalmalı, kirayə evlərdə yaşamalıdır? 

Həmçinin hələ də anlaya bilmirəm ki, vətəndaşlar ixtisası üzrə işlə niyə təmin edilmir? 

İnsanlar nəyə görə öz ölkəsində illərlə iş axtarmaqla məşğul olmalıdır?

Milyonlar səltənəti olan Azərbaycanda sosial-iqtisadi baxımdan yaşamaq o qədər çətindir ki... 

Bu, necə idarəçilikdir axı?

Sözün bitdiyi andı.

XATİRƏ ƏZİZ Rəhimli

Şair-jurnalist

Share on Facebook