Bu ərazilərdə aktiv döyüş əməliyyatları gedir - İsrail

Qəzza zolağı ilə sərhəddə altı ərazidə aktiv döyüş əməliyyatları davam edir. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat katibi Daniel Haqari məlumat verib. O, Beeri, Kfar-Aza, Nirim və Alumimdə döyüşlərin davam etdiyi qeyd edib. Haqarinin sözlərinə görə, gecə ərzində 70-ə yaxın düşmən döyüşçü Beeriyə daxil olub: “Onların əksəriyyəti İsrail Müdafiə Qüvvələri ilə döyüşlərdə məhv edilib, lakin bəziləri hələ də evlərdə gizlənir”. Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb. İsrail ordusu cavab tədbirləri görür.

Bayden: “Heç kim xəta etməsin! ABŞ əsla İsraili tərk etməyəcək"

İsraili tam dəstəkləyirik, nöqtə! Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden mediaya açıqlamasında deyib. “Heç kim xəta etməsin! ABŞ əsla İsraili tərk etməyəcək. Bu ölkə insanlarının özlərin qoruması üçün hər şeyi edəcəyik!” - deyə Ağ Ev rəhbəri bildirib. Qeyd edək ki, bundan öncə Ağ Ev rəhbəri İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparmışdı. Xatırladaq ki, HƏMAS “İslami-Cihad”la birgə İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrail ordusu cavab tədbirləri görür.

Qarabağdakı xuntanın buraxılması Paşinyanın qələbəsidir – ABŞ nəşri

Qondarma “dqr”in buraxılması Ermənistan Baş naziri Nikol Paşinyanın qələbəsi oldu. Sozcu.az xəbər verir ki, bu barədə "Nyusvik" jurnalının məqaləsində bildirilib. Nəşr qeyd edir ki, “dqr hökuməti"nin qurulması otuz il ərzində siyasi problem və regional inteqrasiya üçün maneə olub: “Rusiya ilə Ermənistan arasında uzun müddətdir mövcud olan müttəfiqliyə baxmayaraq, Moskva eyni vaxtda Qarabağdan Ermənistan və Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirdi. İrəvan və ya Bakı Rusiya siyasətindən çox uzaqlaşdıqda, Moskva regiona hərbi dəstəyi artırmaq və ya azaltmaqla hədələyirdi”. Nəşr iddia edib ki, Paşinyan “vəziyyəti dərk edərək”, Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın Azərbaycan torpağı olmasını tanıyıb. “Nyusvik” bildirib ki, Paşinyan Ermənistanı münaqişədən uzaq tutmağın və ölkənin müstəqilliyinin qorunub saxlanmasının vacibliyini anlayıb: “Uzun sürən münaqişənin sonunda Ermənistanın bütün qonşuları ilə sülh münasibətləri quracağı gözlənilir. Belə sülh İrəvana Bakı və Ankara ilə əməkdaşlığı gücləndirməyə imkan verəcək ki, bu da Ermənistanın Qərbə inteqrasiyasına kömək edə bilər”.

Rusiya regiondan getməmək üçün əlindən gələni edəcək - Məhəmməd Əsədullazadə

“Paşinyanın ərazi bütövlüyümüzü tanıması haqqında bəyannaməyə imza atması birinci hal deyil”. Bu sözləri KONKRET.az-a açıqlamasında Qranadada Avropa Siyasi Birliyinin zirvə görüşünün keçirilməsini şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, “Praqada da Paşinyan Alma-Ata bəyannaməsinə görə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bunu növbəti dəfə gündəliyə gətirmək Avropa İttifaqının birbaşa planına daxil idi. Çünki Aİ Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün çalışır və Ermənistanın 29,8 min kv.km ərazisinin katastrını hazırlamaq istəyir. Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün hüquqi baza formalaşdırır. Azərbaycan da həmişə qeyd edib ki, Ermənistanın ərazisinə iddiamız yoxdur. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın ərazi bütövlüyünü tanıyır. Amma Ermənistan 1975-ci il xəritəsini ortaya atır. Əgər Ermənistan 1975-ci il xəritəsinin üzərində dayanarsa, imzaladığı bəyanatlar yenidən kölgədə qalacaq. Çünki burada ərazi mübahisəsi də ortaya çıxa bilər. Azərbaycan isə indiki şərtlər daxilində delimitasiya və demarkasiyanın aparılmasında maraqlıdır. Ümumiyyətlə, Qranadada növbəti dəfə ərazi bütövlüyü məsələsi ilə bağlı bəyanata Paşinyanın imza atması Ermənistan ərazisini qoruma altına almaq, Rusiyanı sıxışdırmaq, Zəngəzurla bağlı məsələdə önləyici addım atmaqdan ibarətdir”. Daha sonra Rusiya prezidenti Vladimir Putinin Soçidəki çıxışını şərh edən politoloqun fikirincə, Rusiya uzun müddət Qarabağdakı separatçılara dəstək verib, hətta müharibə dövründə də çalışıb ki, Qarabağ Ermənistanın tərkibində qalsın: “Putinin danışdıqlarında müsbət heç nə yox idi. Çünki geosiyasi reallıqlar dəyişib və Rusiya da məcbur olub ki, bu reallıqlarla barışsın. Amma Ukrayna müharibəsi başlamasaydı və Türkiyə faktoru olmasaydı, Rusiya hələ də regionda mövqeyini saxlayacaq və ərazilərimizin işğalı davam edəcəkdi”.

Makron Azərbaycana qarşı sanksiyaların əleyhinə çıxdı

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Azərbaycana qarşı sanksiyaların tətbiqi səmərəsiz ola bilər. Sozcu.az bu barədə “TASS” xəbər agentliyi məlumat yayıb, “İndi sanksiyaların vaxtı deyil. Onlar səmərəsiz ola bilər”, – deyə Makron Avropa İttifaqının Qranada (İspaniya) sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. Prezidentin sözlərinə görə, hazırda Azərbaycanla dialoqu davam etdirmək lazımdır.

Sarkis Qalstyan Xankəndiyə komendant təyin edilib?

Bir neçə gündür ki, Ermənistan mediası Sarkis Qalstyan adlı Qarabağ ermənisinin Azərbaycan tərəfindən Xankəndiyə komendant təyin edildiyi barədə xəbər tirajlayır. Bu xəbərlərdə erməni jurnalist Tatul Akopyana istinad olunur. Erməni jurnalist özünün Facebook səhifəsində yazıb ki, “Sarkis Qalstan Xankəndi komendantı təyin olunub”. Amma Azərbaycanın rəsmi qurumları hələ ki xəbərə reaksiya bildirməyib. Modern.az saytının məlumatına görə, “Azadlıq” radiosunun erməni xidməti - “Azatutyun” yayılan informasiyanı araşdırmağa çalışıb. Sarkis Qalstyanın Ermənistandakı qohumları “Azatutyun”a deyiblər ki, o, həqiqətən də arvadı ilə birlikdə Qarabağda qalıb. Qohumlardan biri deyib ki, ötən gecə Qalstyanla söhbət edib və o, azərbaycanlılarla əməkdaşlıq etdiyini və hər hansı vəzifəyə qoyulduğunu inkar edib. Qohumlarının sözlərinə görə, Sarkis Qalstayan İrəvandakı yaxınları ilə Qarabağdakı Rusiya sülhməramlıları vasitəsilə danışıb. Qeyd olunur ki, Sarkis Qalstyan Qarabağ separatçılarının "keçmiş parlamentində deputat" olmuş David Qalstyanın əmisidir. Qondarma “deputat” deyib ki, əmisinin Xankəndinin komendantı təyin olunmasına və azərbaycanlılarla əməkdaşlıq etməsinə dair heç bir məlumatı yoxdur. O deyib ki, əmisini son dəfə sentyabrın 28-dən sonra görüb və həmin vaxt Qarabağdan evakuasiya gedirdi. David Qalstyanın sözlərinə görə, əmisi ona deyib ki, Ermənistana getməyəcək və Qarabağda qalan ermənilərə kömək edəcək. David Qalstyan onu da deyib ki, əmisi uzun illər Dağlıq Qarabağda müxtəlif vəzifələrdə çalışıb, 1990-cı illərdə hərbi əməliyyatlarda iştirak edib, Şuşada "başçı müavini" olub. Daha sonra qondarma “Hərbi vətənpərvərlik və təhsil nazirliyində” orta vəzifədə çalışıb. 

Elçin Əmirbəyov: “Ermənistanla sülh danışıqlarını dərhal bərpa etmək lazımdır”

“Azərbaycan və Ermənistan dərhal sülh danışıqlarını bərpa etməlidir”. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin suallarını cavablandırarkən deyib. “Dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı müzakirələri bərpa etməliyik və əlbəttə ki, kommunikasiyaların bərpasını müzakirə etməliyik. Bunlar sülh prosesinin üç əsas istiqamətidir və onların böyük perspektivləri var”, - o bildirib. E.Əmirbəyovun sözlərinə görə, Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda daha geniş sülhə gedən əsas maneəni aradan qaldırıb. O, Azərbaycanın bu yolda daha bir maneəni – öz suveren ərazisində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi mövcudluğunu aradan qaldırdığını da vurğulayıb. Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan Qarabağ regionunun erməni sakinləri ilə fəal dialoq aparır və reinteqrasiya planları Qarabağ ermənilərinin sosial, iqtisadi, siyasi, mədəni və dini hüquqlarını həyata keçirə biləcəkləri müxtəlif sahələri əhatə edir.

Paşinyan: "Mən bu sənədi imzalamağa hazıram"

“Çox konstruktiv və nikbin idik, çünki mühüm sənədi imzalamaq şansının olduğuna inanırdıq”. Sozcu.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Nikol Paşinyan deyib. “Heyətimizin Qranada səfərini heç kim ləğv etməyib. Orada görüşlər keçirib, mövqelərimizi daha ətraflı təqdim etməyə çalışacağıq. Ümid edirik ki, masa üzərində olan konseptual sənəd lazımi anda imzalanacaq. Mən bu sənədi imzalamağa hazıram. Təəssüf edirəm ki, sabah bu mühüm qərarın qəbul olunduğunu elan etmək imkanım olmayacaq”, – deyə Baş nazir qeyd edib.

Araiki bu azərbaycanlı vəkil müdafiə edəcək

Xankəndidə həbs edilərək Bakıya gətirilən separatçı Araik Arutyunyanın vəkilinin kimliyi məlum olub. Sozcu.az Azinforum.az-a istinadən xəbər verir ki, onun hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edəcək. Alov Səfərəliyev faktı təsdiqləyib: “Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”

Arayiki ömürlük həbs gözləyir

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların keçmiş "rəhbəri" Arayik Arutyunyan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, digər separatçılarla birgə Bakıya gətirilib. Sozcu.az xəbər verir ki, Arayik Arutunyan İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin onun əmri ilə vurulduğunu etiraf etmişdi. Oktyabrın 4-də Araik Arutyunyan öz sosial şəbəkə hesabından Gəncə terrorunun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Terror aktı nəticəsində 26 dinc sakin qətlə yetirilib, 175 nəfər isə xəsarət alıb.  Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və Araik Arutyunyan barəsində axtarış elan edilib. Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Cinayət Məcəlləsinə əsasən o, ömürlük həbs edilə bilər.

“Əgər biz Qarabağı “ana” Ermənistanın tərkibinə qatmasaq, gələcək nəsillər bizi söyəcək, məzarımızı lənətləyəcək" - Voskanyan ÇƏRƏNLƏDİ

Ermənistanın Azərbaycana ərazi iddiaları yüz illər əvvəl başlayıb. Tarixi torpaqlarımızda məskunlaşan ermənilər zaman-zaman soydaşlarımızı öz ata-baba yurdlarından sıxışdırıb çıxarmaqla öz mənfur niyyətlərini həyata keçirməyə çalışıblar. Ötən əsrin əvvəllərində qədim Azərbaycan torpaqlarında dövlət qurmağa nail olan ermənilər 20-ci əsrin sonlarında Azərbaycana yeni ərazi iddiaları irəli sürdülər. 35 il ərzində Qarabağı Azərbaycandan qoparmağa çalışan Ermənistan məqsədinə nail ola bilmədi və biabırcasına məğlub oldu. Buna baxmayaraq, Ermənistandakı revanşist qüvvələr daim qisas almaq üçün məqam axtarır və imkan düşən kimi təxribatlar törədirdilər. Öz silahlı qüvvələrini Qarabağdan çıxarmaqdan imtina edən Ermənistan Azərbaycanın suveren ərazisində qanunsuz silahlı dəstələr yerləşdirməklə müharibə ocağını saxlayırdı. Amma Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə çəkdi və Qarabağdakı qeyri-qanuni silahlı birləşmələr təslim oldu. Bununla da 35 illik münaqişə birdəfəlik həll olundu. Ermənistandakı siyasi qüvvələr isə hələ də bu acı sonluqla barışmaq istəmir. “Qalib xalqın” nümayəndələri yenə ərazi iddialarından əl çəkmirlər. Müxtəlif planlar quran erməni siyasətçilər Qarabağı qaytaracaqlarına ümid edirlər. Sozcu.az xəbər verir ki, Ermənistanda iranşunas tədqiqatçı kimi tanınan, daim Azərbaycana qarşı qarayaxma kampaniyalarının başında dayanan Vardan Voskanyan öz həmvətənlərini soyuqqanlı olmağa və mübarizə əhval-ruhiyyəsini qoruyub-saxlamağa çağırıb. Voskanyan Qarabağın qaytarılması üçün xalqa müraciət də edib: “Əgər biz Qarabağı “ana” Ermənistanın tərkibinə qatmasaq, gələcək nəsillər bizi söyəcək, məzarımızı lənətləyəcək. Sonuncu erməni qalana qədər Qarabağ uğrunda mübarizə aparmalıyıq. Yalnız ondan sonra biz Ermənistanın dövlət qalasının tikintisinə başlamalıyıq, çünki Qarabağla Ermənistanın birləşməsi bizim təhlükəsiz və ləyaqətli yaşamağımızın yeganə təminatçısı olacaq”. Bununla erməni xislətini bir daha nümayiş etdirən erməni “ziyalısı” yenidən öz millətinə ağrı-acı yaşatmaq üçün xalqa çağırış edir. Amma Voskanyan kimi siyasətbazların boş-boş bəyanatlarından yorulan erməni xalqı bir neçə dəfə müharibənin ağrı-acısını dadıb və onların daha belə çağırışların arxasınca getməyə həvəsi qalmayıb.

Zelenski Gülağa Aslanlının oğlunu igidliyinə görə medalla təltif edib

Ukrayna prezidenti Volodimir Zelenski bu ölkənin ərazi bütövlüyü uğrunda Rusiya işğalçılarına qarşı döyüşlərdə iştirak edən  azərbaycanlı zabit – kapitan Aslanov Elşad Gülağa oğlunu igidliyinə görə medalla təltif edib. Bu haqda “Basta”ya Müsavat Partiyasından məlumat verilib. Qeyd edək ki, Elşad Aslanov Müsavat başqanının müavini Gülağa Aslanlının oğludur.