Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, bu gün ictimai rəy sorğuları parlament çoxluğunun - hakim “Mülki müqavilə” fraksiyasının lider mövqedə olduğunu göstərir.
Sozcu.az xəbər verir ki, Simonyan bu haqda jurnalistlərlə söhbətində danışıb. O deyib ki, əgər bu bazar günü Ermənistanda parlament seçkiləri keçirilsə, hakim partiya yenə də qalib gələcək.
"Mən əminəm ki, “Mülki müqavilə” parlament yerləri uğrunda 50%+1 səslə qalib gələcək. 2026-cı ildə isə daha da yüksək səs faizini qazanacağımız şübhə doğurmur", - Simonyan bildirib.
Jurnalistlər ona martın 30-da Ermənistanın Şirak vilayətinin Gümrü Ağsaqqallar Şurasına keçirilən seçkilərdə müxalifətin qalib gəldiyini xatırladanda, Simonyan parlament və bələdiyyə seçkilərini müqayisə etməməyə çağırıb. Onun sözlərinə görə, 2021-ci ildə Ermənistan Milli Məclisinə keçirilən seçkilərdə onların Gümrüdəki partiyası seçicilərin 60%-nin dəstəyini qazanıb və 2 ay sonra həmin şəhərdə, lakin artıq yerli hakimiyyət orqanlarına keçirilən seçkilərdə 20% səs toplayıb.
Alen Simonyan müxalifətin ancaq sosial şəbəkələrdə fəal olduğunu deyib. O, sosial şəbəkələrdən kənarda həyatın olduğunu bəyan edərək, reallığın pul müqabilində təhrif olunduğu Facebook-un məlumatlarına əsaslanmamağa çağırıb.
“Mən başa düşürəm ki, xaricdən çoxlu pul xərclənir”, - deyə Alen Simonyan Rusiyanı nəzərdə tutduğunu təsdiqləyib.
“Müxtəlif yerlər, xüsusən də şimal qonşumuz Ermənistana qarşı hibrid müharibə aparır”.
Simonyan bu səylərin 2026-cı ildə Ermənistan Milli Məclisinə keçiriləcək seçkilərə qədər daha da güclənəcəyinə əmin olduğunu bildirib.
“Mən bunu ucadan deməkdən belə qorxmuram: bütün bunlar əks effekt verəcək və Ermənistan Respublikasının hazırkı hökumətinin reytinqi ikiqat artacaq”.
O, Ermənistan xalqına güvəndikləri üçün Rusiyadan real çevriliş təhlükəsi görmədiyini vurğulayıb.