BMT TŞ zibil qutusuna atılmış bir qurumdur

BMT Təhlükəsizlik Şurası (TŞ), demək olar, zibil qutusuna atılmış bir qurumdur. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş deyib. O bildirib ki, bu təşkilat funksiyalarını yerinə yetirmir: “Bu gün “beynəlxalq hüquq”, “müharibə cinayətləri” termini mənasını itirib. Bu gün BMT TŞ müharibələrə, ayrı-ayrı regionlardakı hərbi toqquşmalara tamamilə laqeyd yanaşır. BMT hansı müharibəni dayandırıb? Rusiya ilə Ukrayna arasında davam edən savaşı dayandıra, müharibə cinayətlərinin qarşısını ala bildimi? Yox”.

“Qərbi azərbaycanlıların indiki Ermənistanda yaşaması və digər hüquqları üçün təminat verilməlidir”

“Qarabağdakı ermənilərin Azərbaycanda yaşamaq hüququnun olduğu kimi, indiki Ermənistandan, yəni Qərbi Azərbaycandan köçürülmüş azərbaycanlıların da eyni cür hüququ var. Bu məsələdə bizə də təminat verilməlidir, balans qorunmalıdır”. Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada Strateji İqtisadi və Cəmiyyət Araşdırmaları Vəqfində (SETA) keçirilən "Qarabağ zəfərindən sonra Azərbaycan" adlı paneldə çıxış edən bildirib. Səfir deyib ki, tarixin müxtəlif mərhələlərində Ermənistandan deportasiya edilən milyondan çox azərbaycanlı var ki, onların yaşamaq hüquqları pozulub: “Mənim atam İrəvan şəhərindəndir. Onlar da deportasiyaya məruz qalıblar. Mənim də baba yurdunda yaşamaq hüququm var. Azərbaycan Qarabağ ermənilərinin qarantı olduğu kimi, Ermənistan da mənim atam, babalarım kimi deportasiya olunmuş azərbaycanlılara zamin durmalıdır. Gürcüstanda 300 mindən çox azərbaycanlı yaşayır. Biz də Azərbaycanda gürcülərə yaşamaq hüququ veririk. Yəni Qafqazda daimi sülhün bərpası üçün bu balans saxlanmalıdır”. R.Məmmədov qeyd edib ki, Qafqazda sülhün, sabitliyin bərpasından Ermənistan böyük qazanc əldə edəcək: “Gürcüstanın dövlət büdcəsinin 40 fazi Azərbaycanın sərmayələri nəticəsində formalaşır. Yəni bu, Ermənistanla da mümkündür. Azərbaycan Qafqazda daimi sülhün bərpasına hazırdır”.

Yeni müharibə təhlükəsi var - Erməni nazir müavini

Rəsmi Bakı hələ ki, sülh müqaviləsi üzrə Ermənistan tərəfinin təkliflərinə cavab verməyib. Sozcu.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Ermənistan XİN başçısının müavini Paruyr Ovannisyan deyib. O bildirib ki, sülh sazişi ilə bağlı son təkliflərinə hələlik cavab almayıblar. Ovannisyan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaması ilə əlaqədar müharibə təhlükəsinin mümkün olub-olmadığına bu cür cavab verib: “Bəli, təbii ki, baş nazir də bunu dedi”.

Paşinyan Azərbaycana qarşı çıxan məşhur ermənini tutdurmaq istəyir

Qondarma rejimin sabiq “müdafiə naziri” Samvel Babayan ötən gün bəyan edib ki, o, “prezident” Samvel Şahramanyanın “fərman”ının ləğvinə qarşı mübarizəyə başlayacaq.  Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.  Erməni nəşri əlavə edib ki, onun bu ifadələrindən sonra dünən barəsində Ermənistanın Cinayət Məcəlləsinin 550-ci - “Hərbi qulluqçuların səhlənkarlığı” maddəsi ilə cinayət işi başlanıb.  Qəzet iddia edir ki, bununla da Ermənistan hakimiyyəti əlində qılıncla qondarma “Artsax”ın “hərbi-siyasi rəhbərliyi”nin başının üstünü kəsdirib ki, Nikol Paşinyana qarşı aksiyalara başlamaq heç kimin ağlına gəlməsin.  KİV vurğulayıb ki, S. Şahramanyanın sentyabrın 28-də imzaladığı, Qarabağın “dövlət strukturları”nın buraxılması və yanvarın 1-dən tanınmamış “DQR”in mövcudluğunu dayandırması barədə “fərman”ına gəlincə, S. Şahramanyan onu hansı şəraitdə imzaladığını hələ aydınlaşdırmayıb:  “Yalnız o məlumdur ki, bundan əvvəl o, “təhlükəsizlik şurası”nın “iclas”ı çərçivəsində “Artsax”ın “keçmiş prezidentlər”i ilə görüşüb. Mənbələrimiz bildirib ki, S. Şahramanyan bunu imzalamazdan əvvəl “Artsax rəhbərləri” məsələni müzakirə ediblər. Onlar deyiblər ki, imzalanan “fərman”ın heç bir hüquqi qüvvəsi yoxdur, bu, “konstitusiya”ya ziddir. Çünki “Artsax prezidenti” “məhkəmə sistemi”ni ləğv edə bilməz və yalnız “xalq” “referendum” yolu ilə “respublika”nı ləğv edə bilər”.  Qəzet yazır ki, Paşinyan və komandası bundan təbliğat məqsədilə istifadə edir, qondarma “Artsax”ın təslim olmasının günahını S. Şahramanyan və digərlərinin üstünə atır: “İndi “Artsax hökuməti”nin nümayəndələri İrəvandakı “Artsax nümayəndəliyi”nə toplaşanda Paşinyan mümkün hadisələrdən ehtiyat edərək onlara qarşı yeni silahlardan istifadə edir”.  Sözügedən KİV iddia edib ki, Paşinyan İrəvana sığınan "Artsax" liderlərini təqib etdirir. Qəzetin yazdığına görə, Samvel Babayan Bakının maraqlarına qarşı çıxdığı üçün Ermənistan hakimiyyəti onu həbs etdirmək istəyir. 

Bakı və Moskva sülhməramlılara aid yeni saziş bağlayacaq...

Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti mövcud şəraitə uyğunlaşdırılacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, son bir ildə Qarabağdakı vəziyyət kardinal şəkildə dəyişib: “2022-ci ilin oktyabrında Ermənistan baş naziri Avropa İttifaqının himayəsi altında keçirilən Praqa sammitində Qarabağ regionunu Azərbaycanın ərazisi kimi tanıyıb. O, bu mövqeyini bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə bir daha təsdiqləyib. Bununla da 2020-ci ildə Rusiya sülhməramlı kontingentinin regiona yerləşdirilməsi şərtləri ciddi şəkildə dəyişib. 19-20 sentyabrdakı toqquşmalardan sonra əhalinin kütləvi şəkildə regionu tərk etməsi fonunda sülhməramlıların fəaliyyəti (mövcüd şəraitə) uyğunlaşdırılacaq. Bu haqda bir müddət əvvəl Rusiya prezidenti də deyib”. Zaxarova onu da qeyd edib ki, artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur. Maraqlıdır, bütün bunlar nə deməkdir? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Məsələ ondadır ki, 10 noyabr üçtərəfli Bəyannaməsinə uyğun olaraq Rusiya sülhməramlı qüvvələri Qarabağa yerləşib. Hazırda isə şərtlər dəyişib və bölgə Azərbaycanın tam nəzarətinə keçib. Dəyişən reallıqlardan biri odur ki, Qarabağdakı erməni sakinlər könüllü şəkildə ərazini tərk edib. Həmçinin silahlı erməni birləşmələri də ləğv edilib. Belə olan təqdirdə Rusiya sülhməramlı qüvvələrinə ehtiyac qalmır. Azərbaycan da onların tez bir zamanda çıxıb getməsində maraqlıdır. Rusiya rəsmiləri açıqlama verirlər ki, yerli şəraitə uyğunlaşacaqlar. İlk növbədə Rusiya sülhməramlı qüvvələrinin gəlişi zamanı şərtlər başqa idi. 20 sentyabrdan sonra isə mövcud şərtlər kökündən dəyişib. Bu da o deməkdir ki, sülhməramlılar şəraitə uyğun olaraq çıxıb getməlidir. Qarabağda nə işlə məşğul olacaqları sualı qoyulmalıdır. Təbii ki, Rusiya daima regionda qalmağa çalışacaq. Ermənilərin geri qaytarılmasinda maraqlı olacaq. Ancaq düşünürəm ki, Azərbaycan buna getməməlidir. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri o qənaətə gəlməyə əsas verir ki, sülhməramlı qüvvələrinin burda qalması ilə bağlı danışıqlar olacaq. Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl çıxarılması və yeni müqavilə bağlamamaq kursunu həyata keçirəcək. Qarabağı tərk edən ermənilər geri qayıdacaqsa, onların təhlükəsizliyini Azərbaycan təmin edəcək. Bundan ötrü sülhməramlıların orada qalmasına ehtiyac yoxdur. Hesab edirəm ki, biz siyasətimizi buna uyğun qurmalıyıq. Bizə nə Rusiyanın, nə də digər beynəlxalq birliyin sülhməramlıları lazıımdır”.

"İsraildən sonra bütün dünyanı ələ keçirəcəyik" - Həmas-dan ŞOK HƏDƏ

“İsraildən sonra Həmas bütün dünyanı ələ keçirəcək”. Sozcu.az-ın məlumatına görə, “The Jerusalem Post” xəbər verir ki, belə bir açıqlama ilə Həmasın liderlərindən Mahmud Əz-Zahar çıxış edib. “Yer planetinin bütün 510 milyon kvadrat kilometri ədalətsizliyin, zülmün, sionizmin, xain xristianlığın, fələstinlilərə və ərəblərə qarşı cinayətlərin olmadığı bir sistemə düşəcək”, – deyə Mahmud Əz-Zahar əlavə edib. O bildirib ki, ərəb ölkələri olan Livan, Suriya və İraq daim haqsızlığıa və zülmə məruz qalıb.konkret)

Qarabağda haylardan müsadirə olunmuş silahlar Ermənistana aparılacaq?.. - Ekspert

"Rusiya "sülhməramlı" kontingenti erməni separatçılarından Azərbaycan ordusundan daha çox silah müsadirə edir. Əgər azərbaycanlılar 31 ədəd zirehli texnika müsadirə ediblərsə, "sülhməramlı"lar 68 tank və digər texnika alıblar...” "Rusiya “sülhməramlı” kontingentinin əsgər və zabitlərinin sayı dəyişməyib, lakin qeyri-qanuni silahlı birləşmələrdən ələ keçirilən silahlar hesabına "sülhməramlı"ların daha çox silahı var". Moderator.az xəbər verir ki, bunu “Kavkazskiy uzel” nəşrinə açıqlamasında “PsyLand” psixologiya və inkişaf mərkəzinin əməkdaşı, hərbi ekspert Azad İsazadə söyləyib. "Rusiya "sülhməramlı" kontingenti erməni separatçılarından Azərbaycan ordusundan daha çox silah müsadirə edir. Əgər azərbaycanlılar 31 ədəd zirehli texnika müsadirə ediblərsə, "sülhməramlı"lar 68 tank və digər texnika alıblar. Azərbaycan 2 minə yaxın pulemyot və qumbaraatan, “sülhməramlı”lar isə 7 minə yaxın silahı müsadirə edib. Müsadirə olunan silahların taleyi həll olunacaq və çox güman ki, Ermənistana aparılacaq, Bakı buna qarşı çıxış etmir”, - deyə İsazadə bildirib. Ekspert 2023-cü il sentyabrın 20-dən sonra “sülhməramlı”ların postlarında və bir sıra yerlərdə Azərbaycan ordusunun əsgərləri ilə birgə meşələrdə gizlədilmiş silahlıların - Qarabağın ləğv edilmiş ordusunun keçmiş əsgərlərinin yerləşə biləcəyi ərazilərə baxış keçirdiyini də qeyd edib. Onun sözlərinə görə, Qarabağda fəaliyyət göstərən “sülhməramlı” postlarının sayı ilə bağlı dəqiq rəqəmlər yoxdur, lakin “erməni əhalisinin ölkədən getməsi ilə bağlı yaranmış yeni situasiyadan sonra postların təxminən yarısı yararsızlıq üzündən ləğv edilib. “Xüsusən də Xocalı aeroportu ətrafındakı postlarda olan hərbi qulluqçular kazarmalara qayıdıb, postlar ləğv edilib”, - deyə ekspert vurğulayıb. Bundan əlavə, Azərbaycan postları quraşdırılıb. "Azərbaycan tərəfi Qarabağda asayişi qorumaq üçün daxili qoşunları və ordusunu yerləşdirib. Sərhəd xidməti Azərbaycan-Ermənistan sərhədində tapşırıqları yerinə yetirir", - deyə Azad İsazadə əlavə edib.

Araikə görə ölüm hökmü bərpa olunur? - Hüquqşünasdan açıqlama

“Azərbaycan tərəfindən həbs olunan separatçılar barəsində ölüm hökmünün çıxarılması qeyri-mümkündür”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib. O, DTX təcridxanasında saxlanılan separatçılara görə ölüm hökmünün bərpa olunması çağırışlarına münasibət bildirib: “Avropa Şurasının (AŞ) üzvü olan hər bir dövlət ölüm hökmünün tətbiqini istisna edir. Yəni AŞ üzvü olmanın əsas tələblərdən biri ölüm hökmünün ləğv olunmasıdır. Azərbaycanda o, ləğv edilib. Bilirik ki, bəzi ölkələrdə, hətta ABŞ-nin bəzi ştatlarında ölüm hökmü var, ancaq indi hər şey ona gedir ki, bütün ölkələrdə ölüm hökmü ləğv olusun. Bu artıq tendensiyadır və Azərbaycan da keçmişə qayıda bilməz. Lakin ölüm hökmünün bərpası təklifləri mütəmadi olaraq cəmiyyətdə səslənir. Eləcə də Avropa Şurasının üzvü olan bəzi ölkələrdə, xüsusilə, Rusiyada. İndi Rusiya Avropa Şurasının üzvü deyil deyə, bəlkə də onu hüquqi cəhətdən bərpa edə bilər, ancaq bu, əhali arasında olan fikirlərdir və rəsmilər onu dəstəkləmir”. Ə. Mustafayevin sözlərinə görə, bir neçə il bundan əvvəl Azərbaycanda pedofillərə və çoxsaylı qətllər törədən şəxslərə ölüm cəzasının verilməsi ilə bağlı təkliflər səslənib: “Amma bu, cəmiyyətdəki nifrət və hüquqi biliklərin azlığından irəli gələn fikirlərdir. Şəxsən mən bir hüquqşünas, vətəndaş olaraq bunu dəstəkləmirəm, çünki ölüm hökmünün ayrı-ayrı – məsələn, terrorçular, pedofillər, qatı cinayətkarlar və s. bu qəbildən olan şəxslərə tətbiqi, ümumiyyətlə, hüquqdan uzaq bir addım ola bilər Düşünürəm ki, hər bir məhkəmə səhvini bərpa etmək olar. Yəni azadlıqdan məhrum olunub 10-15 il həbs yatan insanlar var ki, sonradan onların günahsız olduğu məlum olur. Hökumət çox zaman belə səhvləri düzəldir, bu adamlara bəraət, eləcə də böyük məbləğli kompensasiya verir. Lakin yeganə düzəldilə bilməz səhv ölüm hökmünün icrasıdır. Yaxın keçmişdə çoxsaylı belə səhvlərin mövcudluğu bəllidir. Məsələn, SSRİ dövründə seriya qatil Aleksandr Çikatilonun törətdiyi cinayətlərə görə qətllərə aidiyyəti olmayan 2 nəfəri edam olunub. Sonradan onların günahsız olduğu üzə çıxdı”. Həmsöhbətimizin fikrincə, ölüm hökmünün şəxslərə görə bərpa olunması, ümumiyyətlə, düzgün yanaşma deyil: “Ona görə də bu təklifləri dəstəkləmirəm. Ən əsası odur ki, biz Avropa Şurasının üzvüyük və hüquq sistemi inkişaf etməli, ölüm hökmü geri qayıtmamalıdır. Onsuz da Azərbaycanda ömürlük həbs cəzası var və bu cəza elə ölümə bərabərdir. Bəlkə də bu, cinayətkar üçün daha çox əziyyətlidir. Yəni belə rahat ölümdənsə, cani kamerada tək-tənha qalıb törətdiyi əməllər barədə uzun illər düşünsün, peşmanlıq çəksin”.

"Ərdoğan deyir ki, sülhməramlılar bölgədən çıxmalıdır, Putin də deyir ki, Azərbaycanla danışacağıq" - Ekspert

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının müşahidə məntəqələri bağlanır. Oktyabrın 6-da 3, 7-də bir, 8-də daha iki müşahidə məntəqəsi ləğv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi ardıcıl məlumat yaysa da, Azərbaycan tərəfi sözügedən məlumatları təsdiqləməyib. Müşahidə məntəqələrinin ardıcıl olaraq bağlanması sülhməramlıların Qarabağ ərazisindən vaxtından öncə çıxması demək ola bilərmi? Mövzu ilə bağlı News24.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Rusiya sülhməramlılarının qısa zamanda Qarabağ ərazisindən çıxması gözlənilmir: "Heç bir halda Rusiya sülhməramlıları Qarabağdan çıxmır. O necə Qarabağdan çıxmaqdır? Rusiya dünən bəyan edib ki, 24 yeni müşahidə məntəqəsi açıb. Onun 14-ü Azərbaycan ilə birgə fəaliyyət göstərəcək. Guya orada silah-sursat və texnikanı qoruyurlar. Rusiya Təhlükəsizlik şurasının sədri Nikolay Patruşevin Azərbaycana səfəri, Lavrovun açıqlamaları, dünən Tatarıstan gəmisinin Bakıya gəlməsi göstərir ki, Rusiya heç bir yerə getməyə hazırlaşmır. Eyni zamanda Rusiya Müdafiə Nazirliyi son günlər davamlı şəkildə sülhməramlıların fəaliyyətini reklam edir ki, guya "sülhməramlılar olmasa, Cənubi Qafqaz batar" ab-havası yaradırlar.  Rusiya Müdafiə Nazirliyi postların bağlanması xəbərini verir, növbəti gün eyni məlumatın təkrarını verir".  Ekspert əlavə edib ki, sülhməramlıların yerləşdirildiyi ərazidə yaşayış olmadığı üçün sülhməramlıların orada qalmağına ehtiyac yoxdur: " O postlar nə üçün saxlanmalıdır? Ağacı qoruyacaqlar ya işıq dirəyini? Orada ermənilər yaşayırdı deyə sülhməramlılar da orada fəaliyyət göstərirdi. Guya nə iş görürdülər ki? Sadəcə əyyaşlıqla məşğul idilər". Üzeyir Cəfərovun sözlərinə görə, Rusiya silahları Azərbaycana təhvil verməlidir: "Yəqin Rusiya düşünür ki, gələcəkdə separatçıların bir qismini qaytaracaq və yenə də separatçılara dəstək olacaq. Rusiya ehtiyat variant kimi, ola bilsin ki, Ermənistandan çağırılan qoşunları bir hissəsini müəyyən müddətdə  sülhməramlı adı ilə saxlayacaq. Ərdoğan deyir ki, sülhməramlılar bölgədən çıxmalıdır, Putin də deyir ki, Azərbaycanla danışacağıq. Bölgədə sabitlik və əmin amanlıq varsa, sülhməramlılara nə ehtiyac var? Rusiya separatçılığa meyillidir və separatizmi dəstəkləyir. Ona görə də bölgədən hələ uzun müddət çıxmağı planlaşdırmır". Ekspertin fikrincə, yeni yol istifadəyə verildikdən sonra sülhməramlıların 5 müşahidə məntəqəsi artırılıb. Rusiya bununla bağlı Azərbaycana məlumat verməlidir.  Millət vəkili Elman Məmmədov isə bildirdi ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxması gözlənilən məqamdır:  "10 noyabr 2020-ci il sənədində yazılır ki, sülhməramlıların gəlişində məqsəd Laçın dəhlizində hərəkətin təhlükəsizliyinin təmin edilməsidir. Sülhməramlılar gəlib nə etdilər? 90-cı illərin əvvəllərində olduğu kimi keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin bütün ərazisində öz keçid buraxılış məntəqəsini yaratdılar. Bu, onların missiyası deyildi. Gəldikləri gündən separatçıları qorumağa və onlarla əməkdaşlıq etməyə başladılar. Bu gün həmin separatçılar, işğalçılar ərazilərimizdə yoxdur. Azərbaycan öz ərazisini bütün separatçılardan təmizləyib. Bu səbəbdən də sülhməramlıların ərazimizdə olmasına qətiyyən ehtiyac yoxdur. İki dövlət arasında Rusiya sülhməramlılarının qalıb-qalmaması, nə qədər müddət qalması və qaldıqları dövrdə necə fəaliyyət göstərəcəkləri ilə bağlı danışıqlar aparılır, razılaşmalar əldə olunur. Biz istəyirik ki, özünü sülhməramlı adlandıran Rusiyaya məxsus hərbi kontinget ərazimizi tez vaxtda tərk etsin".

Paşinyan: Türkiyəyə dedik ki, orda Rusiya yoxdur!

Türkiyə prezidentinin bəyanatında Ermənistanın vədindən söhbət gedir. Qeyd edək ki, Ermənistan Türkiyə və Azərbaycanın işlətdiyi terminologiya çərçivəsində heç kimə vədlər verməyib. Burada bir nüans var, bu terminologiyanı necə qəbul etməyimiz çox vacibdir, çünki Ermənistanda və bütövlükdə ictimaiyyət olaraq bunu Ermənistan üçün müəyyən ərazi tələbi və eksterritorial dəhliz kimi qəbul edirik. Sozcu.az xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Ermənistanın “Birinci Kanal”ına müsahibəsində Türkiyə lideri Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın vədi məsələsi haqda çıxışını şərh edərkən deyib. “Deməli, biz heç kimə belə terminologiya və nəticə ilə heç bir vəd verməmişik. Ermənistan və Türkiyə nümayəndələri arasında danışıqlar gedəndə biz dedik ki, sizin işlətdiyiniz “dəhliz” terminologiyası bizim üçün qəbuledilməzdir. Cavab verdilər: necə yəni qəbuledilməzdir, siz üçtərəfli bəyanat qəbul etdiniz! Cavab verdik ki, üçtərəfli bəyanatda belə bir şey yoxdur, açın, baxın, göstərin. Ümumilikdə qlobal dünyada “dəhliz” sözü kommunikasiya marşrutları üçün ümumi termin kimi istifadə olunur. Üçtərəfli bəyanatda isə məntiq bir qədər fərqlidir, belə ki, Laçın dəhlizi var ki, orada bəyanatın məntiqinə görə, müəyyən məzmunda eksterritoriallıq və ya üçüncü qüvvənin nəzarəti var. Bundan əlavə, Laçın dəhlizi sadəcə yol deyil, o, üçüncü tərəfin nəzarətində olan 5 kilometrlik ərazi zolağıdır”, - Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan regional kommunikasiyaların açılmasına hazır və bunda maraqlı olduğunu elan edir: “Biz Azərbaycan və Türkiyə üçün yollar açmağa hazırıqmı? Bəli, biz hazırıq və qeyd edildiyi kimi, bu, Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında baş verməlidir. Bu o deməkdir ki, heç bir üçüncü qüvvə Ermənistan Respublikasının heç bir ərazisinə nəzarət etməməlidir. Ermənistan sərhədini keçərkən Ermənistan Respublikasının sərhəd və gömrük xidmətləri hərəkətə keçməlidir. Bizə deyirlər ki, üçtərəfli bəyanatda deyilir ki, təhlükəsizliyi Rusiya təmin etməlidir, amma mən deyirəm ki, belə bir şey yoxdur”. Paşinyan onu da vurğulayıb ki, dəmir yolunun Meğridən keçməsi heç bir etiraz doğurmur: “Çünki başqa yerdə dəmir yolumuz yoxdur. İcevanda, Razdanda, Qazaxda dəmir yolu var, orada çox böyük problem var, Axartsin kəndində (Dilican yaxınlığı – red.) sürüşmə var, onu aradan qaldırmaq üçün ilkin hesablamalara görə, 500 milyon dollar lazımdır və böyük sual budur ki, aradan qaldırılacaq, ya yox? Amma Meğri dəmir yolunun bərpası ilə bağlı heç bir problemimiz yoxdur, əksinə, biz bunda maraqlıyıq, çünki bu, Ermənistanın blokadasının götürülməsi və ümumilikdə sülh deməkdir”. Paşinyanın sözlərinə görə, beynəlxalq ekspertlər həm avtomobil, həm də dəmir yolunun eyni yerdən keçməsini qeyri-real adlandırırlar, lakin bu, texniki məsələdir: “Yolların açılması Ermənistan, Azərbaycan və Türkiyə üçün faydalıdır. Bəli, bu, regionda ciddi sülh qovşağına çevrilə bilər və biz deyirik ki, bu qeyri-müəyyənliklər aradan qaldırılarsa, burada da problem olmayacaq”. Zəruri olaraq xatırladaq ki, 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndində göstərilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz (!!!) hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nin edəcəyi və hərəkətin maneəsiz (gömrük və vergi yoxlaması olmadan) olması ilə bağlı dəqiq və aydın izah var.

Zelenski açıqladı: Bu ölkələrə taxıl dəhlizi açılır

Ukrayna yaxın zamanda Moldova ərazisindən keçməklə Rumıniyaya taxıl dəhlizi açmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Ukraynadan Moldova və Rumıniyaya gedən taxıl dəhlizi tezliklə işə düşəcək”, - Zelenski bildirib.

Zaxarova: “Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq”

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, sülhməramlılar artıq bir sıra daimi və müvəqqəti müşahidə məntəqələrini bağlayıblar: “Son bir il ərzində Qarabağda vəziyyət kəskin şəkildə dəyişib; 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri (Nikol Paşinyan) Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitdə Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyıb, bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə öz mövqeyini bir daha təsdiqləyib. Beləliklə, Rusiya sülhməramlı kontingentinin bölgəyə yeridilməsi şərtləri ciddi şəkildə tənzimləndi və bu ilin 19-20 sentyabr tarixlərində baş vermiş toqquşmadan sonra əhalinin kütləvi köçü fonunda sülhməramlılarımızın fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq”. Zaxarova qeyd edib ki, Moskva Rusiya sülhməramlıları ilə bağlı fundamental məsələləri Bakı ilə müzakirə edir.