Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti mövcud şəraitə uyğunlaşdırılacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, son bir ildə Qarabağdakı vəziyyət kardinal şəkildə dəyişib: “2022-ci ilin oktyabrında Ermənistan baş naziri Avropa İttifaqının himayəsi altında keçirilən Praqa sammitində Qarabağ regionunu Azərbaycanın ərazisi kimi tanıyıb. O, bu mövqeyini bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə bir daha təsdiqləyib. Bununla da 2020-ci ildə Rusiya sülhməramlı kontingentinin regiona yerləşdirilməsi şərtləri ciddi şəkildə dəyişib. 19-20 sentyabrdakı toqquşmalardan sonra əhalinin kütləvi şəkildə regionu tərk etməsi fonunda sülhməramlıların fəaliyyəti (mövcüd şəraitə) uyğunlaşdırılacaq. Bu haqda bir müddət əvvəl Rusiya prezidenti də deyib”.
Zaxarova onu da qeyd edib ki, artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur.
Maraqlıdır, bütün bunlar nə deməkdir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Məsələ ondadır ki, 10 noyabr üçtərəfli Bəyannaməsinə uyğun olaraq Rusiya sülhməramlı qüvvələri Qarabağa yerləşib. Hazırda isə şərtlər dəyişib və bölgə Azərbaycanın tam nəzarətinə keçib. Dəyişən reallıqlardan biri odur ki, Qarabağdakı erməni sakinlər könüllü şəkildə ərazini tərk edib. Həmçinin silahlı erməni birləşmələri də ləğv edilib. Belə olan təqdirdə Rusiya sülhməramlı qüvvələrinə ehtiyac qalmır. Azərbaycan da onların tez bir zamanda çıxıb getməsində maraqlıdır. Rusiya rəsmiləri açıqlama verirlər ki, yerli şəraitə uyğunlaşacaqlar. İlk növbədə Rusiya sülhməramlı qüvvələrinin gəlişi zamanı şərtlər başqa idi. 20 sentyabrdan sonra isə mövcud şərtlər kökündən dəyişib. Bu da o deməkdir ki, sülhməramlılar şəraitə uyğun olaraq çıxıb getməlidir. Qarabağda nə işlə məşğul olacaqları sualı qoyulmalıdır. Təbii ki, Rusiya daima regionda qalmağa çalışacaq. Ermənilərin geri qaytarılmasinda maraqlı olacaq.
Ancaq düşünürəm ki, Azərbaycan buna getməməlidir. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri o qənaətə gəlməyə əsas verir ki, sülhməramlı qüvvələrinin burda qalması ilə bağlı danışıqlar olacaq. Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl çıxarılması və yeni müqavilə bağlamamaq kursunu həyata keçirəcək. Qarabağı tərk edən ermənilər geri qayıdacaqsa, onların təhlükəsizliyini Azərbaycan təmin edəcək. Bundan ötrü sülhməramlıların orada qalmasına ehtiyac yoxdur. Hesab edirəm ki, biz siyasətimizi buna uyğun qurmalıyıq. Bizə nə Rusiyanın, nə də digər beynəlxalq birliyin sülhməramlıları lazıımdır”.