Araikə görə ölüm hökmü bərpa olunur? - Hüquqşünasdan açıqlama

“Azərbaycan tərəfindən həbs olunan separatçılar barəsində ölüm hökmünün çıxarılması qeyri-mümkündür”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib.

O, DTX təcridxanasında saxlanılan separatçılara görə ölüm hökmünün bərpa olunması çağırışlarına münasibət bildirib:

“Avropa Şurasının (AŞ) üzvü olan hər bir dövlət ölüm hökmünün tətbiqini istisna edir. Yəni AŞ üzvü olmanın əsas tələblərdən biri ölüm hökmünün ləğv olunmasıdır. Azərbaycanda o, ləğv edilib.

Bilirik ki, bəzi ölkələrdə, hətta ABŞ-nin bəzi ştatlarında ölüm hökmü var, ancaq indi hər şey ona gedir ki, bütün ölkələrdə ölüm hökmü ləğv olusun. Bu artıq tendensiyadır və Azərbaycan da keçmişə qayıda bilməz. Lakin ölüm hökmünün bərpası təklifləri mütəmadi olaraq cəmiyyətdə səslənir. Eləcə də Avropa Şurasının üzvü olan bəzi ölkələrdə, xüsusilə, Rusiyada.

İndi Rusiya Avropa Şurasının üzvü deyil deyə, bəlkə də onu hüquqi cəhətdən bərpa edə bilər, ancaq bu, əhali arasında olan fikirlərdir və rəsmilər onu dəstəkləmir”.

Ə. Mustafayevin sözlərinə görə, bir neçə il bundan əvvəl Azərbaycanda pedofillərə və çoxsaylı qətllər törədən şəxslərə ölüm cəzasının verilməsi ilə bağlı təkliflər səslənib:

“Amma bu, cəmiyyətdəki nifrət və hüquqi biliklərin azlığından irəli gələn fikirlərdir. Şəxsən mən bir hüquqşünas, vətəndaş olaraq bunu dəstəkləmirəm, çünki ölüm hökmünün ayrı-ayrı – məsələn, terrorçular, pedofillər, qatı cinayətkarlar və s. bu qəbildən olan şəxslərə tətbiqi, ümumiyyətlə, hüquqdan uzaq bir addım ola bilər

Düşünürəm ki, hər bir məhkəmə səhvini bərpa etmək olar. Yəni azadlıqdan məhrum olunub 10-15 il həbs yatan insanlar var ki, sonradan onların günahsız olduğu məlum olur. Hökumət çox zaman belə səhvləri düzəldir, bu adamlara bəraət, eləcə də böyük məbləğli kompensasiya verir. Lakin yeganə düzəldilə bilməz səhv ölüm hökmünün icrasıdır. Yaxın keçmişdə çoxsaylı belə səhvlərin mövcudluğu bəllidir. Məsələn, SSRİ dövründə seriya qatil Aleksandr Çikatilonun törətdiyi cinayətlərə görə qətllərə aidiyyəti olmayan 2 nəfəri edam olunub. Sonradan onların günahsız olduğu üzə çıxdı”.

Həmsöhbətimizin fikrincə, ölüm hökmünün şəxslərə görə bərpa olunması, ümumiyyətlə, düzgün yanaşma deyil:

“Ona görə də bu təklifləri dəstəkləmirəm. Ən əsası odur ki, biz Avropa Şurasının üzvüyük və hüquq sistemi inkişaf etməli, ölüm hökmü geri qayıtmamalıdır. Onsuz da Azərbaycanda ömürlük həbs cəzası var və bu cəza elə ölümə bərabərdir. Bəlkə də bu, cinayətkar üçün daha çox əziyyətlidir. Yəni belə rahat ölümdənsə, cani kamerada tək-tənha qalıb törətdiyi əməllər barədə uzun illər düşünsün, peşmanlıq çəksin”.

Share on Facebook