"Rusiya "sülhməramlı" kontingenti erməni separatçılarından Azərbaycan ordusundan daha çox silah müsadirə edir. Əgər azərbaycanlılar 31 ədəd zirehli texnika müsadirə ediblərsə, "sülhməramlı"lar 68 tank və digər texnika alıblar...”
"Rusiya “sülhməramlı” kontingentinin əsgər və zabitlərinin sayı dəyişməyib, lakin qeyri-qanuni silahlı birləşmələrdən ələ keçirilən silahlar hesabına "sülhməramlı"ların daha çox silahı var".
Moderator.az xəbər verir ki, bunu “Kavkazskiy uzel” nəşrinə açıqlamasında “PsyLand” psixologiya və inkişaf mərkəzinin əməkdaşı, hərbi ekspert Azad İsazadə söyləyib.
"Rusiya "sülhməramlı" kontingenti erməni separatçılarından Azərbaycan ordusundan daha çox silah müsadirə edir. Əgər azərbaycanlılar 31 ədəd zirehli texnika müsadirə ediblərsə, "sülhməramlı"lar 68 tank və digər texnika alıblar. Azərbaycan 2 minə yaxın pulemyot və qumbaraatan, “sülhməramlı”lar isə 7 minə yaxın silahı müsadirə edib. Müsadirə olunan silahların taleyi həll olunacaq və çox güman ki, Ermənistana aparılacaq, Bakı buna qarşı çıxış etmir”, - deyə İsazadə bildirib.
Ekspert 2023-cü il sentyabrın 20-dən sonra “sülhməramlı”ların postlarında və bir sıra yerlərdə Azərbaycan ordusunun əsgərləri ilə birgə meşələrdə gizlədilmiş silahlıların - Qarabağın ləğv edilmiş ordusunun keçmiş əsgərlərinin yerləşə biləcəyi ərazilərə baxış keçirdiyini də qeyd edib.
Onun sözlərinə görə, Qarabağda fəaliyyət göstərən “sülhməramlı” postlarının sayı ilə bağlı dəqiq rəqəmlər yoxdur, lakin “erməni əhalisinin ölkədən getməsi ilə bağlı yaranmış yeni situasiyadan sonra postların təxminən yarısı yararsızlıq üzündən ləğv edilib. “Xüsusən də Xocalı aeroportu ətrafındakı postlarda olan hərbi qulluqçular kazarmalara qayıdıb, postlar ləğv edilib”, - deyə ekspert vurğulayıb.
Bundan əlavə, Azərbaycan postları quraşdırılıb. "Azərbaycan tərəfi Qarabağda asayişi qorumaq üçün daxili qoşunları və ordusunu yerləşdirib. Sərhəd xidməti Azərbaycan-Ermənistan sərhədində tapşırıqları yerinə yetirir", - deyə Azad İsazadə əlavə edib.