Skottdan İrana: Biz dəqiq vururuq, Qasımdan soruşun!

İranın proksi qüvvələrinin ABŞ-ın bölgədəki bazalarına qarşı hücumlarının davam edəcəyi təqdirdə Tehrana ağır cavab veriləcək. Sozcu.az xəbər verir ki, bunu Respublikaçı senatoru Rik Skott sosial media hesabında yazıb. “İran ABŞ-a hücum etsə, ayətullahın bütün sevdiklərini hədəf alacağıq. Bilirsiniz ki, biz dəqiq hədəf alırıq. Gedin, Qasım Süleymanidən soruşun”, - Skott xəbərdarlıq edib.

"Fahişəlik, əsasən boşanmış qadınlar arasında çoxluq təşkil edir" - Razi Nurullayev

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maraqlı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Komitə təklif edir ki, fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəalar ləğv edilsin. Təklifdə fahişəliyi dayandırmaq istəyən qadınların yardım proqramları və alternativ gəlir imkanları ilə təmin edilməsi qeyd olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu təklifinə millət vəkili Razi Nurullayevin mövqeyini öyrəndik. “Fahişəlik cəza ilə aradan qalxmır” Bizim.Media-ya açıqlamasında o bildirib ki, fahişəliklə məşğul olan qadınların məsuliyyətə cəlb edilməsi effekt vermir: “Dünya ölkələri bizdən öncə bu hüquqi mexanizmləri keçib və görüb ki, fahişəlik cəza ilə aradan qalxmır. Onun üçün də qadınları fahişəliyə cəlb edənlərə, onlara obyekt kimi, qazanc mənbəyi kimi baxanlara qarşı ciddi tədbir görüblər. Əlavə olaraq, onlar ehtiyac ucbatından fahişəliyə qurşanan qadınlara əlavə gəlir mənbələri təklif ediblər və bu gözəl fayda verib. Hələ 2018-ci ildə və ondan sonra bir çox çıxışlarımda qeyd etmişəm ki, qadınları pis yoldan çəkindirmək üçün onlara yardım proqramları, gəlir imkanları yaratmaq lazımdır. Əgər qadın pul qazanarsa və özünü təmin edərsə, haradasa 80 faiz qadın fahişəlik yolundan çəkinər”. Millət vəkili qeyd edib ki, qadınlar özləri bu nalayiq işə xoşluqla qoşulmurlar: “Onları cəlb edən, bəzən isə zorla bu yola çəkənlər var. Məhz, bu səbəbə görə onlara qarşı mübarizəni və cəza menxanizmlərini gücləndirməyin lehinəyəm. Qadınlar üçün isə hüquqi cəza nəzərdə tutan  müddəaların ləğv edilməsi təklifini alqışlayıram”. Razi Nurullayev bir təklif də səsləndirib: “Biz müsəlman ölkəsiyik və müsəlmanın da ağlına qadınla bağlı gələn ilk söz və yanaşma namus-qeyrət məsələsidir. Fahişəlik, əsasən boşanmış qadınlar arasında çoxluq təşkil edir. Boşanmış qadının özünü saxlamaq, ailəsinə və uşaqlarına baxmaq üçün imkanları olmur. Qadın gözəldirsə, iş yerlərində də müdiriyyət tərəfindən seksual anlamda sıxışdırılır. Müdiriyyətlə seksual əlaqədə olmasa, işindən uzaqlaşdırılır. Xeyli nümunələrlə rastlaşmışam və dinləmişəm. Qadın bəzən çarəsizlikdən pis yola qurşanır. Boşanmış qadınlara, doğrudan da, sahib çıxmaq lazımdır ki, onlar çarəsizlik ucbatından fahişəlik etməsinlər. Sonra da ətrafı başlayır namus-qeyrət söhbəti aparmağa. Ailə üzvləri, qohum-əqraba bəzən ölüm hökmü də çıxarırlar, ailədən qovurlar və digər hərəkətlərə də yol verirlər. Çıxış yolu boşanmış, aliment ala bilməyən qadınlarla bağlı Fondun yaradılmasıdır. Məsələn, Boşanmış Qadınlara Yardım Fondu adlana bilər. Bu Fonda isə dövlətin pul köçürməsinə ehtiyac yoxdur. Müzakirə nəticəsində müəyyən gəlir mənbələri düşünülə bilər. Amma biz müsəlman cəmiyyəti və müsəlman kişiləri olaraq o Fonda sahib çıxıb, təminatını etməliyik. O qədər namus-qeyrət söhbəti edən insanlarımız var ki... Onları hər addımda görürəm və Maşallah çoxu da çox varlı insanlardır. Onlar da qazanclarının müəyyən hissəsini, allah xatirinə o fonda köçürə bilərlər. Fond da boşanmış, ehtiyacı olan qadınların himayəçisinə çevrilər”. Millət vəkili “namus-qeyrət” məsələsi dedikdə nəyi nəzərdə tutduğuna da aydınlıq gətirib: “Biz müsəlman kişisiyik və dinimizin bizə əmr etdiyinə görə namus-qeyrət, yetimə əl tutma, yetim malı yeməmə bizim üçün birinci yerdə olmalıdır. Bu mənim üçün belədir. Kişi qadına kömək etməli, onu dolandırmalıdır. Əgər bu zəncir pozulursa, qohumları bunu etmirsə, yaxud etməkdən imtina edirsə, qadın da çarəsiz vəziyyətə düşürsə, o zaman cəmiyyətin digər üzvləri danışmaq yerinə onlara kömək etmək yolunu tutmalıdırlar”.

Paşinyandan Putini qəzəbləndirəcək SÖZLƏR

Ermənistan Rusiya hərbi bazalarını öz ərazisində saxlamağa davam etməkdə heç bir üstünlük görmür. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Wall Street Journal" nəşrinə müsahibəsində bildirib. "Bu hadisələr bizi mahiyyətcə təhlükəsizlik sahəsində əlaqələrimizi şaxələndirməli olduğumuz qərara gətirdi və biz indi bunu etməyə çalışırıq", - Paşinyan bildirib. O nəşrə müsahibəsində qeyd edib ki, Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədiyi üçün İrəvan yeni tərəfdaşlar axtarır. Qəzet xatırladıb ki, bir neçə gün əvvəl Ermənistan Fransadan müasir hava hücumundan müdafiə sistemlərinin alınmasına dair saziş imzalayıb.

Simonyandan Rusiyaya: “Bizə söz deyəndə iki dəfə düşünün!”

“Bizə söz deyəndə 2 dəfə düşünsünlər”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan dünən Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və ona etiraz notası təqdim edilməsi barədə məsələyə bu sözlərlə reaksiya verib. O qeyd edib ki, Ermənistan tərəfi həmişə layiqli ritorikaya riayət etdiyi üçün bu sualı Rusiya tərəfinə vermək daha düzgün olardı. “Erməni tərəfi heç vaxt özünü qeyri-mədəni tərəfdaş kimi aparmayıb”, - deyə Simonyan iddia edib. Bu zaman yerli jurnalistlər ona Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı “katibə” adlandırmasını xatırladıblar. Ermənistan parlamentinin spikeri bunda təhqiredici heç nə olmadığını, onun çıxışının Zaxarovanın konkret bəyanatından sonra baş verdiyini söyləyib. “Mən onların məsləhətçilərinin kim olduğunu bilmirəm, lakin onların planı əks nəticə verdi. Ona görə də növbəti dəfə iki dəfə düşünsünlər”, - deyə Alen Simonyan əlavə edib.

Saakaşvilidən şok: Rusiyanın Zəngəzur planı...

Moskva Azərbaycanla Ermənistan arasında yeni hərbi münaqişənin qızışdırılmasında, regiona öz ordusunun daha çox hissəsini yerləşdirməkdə maraqlıdır. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “X” sosial şəbəkəsində qeyd edib. Saakaşvili Zəngəzur dəhlizi məsələsinin fərqli şəkildə icra edilə biləcəyini deyib: “Rusiya Azərbaycanın beynəlxalq mövqelərinə xələl gətirmək, Ermənistanda hakimiyyət çevrilişi etmək, müzakirə edilən dəhlizə öz sərhədçilərini yerləşdirmək istəyir. Əslində, dünyada bənzər məsələnin həlli ilə bağlı daha ağrısız və müsbət nümunələr var. Onlardan biri də Moldova ilə Ukrayna arasındakı yol icrası müqaviləsidir. Mən Odessa qubernatoru olanda buradan Dunay bölgəsinə gedirdim. Magistralın qalan hissəsini əsaslı şəkildə yeniləmişəm. Moldova bu yolu icarəyə götürməklə böyük iqtisadi gəlir əldə edirdi. Sözügedən yolla bağlı razılaşma əldə olunarsa, Azərbaycan və Ermənistan da eynisini edə bilər. Ermənistan burada çox qazanmış olar. Həmçinin əsas beynəlxalq marşrutlara çıxış, mühüm nəqliyyat və logistika məsələləri də həllini tapacaq. Beləliklə hər iki tərəf ehtimal münaqişədən qaçmış olacaq”.

BQXK Ermənistanda saxlanılan əsirlərimizə baş çəkdi

Oktyabr ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərlə və Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkiblər. Bu barədə Sozcu.az-a BQXK-ın Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb. Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Paşinyan özü Şahramanyana Azərbaycanın bütün tələblərini dərhal icra etməyi tapşırıb...

Ermənistan hakimiyyəti  fəaliyyətini İrəvanda davam etdirməyə çalışan, Rusiyanın himayəsi və dəstəyi altında Azərbaycanın Yuxarı Qarabağ torpaqlarında 32 ildən çox separatizm və işğalçılıqla məşğul olmuş separatçı-terrorçu rejimin sonuncu üzdəniraq “prezidenti” Samvel Şahramanyanı həmin rejimin “təslim olması və ləğvi haqqında fərmanı imzalamaqda ittiham etsə də, ictimaiyyəti Paşinyanın bu qərarla heç bir əlaqəsi olmadığına, hətta onun bundan xəbərsiz olduğuna inandırmağa çalışır”.  Sozcu.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” nəşri yazır. “Lakin rəsmi mənbələr Nikol Paşinyanın bundan şəxsən xəbərdar olması haqda başqa təfərrüatları bildirir. O, həmin fərmanın mətni ilə tanış olub və şəxsən Şahramanyanı Azərbaycanın bütün tələblərinə razılıq verərək hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”,- deyə davamında Ermənistan qəzeti bildirir. Erməni nəşri onu da əlavə edir ki, Azərbaycan tərəfi separatçı-terrorçu rejimin  buraxılması, yəni qondarma “dövlət” qurumlarının, ordunun ləğvi, silahların təhvil verilməsi tələblərini Xankəndindəki “rəhbərliyə” çatdırandan sonra Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə əlaqə saxlayıb.  “MTX direktoru Armen Abazyanın vasitəçiliyi ilə  Şahramanyanın Paşinyanla telefon danışığı olub və baş nazir  ondan Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə, müharibənin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb”,- erməni nəşri belə yazır.

Hayklar Qarabağa qayıtsın, yoxsa qayıtmasın?..-Ekspert rəyi

“Biz nəzərə almalıyıq ki, əgər erməni icması yenidən Azərbaycanın daxilində mövcud olacaqsa, mütləq onlardan istifadə zamanı gələcək...” “Heç kəs məni inandıra bilməz ki,  bu gün reallıqla hesablaşıb geri qayıdan Azərbaycan vətəndaşlığını qəbul edən, Azərbaycan qanunlarına hörmət edəcəyini, onlara əməl edəcəyini deyən ermənilər 10-20-30 ildən sonra yenidən 1905, 1918, 1920 və nəhayət, 1988-1994-cü illərdə törətdiklərini törətməyəcəklər...” “Azərbaycan müəyyən dövrdə ermənilərin mülkiyyətə görə tələblərini Azərbaycan əmlak bazarının qiymətlərinə görə ödəyə bilər. Çünki bu daha az ziyandır, nəinki gələcəkdə hansısa yeni bir erməni separatizmi dalğasının Azərbaycan üçün törədəcəyi fəsadlar...” “Ermənilərin Qarabağa qayıtmasıyla bağlı məsələ, düşündüyümüz qədər də sadə deyil. Azərbaycan cəmiyyətində, təəssüf ki, hər zaman biz sadə və çox birmənalı yanaşmaların şahidi oluruq”.  Bunu Moderator.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu son günlər ictimaiyyətdə geniş müzakirə olunan “Qarabağdan köçmüş ermənilər geri qayıtsın, yoxsa qayıtmasın?” mövzusunu təhlil edərkən söyləyib. “Deməli, bir tərəf deyir ki, gediblər, vəssəlam, mövzu bağlandı, qurtardı. Amma bir şeyi nəzərə almırlar ki, bu məsələnin bizim üçün çıxarları da var. Şübhəsiz, ermənilər bütün güclərini yönəldəcəklər ki, indi Azərbaycanı soyqırımında, deportasiyada, etnik təmizləmədə, erməni əhalinin mülkiyyətini mənimsəməkdə, onları yaşayış hüququndan mərhum etməkdə və s. ittiham etsinlər. Üstəlik də ki, bilirsiz, qondarma “soyqırımı”nı tanıdandan sonra erməni diasporunun bu dəqiqə ətrafında birləşəcəyi bir mövzu yoxdur və bu mövzunu onlar bir narrativə- gündəm mövzuya, özlərinin  bir ideoloji platformasına  çevirəcəklər. Və ən azı, mülkiyyət mövzusunu qaldıracaq, Qarabağdan köçmüş neçə minsə erməninin mülkiyyət davasını açacaqlar. Və həmin proses on illərlə davam edə bilər ki, bundan da Azərbaycan başağrısı çəkəcək. Bu, məsələnin bir tərəfi... “Ermənilər Qarabağa qayıtmasın” deyənlər bunları nəzərə alırlarmı – bilmirəm. Hələ dediyim başqa ittihamları(etnik təmizləmə, deportasiya və s.) nəzərdə tutmuram. Gördünüz ki, Avropa Parlamenti özünün o riyakar qətnaməsində hətta “soyqırımı” ifadəsini də işlətdi.  Ermənilər yalanı bacarırlar, işləməyi bacarırlar- bunu etiraf etməliyik və rəqibi, düşməni güclü qiymətləndirməliyik”,- deyə davamında analitik bildirib. “İndi gələk “ermənilər Qarabağa qayıdıb gəlsinlər” yanaşmasına... Məsələ burasındadır ki, Azərbaycanda artıq 120-yə yaxın təcrübəmiz var. Bu təcrübə göstərir ki, Azərbaycanda yaşayan digər bütün xalqlardan fərqli olaraq ermənilər hər zaman separatçılıqla məşğul olublar, hər zaman Azərbaycan mədəniyyətinə, tarixinə, tarixi mədəni irsinə iddialı çıxıblar. Və heç kəs məni inandıra bilməz ki,  bu gün reallıqla hesablaşıb geri qayıdan Azərbaycan vətəndaşlığını qəbul edən, Azərbaycan qanunlarına hörmət edəcəyini, onlara əməl edəcəyini deyən ermənilər 10-20-30 ildən sonra yenidən 1905, 1918, 1920 və nəhayət, 1988-1994-cü illərdə törətdiklərini törətməyəcəklər. Sizə adi bir misal gətirəcəm. Bu yaxınlarda erməni kanallarından birində bir erməni tarixçi çıxış edir və adam deyir ki,  Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və s. rayonlarındakı xarabazar vəziyyət Azərbaycan ordusunun 2020-ci ilin payızında etdiyi hücumdan sonra yaranıb. Yəni dünyada belə bir yalanı heç bir dövlətdən, heç  bir tarixçidən, heç bir digər xalqın nümayəndəsindən eşidə bilməzsiniz. Ona görə də biz nəzərə almalıyıq ki, əgər erməni icması yenidən Azərbaycanın daxilində mövcud olacaqsa, mütləq onlardan istifadə zamanı gələcək.  Mən hələlik yalnız erməni ideoloqlarını deyirəm, onlardan istifadə etmək istəyən böyük dövlətlərin hansısa planlarının, niyyətlərinin ola biləcəyini demirəm. Bütün bu deyilənlər baxımından bu mövzuda birmənalı fikir söyləmək olduqca çətindir. Bununla belə, mən hesab edirəm ki, Azərbaycan erməniləri deportasiya etməyib, zorla köçürməyibdi; özləri çıxıb gediblər -getsinlər. Azərbaycan müəyyən dövrdə ermənilərin mülkiyyətə görə tələblərini Azərbaycan əmlak bazarının qiymətlərinə görə ödəyə bilər. Çünki bu daha az ziyandır, nəinki gələcəkdə hansısa yeni bir erməni separatizmi dalğasının Azərbaycan üçün törədəcəyi fəsadlar... Fəsadlar isə budur: Azərbaycan dövlətinə 100 milyard dollardan artıq ziyan dəyibdir. Həmin o separatçıların son 30-35 il ərzində Azərbaycan şəhərlərini xaraba qoyması sayəsində. Ona görə də elə o ziyanla bəri başdan hesablaşıb məsələni bağlamaq lazımdır. Şəxsən mən başqa çıxış yolu görmürəm. Bir daha deyirəm ki, biz böyüklük etməyə, dünyaya xoş gəlməyə çalışırıq. Təəssüf edirəm... Çünki biz dünyaya göründüyümüz kimi görünməyəcəyik heç zaman, dünya bizi görmək istədiyi kimi görəcək... Görmək istədikləri də nədir - artıq bəllidir. Ona görə də “dünya nə deyəcək, beynəlxalq ictimaiyyət nə deyəcək” kimi məsələləri xüsusən də geo-siyasətin  indiki qaynar dönəmində arxa plana atmaq lazımdır. Həm də ona görə ki, biz nə “HƏMAS”-ın İsraildə, nə də əksinə, İsrailin Qəzzada, Fələstində törətdiyi vəhşilikləri törətmişik. Odur ki, bizim dilimiz uzundur. Və bu halda biz bütün gücümüzü dövlətimizin inkişafına yönəltməliyik. Onun  hüquqi, iqtisadi, sosal inkişafına, ölkədə qanunçuluun bərpasına... Biz güclü olanda deyilən ittihamlar da olmayacaqdır. Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, bizə hər zaman ehtiyac olacaq. Ancaq  nəzərə almaq lazımdır ki, biz zəif olduqca həmin ehtiyacı ödəmək üçün bizə təzyiq edəcəklər, biz güclənəndə isə oturub bizimlə danışmağa məcbur olacaqlar. Onda erməni söhbəti, separatçılıq da, nə bilim, etnik təmizləmə söhbətləri də arxa plana keçəcək. Çünki önə maraqlar çıxacaq və hər zaman da öndə maraqlar olubdur. Bu baxımdan hesab edirəm ki, problem hansı istiqamətdə çözülməyə başlayıbsa,  həmin istiqamətdə də onu çözmək gərəkdir. Nə qədər çətin olsa da, bundan keçməliyik”- ekspert bu cür düşünür.  “Məhz bütün bunlara görə mən hər zaman deyirdim ki, Qarabağda antiterror əməliyyatı, oradakı separatçıların zərərsizləşdirilməsindən öncə sülh müqaviləsini imzalamaq lazımdır. Sülh müqaviləsini imzalamaq və dünyanı, o cümlədən də Ermənistanın özünü fakt qarşısında qoymaq gərək idi ki, artıq bu ölkənin Azərbaycana qarşı heç bir ərazi iddiaları yoxdur. Qaldı ermənilərin Qarabağdan, yəni Azərbaycan torpaqlarından çıxıb getməsinə, biz onları qovmamışıq, BMT də təsdiq edib bunu. Bizim əlimizdə BMT-nin müşahidə missiyasının rəyi var. Həmin rəydə açıq-aydın bildirilir ki, Azərbaycan erməni əhalini zorla deportasiya etməyibdir. Nöqtə... Bu artıq bir, belə deyək, tam təsirli hüquqi sənəd olmasa da, nüfuzlu beynəlxalq təşkilatın rəyidir. Və biz bunu əlimizdə əsas tutaraq bu gün də, gələcəkdə də öz müdafiəmiz üçün istifadə etməliyik... Bütün hallarda, bir daha deyirəm, bu gün çalışıb Ermənistanla sülh müqaviləsi imzalamaq lazımdır. Onu mütləq imzalamaq lazımdır. Və mütləq buna nail olmaq lazımdrı ki, Ermənistan bizim, biz də onun ərazi bütövlüyümüzü tanıyırıq. Nəticədə sülh müqaviləsi imzalanandan sonra, sizi əmin edirəm ki, bütün bu ittihamlar, sərsəm uydurma-filanlar üçün hüquqi baza zəifləyəcək. Yəni bundan sonra erməni dövləti istəsə belə, həmin Qarabağdan köçüb gedənlərin maksimum hüquqlarını müdafiə edə bilər. Azərbaycana qarşı iddialar irəli sürə bilməz. Bu və digər səbəblərdən də dediyim kimi, sülh müqaviləsi mütləq imzalanmalıdır”- deyə Ərəstun Oruclu vurğulayıb.

Xankəndiyə köçü sürətləndirməsək, ruslar Qarabağdan ÇIXMAYACAQ!

Hərbi ekspert Üzeyir Cəfərov TV Müsavat-ın canlı efirinin qonağı olub. Sozcu.az xəbər verir ki, Üzeyir Cəfərov verilişdə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsindən danışıb. Beləliklə, buyurun dinləyin:

Netanyahu hədələdi: Hizbullah həyatının səhvini edəcək

Hizbullah Fələstin-İsrail münaqişəsinə girərsə, bu, Livan üçün dağıdıcı nəticələrə səbəb olacaq. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Hizbullah müharibəyə girmək qərarına gəlsə, ikinci Livan müharibəsi üçün darıxacaq. O, həyatının səhvini edəcək. Biz elə ağlasığmaz miqyasda zərər vuracağıq ki, bu, Livan üçün dağıdıcı olacaq”, - Netanyahu bildirib.

Ərdoğan HƏMAS lideri ilə danışdı: Lazım gəldikdə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefonla danışıb. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, Ərdoğan telefon danışığı zamanı Türkiyənin humanitar yardımının Qəzzaya çatması və lazım gəldikdə yaralıların Türkiyədə müalicə oluna bilməsi və bölgədə atəşkəsə nail olmaq üçün səy göstərdiyini bildirib. Ərdoğan həmçinin Türkiyənin daimi sülh üçün beynəlxalq mübarizəyə davam edəcəyini qeyd edib.

Separatçılar Bakıya yenidən müharibə elan etdi

Qarabağdan Ermənistana gedən separatçılar ətrafında son günlər yeni proseslər baş verir: Samvel Babayan Şahramanyanın qondarma rejimin buraxılması haqda qərarını “qeyri-legitim” hesab edərək, ləğvi çağırışları etdi; Şahramanyan bu gün İrəvanda “Qarabağdan gedən ermənilərin” qarşısına çıxaraq, bu qərarından imtina etdi; Erməni separatizmi artıq praktiki olaraq Azərbaycana təhlükə yaratmasa da, onların Ermənistanda “mövcud” olması və qondarma “hökumət” kimi qalması ilk növbədə Bakı-İrəvan xəttində sülh danışıqları üçün təhlükə yaradır. Və bu mənzərə fonunda baş verənlər suallar yaradır: - Babayan-Şahramanyan qarşıdurmasının səbəbi nədir? - Paşinyan erməni separatizmi kartını Bakıya qarşı yenidən işə salır? “Qarabağ erməni”lərinin etiraz aksiyasının sosial motivli olduğu aydındır, çünki separatçı rejimin özünü ləğv etməsi prosesi 1 yanvar 2024-cü il tarixinə qədər başa çatmalı idi və bu rejimdən “maaş” alanlar ən azı üç ay təmin olunacaqlarını düşünürdülər. Lakin Ermənistan hökuməti daha maliyyə yardımı ayırmaqdan imtina edir və görünür, onlar bu aksiya ilə nəticə əldə etməyə çalışırlar. Paşinyanın qəbuluna düşə bilməyən Şahramanyan da bu yolla səsinin eşidilməsinə çalışır. Hərçənd, Şahramanyan da anlayır ki, özünü buraxmaq haqda qərardan imtina onların özü üçün də problem yaradacaq və məlumatlara görə, o, əvvəlcə Paşinyanla məsləhətləşmələr apararaq, bu haqda danışmaq istəyirdi, lakin indi tələsik imtina açıqlaması verməsi Babayanla qarşıdurmadan qaynaqlanır. Daha öncə də yazmışdıq: Paşinyan Babayan üzərindən qondarma “artsax” ideyasını nəzarətə götürməyi planlaşdırır; Azərbaycanın erməni separatizmini ləğv etməsindən sonra Ermənistanda keçmiş “Qarabağ klanı” Paşinyana qarşı etiraz elektoratını toplamaq üçün bu kartdan istifadə edir, burada rusların da maraqları var. Babayanın Ermənistana getdikdən sonra televiziyaya çıxması və separatçıların bütün “rəhbərlərini” satqınlıqda ittiham etməsi, eləcə də Rusiyaya etirazları Paşinyanın “əks-həmləsi” idi. Qondarma “artsax” ideyasını “Qarabağ klanı”nın əlindən almaq istəyən Nikol Babayanı “piyada” olaraq istifadə edir və Araik, Bako və Arkadinin qandallanaraq, Bakıya gətirilməsindən sonra Samvelin önündə əsas maneə Şahramanyandır. Şahramanyanın özünü buraxmaq haqda qərarına etirazının hədəfi də onu oyundan kənarlaşdırmaq, separatçı ideologiyasının başına keçməkdir. Paşinyanın qəbuluna düşə bilməyən Şahramanyan da qərarından tələsik imtina ilə qabaqlayıcı gediş etmiş oldu. Və burada İrəvanın Bakı ilə danışıqlarda erməni separatizmindən istifadə edə biləcəyi ehtimalı da mövcuddur. Bakı separatizmin ləğvi prosesində qondarma rejimin “rəhbərliyini” Xankəndidən çıxmamışdan öncə özünü buraxmaq qərarını elan etməyə məcbur etdi. Bu, həm erməni separatizminin perspektivinin önünü almağa, həm qondarma “artsax” ideyasına qarşı “özünüburaxmaq qərarının” fakt kimi istifadə edilməsinə, həm də danışıqlarda İrəvanın Qarabağ kartından istifadəsinə qarşı hesablanıb. İstisna deyil ki, İrəvan “özünü buraxmaq qərarının” ləğv edilməsinə danışıqlarda əks-arqument kimi istifadə məqsədilə çalışır. Hərçənd, Paşinyan öncə bu kartı rəqiblərinin əlindən almaq, daha sonra işə salmaq niyyətindədir. Və o da istisna deyil ki, bu planın arxasında Fransa başda olmaqla Cənubi Qafqazda proseslərə müdaxiləyə can atan qüvvələr dayanır. Asif Nərimanlı