"Fahişəlik, əsasən boşanmış qadınlar arasında çoxluq təşkil edir" - Razi Nurullayev

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maraqlı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Komitə təklif edir ki, fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəalar ləğv edilsin.

Təklifdə fahişəliyi dayandırmaq istəyən qadınların yardım proqramları və alternativ gəlir imkanları ilə təmin edilməsi qeyd olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu təklifinə millət vəkili Razi Nurullayevin mövqeyini öyrəndik.

“Fahişəlik cəza ilə aradan qalxmır”

Bizim.Media-ya açıqlamasında o bildirib ki, fahişəliklə məşğul olan qadınların məsuliyyətə cəlb edilməsi effekt vermir:

“Dünya ölkələri bizdən öncə bu hüquqi mexanizmləri keçib və görüb ki, fahişəlik cəza ilə aradan qalxmır. Onun üçün də qadınları fahişəliyə cəlb edənlərə, onlara obyekt kimi, qazanc mənbəyi kimi baxanlara qarşı ciddi tədbir görüblər. Əlavə olaraq, onlar ehtiyac ucbatından fahişəliyə qurşanan qadınlara əlavə gəlir mənbələri təklif ediblər və bu gözəl fayda verib.

Hələ 2018-ci ildə və ondan sonra bir çox çıxışlarımda qeyd etmişəm ki, qadınları pis yoldan çəkindirmək üçün onlara yardım proqramları, gəlir imkanları yaratmaq lazımdır. Əgər qadın pul qazanarsa və özünü təmin edərsə, haradasa 80 faiz qadın fahişəlik yolundan çəkinər”.

Millət vəkili qeyd edib ki, qadınlar özləri bu nalayiq işə xoşluqla qoşulmurlar:

“Onları cəlb edən, bəzən isə zorla bu yola çəkənlər var. Məhz, bu səbəbə görə onlara qarşı mübarizəni və cəza menxanizmlərini gücləndirməyin lehinəyəm. Qadınlar üçün isə hüquqi cəza nəzərdə tutan  müddəaların ləğv edilməsi təklifini alqışlayıram”.

Razi Nurullayev bir təklif də səsləndirib:

“Biz müsəlman ölkəsiyik və müsəlmanın da ağlına qadınla bağlı gələn ilk söz və yanaşma namus-qeyrət məsələsidir. Fahişəlik, əsasən boşanmış qadınlar arasında çoxluq təşkil edir. Boşanmış qadının özünü saxlamaq, ailəsinə və uşaqlarına baxmaq üçün imkanları olmur. Qadın gözəldirsə, iş yerlərində də müdiriyyət tərəfindən seksual anlamda sıxışdırılır. Müdiriyyətlə seksual əlaqədə olmasa, işindən uzaqlaşdırılır. Xeyli nümunələrlə rastlaşmışam və dinləmişəm.

Qadın bəzən çarəsizlikdən pis yola qurşanır.

Boşanmış qadınlara, doğrudan da, sahib çıxmaq lazımdır ki, onlar çarəsizlik ucbatından fahişəlik etməsinlər. Sonra da ətrafı başlayır namus-qeyrət söhbəti aparmağa. Ailə üzvləri, qohum-əqraba bəzən ölüm hökmü də çıxarırlar, ailədən qovurlar və digər hərəkətlərə də yol verirlər.

Çıxış yolu boşanmış, aliment ala bilməyən qadınlarla bağlı Fondun yaradılmasıdır. Məsələn, Boşanmış Qadınlara Yardım Fondu adlana bilər. Bu Fonda isə dövlətin pul köçürməsinə ehtiyac yoxdur. Müzakirə nəticəsində müəyyən gəlir mənbələri düşünülə bilər. Amma biz müsəlman cəmiyyəti və müsəlman kişiləri olaraq o Fonda sahib çıxıb, təminatını etməliyik. O qədər namus-qeyrət söhbəti edən insanlarımız var ki...

Onları hər addımda görürəm və Maşallah çoxu da çox varlı insanlardır. Onlar da qazanclarının müəyyən hissəsini, allah xatirinə o fonda köçürə bilərlər. Fond da boşanmış, ehtiyacı olan qadınların himayəçisinə çevrilər”.

Millət vəkili “namus-qeyrət” məsələsi dedikdə nəyi nəzərdə tutduğuna da aydınlıq gətirib:

“Biz müsəlman kişisiyik və dinimizin bizə əmr etdiyinə görə namus-qeyrət, yetimə əl tutma, yetim malı yeməmə bizim üçün birinci yerdə olmalıdır. Bu mənim üçün belədir. Kişi qadına kömək etməli, onu dolandırmalıdır. Əgər bu zəncir pozulursa, qohumları bunu etmirsə, yaxud etməkdən imtina edirsə, qadın da çarəsiz vəziyyətə düşürsə, o zaman cəmiyyətin digər üzvləri danışmaq yerinə onlara kömək etmək yolunu tutmalıdırlar”.

Share on Facebook