Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının müşahidə məntəqələri bağlanır. Oktyabrın 6-da 3, 7-də bir, 8-də daha iki müşahidə məntəqəsi ləğv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi ardıcıl məlumat yaysa da, Azərbaycan tərəfi sözügedən məlumatları təsdiqləməyib. Müşahidə məntəqələrinin ardıcıl olaraq bağlanması sülhməramlıların Qarabağ ərazisindən vaxtından öncə çıxması demək ola bilərmi?
Mövzu ilə bağlı News24.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Rusiya sülhməramlılarının qısa zamanda Qarabağ ərazisindən çıxması gözlənilmir:
"Heç bir halda Rusiya sülhməramlıları Qarabağdan çıxmır. O necə Qarabağdan çıxmaqdır? Rusiya dünən bəyan edib ki, 24 yeni müşahidə məntəqəsi açıb. Onun 14-ü Azərbaycan ilə birgə fəaliyyət göstərəcək. Guya orada silah-sursat və texnikanı qoruyurlar. Rusiya Təhlükəsizlik şurasının sədri Nikolay Patruşevin Azərbaycana səfəri, Lavrovun açıqlamaları, dünən Tatarıstan gəmisinin Bakıya gəlməsi göstərir ki, Rusiya heç bir yerə getməyə hazırlaşmır. Eyni zamanda Rusiya Müdafiə Nazirliyi son günlər davamlı şəkildə sülhməramlıların fəaliyyətini reklam edir ki, guya "sülhməramlılar olmasa, Cənubi Qafqaz batar" ab-havası yaradırlar. Rusiya Müdafiə Nazirliyi postların bağlanması xəbərini verir, növbəti gün eyni məlumatın təkrarını verir".
Ekspert əlavə edib ki, sülhməramlıların yerləşdirildiyi ərazidə yaşayış olmadığı üçün sülhməramlıların orada qalmağına ehtiyac yoxdur:
" O postlar nə üçün saxlanmalıdır? Ağacı qoruyacaqlar ya işıq dirəyini? Orada ermənilər yaşayırdı deyə sülhməramlılar da orada fəaliyyət göstərirdi. Guya nə iş görürdülər ki? Sadəcə əyyaşlıqla məşğul idilər".
Üzeyir Cəfərovun sözlərinə görə, Rusiya silahları Azərbaycana təhvil verməlidir:
"Yəqin Rusiya düşünür ki, gələcəkdə separatçıların bir qismini qaytaracaq və yenə də separatçılara dəstək olacaq. Rusiya ehtiyat variant kimi, ola bilsin ki, Ermənistandan çağırılan qoşunları bir hissəsini müəyyən müddətdə sülhməramlı adı ilə saxlayacaq. Ərdoğan deyir ki, sülhməramlılar bölgədən çıxmalıdır, Putin də deyir ki, Azərbaycanla danışacağıq. Bölgədə sabitlik və əmin amanlıq varsa, sülhməramlılara nə ehtiyac var? Rusiya separatçılığa meyillidir və separatizmi dəstəkləyir. Ona görə də bölgədən hələ uzun müddət çıxmağı planlaşdırmır".
Ekspertin fikrincə, yeni yol istifadəyə verildikdən sonra sülhməramlıların 5 müşahidə məntəqəsi artırılıb. Rusiya bununla bağlı Azərbaycana məlumat verməlidir.
Millət vəkili Elman Məmmədov isə bildirdi ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxması gözlənilən məqamdır:
"10 noyabr 2020-ci il sənədində yazılır ki, sülhməramlıların gəlişində məqsəd Laçın dəhlizində hərəkətin təhlükəsizliyinin təmin edilməsidir. Sülhməramlılar gəlib nə etdilər? 90-cı illərin əvvəllərində olduğu kimi keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin bütün ərazisində öz keçid buraxılış məntəqəsini yaratdılar. Bu, onların missiyası deyildi. Gəldikləri gündən separatçıları qorumağa və onlarla əməkdaşlıq etməyə başladılar. Bu gün həmin separatçılar, işğalçılar ərazilərimizdə yoxdur. Azərbaycan öz ərazisini bütün separatçılardan təmizləyib. Bu səbəbdən də sülhməramlıların ərazimizdə olmasına qətiyyən ehtiyac yoxdur. İki dövlət arasında Rusiya sülhməramlılarının qalıb-qalmaması, nə qədər müddət qalması və qaldıqları dövrdə necə fəaliyyət göstərəcəkləri ilə bağlı danışıqlar aparılır, razılaşmalar əldə olunur. Biz istəyirik ki, özünü sülhməramlı adlandıran Rusiyaya məxsus hərbi kontinget ərazimizi tez vaxtda tərk etsin".