Bu gün Müxalifət qəzetinin baş redaktoru Rövşən Kəbirlinin doğum günüdür

Bu gün müasir Azərbaycan mətbuatının işıqlı imzalarından biri Rövşən Kəbirlininin ( Rövşən Ələsgər oğlu Mahmudov) doğum günüdür. Həsən bəy Zərdabinin ölməz izində kim var sualı versək ?  Rahatlıqla nümunə kimi adını çəkəcəyimiz imzalardan biri Rövşən bəydir.  Rövşən bəy 1961-ci il 29 avqust tarixində Ağcəbədi rayonunda anadan olmuşdur. Orta məktəbi 8-ci sinfinə qədər Mehrablı kənd məktəbində, 9-10-cu sinfləri isə Örənqala orta məktəbində oxumuş və 1977-ci ildə bitirmişdir. Bir neçə cəhddən sonra 1983-ci ildə Xankənd Pedaqoji İnstitutunun Tarix fakultəsinə daxil olmuş, 1987-ci ildə oranı Qırmızı diplomla bitirmişdir.  Əmək fəaliyyətini 1987-1989 illərdə Beyləqan rayon Kəbirli kəndində müəllim kimi davam etmişdir. 1991-ci ildən jurnalistikayla məşqul olub: "Muxalifət" qəzitində müxbir, şöbə redaktoru, baş redaktorun müavini, nəhayət 2003-ci ildən bu günə qədər baş redakor vəzifələrində çalışır.  Azərbaycanın ilk müstəqil parlament qəzeti sayılan "Müxalifət" qəzetində, onun ölümsüz baş redaktoru, təsisçisi Ağamalı Sadiq Əfəndi ilə birgə çalışmaq onun həyatının ən dəyərli anlarından birinə çevrilib. Ağamalı Sadiq Əfəndini daha dərindən tanımağımda onun əməyi böyükdür. Rövşən bəyə ilk öncə can sağlığı və mətbu həyatında uğurlar arzu edirik ! Ceyhun Nəbi 

Şəfiqə xanım Qaspıralının 1971-ci ildə İstanbuldan Gəncəyə göndərdiyi foto

Fotonun arxa hissəsində "Oğlum Envere sevgilerle - Şefika 24-12.1971" qeyd olunub.  Foto Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin böyük qardaşı Həmid bəy Yusifbəylinin yeganə övladı Ənvər Yusifova göndərilib. Şəfiqə xanım və övladları Azərbaycanı tərk edəndə Ənvər çox balaca uşaq idi. Fotodakı balaca uşaq odur. Ceyhun Nəbi

Bu gün Maestro Niyazinin anadan olmasının 111-ci ili tamam olur

Görkəmli Azərbaycan drijoru Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində anadan olub.  Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925–1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirir. 1929–1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alır. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib. Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada "Suprafon", ABŞ-də "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1951–1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlamışdır. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçmişdir. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbulOpera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdir. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almaz", S.Vurğunun "Vaqif, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almaz", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Niyazi Azərbaycan dirijorluq məktəbinin banisidir. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934–35-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini — "Rast" və "Şur"u nota köçürür. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayev (bəstəkar)in "Nərgiz" operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun "Koroğlu", Qara Qarayevin və Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu da Niyazi etmişdir. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə ən məşhur əsərini — "Rast" simfonik muğamını yazır. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in xalq artisti, SSRİ xalq artisti adlarına, Ü.Hacıbəyov adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülmüşdür. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru və Azərbaycan Dövlət Filarmoniyasının direktoru olmuşdur.  2 avqust 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.  Məzarı Bakıda Fəxri Xiyabandadır.  Sözcü.az

Ölüm sahibi sənsən

Məndə itib gecə, gündüz, Səbəbkarı özünsən. Yuxu gəlmir gözlərimə,  Bunun sahibi sənsən. ******************  Sən canımda ağrı, acı, Dilimdə ah-naləsən. Gözlərimi parıldadan  Suyun sahibi sənsən. ******************* Havam, suyum sən deyildin?  İndi ağır nəfəssən. Su içirəm, acı dadır, Dadın sahibi sənsən. ****************** Mən varam, mən yaşamıram,  Mən ağlar, sən gülürsən. Həyat eşqim çoxdan ölüb, Ölüm sahibi sənsən. ****************** Səni Tanrım qədər sevdim, Cəzası nə, bilirsən? Cəhənnəmə yol gedirəm, Yolun sahibi sənsən. ********************* Gah sevgimsən, gah nifrətim, Gah mələk, gah iblissən. Bu şeirim sənin üçün,  Təbin sahibi sənsən ********************   Müəllif: Şahin İsmayıl

Bu gün aktyor Məmmədrza Şeyxzamanovun anadan olmasının 108-ci ili tamam olur

Bu gün aktyor Məmmədrza Şeyxzamanovun anadan olduğu gündür.  O 1915-ci ildə Gəncə şəhərində dünyaya gəlib. İmamzadənin keşikçisi olan atası Hacı İsa bəy bir neçə dəfə ailə qurmuşdu. Sonuncu dəfə Böyükxanım adlı ikiuşaqlı, dul qadınla evlənən Hacı İsa bəyin bu evlilikdən biri Məmmədrza olmaqla daha üç övladı dünyaya gəldi. Aktyorluq həvəsi onu Gəncə Dram Teatrına gətirmişdi. Gənclik illərində bu teatrın səhnəsində fasilələrlə çalışmışdı. Tezliklə aktyorluq sənətinin sirlərini mənimsəyən aktyor məşhurlaşdı. Ona daha mürəkkəb xarakterli rollar həvalə etdilər. Sonralar 30 ilə yaxın Azərbaycan Dövlət Dram Teatrında çalışan aktyor Məmmədrza Şeyxzamanov Azərbaycan və dünya klassiklərinin əsərlərində uğurlu rolların ifaçısı olmuşdur. Qacar, Xosrov ("Vaqif", "Fərhad və Şirin"), İmamyar, Aydın ("Yaşar, "Aydın"), Edqar ("Antoni və Kleopatra"), Hacı Həsən ("Ölülər"), İxtiyar ("İblis") və başqa onlarla rolları ona teatr sahəsində böyük şöhrət qazandırmışdı.  Məmmədrza Şeyxzamanov hansı rolda çəkilməsindən asılı olmayaraq onu özününküləşdirirdi. Elə bilirdin ki, rol onun üçün yazılıb. Rola girməzdi, rol onun daxilində kök salardı və tamaşaçının da ona rəğbəti məhz bu müsbət qəhrəmanların yaratdığı işıqlı auradan mənbə alardı.  M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə -"Bəxtiyar" filmində Rəcəbov rolu ilə çıxır. Bununla da kino yolunda ilk uğurlu cığır açır. Daha sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. "Qızmar günəş altında" Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır. Olduqca həssas, nəcib qəlbə malik bu mehriban insanın ekran taleyi hər birimiz üçün əziz və doğmadır. O 25 yanvar 1984-cü ildə dünyaya göz yummuşdur.  Sözcü. az

Çinarlı(Georqsfeld) qəsəbəsinin salınmasının 135 illiyi

Bu il Şəmkir rayon Çinarlı qəsəbəsinin( ilk adı Georqsfeld ) almanlar tərəfindən salınmasının 135-ci ili tamam olur. 1888-ci ildə Almaniyanın Vurtemberq əyalətindən gəlmiş almanların ərsəyə gətirdiyi bu koloniya öz infrastrukturuna görə mövcud Şəmkir rayonu ərazisində alman koloniyaları içərisində Annanfelddən sonra ikinci əsas yaşayış yeri idi. Həmin zamandan qalan və qəsəbə ərazisində almanlara məxsus tarixi mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği və tanıtımı istiqamətində fəaliyyətin qurulması mütləqdir. Qorunmağa, bərpaya və tanıtıma ehtiyac duyulan bu tarixi mədəniyyət abidələri 135 illik ərəfəsində yaşadığımız məkanın tarixi keçmişinə verilmiş böyük dəyər olar. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti qəsəbənin qorunmasına diqqət ayırması bizim hər birimizi məmnun etmiş olar. Georqsfeld Mədəniyyət Klubu 

Millət İttifaqını bir arada bu iradə tutdu

Sinan Oğan kampaniyasına İmamoğlunun sloqanı ilə nöqtə qoydu. Cəhənnəmin qapılarını qapadacaqlarını, yəni bu dövrü bitirəcəklərini söylədi.  Dünən dediyi "bizə kim vəzifə təklif etsə, 2-ci turda onu dəstəkləyəcəyik" açıqlaması ciddi etirazlara səbəb olmuşdu. Çünki Türkiyə toplumunda müdhiş bir dəyişiklik tələbi var. Cumhur İttifaqı xaricindəki bütün vətəndaşlar - türkü, kürdü, ələvisi, sünnisi, millətçisi, dindarı, sosialisti, liberalı - bir sözlə, hər kəs dəyişikliyə, ədalətə, azadlığa təşnədir. Bu dəyişikliyə mane ola biləcək hər addıma, qərara, açıqlamaya dərhal və çox sərt etirazlar gəlir. Meral Akşeneri masaya bu iradə qaytardı, əks təqdirdə, partiyası əriyib bitəcəkdi. Millət İttifaqını bir arada bu iradə tutdu. Belə bir məsəl var: əgər aslan, ceyran, canavar, dovşan, ayı, zebra yan-yana qaçırsa, deməli, meşədə yanğın var. Türkiyənin də durumu budur. Ölkədə yanğın var. Söhbət heç də sosial-iqtisadi çətinliklərdən getmir. Anadolu torpaqlarında hələ 1808-ci ildə "Sənədi ittifaq" ilə başlayan, 1839-da "Tanzimat" fərmanı, 1876-da "Qanuni Əsası" (1-ci Məşrutiyət) ilə davam edən demokratikləşmə, modernləşmə cəhdləri olub. Pis-yaxşı, bu yarımçıq ənənə Cümhuriyyətin qurulmasında köməyə gəldi. Cümhuriyyət dövründə isə 1950-ci ildən bəri qazanılan və tədricən, fasilələrlə institutlaşan demokratik nailiyyətlər var. İndi bu demokratik birikim və onunla paralel laik sistem, sekulyar yaşam tərzi təhlükə qarşısındadır. Yuxarıda saydığım əhali təbəqələri bunu qəti istəmir. Hər kəs hüquq və azadlıqların, dünyəviliyin nə qədər həyati olduğunu dərk etdi. HDP-li kürdlə İYİ Partili və ya partiyasız türk millətçisini, CHP-li ilə Səadət partiyalını bir araya gətirən bu ortaq maraqdır. Ölkənin bu nailiyyətlərini itirib, Orta Şərq tipli despotizmə yuvarlanması onlar üçün kabus ssenarisidir. Əslində AKP və MHP-lilərin də çoxu bunu istəmir, əgər hakimiyyətdən düşsələr, bunların necə bir demokratiya mücahidinə çevriləcəklərini görəcəyik. Yaşasın laik, demokratik Türkiyə Cümhuriyyəti! Şahin Cəfərli 

RLC (Red Line Channel) kanalı müvəqqəti fəaliyyətini dayandırmalı oldu.

RLC ölkədə tək-tük öz sözünü deyə bilən media kanalı idi ki, Azərbaycandakı mövcud idarəetmənin qırmızı xətlərinə toxunurdu, sistemin mahiyyətini açmağa yönəlik fəaliyyət göstərirdi. RLC-nin əsas missiyası hakimiyyətin həyata keçirdiyi manipulyasiyalara aydınlıq gətirmək, işin əslini göstərmək, baş verənlərin mahiyyətini təfərrüatlı şəkildə çözmək idi. Bu fəaliyyətinə görə RLC kanalı bir neçə ay öncə yerləşdiyi ofisdən çıxarıldı. Mart ayında Facebook səhifəsi hak olundu və son 1 illik materialları Facebook səhifəsindən silindi. Bu materialların böyük hissəsinin yüz minlərlə baxış, minlərlə bəyənmə sayı vardı. Bir neçə gün öncə isə RLC-nin sığındığı təşkilata ofisi boşaltması tələbi gəldi.  Son bir neçə ayda biz RLC kanalı olaraq fəaliyyətimizə ara verərək yeni formatlar üzərində işləyirdik. Hər gün efirə çıxmaq, yeni verilişlərlə ölkədə baş verənlərin operativ təhlilini həyata keçirmək istəyirdik. Mətbuat azadlığının böğulduğu ölkələrdə müstəqil medianın ayaqda qala bilməsi üçün maliyyə dayaqları tapmaq çox çətindir. RLC məhz ölkədə fəaliyyət göstərərək və dəstəyi xalqdan alaraq işinə davam etmək qərarı verdi. Bu qərar, yəni müstəqil media qurumunun xalqdan maliyyə dəstəyi (ianə) alması hakimiyyətin qırmızı xətlərini keçmək demək idi. Ölkədə xalqdan maliyyələşib müstəqil fəaliyyət göstərmək avtoritar rejimlərin həm hekayələrini yalanlayır, həm də arzuolunmaz presedentlər yaradır. RLC məhz bu qərarı verdikdən sonra yerləşdiyi məkandan çıxması tələb edildi. RLC fəaliyyətini müvəqqəti dayandırır. RLC olaraq haradan və necə başlaya biləcəyimiz üçün yenidən yola çıxacağıq.  Hörmətlə, RLC-nin baş redaktoru Samirə Qasımlı

Mayda 10 gün iş olmayacaq - TƏQVİM

Mayda 10 gün iş olmayacaq. Sozcu.az xəbər verir ki, qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib. Belə ki, gələn ay 9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. 2023-сü ildə mayın 28-i bazar gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində 29 may da istirahət günüdür. Beləliklə mayda şənbə və bazar günləri də daxil olmaqla 10 gün qeyri-iş günü olacaq.

QƏHRƏMANIN ANIM GÜNÜ - 30

18 aprel Azərbaycan Milli Qəhramanı, Ahıska türkü İsgəndər Aznaurovun şəhidlik məqamına ucalmasının 30-cu ili tamam olur. İsgəndər bəy 1993-cü ilin 18 aprel tarixində Gədəbəyin strateji əhəmiyyətə malik Keçəldağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.  Böyük sevgi, sayğı və hörmətlə xatırlayır, yaddaşımızda yaşadırıq! Ceyhun Nəbi

Azərbaycan Ədliyyəsinin Patriarxı Xəlil bəy Xasməmmədli - V hissə

Mühacirətdə yaşamı və mübarizəsi Anadan olmasının 150 illiyinə həsr olunur                   V Hissə      Xəlil bəy Xasməmmədlinin mühacirət həyatı çox ağır və keşməkeşli olub. Mühacirətdə olduğu zaman sovetlərə qarşı mübarizənin ən fəal simalarından biri kimi  müəyyən təşkilat və mərkəzlərin təsis edilməsində yer almışdı.  Hər zaman olduğu kimi yenədə amalı vətən və millət olmuşdu. Onun 1921-ci il 23 may tarixli Əbdüləli bəy Əmircanova Parisdən ünvanlanmış məktubu bu baxımdan çox əhəmiyyətlidir :  . “Hörmətli  Əbduləli bəy! Sizin may tarixli məktubunuza cavab olaraq bildirirəm ki, mənim sərəncamımda bizim həmyerlilərimizə - qacqınlara kömək üçün heç bir maliyyə yoxdur. Parisdəki Sülh Konfransının nümayəndələri tərəfindən bir neçə adama müəyyən dotasiya verilir ki, onların da siyahısı bizim indiki konsulluqdadır. Sizin xatırlatdığınız 25 min frank, həqiqətən, bizim nümayəndəliyin dediyi F.B.Vəkilovun adına göndərilib. Bu pul Vəkilova və onun iki dostuna ödənilməsi, eləcə də, işin təşkil olunması üçün ayrılıb. Hazırkı şəraitdə vəziyyətin dəyişdiyini nəzərə alıb yazılı şəkildə Vəkilovdan xahiş etmişəm ki, həmin pulun ikinci iş üçün nəzərdə tutulan hissəsi Azərbaycanın  harasında qeydiyyatından asılı olmayaraq Anadoluda yaşayan qacqınlara verilsin. Bununla birgə təklif etmişəm ki, ona ayrılan pul yerlərdəki qacqın təşkilatlarına verilsin. X.Xasməmmədli(1, 228).     20-ci illərin əvvəllərində Müsavat Partiyasının Xarici Bürosu təsis edilir və Xəlil bəy Xasməmmədli həmin büronun əsas rəhbər şəxslərindən biri idi. Belə ki, Xarici Büro bütöv partiyanın fəaliyyətinə rəhbərlik edən bir orqan idi və yarandığı vaxtdan etibarən Azərbaycandakı gizli Müsavat təşkilatı ilə əlaqəyə girmişdi. Büronun MK-sı nisbətən geniş tərkibə malik olduğundan, əsas məsələlər partiyanın Başqanı M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi üçlüyün-Rəyasət Heyətinin qərarı ilə həll edilirdi. Bu üçlüyə Başqandan əlavə iki nəfər-Xəlil bəy Xasməmmədli və Məmməd Sadıx Axundzadə də daxil idi. Azərbaycandakı gizli Müsavat MK-sının tərkibini ancaq üçlüyün üzvləri bilirdi, gizli Müsavat MK-sı da öz növbəsində üçlüyün göstərişləri və qərarları ilə hərəkətə edirdi. “Azərbaycan haqqında ayda bir dəfə Partiyanın Başqanı məruzə edirdi. Bu məruzələr ümumi məlumat xarakterli olduğundan mübahisələr doğurmurdu(2, 95).       1927-ci il fevralın 26-da İstanbulda Azərbaycan Milli Mərkəzi yaradıldı. Mərkəzin sədri Ə. Topçubaşi, baş katibi M.Rəsulzadə, xəzinədarı Ə. Əmircanov idi(4, 220). Həmin mərkəzin əsas üzvülərindən biri Xəlil bəy idi. Mərkəzin əsas fəaliyyət yeri İstanbul olduğundan Xəlil bəy onun işində fəal iştirak edirdi.     Xəlil bəy Xasməmmədli mühacirətdə Azərbaycan istiqlalı uğrunda mübarizənin önündə dayanan Əlimərdan bəy Topçubaşi, M.Ə.Rəsulzadə, Xosrov bəy Sultanov kimi əsas simalardan biri sayılırdı. Heç şübhəsiz ki, mühacirətdaxili qarşıdurmalar, qarşılıqlı ittihamlar zamanı oda bu məsələlərdə yer almışdı. Ümumiyyətcə çox diqqət çəkən bu məqam izah və şərhlərə ehtiyacı olan bir mövzudur. Kökündə nə qədər siyasi məsələlərin durduğu sezilsədə, əsl mahiyyəti sosial amillərlə bağlı olan bu problemli münasibətlər ağır günlər keçirmiş azərbaycanlı mühacirlərin yaşamının açıq güzgüsüdür. Hər biri zəngin siyasi bioqrafiya malik bu qurucu dövlət xadimləri bir-birinə nələrisə güzəştdə getməyi düşünməkdən öncə, onların həmin zamankı ağır yaşam durumunu nəzərə almaq lazımdır. 20-ci illərin sonu və 30-cu illərdə Xəlil bəy Xasməmmədlinin M.Ə.Rəsulzadə ilə münasibətləri mütləq ciddi şəkildə gözdən keçirilməli və dəyərləndirilməlidir.     Müsavat partiyası Xarici Bürosu daxilində sədr M.Ə.Rəsulzadə ilə rəqabət apara biləcək və partiyanın fəaliyyətinə yön verə biləcək birinci şəxs Xəlil bəy Xasməmmədli idi. Dumalardakı, seymdəki və Gəncə bələdiyyəsində çalışdığı zaman qazandığı təcrübə, Azərbaycan Cümhuriyyəti dönəmi ən ağır və məsuliyyətli dövlət postlarında tutduğu vəzifələr və həmçinin illərlə topladığı nəzəri biliklər buna imkan verirdi. Partiyanın və həmin zaman mövcud olan bir sıra mərkəz və təşkilatların tək əldə cəmləşməsi qıcıqyaradıcı mahiyyətə malik idi. Xəlil bəy və onunla birlikdə Şəfi bəy Rüstəmbəylinin, Nağı Şeyxzamanlının, Məmməd Sadıq Aranın, Səlim Ağasıbəylinin və digər bir sıra müsavatçıların ortaya qoyduğu mövqey nə qədər müxaliflik əlaməti idisə, həmçinin bir o qədərdə etiraz idi.      1934-cü ilin 24 martında X. Xasməmmədli, Ş. Rüstəmbəyli və S. Ağasıbəylinin imzası ilə Parisdə yayımlanan rusca “Qafqaz” məcmuəsində “Müsavat firqəsinin rəsmi təbliği” başlığı altında sensasiya doğuran yazı dərc olunmuşdu. Burada Müsavat firqəsinin 1933-cü il 18 dekabrda müxtəlif yerlərdəki firqə nümayəndələrinin iştirak etdiyi konqresindən söhbət açılır, aşağıdakı məsələlərin müzakirə edildiyi göstərilirdi: 1. Əsas prinsip, taktik və təşkilat məsələlərində firqənin əksəriyyəti ilə firqə rəisi Mehmet Emin Rəsulzadə bəy arasında ciddi ixtilafın olması. 2. Rəisin ötkəm (eqoistik) hərəkətləri. 3. İki buçuq sənədən bəri firqə mərkəzinin bulunmaması, firqənin təşkilatsız və şəkilsiz olması və yuxarıda qeyd edilən səbəblərdən dolayı bir mərkəzin vücuda gətirilməsi. 4. Bu şəkildəki üsuli-idarənin nəticəsi olaraq firqənin təcrid edilməsi. Bu vəziyyəti nəzərə alaraq yığıncaq qərara almışdır: Məmməd Əmin bəy Rəsulzadəni bundan sonra firqə rəisi olaraq tanımamaq və onunla tamamilə qəti əlaqə etməmək, yerinə başqasını təyin və yeni firqə Divanı intihap (seçmək) etmək(2, 117).     İndiyə qədər aparılmış bir çox tədqiqat və araşdırmalarda Xəlil bəy Xasməmmədli və onun rəhbərlik etdiyi müxalif qanad Məhəmməd Əmin Rəsulzadəyə əks mövqeydə dayandıqlarına görə aşağılanmış və işin əsl mahiyyəti subyektiv formada izah olunmuşdu. Belə ki, hörmətli Aydın Balayev Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə yaşam və mücadiləsi ilə bağlı apardığı tədqiqat işində mühacirətdaxili münasibətləri belə şərh edir:     “Azərbaycan mühacirətinin tanınmış nümayəndələri arasında münasibətlərin mütamadi olaraq gərginləşməsinin çoxsayılı səbəbləri vardı. Burada paxıllıq, qısqanclıq, təşəxxüs kimi adi insani naqisliklər ilə yanaşı olaraq, ayrı-ayrı şəxslərin siyasi ambisiyaları və liderlik uğrunda mübarizəsi də az rol oynamırdı”(3, 96-97).     Əlbəttə ki, bu yanaşma subyektiv yanaşmadı, şərh və izaha ehtiyacı var. Biz Azərbaycan Cümhuriyyətinin qurucu atalarından və onların uğrunda mübarizə apardığı istiqlaldan və dəyərlərdən danışırıq. Xəlil bəy Xasməmmədli əlbəttə ki, rəhbər də ola, prosesə də rəhbərlik edə bilərdi. Bu onun təbii haqqı idi və daşıdığı respublikaçılıq ideallarına tam uyğun idi. Cümhuriyyət və onun uğrunda mübarizə fərdi iradəyə qarşı, toplum iradəsinin güc gəlməsi və siyasi davamlılığın, siyasi yeniliklərin davam etməsidir. Hürriyyət ideyası tələb edir ki, bu gün Məhəmməd Əmin, sabah Xəlil bəy, o biri gün Şəfi bəy və s. Bu məsələyə baxış və yanaşma hesab edirəm ki, çox önəmlidir. Digər tərəfədən paxıllıq və qısqanclıq məsələsinə gəldik də bu fikirlərdə ciddi əsaslara söykənmir. Xəlil bəy Xasməmmədli 1917-ci ildə Türk Ədəmi Mərkəziyyət Partiyası qurularkən heç fikrinə gətirmədi onun rəhbəri olsun, həmçinin həmin partiyanın Müsavatla birləşmə qurultayında və yaxud da 1919-cu il qurultayında. Siyasi qanuna uyğunluqların məntiqi ortaya bir fakt qoyur, siyasi münasibətlərdə davamlılıq üçün mütləq dəyişiklər olmalı və yeni simalarada yer verilməlidir.   1. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları”, Bakı, 2018. 2. Xaləddin İbrahimli “ Azərbaycan mühacirət tarixi”, Bakı, 2012. 3 .Aydın Balayev “ Məhəmməd Əmin Rəsulzadə - Qürbətdə vətən davası(1923-1943)”, Bakı, 2019.  4. Giorgi Mamulia, Ramiz Abutalıbov “ Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

Bu gün Yel çərşənbəsidir

Bu gün ölkəmizdə ilaxır çərşənbələrin üçüncüsü, Yel çərşənbəsi qeyd olunur. El arasında bəzən Yel çərşənbəsində “Küləkli çərşənbə” də deyirlər. İnanca görə, yel hava, həyat, təbiətin yenidən doğulması anlamına gəlir. Qeyd edək ki, bir çox bölgələrdə çərşənbələrin yeri dəyişdirilir. Məsələn, bu gün əksəriyyət Yel çərşənbəsini qeyd edirsə, ayrı-ayrı bölgələrdə, məsələn, Naxçıvanda Torpaq çərşənbəsi kimi qeyd olunur. Hətta bu barədə folklorşünas və araşdırmaçıların da fikirlər üst-üstə düşmür. İddialara görə, “Avesta”da Novruz bayramının və çərşənbələrin kifayət qədər açılımı verilib və izah olunub. Belə ki, “Avest”ya görə, ilk tanrı Ahura Məzdadır. O, ilk olaraq dünyadakı xaos və qarışıqlıqdan suyu ayırıb. İkinci isə Günəşin istisi ilə suyun müəyyən hissəsini buxarlandıraraq xassələrə ayırıb və bu zaman torpaq üzə çıxıb. Daha sonra isə hava və yel digər varlıqları hərəkətə gətirib. Bu baxımdan üçüncü çərşənbənin Torpaq, sonuncu çərşənbənin isə Yel çərşənbəsi kimi keçirilməsinin doğru olduğu iddia edilir. Ümumiyyətlə, çərşənbələrlə adət-ənənəni araşdıranda müxtəlifliyə rast gəlirik. Tədqiqatçılar həmrəy olub, əsl sıralamanı verə bilmirlər. Yel çərşənbəsinin adət-ənənələrinə gəldikdə, bu çərşənbə də digər xüsusiyyətlərinə görə fərqlənir. Məhz bu çərşənbədə evlərdə təmizlik işləri aparılır, hər tərəf səliqəyə salınır. İnanca görə, yel, külək insanlara xoş təəssürat bəxş edəcək. Belə ki, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Bu barədə folklorumuzda müxtəlif əfsanələr, rəvayətlər, nəğmələr də mövcuddur. Yel çərşənbəsinin unudulmuş adətləri “Yüyət günü”: Yel çərşənbəsində “yüyət günü”nü mütləq keçirərdilər. Bu adət son illərə qədər az da olsa bəzi kəndlərdə qalırdı. Bu gün insanın özü təmizlənməklə yanaşı, ev-eşiyini də səliqəyə salır, həyət-bacasını təmizləyir. Bu, iməclikdən başqa, həm də bir ayin, inancdır. Yel çərşənbəsində həyata keçirilən qədim adətlərin bəziləri bunlardır: Cıdır falı: bunu  oğlanlar icra edir. Kəndin cavanları cıdıra gedər, hansısa atı ürəyində nişanlayıb niyyət tutardılar. Kimin işarələdiyi at birinci olardısa, o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşə bilərdi. Buradakı at və cıdır isə qədim türkün düşüncə sistemindən qopmadır. Həm də yel kimi sürətli olan atın sahibini il ərzində bolluq, ruzi gözləyirdi. Hər halda, insanlar buna inanırdılar. Çökə: Bu, unudulmuş adət yox, unudulmuş şirniyyat növüdür. Bizim bildiyimiz şəkərburaya oxşasa da ondan əsaslı dərəcədə fərqlənir. Üzərindəki işarələr qədim xalqımızın mifoloji düşüncəsini özündə əks etdirib. Çökə ilk olaraq evə gələn qonağa verilirdi. Başmaq falı: İlaxır çərşənbə axşamı ərgən qızlar evin qapısından arxası həyətə doğru qalıb sağ çiyin üzərindən başmaq tullayırlar. Əgər başmağın burun tərəfi evə daban tərəfi yola sarı düşərsə deməli, qarşıdakı il həmin qız yenə də bu evdə qalacaq. Yaxud əksinə olarsa, o zaman çox yaxında xeyir xəbər eşidəcəklərinə inanırlar. Buradakı başmaq isə arxaik dünyagörüşlə əlaqədardır. Yel çərşənbəsinin inancları Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var. Məsələn, “Yel əsib qoz tökülüb”, “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə”, “Yel əsir, yengələr oynayır”, “Yel aparan yelinki, yerdə qalan mənimki”, “Kələknən gələn, küləknən gedər”, “Yel qayadan nə aparar”... Qeyd edək ki, xalq təqviminə əsasən  Yel çərşənbəsi martın 7-nə, sonuncu ilaxır, Torpaq çərşənbəsi isə martın 14-nə təsadüf edir. Azərbaycan ərazisinə baharın gəlişi isə martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək. Martın 19-u ölkəmizdə bayram axşamı, 20-si isə bayram günü kimi qeyd ediləcək.