Bu gün aktyor Məmmədrza Şeyxzamanovun anadan olduğu gündür. O 1915-ci ildə Gəncə şəhərində dünyaya gəlib. İmamzadənin keşikçisi olan atası Hacı İsa bəy bir neçə dəfə ailə qurmuşdu. Sonuncu dəfə Böyükxanım adlı ikiuşaqlı, dul qadınla evlənən Hacı İsa bəyin bu evlilikdən biri Məmmədrza olmaqla daha üç övladı dünyaya gəldi.
Aktyorluq həvəsi onu Gəncə Dram Teatrına gətirmişdi. Gənclik illərində bu teatrın səhnəsində fasilələrlə çalışmışdı. Tezliklə aktyorluq sənətinin sirlərini mənimsəyən aktyor məşhurlaşdı. Ona daha mürəkkəb xarakterli rollar həvalə etdilər. Sonralar 30 ilə yaxın Azərbaycan Dövlət Dram Teatrında çalışan aktyor Məmmədrza Şeyxzamanov Azərbaycan və dünya klassiklərinin əsərlərində uğurlu rolların ifaçısı olmuşdur. Qacar, Xosrov ("Vaqif", "Fərhad və Şirin"), İmamyar, Aydın ("Yaşar, "Aydın"), Edqar ("Antoni və Kleopatra"), Hacı Həsən ("Ölülər"), İxtiyar ("İblis") və başqa onlarla rolları ona teatr sahəsində böyük şöhrət qazandırmışdı.
Məmmədrza Şeyxzamanov hansı rolda çəkilməsindən asılı olmayaraq onu özününküləşdirirdi. Elə bilirdin ki, rol onun üçün yazılıb. Rola girməzdi, rol onun daxilində kök salardı və tamaşaçının da ona rəğbəti məhz bu müsbət qəhrəmanların yaratdığı işıqlı auradan mənbə alardı.
M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə -"Bəxtiyar" filmində Rəcəbov rolu ilə çıxır. Bununla da kino yolunda ilk uğurlu cığır açır. Daha sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. "Qızmar günəş altında" Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır. Olduqca həssas, nəcib qəlbə malik bu mehriban insanın ekran taleyi hər birimiz üçün əziz və doğmadır.
O 25 yanvar 1984-cü ildə dünyaya göz yummuşdur.
Sözcü. az