RLC (Red Line Channel) kanalı müvəqqəti fəaliyyətini dayandırmalı oldu.

RLC ölkədə tək-tük öz sözünü deyə bilən media kanalı idi ki, Azərbaycandakı mövcud idarəetmənin qırmızı xətlərinə toxunurdu, sistemin mahiyyətini açmağa yönəlik fəaliyyət göstərirdi. RLC-nin əsas missiyası hakimiyyətin həyata keçirdiyi manipulyasiyalara aydınlıq gətirmək, işin əslini göstərmək, baş verənlərin mahiyyətini təfərrüatlı şəkildə çözmək idi. Bu fəaliyyətinə görə RLC kanalı bir neçə ay öncə yerləşdiyi ofisdən çıxarıldı. Mart ayında Facebook səhifəsi hak olundu və son 1 illik materialları Facebook səhifəsindən silindi. Bu materialların böyük hissəsinin yüz minlərlə baxış, minlərlə bəyənmə sayı vardı. Bir neçə gün öncə isə RLC-nin sığındığı təşkilata ofisi boşaltması tələbi gəldi. 

Son bir neçə ayda biz RLC kanalı olaraq fəaliyyətimizə ara verərək yeni formatlar üzərində işləyirdik. Hər gün efirə çıxmaq, yeni verilişlərlə ölkədə baş verənlərin operativ təhlilini həyata keçirmək istəyirdik.

Mətbuat azadlığının böğulduğu ölkələrdə müstəqil medianın ayaqda qala bilməsi üçün maliyyə dayaqları tapmaq çox çətindir. RLC məhz ölkədə fəaliyyət göstərərək və dəstəyi xalqdan alaraq işinə davam etmək qərarı verdi. Bu qərar, yəni müstəqil media qurumunun xalqdan maliyyə dəstəyi (ianə) alması hakimiyyətin qırmızı xətlərini keçmək demək idi. Ölkədə xalqdan maliyyələşib müstəqil fəaliyyət göstərmək avtoritar rejimlərin həm hekayələrini yalanlayır, həm də arzuolunmaz presedentlər yaradır. RLC məhz bu qərarı verdikdən sonra yerləşdiyi məkandan çıxması tələb edildi.

RLC fəaliyyətini müvəqqəti dayandırır. RLC olaraq haradan və necə başlaya biləcəyimiz üçün yenidən yola çıxacağıq. 

Hörmətlə,

RLC-nin baş redaktoru Samirə Qasımlı

Share on Facebook