Millət İttifaqını bir arada bu iradə tutdu

Sinan Oğan kampaniyasına İmamoğlunun sloqanı ilə nöqtə qoydu. Cəhənnəmin qapılarını qapadacaqlarını, yəni bu dövrü bitirəcəklərini söylədi. 

Dünən dediyi "bizə kim vəzifə təklif etsə, 2-ci turda onu dəstəkləyəcəyik" açıqlaması ciddi etirazlara səbəb olmuşdu. Çünki Türkiyə toplumunda müdhiş bir dəyişiklik tələbi var.

Cumhur İttifaqı xaricindəki bütün vətəndaşlar - türkü, kürdü, ələvisi, sünnisi, millətçisi, dindarı, sosialisti, liberalı - bir sözlə, hər kəs dəyişikliyə, ədalətə, azadlığa təşnədir. Bu dəyişikliyə mane ola biləcək hər addıma, qərara, açıqlamaya dərhal və çox sərt etirazlar gəlir. Meral Akşeneri masaya bu iradə qaytardı, əks təqdirdə, partiyası əriyib bitəcəkdi. Millət İttifaqını bir arada bu iradə tutdu.

Belə bir məsəl var: əgər aslan, ceyran, canavar, dovşan, ayı, zebra yan-yana qaçırsa, deməli, meşədə yanğın var. Türkiyənin də durumu budur. Ölkədə yanğın var. Söhbət heç də sosial-iqtisadi çətinliklərdən getmir.

Anadolu torpaqlarında hələ 1808-ci ildə "Sənədi ittifaq" ilə başlayan, 1839-da "Tanzimat" fərmanı, 1876-da "Qanuni Əsası" (1-ci Məşrutiyət) ilə davam edən demokratikləşmə, modernləşmə cəhdləri olub. Pis-yaxşı, bu yarımçıq ənənə Cümhuriyyətin qurulmasında köməyə gəldi. Cümhuriyyət dövründə isə 1950-ci ildən bəri qazanılan və tədricən, fasilələrlə institutlaşan demokratik nailiyyətlər var.

İndi bu demokratik birikim və onunla paralel laik sistem, sekulyar yaşam tərzi təhlükə qarşısındadır. Yuxarıda saydığım əhali təbəqələri bunu qəti istəmir. Hər kəs hüquq və azadlıqların, dünyəviliyin nə qədər həyati olduğunu dərk etdi. HDP-li kürdlə İYİ Partili və ya partiyasız türk millətçisini, CHP-li ilə Səadət partiyalını bir araya gətirən bu ortaq maraqdır. Ölkənin bu nailiyyətlərini itirib, Orta Şərq tipli despotizmə yuvarlanması onlar üçün kabus ssenarisidir. Əslində AKP və MHP-lilərin də çoxu bunu istəmir, əgər hakimiyyətdən düşsələr, bunların necə bir demokratiya mücahidinə çevriləcəklərini görəcəyik.

Yaşasın laik, demokratik Türkiyə Cümhuriyyəti!

Şahin Cəfərli 

Share on Facebook