İşğaldan azad olunan rayonlarda nə qədər iş yeri və müəssisə açılıb? – Tam siyahı

Bu ilin ilk 3 rübü ərzində işğaldan azad olunan rayonlarda 1 442 yeni iş yeri açılıb. Sozcu.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 9 ayı ərzində ən çox iş yeri Laçın rayonunda açılıb. Bu rayonda 9 ay ərzində açılan yeni iş yerlərinin sayı 409 olub. Ən az iş yeri isə Xocavənd rayonunda açılıb. Bu rayonda cəmi 30 yeni iş yeri açılıb. Qeyd edək ki, ilin ilk 9 ayı ərzində işğaldan azad olunan rayonlarda 243 yeni müəssisə və təşkilat yaradılıb. Xankəndi şəhərində 46 müəssisə yaradılıb və bu müəssisələrdə 209 yeni iş yeri açılıb. Xankəndi şəhərindən sonra ən çox Ağdam rayonunda yeni müəssisə və təşkilat yaradılıb. 9 ay ərzində Ağdamda yaradılan 33 müəssisə və təşkilatda isə 17 yeni iş yeri açılıb. Bunlardan başqa, Füzuli rayonunda 25 yeni müəssisə və təşkilat yaradılıb və bu rayonda, ümumilikdə, 70 yeni iş yeri açılsa da, onların heç biri yeni açılan müəssisə və təşkilatlarda olmayıb. Füzulidə açılan yeni iş yerlərinin hamısı köhnə müəssisə və təşkilatlarda olub. Bu ilin ilk 9 ayı ərzində işğaldan azad olunan rayonlarda yeni iş yerləri, yeni yaradılan müəssisə və təşkilatlar, həmçinin yeni müəssisə və təşkilatlarda açılan iş yerlərinin sayı aşağıdakı kimi olub:

Milli Məclis gələn ilin dövlət büdcəsini III oxunuşda qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub. Sozcu.az xəbər verir ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir. Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Ən çox şikayət olunan 5 bank - SİYAHI

Bu ilin noyabr ayı üzrə Azərbaycanda ən çox şikayət olunan bankların siyahısı açıqlanıb. Sozcu.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ən çox şikayət edilən bank 3,46 indeksi ilə “Yapı Kredi Bank Azərbaycan” seçilib. Ötən ay bu rəqəm 2,08 bənd təşkil edib. Başqa sözlə, bir ayda bankdan şikayətlər 66% artıb.  “Yelo Bank” isə 2,56 indeksi ilə siyahıda ikinci, “Accessbank” isə 2,16 indeksi ilə üçüncü olub.  Son bir ayda şikayətlərin kəskin artan bankların siyahısında “Azər-Türk Bank” da var. Bankın şikayət indeksi bir ayda 0.67 bənddən 2.15 bəndə yüksəlib. Bu isə 3,2 dəfə artım deməkdir.  Top-5-liyi eyni indeksdə olan digər bir bank - “Unibank” tamamlayır. Son bir ayda bankın şikayət indeksi 1.77 bənddən 2.15-ə yüksəlib. Başqa sözlə, bankdan şikayətlər 21%-dən çox artıb.valyuta.az)

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 72,60 dollara, yüngül neftin bir barreli isə 69,01 dollara satılır.

Bu rayon və şəhərlərin pensiyaları ÖDƏNİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib. Sozcu.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. Respublikamızın digər bölgələri üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Bu şirkət də ölkədən pul çıxarıb

"Seza Elektrik" MMC-yə inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib. İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır.

Bitkoin tarixdə ilk dəfə 100 min dolları ötdü

Bitkoinin məzənnəsi rekordunu yeniləyərək tarixdə ilk dəfə 100 min dollar həddini keçib. Sozcu.az xəbər verir ki, günün əvvəlində bitkoinin dəyəri yüksək sıçrayışla 103 min 387 dollara çatıb. Hazırda “Binans” platformasında kriptovalyutanın qiyməti 101 min dollar ətrafında sabitləşib. Analitiklərin fikrincə, bu, kriptovalyuta bazarının inkişafında yeni mərhələ açır.

İşsizlər üçün nəzərdə tutulan 17 milyon manat kimlərə veriləcək? - AÇIQLAMA

İşsizlikdən Sığorta Fondunun 2025-cü il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun gəlir və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat proqnozlaşdırılır. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də, 17 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq. Bəs bu vəsaiti kimlər ala biləcək? Sozcu.az-ın məlumatına görə, iqtisadçı deputat Vüqar Bayramov məsələyə aydınlıq gətirib. “Bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub. Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçinin müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir. Bu zaman həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyatdan keçməsi vacibdir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir. Müraciət edən şəxs əmək müqaviləsinin müddətinin qutarmasına görə işdən azad olunursa, işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir. Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər”, - V.Bayramov deyib.

Azərbaycanda bu işsizlərə hər ay pul veriləcək - RƏSMİ

"İşsizlikdən sığorta ödənişi hər bir kəsə şamil edilmir. Müəyyən qaydalar var. "İşsizlikdən sığorta haqqında Qanun"un müvafiq maddəsində nəzərdə tutulan hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərə ödənişlərə şamil olunur". İşsizlikdən sığorta ödənişi şöbəsinin müdiri Eldar Əliyev bildirib. Onun sözlərinə görə, işsizikdən sığorta ödənişi ümumiyyətlə şəxslərin itirdikləri əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş olan bir tədbir formasıdır və şəxsin öz iradəsindən asılı olmadan işsiz qaldıqları təqdirdə onlara ödənilir.: "Yəni işsizlik müavinəti adı altında bir sosial təminat forması yoxdur. İşsiz müraciət edən şəxsin sığorta stajından və xitam olunduğu maddədən asılı olaraq şəxslərə ya itirdikləri orta aylıq əmək haqqının 50 faizi məbləğində və ya minimum sığorta ödənişi məbləğində təyinat aparılır. Bildiyiniz kimi, minimum sığorta ödənişi ölkə üzrə qəbul edilmiş minimum aylıq əmək haqqı məbləğinə bərabər tutulur. Bu, sığorta ödənişinin minimum həddidir. Maksimum həddi isə ötən ildə ölkə üzrə orta aylıq əmək haqqının məbləğinə bərabər tutulur. Bu da hal hazırda 933 manat 80 qəpik təşkil edir".

Bitkoinin qiyməti 740 min dollara çatacaq?

“Pantera Capital”ın qurucusu Dan Morhed, Donald Trampın "Blokçeyn"ə dost yanaşma siyasətləri ilə bitkoinin (BTC) yüksəliş trendini davam etdirəcəyini proqnozlaşdırır. Sozcu.az xəbər verir ki, Morhed bitkoinin 2028-ci ilə qədər 740.000 dollara çatacağını və bazar dəyərinin 15 trilyon dollara yüksələcəyini bildirir. Kriptovalyuta sektorunun aparıcı investisiya şirkətlərindən biri olan “Pantera Kapital” bitkoin üçün diqqətəlayiq bir proyeksiya yayımlayıb. Şirkət, 2013-cü ildə bitkoin yalnız 65 dollar olduğu dövrdə başladığı investisiya fondu ilə rekord qazanc əldə edib. Dan Morhedin sözlərinə görə, bitkoin illik 88%-lik artım tempi ilə irəliləyərək, 2028-ci ildə 740.000 dollara çata bilər. İnvestisiya dünyasındakı müsbət ab-hava, bitkoinin son dövrlərdə bütün zamanların ən yüksək səviyyələrinə çatmasına imkan yaradıb. Tramp administrasiyasının "Blokçeyn" texnologiyasına qarşı müsbət yanaşması, sektorda tənzimləmə aydınlığının artacağına dair gözləntiləri gücləndirir. Morhed bitkoini "qızıldan sonra ilk qlobal valyuta" və "ilk sərhədsiz ödəniş sistemi" kimi xarakterizə edir. Hazırda təxminən 2 trilyon dollarlıq bazar dəyəri ilə bitkoin, Meta şirkətini geridə qoyaraq dünyanın ən böyük altıncı aktivinə çevrilib.

2025-ci ildən maaşlar bu qədər artacaq... - Minimum əməkhaqqı 400 manat olacaq?

Gələn ildən ölkədə minimum əməkhaqqı artırılacaq. Dövlət başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bununla bağlı göstəriş verildiyini bildirmişdi. Bəs artım nə qədər olacaq? İqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bu sualları cavablandırıb. “Hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Bu məbləğin 400 manat olması gözlənilir. Minimum əməkhaqqının artması avtomatik olaraq büdcə təşkilatlarında çalışanlara təsir göstərir. Eyni zamanda biznes sahəsində çalışanlar da minimum əməkhaqqından aşağı maaş ala bilməzlər. Amma özəl sektorda çalışanlar üçün digər maaşların indeksləşdirilməsinə aidiyyatı yoxdur. Buna özəl sektor özü qərar verir. Sadəcə minimum əməkhaqqı özəl müəssisələrdə verilə biləcək ən aşağı maaş həddini müəyyən edir”. Ekspert bildirib ki, büdcədən maaş alan şəxslərdə isə müəyyən indeksasiyalar gözlənilir. Ümumi olaraq maaşlarda 8-10 faiz artım gözlənilir.

Bitkoindən növbəti rekord: 99 min dolları ötdü

Bitkoin kriptovalyutasının qiyməti 99 min dollardan yuxarı qalxaraq öz tarixi rekordunu yeniləyib. Sozcu.az xəbər verir ki, Bakı vaxtı ilə 07:17-də “Binance” platformasında bitkoinin dəyəri 99,136 min dollara, 07:33-də isə 98,598 min dollara çatıb. Kriptovalyutanın bahalaşmasına səbəb kimi ABŞ-ın yeni seçilən Prezidenti Donald Trampın vədləri, geosiyasi böhranlar zamanı bitkoin və steyblkoinlərin potensial müdafiə aktivi kimi qəbul edilməsi göstərilir.