Çörək bahalaşacaq? - Açıqlama

Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar. Belə ki, rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25.95-28.20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25.30-27.50 manat təşkil edirdi. Hazırda ölkə üzrə bazara təqdim ən ucuz unu "SKY AGRO" Məhdud Məsuliyyətli Cəmiyyəti, ən bahalısını isə "Azeri-Arapoğlu U.S.və T.LTD" Birgə Müəssisəsidir. Bəs, unun topdansatış qiymətinin artması çörəyin qiymətinə təsir edəcəkmi? Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, Azərbaycanda unun bahalaşması qonşu ölkələrdə bu məhsulun qiymətinin qalxması ilə bağlıdır. Onun sözlərinə görə, Rusiya, Qazaxıstan və Ukraynada taxılın qiymətində artım müşahidə olunur ki, bu da unun bahalaşmasına təsir edir: “Bizim xaricdən aldığımız taxıl, yaxud unu yerli taxıla qatmaqla çörək hazırlanır. Təssüf ki, Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti o qədər də yüksək deyil. Ona görə də xarici ölkələrdən alınmış taxılla qarışdırılmalıdır ki, hazırlanan çörək keyfiyyətli olsun. Hazırda unun qiymətində artım məhz bununla bağlıdır. Azərbaycan özünü təxminən 24-25 faiz taxılla təmin edə bilir. Qalan hissəni xaricdən alırıq. Son illər taxıl aldığımız üç ölkə -Ukrayna, Rusiya və Qazaxıstan var idi. Ukraynadan müharibəyə görə taxıl almaq xeyli çətinləşib. Bu, mümkünsüz hala gəlib. Rusiya isə öz daxili tələbatını ödəmək üçün taxıl ixracı ilə bağlı tez-tez qadağalar qoyur. İndi əsas bazarımız Qazaxıstandır". İqtisadçı vurğulayıb ki, unun qiymətindəki artım çox olmadığından çörək bahalaşmayacaq: “Həm də uzun illərdir bizdə belə praktika mövcuddur ki, çörəyin qiyməti qaldırılmır, çəkisi aşağı salınır. İndiki məqamda da çörəyin bahalaşmasının ciddi etiraz doğuracağı nəzərə alınaraq, çəkinin azaldılmasına çalışacaqlar”.

Azərbaycanda unun qiyməti artdı

Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb. Sozcu.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar. Rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25.95-28.20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25.30-27.50 manat təşkil edirdi. Hazırda ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "SKY AGRO" Məhdud Məsuliyyətli Cəmiyyəti, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" Birgə Müəssisəsidir. Noyabrın 4-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib: "Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.70 manat; "ATS MİLL", "Taxıl AQRO" və "Qarabağ un" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27 manat; "Anadoluqida" və "AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.20 manat; "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat; "Dəvəçi-Taxıl" və "Avrora" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.50 manat; "Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.40 manat; "Bakı Taxıl Terminalı", "Hazartürk LTD", "KARAT HOLDİNQ", "Dəniz un sənayesi LTD", "Sünbül 2012", "Karmen", "Orxan UN", Xırman"MMC-lərə, eləcə də "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.10 manat; "NEON" firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.65manat; "Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.30 manat; "SKY AGRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 25.95 manat.

Banklar vətəndaşları belə ALDADIR – Millət vəkili açıqladı

Azərbaycanda istehlak kreditlərinin faizləri ilə yanaşı, diqqəti çəkən digər məqam bankların ödəniş cədvəli ilə bağlıdır. Moderator.az-ın xəbərinə görə, iqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov bildirib ki, hazırda istehlak kredit portfeli 7 milyard manatdan çoxdur və 3 milyon vətəndaşımız bu kreditlər üzrə borclanıb. “Bütün bunlarla yanaşı, digər məqam bankların ödəniş cədvəlində ilk öhdəliklər üzrə faiz ödənişlərini önə salması ilə bağlıdır. Belə ki, rəqəmlər göstərir ki, istehlak kreditlərində ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Məsələn, əgər vətəndaşın ilk dövrlər üzrə aylıq ödənişi 300 manatdırsa, onun təxminən 120 manatı məhz faiz ödənişidir. Yəni kommersiya bankları kredit üzrə hesabladıqları faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlar. Eyni zamanda, müştərinin hətta yubanması yoxdursa və müəyyən müddətdən sonra birdəfəlik ödəniş ilə kreditini bağlamaq istəyirsə, bəlli olur ki, əvvəlki ödənişlərinin xeyli hissəsi faizlərə silinib. Əsas məbləğdə isə ciddi dəyişiklik baş verməyib. Bu o deməkdir ki, müəyyən müddətdən sonra vətəndaş krediti ödəyə bilmirsə və ya kreditini tam bağlamaq istəyirsə o zaman aydınlaşır ki, həmin zamanadək ödədiyi vəsaitin 40 faizə qədəri faizlərə çıxılıb”, - V. Bayramov qeyd edib. Millət vəkilinə görə, faiz ödənişlərinin əhəmiyyətli hissəsini ön aylara daxil etməklə banklar bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışsalar da, bu, müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır: “Bu, eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və bəzən də ədalətli bölgüsünə imkan yaratmır. Bu baxımdan banklar üçün əsas məbləğ və faizlər üzrə ödəniş qrafiki ilə bağlı ədalətli və proporsional bölgünün tövsiyəsi məqsədəuyğun olardı”.

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Sozcu.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,95 ABŞ dolları və ya 1,28% artaraq 74,80 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin öncəki qiyməti 73,85 dollar təşkil edib.

Kredit verən banklar nədən qorxur? - “Gəlirlərin bir çoxu leqal deyil”

Əksər banklarda təklif olunan biznes kreditlərinin faizləri yüksək, şərtləri isə ağırdır. Sahibkarların bir çoxu biznes kreditlərinin əlçatan olmamasından şikayətlənir. Amma bankların kredit şərtləri fərqlidir, əsasən kiçik, yaxud orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulub.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, sahibkarlıq subyektləri kredit müraciəti zamanı banklara düzgün uçot göstəriciləri təqdim etmirlər: “Ümumiyyətlə, Azərbaycanda maliyyə əlçatanlığı, kreditlərə çıxış imkanları elə də əlçatan deyil. Sorğular da onu göstərir ki, sahibkarlar üçün ən vacib müşkül məhz budur.  Faktiki olaraq, obyektiv və qeyri-obyektiv səbəblər var. Obyektiv səbəblər ondan ibarətdir ki, bank sektoru mövcud bazarda işləməkdə çətinliklərlə üzləşir. Çünki gəlirlər və biznes növlərinin bir çoxu leqal deyil. Bəzi sahələrdə isə ümumiyyətlə uçot aparılmır. Belə bir vəziyyətdə sahibkarın maliyyə vəziyyətini müəyyən etmək çox çətin olur. Digər tərəfdən, regionlarda girov-təminat realizə edilə bilmir”.  Ekspert qeyd edib ki, bu istiqamətdə dövlət bir sıra yumşaldıcı addımlara təşviq etməlidir: “Xüsusilə, 2015-ci ildən sonra yaranmış vəziyyətlə əlaqədar banklar daha ehtiyatlı davranmağa çalışdı. Əvvəlki dövrlərdə hətta “qara mühasibatlıq” əsasında banklar kreditlər verirdi. Lakin sonralar bu variantda problemlər ortaya çıxdı və banklar belə üsullardan əl çəkdi. Əlbəttə, müəyyən mexanizmlərin təkmilləşdirilməsi mümkündür. Düşünmürəm ki, əsas problem bankların hansısa sadələşdirməyə getməsidir. Çünki banklar özəl təşkilatlardır və öz pullarını daha etibarlı müştərilərə vermək istəyir. Yaxşı olar ki, dövlət də təminat mexanizmlərini təkmilləşdirsin. Bu istiqamətdə bir çox addımlar atmaq olar. Müxtəlif üsullarla dövlət bu istiqamətdə yumşalmaları təşviq edə bilər”.

Baba Rzayev töhmət alsa da “Azərenerji“nin ixrac gəlirləri kəskin azalır

Bu ilin üçüncü rübündə "Azərenerji" ASC 73,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 4,5 dəfə azdır.  “Yeni Sabah” bu barədə “İxrac İcmalı”na istinadən xəbər verir.  Məlumata görə son bir ildə dövlət şirkətinin ixrac gəlirləri 256 milyon manat azalıb. 2023-cü ilin ilk doqquz ayında "Azərenerji" xaricə 329,7 milyon dollarlıq məhsul ixrac etmişdi.  Qeyd edək ki, ASC dövlət şirkətləri arasında qeyri-neft məhsulları ixracına görə 5-ci yerdə qərarlaşıb.  Xatırladaq ki, bu ilin oktyabrın 10-da Baş nazir Əli Əsədovun sərəncamı ilə "Azərenerji”nin sədri Balababa Rzayevə şiddətli töhmət elan edilib. Buna əsas səbəb kimi 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi göstərilib.

“RUSİYADA MALİYYƏ BÖHRANI YETİŞİR” - Moskva “qara gün” üçün yığdığı Milli Rifah Fondunu boşaldır

Rusiya hökumətinin maliyyə sektorunda manevr imkanları tükənir. Qərbin sanksiyalardakı Moskvanın pul qazanmasına imkan verən boşluqları bağlamaqla Ukraynadakı müharibənin sonunu yaxınlaşdırmaq şansı var.  Sozcu.az xəbər verir ki, bunu ABŞ Demokratiyaları Müdafiə Fondunun baş elmi işçisi Peter Doran “Politico”da dərc edilən geniş məqaləsində yazıb. Mütəxəssis yazır ki, Vladimir Putin 2025-ci il üçün 436 milyardlıq dövlət xərclərinin 145 milyard dollarını hərbiyə xərcləmək niyyətindədir. Bu, Rusiyanın ÜDM-nin 6,3%-dən çoxunu təşkil edir və bu göstərici Soyuq Müharibədən bəri ən yüksək xərcdir. Bununla belə, o qeyd edib ki, müharibə ilə bağlı əlavə ödənişlər də illik büdcədən çıxacaq. O cümlədən: - Moskvanın Ukraynanın işğal olunmuş rayonlarında fəhlələrə ödədiyi əmək haqqı; - Yaralı əsgərlərə tibbi yardım; - Dağıntıların təmizlənməsi; - İnfrastrukturun təmiri və açıqlanmayan “gizli xərclər”. Doran qeyd edib ki, bütün bunlar nəzərə alındıqda, müharibə ilə bağlı Rusiya iqtisadiyyatı üzərindəki real yük ÜDM-in 10%-nə yaxınlaşır. Mütəxəssis bunu “heyrətamiz dərəcədə” ağır yük hesab edir. Onun qeyd etdiyi kimi, Rusiya büdcəsi ilə bağlı problem hökumətin müharibə xərclərini ödəmək üçün kifayət qədər pul almamasındadır. Kreml 2023-cü ildə təxminən 34 milyard dollar təşkil etmiş büdcə kəsirilə işləməyə məcburdur. Sanksiyalara görə, Moskva xarici borclar hesabına maliyyə vəziyyətini tarazlaşdıra bilmir və yerli kreditorlara hədsiz yüksək faiz dərəcələri ödəməyə məcburdur - 10 illik istiqrazlar üzrə 16%-ə qədər. Bundan əlavə, hakimiyyət “qara gün” üçün ayrılmış Milli Rifah Fondunu boşaldır. Normal şəraitdə Rusiya Milli Rifah Fondunun iki məqsədi var - yaxşı vaxtlarda əldə edilən artıq vergi gəlirlərini toplamaq və vəziyyət pis olanda neftin ucuz qiymətlərindən sığortalanmaq. Amma son vaxtlar Kreml müharibə xərclərini ödəmək üçün fondu boşaldır. 2021-ci ildə onun likvidliyi 117 milyard dollar idisə, bu gün cəmi 55 milyard dollardır. Milli Rifah Fondu boşaldıqdan sonra Moskva rejimin sabitliyi üçün risklər daşıyan qeyri-populyar addımlar atmalı olacaq: - Daha yüksək vergilər, o cümlədən rus elitası üçün; - Borclanma həcmlərinin artması; - Rubl emissiyası; - Əhaliyə sosial subsidiyaların və ödənişlərin azaldılması. Avropa və ABŞ üçün bu, Rusiya Federasiyasına daha çox təzyiq göstərmək üçün bir fürsətdir. Ekspertin fikrincə, bunun ən sürətli yolu Rusiya neftinin qiymətinin yuxarı həddini bir barel üçün 30 dollara endirmək və Çin, Hindistan, Avropa və ABŞ-dəki qeyri-qanuni alıcılara qarşı sanksiyaları sərtləşdirməkdir. Hələlik isə Qərbin müəyyən etdiyi indiki qaydalarda Moskva boşluq tapıb və ondan aktiv şəkildə istifadə edir ki, bu da ona pul qazanmağa imkan verir.AzPolitika.info)

Qızılın qiyməti rekord həddə çatdı

Dünya bazarında qızılın qiyməti ən yüksək həddə çatıb. Sozcu.az xəbər verir ki, Nyu York birjasında qızılın qiyməti 19.1 dollar artaraq 1 troy unsiyası üçün 2800 dolları keçib.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,32% azalaraq 2 740 ABŞ dollarına bərabər olub. Sozcu.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,38% azalaraq 33,67 ABŞ dollarına bərabər olub.

Beynəlxalq Bankda 6 milyon manatlıq azalma

ABB-nin xarici valyutadan gəliri 6 milyon manatdan çox azalıb. “Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2024-cü ilin 9 ayında xarici valyutadan 43 milyon 11 min manat gəlir (məzənnə dəyişməsi daxil olmaqla) əldə edib.  "Yeni Sabah" bu barədə bankın hesabatına istinadən xəbər verir. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 milyon 430 min manat və ya 13 % azdır. 2023-cü ilin 9 ayında ABB-nin xarici valyutadan gəliri 49 milyon 441 min manat təşkil edib. Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

"Turizm sahəsində qiymətlər əlçatan olmalıdır” - İqtisadçı

“Milli iqtisadiyyatın şaxələndirilməsi baxımından ölkədə turizmin inkişafına yönəlik investisiyaların həcminin artırılmasına və onun effektivliyinin təmin olunmasına xüsusi önəm verilməlidir. Dövlət infrastruktur seqmentini öz üzərinə götürməli, özəl sektor isə işgüzar fəaliyyətin canlanmasına doğru müvafiq istiqamətlər üzrə investisiyaları artırılmalıdır. Bunun üçün isə pul-kredit siyasətinin yumşaldılmasına, bank sektorunun bu işlərdə aktiv rol oynamasına ehtiyac var”. Bunu Bakupost.az -a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib. O qeyd edib ki, qış turizminin daha da inkişaf etdirilməsi üçün işlər görülməlidir: “Qusar, Quba, Xaçmazda artıq bu istiqamətdə müvafiq infrastruktur işləri görülüb. Eyni zamanda bazarda təklifin çoxalmasına, rəqabət mühitinin inkişafına ehtiyac var. Bu isə qiymətlərin daha əlçatan olmasına şərait yaratmalıdır. Eyni zamanda ölkəmizin Qərb bölgəsində, xüsusilə Gədəbəy rayonunda qış turizminin inkişafı ilə bağlı müvafiq infrastruktur və özəl sektorla bağlı işlərin reallaşdırılmasına ehtiyac var. Orada mövcud olan potensialın böyük hissəsi hələ də reallaşmayıb. Düşünürəm ki, aidiyyatı qurumlar bu məsələyə xüsusi önəm verməlidirlər”.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 73,06 dollara, yüngül neftin bir barreli isə 69,22 dollara satılır.