Maaş və pensiyalarda artımlar olacaq? - AÇIQLAMA

"Dünya bazarında "Brent" markalı neftin qiymətində artımlar müşahidə edilir. Son qiymətlər göstərir ki, bir barel "Brent” markalı neftin qiyməti 90 dollardan baha təklif olunur".  Bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.  Deputat əlavə edib ki, bir ay öncə bu rəqəm 82 ABŞ dolları təşki ledirdi: "Neftin qiymətindəki artımlar davam edir. Bu artımlar fonunda ölkəyə daxil olan xarici valyutanın həcmi də artır. Nəzərə almaq lazımdır ki, 2024-cü ilin dövlət büdcəsinin 45%-i, cari xərclərinin 70%-i sosial xərclər təşkil edir. Növbəti dövrlərdə fiskal gəlirlərimizə uyğun olaraq sosial istiqamətdə artımların olacağı istisna deyil". 

Azərbaycan neftində rekord BAHALAŞMA

Dünya bazarında Azərbaycan nefti bahalaşıb. Sozcu.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,77 dollar və ya 1,9 faiz artaraq 94,73 dollar olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

"Yəqin hansısa qalstuklu müəllim Rusiya istehsallı modelləri öz nəzarətinə götürüb" - Natiq Cəfərli

“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “AvtoVAZ”ın rəhbəri Maksim Sokolovun sözlərinə istinadən məlumat yayıb. Məsələ ilə bağlı iqtisatçı Natiq Cəfərli özünün feysbuk səhifəsində yazaraq,  bildirib ki, “istehsal” adı ilə təqdim etdilən avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir, bunun adı istehsal deyil, vintaçanla yığılmadır, rüsum-vergidən yayınma cəhdidir.  "Azərbaycada indi də “Lada” avtomobilləri yığılacaq, bəli-bəli, istehsal olunmayacaq, məhz yığılacaq. Yəqin hansısa qalstuklu müəllim Rusiya istehsallı modelləri öz nəzarətinə götürüb, “Lada”-nı Rusiyadan idxal edəndə büdcəyə N qədər rüsum-vergi ödənilir, maşınları tam hazır, amma, məsələn, güzgüsüz, təkərsiz, oturacaqsız gətirirsən, məmləkətdə güzgüsünü, oturacağını, təkərini yerinə bağlayıb silib-təmizləyirsən – olur “istehsal”, nə rüsum ödənilir, nə vergi.  Dəfələrlə hökumətə ictimai çıxışlarda demişik ki, maşın istehsalı yaxşıdır, amma detallarının ən azı 25-30%-i ölkədə istehsal olunmalıdır. Bu zaman yan sahələr yaranır, yeni iş yerləri açılır, yerli mütəxəssislər yetişir – bunların “istehsal” adı ilə təqdim etdikləri avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir, bunun adı istehsal deyil, vintaçanla yığılmadır, rüsum-vergidən yayınma cəhdidir. Vəssalam..."

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Sozcu.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutada belə göstəricilər cari ayın əvvəlində də qeydə alınmışdı.

Lirə daha bir tarixi antirekorda imza atdı

Türkiyə lirəsi bu gün növbəti dəfə ucuzlaşaraq, tarixi minimumunu yeniləyib. Sozcu.az xəbər verir ki, qardaş ölkədə 1 dollar artıq 32 lirəyədir. Avro isə 35 lirəni keçib.

İsveçrə parlamenti dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə hə dedi

İsveçrənin Kantonlar Şurası (parlamentin kiçik palatası) ölkədə bloklanan Rusiya aktivlərinin Ukraynaya verilməsinin lehinə səs verib. Parlamentin mətbuat xidmətinin məlumatına görə, belə bir qərarın qəbul edilməsi təşəbbüsü ölkənin ən böyük siyasi qüvvəsi - sağçı mühafizəkar Xalq Partiyası (SNP) istisna olmaqla, bütün parlament qrupları tərəfindən verilib. “Rusiya dövlətinin və ona yaxın təşkilatların sanksiyalar çərçivəsində dondurulmuş aktivləri təzminat kimi Ukraynaya verilə bilməlidir”, - Kantonlar Şurasının qəbul etdiyi qərarın mətnində deyilir. Qərarda Federal Şura (hökumət) “beynəlxalq səviyyədə tələb olunan hüquqi bazanı inkişaf etdirmək üçün tədbirlər görməyə” çağırılır. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin məlumatına görə, 25 noyabr 2022-ci il tarixinə İsveçrə Konfederasiyasında 7,5 milyard İsveçrə frankı (təxminən 8,55 milyard dollar) dəyərində maliyyə aktivləri və 15 daşınmaz əmlak dondurulub. Rusiya Mərkəzi Bankının İsveçrədəki ehtiyatlarının və aktivlərinin ümumi məbləği 7,4 milyard İsveçrə frankı (təxminən 8,44 milyard dollar) təşkil edir.

ABŞ ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçısı olaraq qalacaq

Administrasiyanın yanacaq üçün yeni ixrac müqavilələrinin təsdiqini dayandırmaq qərarına baxmayaraq, Birləşmiş Ştatlar mayeləşdirilmiş təbii qazın (MTQ) dünyanın ən böyük ixracatçısı olaraq qalacaq. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Cennifer Qrənholm Vaşinqtonda “Axios” portalının bərpa olunan enerji mənbələrinə keçidlə bağlı təşkil etdiyi konfransda çıxış edərkən deyib. “Proses çox düşünülmüş olmalıdır, çünki biz dünyada ən böyük MTQ ixracatçısıyıq və araşdırmalar nə göstərməsindən asılı olmayaraq belə qalacaq. Artıq bağlanmış müqavilələrə baxmayaraq, biz dünyanın ən böyük ixracatçısıyıq”, – o vurğulayıb. 65 yaşlı nazirin sözlərinə görə, ABŞ “2030-cu ilə qədər ixracı iki dəfə artıracağıq”. Nazir bildirib ki, bu, “artıq təsdiqlənmiş müqavilələr və artıq tikilən terminallar hesabına” gerçəkləşdiriləcək. Qranholm qeyd edib ki, avropalı müttəfiqlər qazıntı yanacaqlarından tədricən uzaq siyasət yürütsələr də, ABŞ-dən MTQ almağa davam etmək istərdilər. Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Cozef Bayden ölkədən MTQ ixracı üçün yeni müqavilələrin təsdiqi prosedurlarının dayandırılması barədə göstəriş vermişdi. “Reuters”ə görə, bu addım yeni MTQ istehsalı müəssisələrinin tikintisi ilə bağlı investisiya qərarlarının qəbulunun gecikməsinə səbəb ola bilər.

Ölkədə devalvasiya həyəcanı: Vətəndaşlar banklara axışdı - Manatın aqibəti necə olacaq?

Azərbaycanda devalvasiyanın olması ilə bağlı bir sıra iddialar vətəndaşlar arasında təşvişə səbəb olub. İnsanların manata olan inamı günü-gündən zəifləyir. Vətəndaşlar banklarda olan vəsaitlərini dollara çevirməklə özlərini mövcud risklərdən qorumağa çalışır, ya da bankdakı əmanətlərini geri çəkirlər. Ekspertlər isə bu barədə narahatlığa əsas olmadığını diqqətə çatdırırlar.  Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu mövzuda sürprizlərin olması istisna deyil:  “Bu kimi hallar mümkündür. Müəyyən dövrlərdə depozitlərin valyuta strukturunda dəyişmələr baş verə bilər. Bu, bazarda yaranan meyllərdən qaynaqlanır. Yaxud valyuta depozitlərinin həcmində müxtəlif səbəblərdən bir neçə dəyişiklik baş verir. Ənənəvi hal daha çox yay aylarında, turizm mövsümü dövrlərində müşahidə olunur.  İndiki şərtlər daxilində düşünmürəm ki, müvafiq təzyiqlər devalvasiya yarada biləcək səviyyədədir. Hazırda Azərbaycanda bütün iqtisadi faktorlar onu göstərir ki, hökümət əgər üzən məzənnə rejiminə keçərsə, manat möhkəmlənəcək. Ola bilər ki, bazarda bir neçə həftə fərqli nəticələr görülsün. Amma sonrakı mərhələlərdə manat möhkəmlənəcəkdir.  İqtisadi faktorlar, neftin qiyməti, tədiyyə balansı, ticarət saldosu, strateji valyuta ehtiyatlarının həcmi kimi faktorlar faktiki olaraq, eyni zamanda hökümətin verdiyi mesajlar onu deməyə əsas verir ki, hökümətin də fikri manatın məzənnəsini sabit saxlamaqdır. Bütün bunlar hazırda devalvasiya üçün heç bir risk olmadığını sübut edir. Devalvasiya yalnız Mərkəzi Bankın qəbul etdiyi və yaxud hökümətin hansısa dairələrinin təsiri ilə qəbul edilən qərar nəticəsində mümkündür. Sosial təsisatlar da kifayət qədər böyükdür. Son iki ildə ciddi infilyasiya göstəriciləri ilə bazarda qiymətlər bahalaşdı. Bu il şans yaranıb ki, infilyasiyaı müəyyən qədər nəzarət olunan çərçivəyə endirilsin. Bu şərtlər daxilində diktə edilən devalvasiya qərarı infilyasiyaya mənfi təsir edib, onu artıra bilər. Bu da arzuolunmazdır. Biznes və maliyyə sektoru, vətəndaş, hətta dövlətin özü belə buna hazır deyil. Devalvasiya Azərbaycana indiki şərtlər daxilində böyük iqtisadi dividentlər vəd etmir. Bütün bunlarla yanaşı, sürprizlərin olma ehtimalı da var. 90 faiz gözlənti ondan ibarətdir ki, ümumiyyətlə bu il ərzində ciddi təzyiq yaranmasa, kənar faktorların təsiri ortaya çıxmasa devalvasiya olmayacaq”.  İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib ki, devalvasiyanın olması üçün ölkədə heç bir zərurət yoxdur: “Dollara olan tələbin artması düşünürəm ki, hazırkı məqamda daha çox psixoloji faktorlardan qaynaqlanır. İdxalın artmasını səbəb kimi göstərilməsi və birbaşa onunla əlaqələndirilməsi tam özünü doğrultmaya bilər. Buna səbəb idxal üzrə olan göstəricilərlə dollara olan tələb arasında düzmütənasiblik yoxdur. Psixoloji təsirlərdən dolayı, insanların bəzi hallarda öz əmlaklarını sataraq, həmçinin, bəzi hallarda manatla olan depozitlərini dollara çevirməsi kimi hallar yaşanır.  Burada Mərkəzi Bank tərəfindən qeyd etdiyim kimi, valyuta intervensiyası həyata keçirilə bilər. Amma birbaşa yox, verbal intervensiya metodu olar ki, bunu da psixoloji gərginliyin azaldılması üçün atılan addım kimi qiymətləndirmək mümkündür. Devalvasiyanın olub-olmayacağı ilə bağlı rəsmi açıqlama dollara olan indiki tələbi və yaranmış gərginliyi azalda bilər. Ancaq bu barədə dəqiq məlumat vermək olduqca çətindir. Əgər üzən məzənnə olsa idi, həmin sualı cavablamaq üçün ehtimal yuxarı səviyyədə olardı. Ancaq bu vəziyyətdə manatın məzənnəsi Mərkəzi Bankdan birbaşa asılıdır. Belə bir durumda onların hansı qərarı verəcəyi barədə öncədən proqnoz vermək çox çətindir. Bir məsələni də qeyd edim ki, hazırda ölkədə devalvasiyanın olması üçün zərurət yoxdur”.  

3-dən çox uşağı olan ailələrə müavinət verilsin - TƏKLİF

"Azərbaycanda uşaqlı ailələr üçün müavinət və eləcə də digər güzəştlər beşdən çox uşağı olan qadınlara şamil olunur. Hazırda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir. Eyni zamanda, proporsional olaraq çox uşaqlı ailələrdə qadınlar daha tez pensiya çıxmaq hüququ əldə edirlər. Sozcu.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib. O qeyd edib ki, çox uşaqlı ailələrin daha yaxından dəstəklənməsi təqdirəlayiqdir: "Azərbaycan təbii artıma malik olan ölkələrdən olsa da belə təşviqedici metodlar ilə bu tendensiyanın qorunub saxlanması çox vacibdir. Bununla yanaşı, çox uşaqlı ailələrin sayına yenidən baxılması və dəyişdirilməsi məqsədə uyğundur. Belə ki, keçmiş ittifaq dağılandan sonra çox uşaqlı ailələrin sayında kəskin azalmalar müşahidə edilməkdədir. Bu isə "çoxuşaqlı ailə" anlayışına yenidən baxılmasını zəruri edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sonuncu siyahıya almada 2 milyon 293 min ailə qeydiyyatdan keçib. 1 milyon 347 min ailədə isə 18 yaşadək uşaqlar var. Say baxımdan 2 uşaqlı ailələr üstünlük təşkil edir: 557 min ailə. 6 və daha çox uşağı olan ailələrin sayı isə 16 min 169-dır. 9 332 ailədə altı, 3 565 ailədə yeddi, 1 748 ailədə səkkiz, 1 524 ailədə isə doqquz və daha çox uşaq var. Göründüyü kimi, 6 və daha çox uşağı olan ailələrin sayı ölkə üzrə ümumi ailələrin sayı ilə müqayisədə xeyili azdır". Deputatın sözlərinə görə, bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsi baş verərsə, bu, daha çox ailəni əhatə edə bilər. Hazırda 110 min ailədə 4 və daha çox uşaq var: "Bu isə o deməkdir ki, çox uşaqlı ailə anlayışına yeni yanaşma olduğu halda 110 min ailə bu növ müavinətdən faydalana bilər. Bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsinin maliyyə yükünün hesablanması və buna uyğun qərarın verilməsi məqsədəuyğun olardı".

Azərbaycanda bu məhsul da bahalaşdı...

Azərbaycanda toyuq ətində bahalaşma nəzərə çarpır. Gündəlik tələbat məhsulları sırasına daxil olan bu məhsulun qiymətində 1-2 manat arasında dəyişiklik müşahidə edilir. Bəs bu artım əhalinin məhsula olan tələbatı, yoxsa istehsalın azalması ilə bağlıdır?  Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, bahalaşmanın əsas səbəbi əhali arasında toyuq məhsullarına olan təlabatın artmasıdır:  “Toyuq məhsullarının qiymətində müəyyən qədər artım müşahidə edilir. Bunun da əsas səbəbi insanların toyuq ətinə olan təlabatının artmasıdır. Tələbatın artmasına isə mal və qoyun ətindəki bahalaşma səbəb olub. Bu səbəbə görə əhali toyuq məhsullarına üz tutub. Bu da öz növbəsində toyuq əti və bu növdən olan məhsulların qiymətində müəyyən bahalaşmaya gətirib çıxarıb. Çünki təlabat artırsa, qiymət artımı da qaçılmazdır”.  Eyyub Hüseynov qeyd edib ki, bir qrup şəxs toyuq məhsullarındakı qiymət artımına müəyyən dərəcədə təsir edə bilər:  “Azərbaycan özünü quş məhsulları ilə tam təmin edə bilər. Bu barədə müəyyən addımlar atılmalıdır. Onlardan biri də xaricdən gələn bu mallara verilən üstünlüyün aradan qaldırılmasıdır. Quşçuluq məhsullarının istehsalı ilə məşğul olan insanlar bir qrupdur. Bu şəxslər həmin məhsulların bahalaşması üçün qiymət sövdələşməsinə də təsir edə bilər”.  Azad İstehlakçılar Birliyinin sədri onu da vurğulayıb ki, bu məhsulların qiymətində ucuzlaşma müşahidə edilməsi gözlənilən deyil. 

Azərbaycanda avtomobillər bahalaşacaq

“Azərbaycana idxal olunan avtomobillərin qiymətində artım olacaq. Ölkəyə gətirilən köhnə avtomobillər isə ən azı 5 faiz bahalaşacaq”. Bunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bakupost.az -a deyib. O bildirib ki, avtomobillərin qiymətinin bahalaşmasına səbəb ölkəyə idxal olunan avtomobillərə istehsal ili 4-7 ilədək olduqda 400, 7 ildən artıq olduqda 700 manat utilizasiya haqqının ödənilməsidir: “Fikrimcə, utilizasiya haqlarına görə avtomobil bazarında kəskin qiymət artımı olmayacaq. Sadəcə, əgər kimsə avtomobili satmaq məqsədi ilə ölkəyə idxal edirsə, utilizasiya rüsumu onun üzərinə gələcək. Yəni artım 3-5 faiz olacaq”. Ekspert qeyd edib ki, hazırda iri avtomobil sənayeçiləri qiyməti artırırlar. Bunu onunla əlaqələndirirlər ki, dünya bazarında ehtiyat hissələrinin, daşınma xidmətlərinin qiyməti yüksəlib. Bu səbəbdən də yay aylarında avtomobillərin qiyməti bahalaşacaq.

Bankların dollar tələbi kəskin artıb – Devalivasiya təhlükəsi var?

Dünən Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 151.1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.  Bu göstərici ötən hərracdan 2.5 dəfə çoxdur. Belə ki, 8 fevralda keçirilən valyuta hərracında banklar 61.4 milyon dollar alış həyata keçirib. Bəs görəsən banklarda birdən-birə artan bu cür dollar tələbi nədən xəbər verir? Bu tendensiya yaxın gələcəkdə devalivasiya təhlükəsi yarada bilərmi?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı ekspert Əkrəm Həsənov artımın bankların müştərilərinin dollara olan tələbinin artması ilə izah edib. “Bankların hərracda hansı məbləğdə pul tələb edəcəyini öncədən heç vaxt müəyyən etmək olmur. Bu onu göstərir ki, bankların müştərilərində tələbat çoxalıb. Belə başa düşmək olar ki, ilin əvvəli sahibkarların biznesində aktivlik artır. Sahibkarlara xarici valyuta yəni dollar lazımdır. Lakin bu uzunmüddətli tendensiya deyil. Biz əgər ötən ilə baxsaq, təxminən eyni dərəcədə tələbat gah artıb, gah da düşüb. Bu da bankların tələbatına bağlı olan bir şeydir. Ona görə bunu devalivasiya ilə əlaqələndirmək düzgün olmaz”.  Ekspert yalnız dollar tələbinin stabil artımı zamanı devalivasiya riskinin ola biləcəyini deyib. “Devalivasiya o zaman baş verə bilər ki, bankların Mərkəzi Bankdan tələb etdikləri dolların məbləği artan tendensiya ilə davam etsin. Bu tendensiya isə dəyişkən formada davam edir. Hər bir halda Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir. Hazırda devalivasiya təhlükəsiz yoxdur. Məsələn, növbəti hərracda bankların tələb etdikləri dolların həcmi indikindən çox daha az məbləğdə ola bilər. Ən azı 3-4 ay dollar tələbində yüksəlmə olsun ki, bu hansısa devalivasiya və dollar qıtlığından xəbər versin”.