Paytaxt bazarlarında xiyar və pomidorun qiyməti bahalaşıb. Belə ki, bir neçə gün əvvəl 70 qəpiyə satılan xiyar 1 manat 50 qəpiyə, 1 manata satılan pomidor isə 2-3 manata təklif edilir.
Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı danışıb. O açıqlamasında bildirib ki, paytaxt bazarı respublikanın digər bazarlari ilə sinxron deyil.
Onun sözlərinə görə, bütün kənd təsərrüfatı mallarının paytaxt bazarlarına - istehsalçıdan istehlakçıya qədər çatdırılma zəncirinin ortasında “Meyvəli bazarı" dayanır:
“Paytaxta çatdırılan istənilən meyvə-tərəvəz məhsulu yalnız bu süzgəcdən keçib gəlir. Yəni onların sənədi olmadan heç bir market o malı qəbul etmir. “Meyvəli” bazarında da bazarın üçüncü bir subyekti hökmranlıq edir, malı gətirənlərdən alıb, üstünə sənədi qoyub, paytaxt dükanlarına çatdıran başqa bir alverçi qrupu var”.
Ekspert bu adamların qiymətin dəyişməsində böyük rol oynadıqlarını bildirib:
“Onlar çox asanlıqla qiyməti təyin edirlər və paytaxt bazarına göndərirlər. Yeni qəbul olunmuş Rəqabət Məcəlləsində bu adamlara qarşı müəyyən maddələr var. Düşünürəm ki, qanun qüvvəyə minəndən sonra bu vəziyyət dəyişəcək”.
E.Hüseynovun sözlərinə görə, sadalanan problemlər fərdi kənd təsərrüfatıyla məşğul olan insanların birbaşa Bakı bazarlarına çıxışını əngəlləyir:
“Çünki onların yetişdirdiyi mallar Bakı bazarının tələbatına uyğun deyil. İkincisi, onlar “Meyvəli” süzgəcindən keçmədikdə Bakı bazarlarına daxil ola bilmirlər. Çünki bağazalar onların mallarını qəbul etmir. Bura illər boyudur Cəlilabad rayonundakı kartof satışı problemini də daxil etmək olar”.