Hərbçilərin maaşları artırıldı - RƏSMİ

Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri artırılıb.  Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.  Qərarla Azərbaycan Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.  Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir. 

Manatın məzənnəsi ilə bağlı proqnoz açıqlandı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Blumberq" Maliyyə Laboratoriyası 2024-cü il üçün manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb. Bu barədə Sozcu.az-a UNEC-dən məlumat verilib. UNEC-in proqnozuna görə, Mərkəzi Bankın son hərraclarında dollara olan tələbin azalması və rəsmi rezerv ehtiyatının artaraq, 11 milyard 613 milyon dollara çatması 2024-cü ildə manatın məzənnəsinə təhdid olmadığını göstərir.

Avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ - Bu maşınlar dəyərini 50 % itirir / SİYAHI

Təcrübəli sürücülər, bir avtomobili almadan əvvəl, onun köhnəlmə sürəti ilə maraqlanırlar. Sozcu.az verir ki, mütəxəssislər yenidən satmaq üçün sərfəli olmayan 10 avtomobilin adını açıqlayıb. Lider üç illik istifadədən sonra ilkin dəyərinin 55,8%-ni itirən “Acura RLX” sedanı olub. İkinci yerdə üç illik istismardan sonra qiymətinin 55,6%-ni itirən “Lincoln MKZ” sedanı qərarlaşıb. Üçüncü yeri eyni dövr ərzində dəyərini 55,4% itirən “Mercedes-Benz E-Class” biznes sinif avtomobili tutub. Dördüncü yerdə 54,8% ucuzlaşma ilə lüks sedan “Jaguar XF” qərarlaşıb. İlk altılığa həmçinin “Cadillac XTS” və “Lincoln MKZ” Hybrid daxildir ki, onların hər biri üç il ərzində öz dəyərinin 54,5%-ni itirir. İlk 10-luq siyahısına həmçinin “Kia K900” (54,4%), “BMW 5 Series” (53,8%), “Cadillac CTS” (53,8%) və “Audi A6” (53,3%) kimi modellər daxildir.konkrert)

Bu qurumda maaşlar azaldıldı: ixtisarlar başladı

Su İdmanı Sarayında işçilərin maaşları azaldılıb. Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, işçilərin əmək haqları 25-30% endirilib. Qurumun bəzi əməkdaşları maaşlarının azaldılmasına etiraz olaraq işdən ayrılacaqlarını bildiriblər. Faktı Su İdmanı Sarayının ictimaiyyətlə əlaqələr şöbəsindən təsdiq ediblər.

Bu keçmiş məcburi köçkünlərin müavinəti dayandırılacaq

Əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış məcburi köçkünlərə verilən vahid aylıq müavinət 3 il müddətinə dayandırılacaq. Sozcu.az xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb. Bildirilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir: “Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkümlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılacaq. Qeyd edək ki, müavinətin ödənişi Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə tənzimlənir.

“ŞİMALİ MƏKKƏ”-Nİ GÖR: 2023-cü İLDƏ İSLAM ÖLKƏLƏRİNDƏN RUSİYAYA TURİST AXINI 1,5-2 DƏFƏ ARTIB

İslam dünyasının bir çox ölkələrindən gələn turistlərin sayında nəzərəçarpacaq artım Rusiya Federal Dövlət Statistika Xidməti tərəfindən qeydə alınıb (daha ətraflı cədvəldə*). 2022-ci ildə Türkiyə, İran, Tacikistandan gələn qonaqların sayı təxminən iki dəfə, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı isə 5,5 dəfə artıb. Bu gün Rusiyada 20 milyondan çox müsəlman yaşayır (bu, bir çox Avropa ölkələrinin əhalisindən çoxdur), onların əhəmiyyətli bir hissəsi Tatarıstan Respublikasında yaşayır. Bu unikal bölgənin mədəniyyəti iki böyük sivilizasiyanın qovşağında inkişaf etmişdir: Şərq və Qərb. Əsasən Tatarıstan sayəsində İslam ölkələrindən Rusiyaya turist axını hər il 15% artır. Bu fikri Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Dmitri Vaxrukov Tatarıstan Respublikasının paytaxtında keçirilən "Rusiya – İslam dünyası: KazanForum" 2023 Beynəlxalq İqtisadi Forumunda ifadə edib. Müsəlmanlar arasında Tatarıstan Respublikasına maraq təsadüfi deyil - bura İslam orta əsr memarlığı qorunub saxlanılan, heyrətamiz təbiət abidələri və turistlər üçün inkişaf etmiş Halal infrastrukturu olan dünyanın ən şimal bölgəsidir.  Kazan yaxınlığındakı Volqa çayının sahilində "Şimali Məkkə" adlanan qədim Bolqar şəhəri yerləşir. Bu, orta əsr müsəlman memarlığının nadir abidəsi, arxeoloji qazıntılar və tarixi kəşflər yeridir. 922-ci ildə müasir Tatarıstanın əcdadı olan Volqa Bulqariyası burada islam dinini qəbul edib. Tədbir ənənəvi olaraq may ayında qeyd olunur - “İzge Bolqar Zhyeny” bayramında Rusiya Federasiyasından və xaricdən minlərlə müsəlman qədim şəhəri ziyarət etməyə can atırlar. Böyük Bolqarda siz orta əsr kafedral məscidinin Böyük minarəsindən ətrafı seyr edə, Şərq və Şimal məqbərələri, Xan sarayının qorunub saxlanmış qalıqlarını, xan ailəsinə məxsus hamam və türbəni, həmçinin Kiçik Minarəni və ağ əhəng daşdan hazırlanmış 14-cü əsrin ən sirli və gözəl binalarından biri olan əfsanəvi Qara Palata-nı ziyarət edə bilərsiniz. Bolqar Muzey-Qoruğunun ərazisində dünyanın ən böyük çap olunmuş Qurani-Kərimin saxlanıldığı müasir İslam Muzeyi yerləşir. Kitabın ölçüləri 2×1.5 metr, çəkisi isə 800 kiloqramdır. Kitabın üz qabığı qiymətli metallar və daşlarla malaxitdən hazırlanmışdır. Tatarıstanda İslam əməkdaşlıq Təşkilatının (İƏT) 57 ölkəsinin nümayəndələrini birləşdirən Kazan Forumun keçirildiyi günlərdə Bolqara gələnlərin sayı xeyli artır. Ənənəvi olaraq, Forum may ayında “İzge Bolqar Zhyeny” bayramı zamanı keçirilir və iştirakçılar üçün mədəni proqramla İslam ziyarətgahlarına ekskursiyalar təşkil olunur. Keçən il bayramın özəlliyi Məhəmməd peyğəmbərin 10 orijinal yadigarının sərgisi oldu.  Dünyanın hər yerindən bir çox zəvvar Tatarıstanın müasir incisini - Ağ Məscidi ziyarət etmək üçün Bolqara gəlirlər. Bu nəhəng memarlıq ansamblı ruhanilər iqamətgahı, mədrəsə və əzəmətli minarələri olan məsciddən ibarətdir. Xarici görünüşünə görə o, məşhur dünya din və mədəniyyət abidəsi - Tac Mahal məqbərəsini xatırladır. Ağ Məscid 2012-ci ildə tikilib və o vaxtdan Rusiyada dünya İslam memarlığının şah əsərlərindən birini öz gözləri ilə görmək istəyən minlərlə xarici turisti cəlb edib. Burada müqəddəs sayılan Məhəmməd peyğəmbərin saç teli də qorunub saxlanılır. Onu namaz zalının divarında şüşə arxasında görmək olar. Bolqar tarixi-arxeoloji kompleksi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Zəngin mənəvi ənənələri, İƏT — in 2022-ci ildə "İslam dünyasının Gənclər paytaxtı" statusu verdiyi Kazan şəhəri də qoruyub saxlayır. Burada müsəlman ölkələrindən gələn qonaqlar Rusiyada və dünyada qalan yeganə Tatar ağ daş qalası olan "Kazan Kremli" muzey-qoruğunu görə və ziyarət edə bilərlər. Kazan Kremlinin obyektləri X əsrdən bəri tikilib və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Bunların arasında: Rusiya və Avropadakı ən böyük məscidlərdən biri olan Kul Şərifin əsas katedral məscidi, XVI əsrdə Moskvanın əsas Katedralinin memarları tərəfindən yaradılan Tatarıstan Respublikasının Mərkəzi Katedrali; dünyanın ən məşhur əyilən qüllələrinin Top 10-unda yer alan məşhur Süumbike əyilən qülləsi; qədim xan məqbərələri. Tatarıstan Respublikasının Rais iqamətgahı da burada yerləşir. 2024-cü ildə yubiley XV KazanForum-da işgüzar proqramla yanaşı, dünya islamının inkişaf tarixinə də nəzər salınacaq. Forumun qonaqları qədim tatar şəhərləri, mənəvi eksponatlar, ən böyük çap olunmuş Qurani-Kərim, Məhəmməd peyğəmbərin irsi ilə tanış olacaq, Rusiyada ənənəvi İslamın mənşəyi haqqında məlumat əldə edəcəklər.  Müsəlmanlar üçün vacib bir xüsusiyyət: indi Rusiya İslam qaydalarına uyğun olaraq oteldə yerləşdirmə, yemək və hətta tibbi və maliyyə xidmətləri ilə halal turizm təklif edir. Bu il Rusiyada xidmət obyektlərinin sertifikatlaşdırılmasına və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla İslam ölkələrindən gələn qonaqlara tam halal xidmət göstərilməsinə imkan verən “Halal məhsullar və xidmətlər” dövlət standartı qəbul edilib.  Xüsusilə, Tatarıstan Respublikasına artıq müsəlman turları təşkil olunur, burada Halal standartlarına uyğun otellərdə qala və ya Halal tibb müəssisəsində sağlamlıq prosedurlarından keçə bilərsiniz. Beləliklə, 2023-cü ilin dekabrında “Turizm və Otelçilik Sənayesi” milli layihəsi çərçivəsində “Bir üfüqün iki paytaxtı” marşrutu üzrə yeni “Moskva + Kazan” turizm istiqaməti təqdim olundu. Marşrutla ilk tanış olanlar arasında İndoneziya və Malayziyadan olan turoperatorlar olub.

Türkiyədə 1 dollar 37 lirəyədək bahalaşa bilər - PROQNOZ

2024-cü ilin son rübündə Türkiyə lirəsinin dollara nisbətdə bir qədər də ucuzlaşacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin bəzi KİV-lərində çıxış edən ekspertlər bildiriblər. Proqnozlara görə, bu yaxınlarda dollar qarşısında tarixi minimumunu (bir dollar üçün 30 lirə) yeniləyən türk lirəsinin dəyəri daha da aşağı düşərək 37 lirəyə çata bilər. İqtidsadşı ekspert Mustafa Rəcəb Erçin bildirib ki, Türkiyənin milli valyutasının məzənnəsini proqnozlaşdırmaq çətindir. Onun fikrincə, hökumət çətin ki, devalvasiyaya yol versin. "Türkiyədə xarici valyutanın qiymətinin necə olacağını proqnozlaşdırmaq çətindir, təbii ki, inflyasiya dərəcələrini nəzərə alsaq, 2024-cü ildə məzənnənin indiki səviyyədən bir qədər yuxarı stabilləşəcəyini gözləmək olar. Mövcud iqtisadi proqram deinflyasiyaya əsaslandığı üçün, bu, 2024-cü ildə sabitləşəcək. Deyə bilərəm ki, iqtisadi idarəetmə çətin ki, inflyasiya prosesində devalvasiyaya yol versin”. Türkiyənin Statistika İnstitutunun (TÜİK) məlumatına görə, dekabrda inflyasiya noyabrda olan 61,98%-dən 64,77%-ə yeksəlib. Türkiyənin maliyyə naziri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, hakimiyyət gələn ilin sonuna qədər inflyasiyanın təxminən yarıya qədər azalaraq 34%-ə düşəcəyini gözləyir. Dekabrda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırıb.

Beş mərtəbədən hündür bina tikməyə İCAZƏ VERİLMƏYƏCƏK - BAKIDA QADAĞA

“1000 hektardan çox ərazi var ki, burada xüsusi mühafizə olunan zona təyin olunub. Burada tarixi abidələrin sıxlığı nəzərə alınıb ki, orada tikinti məsələlərinə məhdudiyyət qoyulub”. Sozcu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.  O bildirib ki, bu ərazidə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək:O bildirib ki, xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.(oxu.az)

Pensiyalar artırıldı - Əlavələr bu tarixdə ödəniləcək

Pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək: "Mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının tapşırığında bu istiqamətdə mesaj var. Minimum pensiyanın bu il də artırılacağı gözlənilir". Sədr vurğulayıb ki, bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını ala bilər. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Vətən müharibəsi qazilərinin kredit borcları silinəcək

Banklar bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarını siləcək. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası"nın sədri Zakir Nuriyev bildirib. O xatırladıb ki, son antiterror əməliyyatları zamanı və onda öncə Vətən Müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib. "Eyni zamanda qazilərimizin kredit borclarına hesablanmış faizlər dayandırılıb. Bundan başqa bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçiriləcək. Qarşıdakı dövrdə də Azərbaycanın bank və sığorta sistemləri qarşılıqlı şəkildə mövcud olan, meydana çıxan biləcək problemlərin həllinə yaxından dəstək verəcək", - deyə Z.Nuriyev əlavə edib.

Azərbaycanda şok bahalaşma: Aprel ayına qədər qiymət artımı olacaq!

Artıq 2024-cü ilin birinci həftəsi başa çatıb. Mağaza və bazarlarda bir sıra məhsullarda bahalaşmalar müşahidə olunur. Bu bahalaşmaların süni qiymət artımı yoxsa təbii artım olduğu məlum deyil. Xüsusilə ət və ət məhsullarında, eləcə də tərəvəzlərdə bahalaşmaların olduğu bildirilir. Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, kəskin qiymət artımları aprel ayına qədər davam edəcək: "Son 10-15 ili monitorinq etsək, ərzaq məhsullarında bahalaşma həmişə noyabr-dekabr aylarından mart ayına qədər davam edir. Bu, Yeni İl, Novruz kimi bayramlarla əlaqədar tələbin artması ilə bağlıdır. İndi buna spesifik xüsusiyyətlər də əlavə olunub. Çünki bu illər ərzində özümüzü ərzaqla təmin etmək istiqamətində ciddi irəliləyiş əldə olunmayıb. Bu istiqamətdə xaricdən təxminən 70-75 faiz civarında asılıyıq". Ekspertin sözlərinə görə, son illər xaricdə də qiymətlərin artması ölkəmizə idxal olunan məhsulların qiymətinin daha kəskin bahalaşması ilə müşahidə olunub. "Eyni prosesləri görürük. Yeni il, eləcə də yerli məhsulların mövsümlə əlaqədar bazardan çəkilməsi ilə paralel olaraq qiymətlərin kəskin artdığının şahidi oluruq. Təəssüf ki, bu hal təxminən aprel ayına qədər belə davam edəcək. Aprel ayından sonra müəyyən səngimələr ola bilər. Payızın ilk aylarına qədər qiymət artımında sürət azalacaq. Lakin bu, proseslər son illərin təcrübəsinə əsaslansa, təqribən noyabr ayının ortalarından daha kəskin qiymət artımını müşahidə edəcəyik. Təəssüf ki, bu pradiqmadan ölkə uzun illərdir çıxa bilmir", - o vurğulayıb. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli yanvarından 1-dən bu yana ciddi bahalaşma meyillərinin müşahidə edilmədiyini söyləyib: "Ötən ilin son 20 günündə bütün ərzaq məhsullarında bahalaşma müşahidə edildi. Vətəndaşlarımız bayram hazırlığı ilə bağlı olaraq daha çox ərzaq məhsulları alıblar. Ərzaq məhsullarının dövriyyəsi artdığı üçün  sahibkarlarımız da bundan daha çox qazanmağa çalışıb. Beləliklə, bayram gününə kimi müəyyən qədər bahalaşma öz işini gördü. Yeni ilin ilk həftəsini yenicə geridə qoyuruq. Yanvarın  birindən bu yana hələlik ciddi bahalaşma meyilləri müşahidə edilmir. Hazırda qiymətlərdə müəyyən sabitlik var. Hətta bəzi məhsullarda müəyyən ucuzlaşmalar olub. Mətbuatda iki gün əvvəl belə ehtimallar irəli sürüldü ki, balıq əti ucuzlaşacaq. Əsasları da ondan ibarət idi ki, ölkəyə balıq idxalı genişlənib. Bu inandırıcı görünmür". A.Nəsirli qiymətlərlə bağlı durumun hökumətin atacağı addımlardan asılı olacağını vurğulayıb: "Qiymətlərin bahalaşması, özünü bazarda aparması hökumətin qarşıdakı və ondan sonrakı həftədə verəcəyi qərarlardan çox asılıdır. Gözləyək. Vəziyyəti dəyərləndirmək üçün ən azı bir iş həftəsini geridə qoymalıyıq".

Üç gündən sonra pensiyalar, maaş nə qədər artacaq?

Minimum maaşdakı artımlar il başladıqdan sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla reallaşır. Bir sıra artımlar öncədən büdcə paketində öz əksini tapıb və bu qanunvericiliklə təsbit olunmuş artımlardır. Məsələn, pensiyadaki artımlar 2023-cü ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır. Buna görə də bunu əvvəlcədən hesablamaq mümkündür. Minimum maaşda hər il artımlar həyata keçirilir. Bu da təbii ki, həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımından kifayət qədər vacib addımlardır. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. Bayramov bildirib ki, ilkin qiymətləndirmələrə görə yanvar ayında pensiyalar təxminən 11% artacaq: “Eyni zamanda ünvanlı sosial yardım çərçivəsində sosial yardım alan vətəndaşlarımızın da yardımlarında artımlar olacaq. Bu, birbaşa ehtiyac meyarının 270 manata çatdırılması ilə bağlıdır və təxminən 10%-lik artım deməkdir”. Millət vəkilinin sözlərinə görə, 2024-cü ildə minimum əmək haqqı ilə əlaqəli qərar fiskal gəlirlərimizdən asılı olaraq veriləcək: “Nəzərə alsaq ki, 2024-cü ilin büdcəsi təsdiq olunur, bu baxımdan fiskal gəlirlərimiz çox önəmli olacaq. Büdcədə sosial xərclərin payı kifayət qədər yüksəkdir. Ümumi xərclərin 45%-ni sosial xərclər təşkil edir. Ona görə də növbəti ildə həm minimum maaş, həm də sosial müavinətlə bağlı qərar fiksal gəlirlərimizdəki vəziyyətə uyğun olaraq qəbul ediləcəyi gözlənilir”.