Son günlər dünya bazarlarında qızılın qiymətində davamlı artım müşahidə edilir. Bu bahalaşma təkcə beynəlxalq maliyyə bazarlarını deyil, həm də yerli bazarlardakı qiymətləri dəyişməyə məcbur edəcək. Azərbaycanda da qızılın dəyərinin yüksəlməsi həm xammal, həm də hazır zərgərlik məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək.
Bəs zinət əşyaları almaq istəyənləri hansı yeniliklər gözləyir? Qiymətlər necə dəyişəcək?
İqtisadçı Xalid Kərimli dünya bazarındakı son proqnozları Yenisabah.az-a açıqlamasında belə dəyərləndirib:
“Təbii ki, dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi Azərbaycana da təsirsiz ötüşməyəcək. Bu bahalaşma həm təmiz qızıl, həm də zərgərlik məmulatlarının qiymətində artımla nəticələnəcək. Qızılın dəyərinin qalxması təkcə yerli bazarlara deyil, bütün qlobal iqtisadi proseslərə təsir etdiyindən, bu tendensiya Azərbaycanın qızıl bazarında da özünü göstərəcək”.
Maliyyə analitiki qeyd edib ki, sözügedən bahalaşma tədricən baş verəcək:
“Əvvəlki qiymətlərlə qızıl ehtiyatı toplamış zərgərlər müəyyən müddət ərzində bu malları nisbətən ucuz qiymətə təklif edə bilsələr də, yeni gətirilən məhsullara artıq dünya bazarlarındakı qiymət artımı təsir edəcək. Bu isə o deməkdir ki, qızıl zərgərlik məhsullarının, o cümlədən, zinət əşyalarının dəyəri əhəmiyyətli dərəcədə yüksələcək”.
Ekspert onu da vurğulayıb ki, bütün ölkələrdən idxal olunan qızıl mallarında bahalaşma gözləniləndir:
“Qızılın qiymətindəki dəyişikliklər ölkənin idxal etdiyi məhsullardan asılı olmadan bazara təsir göstərir. Çünki əsas amil xammal – qızılın dəyəridir. Qızılın qlobal bazarlarda qiymətinin artması onunla bağlı olan bütün sektorlarda qiymət artımına gətirib çıxarır. Nəticədə, həm yerli istehsal olunan, həm də xaricdən idxal edilən zərgərlik məmulatlarının qiymətində ümumi bahalaşma müşahidə olunacaq”.