Kimlərə ayda 345 manat ödəniləcək?

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Məşğulluq haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib.  Sənədə əsasən, 3 ay ərzində Nazirlər Kabineti kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını təsdiq edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Hər iki qurum hazırlanan sənədlər ilə bağlı ölkə Prezidentinə məlumat verəcək.  Milli Məclisin VI çağırış deputatı olmuş Vüqar Bayramovun sözlərinə görə, qanuna edilən dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əmək haqqı məbləğində, yəni 345 manat vəsait almasına imkan verəcək. Minimum əmək haqqı artdıqca bu məbləğ də yüksələcək: "Yeni qanun özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar". V.Bayramov əlavə edib ki, yeni qanun eyni zamanda, dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq: "Xüsusən də əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanlanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni bir imkandır. Bütövlükdə, qanun ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və iş axtaranların qısa müddətdə işlə təmin olması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək".

Azərbaycanlılar Gürcüstana axın edir- 2 mindən başlayan maaş...

Gürcüstan iqtisadiyyatında vəziyyət kifayət qədər yaxşıdır: 2022-ci ildə ÜDM 10,4%, 2023-də 7%, 2024-cü ilin 1-ci rübündə isə 8,4% artıb. İşsizlik yox dərəcəsindədir, hətta hamı işçi axtarır, maaşlar yüksəlib. Doğrudur, son 3-4 ildə qiymətlər də artıb, artıq Gürcüstan Azərbaycandan ucuz deyil, hətta bir çox sahələrdə daha baha ölkədir, amma maaşların yüksəlməsi, inflyasiyanın son ildə 1% civarında olması ölkədə iqtisadi vəziyyətə xeyli müsbət təsir göstərib.  Sozcu.az xəbər verir ki, bu barədə qonşu ölkədə səfərdə olan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O, özünün facebook səhifəsində bildirib ki, gürcülər üçün AB ölkələrinə vizasız rejimdir deyə, işçi qüvvəsinin bir hissəsi Avropaya gedib: “Ev tikən və təmir edənlər, maşın və telefon ustaları, TIR sürücüləri və bir çox başqa peşə sahibləri Polşa, Almaniya və s. ölkələrdə yüksək qazanc əldə edirlər, Gürcüstanda isə işçi çatışmır. Ona görə də əvvəllər iş tapa bilməyən soydaşlarımızın hamısı indi Tiflis və digər şəhərlərdə 1500-2000 lari arası maaşı olan işi rahatlıqla tapa bilirlər. Hətta 1500 lari maaş artıq cəlbedici deyil, hamı 2000 və daha yuxarı maaşlı iş axtarır. Biznes üçün də cənnətdir – kiçik sahibkarlar, illik dövriyyəsi 1 mln. lariyə qədər olanlar dövriyyədən cəmi 1% vergi ödəyib rahat işləyirlər. Biznes üçün çox sərfəli kredit şərtləri var, aqrar sektora da banklar uzunmüddətli və aşağı faizli kredit verirlər. Turizm sahəsi isə pandemiyadan öncəki səviyyəni keçib – keçən il 7 mln. turist qəbul edib, turizmdən 4 mlrd. dollar qazanıblar, bu ilə hədəf 8 mln. turist və 4,5 mlrd. dollardır”. Ekspertin sözlərinə görə, illər öncə Azərbaycana üz tutan Gürcüstandakı soydaşlarımız geri qayıtmağa başlayıb: “Mənim öz yaxın qohumlarımdan son 2-3 ildə azı 10 nəfərə yaxını geriyə, Gürcüstana qayıdıb. Onu da deyim ki, kəndlərin hamısında işıq-qaz-su problemi, demək olar ki, tam həllini tapıb, seçilmiş bələdiyyələr arı kimi çalışırlar, hətta kəndlərdə belə gecə işiqlandırma var, bələdiyyə hesabına küçələri işıqlandırırlar”. Onun sözlərinə görə, gürcülər Gürcü Arzusundan bizdə təsəvvür edildiyi kimi, narazı deyillər, Saakaşvilini də bizdəki kimi sevmirlər: “Gürcüstanın problemləri, təbii ki, var – demoqrafiya pis vəziyyətdədir, torpaqları işğal altındadır, yaranmış fürsətlərdən tam istifadə etmirlər, tənbəldirlər, amma yolları doğrudur, cəmi 10 ildən sonra çox irəlidə olacaqlar”. 

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 86,81, yüngül neft isə 83,52 dollara satılır.

Ucuz evlərin sirri açıldı - Buna görə satılmır…

“Qiymətlərin bahalaşmasına səbəb tikinti şirkətləri olub. Əgər mənzil tikintisi əvvəlki qaydada qalsa, qiymətlər qalxacaq. “Böyük Qayıdış” prosesi daşınmaz əmlak bazarına ciddi təsir etməyəcək”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov söyləyib. O, “Böyük Qayıdış”la bağlı verilən proqnozlardan söz açıb: “Əslində bu kimi fikirlər səsləndirilir. Dövlət ehtiyacları üçün inşa olunan mənzillərin bir qisminin bazara çıxarılması səbəbindən daşınmaz əmlak qiymətlərinin aşağı düşməsi barədə proqnozlar var. Lakin bunlar əsassızdır. İlk olaraq, belə layihələr şəhərin əlverişsiz yerində, dövlət əhəmiyyətli sifariş olduğu üçün ucqar yerlərdə inşa olunub və onlara tələbat çox azdır. İkinci məsələ isə bundan ibarətdir ki, dövlət sifarişli olduğu üçün tenderlərə daxil olan şirkətlər bu mənzillərin təmirin həyata keçirir. Bu təmir oxşar tikinti şirkətlərinin, yəni kommersiya layihələrinin gördüyü işlərlə bir deyil, zəifdir. Qiymətləndirmə isə müstəqil ekspertlər tərəfindən aparılıb və burada bazarın orta qiyməti əsas götürülərək təyin olunub”. SEO Xidməti Ekspert onu da əlavə edib ki, bu siyahıya daxil olan əmlaklar kütləvi coğrafi mövqedə yerləşir: “Ticarət və yol infranstrukturu çox zəifdir. Məktəb, bağça, iaşə obyektləri sözügedən evlərin yerləşdiyi ərazidən olduqca uzaq məsafədədir. Faktiki olaraq, onların qiyməti də yüksəkdir. Bu kimi səbəblər həmin mənzillərə olan tələbi azaldır. Bir coğrafi nöqtədə yerləşməsi yalnız bu tip əmlakların satışına qismən təsir edə bilər. Amma ümumilikdə bu prosesin mənzil bazarına heç bir təsiri yoxdur və ola da bilməz”.

Bu tarixdə pensiyalar tam ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 14-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.  Bu barədə Sozcu.az-a Nazirlikdən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. 

Dollara tələb artımı davam edir: devalvasiya olacaq?

Azərbaycanda ötən ilin payızından müşahidə edilən dollara tələbatın artması prosesi davam edir. Belə ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 37 valyuta hərracında ümumilikdə banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, satılan dolların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-may aylarında keçirilən valyuta hərraclarında banklara cəmi 1 milyard 492.4 milyon ABŞ dolları satılıb. May ayında keçirilən 7 valyuta hərracında isə valyuta satışının məbləği 558.6 milyon dollar təşkil edib. Bu da ötən ilin may ayındakı satışlardan 2 dəfə yüksəkdir. Azərbaycanda əhalinin banklardan əldə etdiyi nağd ABŞ dollarına tələbi də kəskin artıb. Belə ki, 2024-cü ilin yanvar-mart ayları ərzində banklar əhaliyə nağd 931.3 milyon ABŞ dolları satıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz (2 dəfə) artım deməkdir. Aylar üzrə götürsək, 2024-cü ilin yanvarında əhali banklardan 211.5 milyon dollar, fevralında 499.58 milyon dollar, martında isə 220.21 milyon dollar nağd alış edib. 2023-cü ilin ilk rübündə əhali banklardan nağd 439.78 milyon dollar əldə etmişdi. Birinci rübdə həmçinin bankların əhalidən dollar alışında azalma var. Belə ki, rüb ərzində banklar əhalidən 351.27 milyon dollar alıb. 2023-cü ilin eyni dövründə alışların həcmi 367.96 milyon dollar olmuşdu. Göründüyü kimi, bu ilin birinci rübündə banklardan əhaliyə 580.02 milyon ABŞ dolları axın olub. Qeyd edək ki, AMB hələ mayın əvvəlində dollar tələbin artması prosesinin dayandığını elan etmişdi. Baş bankir Taleh Kazımov bildirmişdi ki, valyuta bazarında müşahidə edilən kəskin artım artıq bitib. Onun sözlərinə görə, ilin əvvəlində xarici valyutaya olan artım dövlət büdcəsinin xərclərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artması ilə əlaqədardır. O bildirib ki, həmçinin bu dövrdə hüquqi şəxslərin avans ödənişləri və Azərbaycan iqtisadiyyatına edilən investisiyalar artıb: "Həm büdcə xərclərinin, avans ödənişlərinin, həm də investisiyaların artması xarici valyutaya tələb yaradıb. Bu sadaladığım amillərdən başqa valyutaya tələbin artmasına subyektiv yanaşma da təsir göstərib. Hal-hazırda valyuta bazarında vəziyyət sabitdir və bazarda olan tendensiya ötən ilin eyni dövrü ilə müqayisədə eynidir”. Lakin mayın yekununda məlum oldu ki, dollar tələb ötən ilkindən iki dəfə çox olub. Doğrudur, AMB dollar tələbin artmasının valyuta bazarında ciddi çətinlik yaratmayacağı qənaətindədir və bunu ölkəyə yetərincə xarici valyuta axınının olması ilə əsaslandırır. Lakin ixracın azalması, idxalın azalması prosesinin getdiyini nəzərə alsaq, gərginliyin yaranacağını da istisna etmək mümkün deyil. Rəsmi statistikaya əsasən 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 13 milyard 633,4 milyon ABŞ dolları təşkil edib. "Yeni Müsavat” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz azalma deməkdir. Dörd ayda Azərbaycan xaricə 8 milyard 168 milyon 591.68 min dollarlıq mal və məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixracımızın 4 milyard 416 milyon 221.26 min dollar və ya 36,1 faiz azalması deməkdir. İxracdan fərqli olaraq, idxalımız artıb. Belə ki, dörd ayda xaricdən 5 milyard 464,7 milyon ABŞ dolları dəyərində mal-məhsul almışıq. Bu isə ötən ilin eyni dövrünə nisbətən 3,1 faiz artım deməkdir. Beləliklə, hesabat dövründə xarici ticarət dövriyyəsində 2 milyard 703,8 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə azdır. Cari ilin 4 ayında ümumi ixracımızın 7 milyard 248 milyon 577.70 min dollarını neft-qaz sektoruna, 920 milyon 13.98 min dollarını isə qeyri-neft-qaz sektoruna daxil olan mallar təşkil edib. Neft-qaz ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 36,3 faiz və ya 4 milyard 149 milyon 16.58 min dollar, qeyri-neft ixracımız isə 22,5 faiz və ya 267 milyon 204.68 min dollar azalıb. Onu da bildirək ki, bu ilin əvvəlindən ölkəyə fiziki şəxslər tərəfindən göndərilən valyutanın həcmi də azalıb. AMB-nin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 465.2 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 129 milyon manata bərabər olub. Ötən ilin yanvar-mart aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 30.9 faiz və ya 207.6 milyon manat, banklardan xaricə köçürmələr isə 26.2 faiz və ya 45.8 milyon manat azalıb. Qeyd edək ki, ötən ilin ilk 3 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 672.8 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 174.8 milyon manat təşkil edib. İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, dollara tələbin artmasına səbəb olan amillər çoxdur: "Lakin bunlar arasında ən böyük təsirə malik olan 3 amil var. Bunlardan birincisi idxalın artmasıdır. İkincisi isə ilin əvvəlindən devalvasiya olacağına dair yanlış məlumatların yayılmasından yaranan psixoloji amildir. Bu amil əhalinin əlindəki manatı dollara çevirməsi ilə nəticələndi. Üçüncü və daha güclü amil işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləridir. Ötən il də, bu il də bərpaya ayrılan vəsaitlər artırılır. Azad olunan ərazilərdə həyata keçirilən tikinti, bərpa işləri daha çox xaricdən olunan xammal hesabına həyata keçirilir. Layihələri icra edənlərin çoxu xarici şirkətlərdir. Bu, idxalın artmasına, daha çox dolların tələb olunmasına səbəb olur. Buna görə də dollara tələbin artmasını ajiotaja çevirməyin tərəfdarı deyiləm”. E.Əmirov hesab edir ki, ən azı bu il ərzində Azərbaycanda devalvasiya olmayacaq.

"Əmək haqqı məbləği təxminən 600 manat olmalıdır”

“Son bir ildə davamlı olaraq həm dünya ölkələrində, həm də Azərbaycanda inflyasiya tempinin aşağı düşməsi müşahidə edilir. Amma ərzaq bazarında hələ də ucuzlaşma müşahidə olunmur. Hesab edirəm ki, hazırkı vəziyyət minimum əmək haqqının artırılmasını şərtləndirir”.  Metbuat.az-ın məlumatına görə, bu fikirləri iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, 2024-cü il üçün əmək haqqı və digər müavinətlərin artırılması gözlənilmir:  “Ümumiyyətlə, növbəti aylarda rəqəmlərlə ifadə olunan ciddi qiymət artımı olacağını düşünmürəm. Böyük ehtimalla 2025-ci ilin əvvəlində bu məsələ yenidən hökümətin gündəminə gələcək.Hökümət minimumları qaldıranda, bu, özəl sektora da təsir göstərəcək.  Hazırda mövcud ehtiyac meyarı 270 manatdır. Biz bir nəfərin 2 nəfərə baxdığını nəzərə alarsaq, hesab edirəm ki, əmək haqqı məbləği təxminən 600 manat olmalıdır”. 

Yaz sessiyası üzrə son plenar iclas - Gündəlikdə 9 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə son plenar iclası başlayıb. Sozcu.az xəbər verir ki, iclasın gündəliyinə 9 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1.“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 3. “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 7. “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 8. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 9. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

”Müharibə veteranlarına verilən təqaüd artırılsın – Ayıbdır, 80 manat çox aşağı məbləğdir”

Deputat Vahid Əhmədov Milli Məclisdəki büdcə müzakirələrindəki çıxışı zamanı 2024-cü ilin dövlət büdcəsinə dəyişikliklərin müsbət tərəflərindən bəhs edib.  Sozcu.az xəbər verir ki, millət vəkili təklif edilən dəyişikliklərin kifayət qədər müsbət olduğunu vurğulayaraq plenar iclasın müzakirəsinə təqdim olunmasını məqbul sayıb. Vahid Əhmədov müharibə veteranlarının aylıq təqaüdünün artırılması ilə bağlı məsələ qaldırıb: “Millət vəkillərinin hamısı müharibə veteranlarına verilən təqaüdlərin artırılmasını təklif edir. Ayıbdır, 80 manat çox aşağı məbləğdir. Belə inkişaf etmiş dövlət müharibə veteranına 80 manat verir. 80 manat gülünc məbləğdir. Bu məsələyə baxılmasını xahiş edirəm”.

Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər

Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə qızılın 1 qramının qiyməti 133,7 manata bərabər olub. Sozcu.az xəbər verir ki, 1 qram qızılın qiyməti bu ilin yanvar ayının əvvəli ilə müqayisədə 19,2% və ya 21,5 manat bahalanıb. Son 15 il ərzində isə qızılın qiyməti 5 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 15 il əvvəl –2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub. Məlumat üçün onu da qeyd edək ki, zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti də sürətlə bahalanır. Bu ilin yanvar ayında 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 598,5 manat olduğu halda, aprel ayında bu məbləğ 629 manata yüksəlib. Nəticədə son 4 ay ərzində 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 5% bahalanıb.

Azərbaycanda müştərilər ən çox bu banklardan şikayət edirlər – Tam siyahı

2024-cü ilin aprel ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank səhmləri Rusiya hökumətinə məxsus olan “Bank VTB Azərbaycan” ASC olub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Şikayət olunan bankların siyahısında “Bank of Baku” ASC ikinci (4,94 indeksi), “Yapı Kredi Bank Azərbaycan” QSC isə üçüncü (4,79 indeksi) olub. Barəsində ən az şikayət edilən bank isə “Paşa Bank” ASC (0,24 indeksi) olub. Digər banklar üzrə göstəricilər aşağıdakı kimi olub:

DİQQƏT! Ətin qiyməti artacaq

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 36 milyon 698 503 min dollar dəyərində 16 min 739 ton ət idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11 milyon 567 min dollar və ya 46,4% , miqdar ifadəsilə 2 min 477 ton və ya 17,4% artıb. 1 kq ətin orta idxal qiyməti 2024-cü ilin dörd ayında 3,70 manata başa gəlib ki, bu da illik müqayisədə 0,73 manat (26%) bahalaşma deməkdir.  Ötən ilin eyni dövründə ətin orta idxal qiyməti 2,97 manata başa gəlib. Bəs görəsən idxal prosesində özünü göstərən bahalaşma bazara təsir edəcəkmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, bu tendensiya hər bir halda bazara da təsirsiz ötüşməyəcək:  “Bahalaşma varsa, aydındır ki, bu öz növbəsində piştaxtalarda əksini tapır. Əlbəttə, istehlak artdıqca, nəzərə almaq lazımdır ki, təkcə qida məhsullarında deyil, digər satış məmulatlarında da bahalaşma nəzərə çarpır. Ümumən son 10 ildə BMT protokollarına da nəzər yetirsək, müxtəlif məhsullarda dinamik bahalaşma baş verir. Əlbəttə, bunun fonunda müddətli şəkildə müəyyən bahalaşma müşahidə ediləcək. Ət və ət məhsulları ilə bağlı bahalaşmanın səbəbləri arasında isə bu sahədə olan inhisarlaşmanın ciddi təsiri var”.  Ekspert hazırki vəziyyətdə idxalın bazar üçün müsbət nüans olduğunu qeyd edib:  “Nəzərə almaq lazımdır ki, ölkəyə ət idxalında da inhisarçılıq izləri müşahidə olunur. Belə olan təqdirdə şəffaf qiymət formalaşması mümkün olmur. Əgər idxalda hər hansı bir liberal yanaşma baş verərsə, onda biz bunun əksini, yəni ucuzlaşmanı da görə bilərik. Amma faktiki olaraq, vəziyyətə uyğun şəkildə bahalaşma ehtimalı daha çoxdur. Hazırki mərhələdə ölkəyə ət idxalı bazarda qiymət stabilliyinə, bolluğa səbəb olur. Çünki yerli istehsal tələbatı ödəmir. Belə olan halda indiki vəziyyətdə idxal müsbət rol oynayır”.