Son aylarda Azərbaycan bank sektorunda qəribə bir səssizlik hökm sürür. Bir tərəfdən ard-arda “cashback” proqramlarının dayandırılması, digər tərəfdən isə əmanət faizlərinin aşağı salınması müştərilərdə haqlı suallar doğurub.
Sanki banklar artıq vətəndaşları cəlb etməkdə əvvəlki kimi maraqlı deyillər. Halbuki uzun illərdir banklar rəqabətdə üstünlük qazanmaq üçün müxtəlif güzəştlər, bonuslar və yüksək faizli depozit kampaniyaları ilə müştəriləri öz tərəflərinə çəkməyə çalışırdılar.
İndi isə mənzərə dəyişib, həm kart sahibləri, həm də əmanətçilər üçün şərtlər getdikcə sərtləşir.
Modern.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bank sektorunda gəlirlilik azalır və problemli kreditlərin həcmi artır:
“Problemli kreditlərin sayı hər ay artır. Ona görə də banklar vətəndaşların xeyrinə ola biləcək güzəştlərdən yavaş-yavaş imtina edirlər. Bu imtina nəticəsində də banklar tərəfindən müştərilərə münasibətdə daha istər kəşbeklə, istərsə də xərcləmələrin limiti ilə bağlı güzəştlər olmur. Limitlərdən yuxarı pul çıxaranda və ya əməliyyatlar ediləndə əlavə faizlər hesablanacaq. Limit əvvəl 7000 idi, indi səhv etmirəmsə, onu 3000-ə salıblar. Bunun əsas səbəbi ümumilikdə iqtisadiyyatdakı mühüm problemlərlə əlaqədardır. Bunun da güzgüsü, necə deyərlər qan-damar sistemi bank sektorudur. Bank sektoru iqtisadiyyatda olan problemləri özündə əks etdirir. Bankların da gəlirləri düşür. Bunun qarşısını almaq üçün də bankların güzəştlərini ard-arda ləğv etməsinin şahidi oluruq”.
N. Cəfərli vurğulayıb ki, iqtsiadiyyatda canlanma baş verməsə, getdikcə vəziyyət daha da pisləşəcək:
“Beləliklə də, bankların həm vətəndaşlara göstərdiyi xidmətlərin, eləcə də vətəndaşların xeyrinə edilən güzəştlərin azalmasının şahidi olacağıq. İqtisadiyyat əgər 0,9 faiz artıb. Təbii ki, iqtisadiyyatda olan problemlər bank sektoruna da mütləq təsir edir”.