Ukrayna Azərbaycanla razılığa gəlib - ZELENSKİ

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Azərbaycandan qaz tədarükü ilə bağlı ilkin razılığa gəldiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, o, bu barədə bazar günü jurnalistlərlə söhbəti zamanı məlumat verib. Zelenskinin sözlərinə görə, söhbət təbii qazın mümkün çatışmazlığı halında həyata keçirilə biləcək tədarükdən gedir. Prezident bildirib ki, Kiyev ümumi dəyəri təxminən 2 milyard dollar olan qaz təchizatı üçün danışıqları təmin edib və artıq bəzi maliyyə tranşları tapılıb. “Baş nazir Yuliya Sviridenko Slovakiya ilə müsbət razılaşmalara nail olub. Sviridenko və energetika naziri Svetlana Qrinçuk ABŞ-da da enerji şirkətləri ilə danışıqlar aparıblar. Biz haradan təxminən 2 milyard dollarlıq qaz ala biləcəyimizi bilirik, əgər buna ehtiyac yaranarsa,” – Zelenski deyib. Dövlət başçısı əlavə edib ki, Norveç Ukraynaya 100 milyon dollar məbləğində qrant ayırıb və gələn ilin yanvarında daha bir tranş planlaşdırılır. Oxşar maliyyə yardımlarının digər ölkələr tərəfindən də təqdim ediləcəyi gözlənilir. “ABŞ-dan maye təbii qaz (SPG) ilə bağlı razılaşma var, ehtiyac yaranarsa, qaz Polşa terminalı vasitəsilə gətiriləcək. Əlavə qaz Yunanıstandan da ala bilərik. Bu barədə baş nazir Kiriakos Mitsotakis ilə razılığa gəlmişik. Digər ölkələrlə də anlayış var. Azərbaycanla da bu istiqamətdə razılaşma əldə olunub,” – Zelenski vurğulayıb. Prezidentin sözlərinə görə, Ukrayna hökuməti müxtəlif mənbələr hesabına enerji təhlükəsizliyini təmin etməyə çalışır və Azərbaycanın bu prosesdə mühüm tərəfdaşlardan biri kimi nəzərdə tutulması Kiyevin enerji diversifikasiyası siyasətinə uyğundur.

Pensiyalar bu tarixdə tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Sozcu.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

AYNA işsizlərin sayını, nazirlik pensiya yaşını artırır...

Mehdiyev AMEA-da olanda, hətta bağında oturanda parlamentə, ictimai, siyasi, media sahəsinə müdaxilə edə bilərdi, bunun üçün əlində, çox güman, rıçaqları var idi. Amma, ölkədə iqtisadi vəziyyətə müdaxilə imkanlarının olduğunu düşünmürəm. Məmləkətin makro-iqtisadi mənzərəsi isə, yumşaq desəm, ürək açan deyil. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib. “Azərbaycanda ÜDM artmır, 0,9% lik artım ciddi məsələ deyil, hətta ressesiya göstəricisidir, adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda sonuncu yerə düşmüşük, büdcəmizin gəlir hissəsi gələn il cəmi 67 mln. manat artacaq ki, bu da heç artım deyil. Bunlar azmış kimi, AYNA taksi xidmətini tam inhisara almağa cəhdlərini dayandırmır, taksi sayına mənasız və məzmunsuz limit qoymağı təklif edir, Nazirlər Kabineti bunu qəbul edir - nəticədə 30 min insan işsiz qalacaq, taksi qiymətləri isə kəskin bahalaşacaq. AYNA hava limaninda da taksi xidmətini inhisara alır, buna hətta Ombudsman Aparatı etiraz edir, amma heç nə dəyişmir. İndi təqaüd yaşını da artırmaq istəyirlər, Maliyyə Nazirliyi təklif hazırlayıb, təqaüd məsələsində yaş həddi vacib, amma ikinci dərəcəli məsələdir, həmişə qəsdən bunu qabardırlar ki, təqaüdlərin az olması müzakirədən kənar qalsın - halbuki, ən vacib məsələ budur, ölkədə 900 min təqaüdçü minimum təqaüd civarında ödəniş alır, ayıb olan, düzəldilməli olan məsələ budur. Yəni, iqtisadi komandanın işində qüsurlar var və bu məsələ tezliklə həll olunmalı, həm komanda, həm də aparılan iqtisadi siyasət kökündən dəyişdirilməlidir”, - o bildirib.

Neft bahalaşmaqda davam edir

Dünya bazarlarında neft bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neft 65,96 dollara, yüngül neft 62,25 dollara təklif edilir.

Banklar keşbek və faizləri ləğv edir - Nə baş verir?

Son aylarda Azərbaycan bank sektorunda qəribə bir səssizlik hökm sürür. Bir tərəfdən ard-arda “cashback” proqramlarının dayandırılması, digər tərəfdən isə əmanət faizlərinin aşağı salınması müştərilərdə haqlı suallar doğurub. Sanki banklar artıq vətəndaşları cəlb etməkdə əvvəlki kimi maraqlı deyillər. Halbuki uzun illərdir banklar rəqabətdə üstünlük qazanmaq üçün müxtəlif güzəştlər, bonuslar və yüksək faizli depozit kampaniyaları ilə müştəriləri öz tərəflərinə çəkməyə çalışırdılar. İndi isə mənzərə dəyişib, həm kart sahibləri, həm də əmanətçilər üçün şərtlər getdikcə sərtləşir. Modern.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bank sektorunda gəlirlilik azalır və problemli kreditlərin həcmi artır: “Problemli kreditlərin sayı hər ay artır. Ona görə də banklar vətəndaşların xeyrinə ola biləcək güzəştlərdən yavaş-yavaş imtina edirlər. Bu imtina nəticəsində də banklar tərəfindən müştərilərə münasibətdə daha istər kəşbeklə, istərsə də xərcləmələrin limiti ilə bağlı güzəştlər olmur. Limitlərdən yuxarı pul çıxaranda və ya əməliyyatlar ediləndə əlavə faizlər hesablanacaq. Limit əvvəl 7000 idi, indi səhv etmirəmsə, onu 3000-ə salıblar. Bunun əsas səbəbi ümumilikdə iqtisadiyyatdakı mühüm problemlərlə əlaqədardır. Bunun da güzgüsü, necə deyərlər qan-damar sistemi bank sektorudur. Bank sektoru iqtisadiyyatda olan problemləri özündə əks etdirir. Bankların da gəlirləri düşür. Bunun qarşısını almaq üçün də bankların güzəştlərini ard-arda ləğv etməsinin şahidi oluruq”. N. Cəfərli vurğulayıb ki, iqtsiadiyyatda canlanma baş verməsə, getdikcə vəziyyət daha da pisləşəcək: “Beləliklə də, bankların həm vətəndaşlara göstərdiyi xidmətlərin, eləcə də vətəndaşların xeyrinə edilən güzəştlərin azalmasının şahidi olacağıq. İqtisadiyyat əgər 0,9 faiz artıb. Təbii ki, iqtisadiyyatda olan problemlər bank sektoruna da mütləq təsir edir”.

Qızılın qiymətində yeni rekord

Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb. Sozcu.az xəbər verir ki, Comex əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 3900 dolları ötüb. Bu, müasir maliyyə bazarı tarixində qızılın ən yüksək qiymətidir. Rekord qiymət artımı ABŞ hökumətinin fəaliyyətini dayandırması və Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrinin daha da azaldılması ilə bağlı gözləntilər fonunda baş verir. Ekspertlərin fikrincə, daha təhlükəsiz aktiv hesab olunan qızıla dünya bazarında tələbatın artması mövcud qeyri-müəyyənlikdən qaynaqlana bilər. Bildirilir ki, Qazaxıstan Milli Bankı bu ay ən çox qızıl alıcısı olub, Bolqarıstan Milli Bankı və El Salvador Mərkəzi Ehtiyat Bankı da bu siyahıya qoşulub.

Azərbaycanda avtobuslarda gediş haqqı artırıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Sozcu.az bu barədə nazirliyə istinadən xəbər verir. Qurum bəyan edib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir. İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə bu günlərdə dövlət başçısı tərəfindən Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalandı ki, bu da avtobus parkının yenilənməsi və keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsini sürətləndirəcək. Hazırda özəl nəqliyyat şirkətlərinin ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusları ölkəyə gətirməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur. Gəncə şəhərində bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib. Bu günlərdə açılışı olan yeni avtobus deposunda şəhərin marşrut şəbəkəsində istifadə edilən 244 müasir və komfortlu nəqliyyat vasitəsi mövcuddur. 2025-ci ilin sonunadək isə bu say 280-ə çatdırılacaq. 2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-ə çatdırılacaq. Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib - 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Həmçinin ilin sonuna kimi Naxçıvana 60 elektrik mühərrikli avtobus gətiriləcək. Bu proses işğaldan azad olunmuş ərazilərdə də aparılır. "Böyük Qayıdış" planına uyğun olaraq, ilk növbədə Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub. Artıq bu nəqliyyat vasitələri ölkəyə gətirilməkdədir və onlar üçün xüsusi depo da hazırlanır. Ümumilikdə, aparılan işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə şəhərdaxili və rayondaxili marşrutlarda 2026-ci ilin sonunadək 143, şəhərlərarası (rayonlararası) daşımalar üçün isə 19 elektrikli avtobusun istismara verilməsi nəzərdə tutulur. İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqlənib: - Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik; Bu tariflər oktyabrın 1-dən qüvvəyə minəcək. Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək. Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq. Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək. Tarif dəyişikliyi daşıyıcıların maliyyə dayanıqlığının artmasına, avtobus parkının yenilənməsinin sürətlənməsinə (növbəti illər ərzində hər il təxminən 400 ədəd yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir), əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişindaşımada şəffaflığının artmasına müsbət təsir göstərəcək. Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

Rayonlarda ev və torpaq bahalaşıb - SƏBƏB

Azərbaycanda daşınmaz əmlaka, xüsusilə torpaq sahələrinə maraqda artım müşahidə olunur. Əvvəllər alıcılar əsasən Bakı və ətraf ərazilərə üstünlük versələr də, son illər regionlara yönələn maraq əhəmiyyətli dərəcədə artıb. Əmlak məsələləri üzrə ekspert Elnur Fəzəliyev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın müxtəlif turistik bölgələrində daşınmaz əmlak, fərdi yaşayış evləri və torpaq sahələrinin satış qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Onun sözlərinə görə, bu artımın əsas səbəblərindən biri, 2020-ci ildə pandemiyanın başlanmasından sonra ölkənin quru sərhədlərinin bağlanması ilə bağlıdır. “Beləliklə, əhalinin əksəriyyəti turist qismində xarici ölkələrə səfər etmək əvəzinə, Azərbaycanın müxtəlif turistik bölgələrinə üz tutmağa başladı. Bu isə ölkədaxili turizmin sürətli inkişafına səbəb oldu. Daxili turizmin canlanması həmin bölgələrdə torpaq sahələrinə və daşınmaz əmlaka olan tələbatı artırdı ki, bu da qiymətlərin artmasına birbaşa təsir göstərdi. Hazırda Azərbaycanın aparıcı turistik məkanlarına nəzər salsaq, bu ərazilərdə torpaq sahələrinin satış qiymətlərində əhəmiyyətli artım qeydə alınır. Eyni zamanda, turizm mövsümündə həmin bölgələrdə mənzillərin gündəlik kirayə qiymətləri minimum 50 manatdan başlayaraq 500-600 manat arasında dəyişir”. Ekspert qeyd edib ki, bu qiymətlər bəzi hallarda paytaxt Bakı ilə müqayisədə daha yüksək olur: “Bütün bu amillər investorlar, iş adamları və digər maraqlı şəxslərin diqqətini cəlb edir. Onlar turistik bölgələrdə torpaq sahələri alaraq villa tipli və ya kiçik fərdi yaşayış evləri tikir, daha sonra isə bu evləri icarəyə verərək gəlir əldə edirlər. Digər tərəfdən, turistik bölgələrə insan axınının artması nəticəsində yeni iaşə obyektlərinin – otel, kafe və restoranların inşası da geniş vüsət alıb. Bu proseslər də əmlak bazarındakı qiymət artımına əlavə təsir göstərir”. Əmlak eksperti onu da əlavə edib ki, hazırda Azərbaycanın şimal bölgələrinə, xüsusilə Quba və Qusar, həmçinin Qəbələ, Şəki və digər turistik regionlara nəzər salsaq, torpaq sahələrinin qiymətlərində davamlı artım müşahidə olunur: “Quru sərhədlərin hələ də bağlı olması da insanları daxili turizmə yönəlməyə məcbur edib. Bu da öz növbəsində turistik zonaların sürətli inkişafına səbəb olub”,- deyə E.Fərzəliyev bildirib.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya bazarlarında neft yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neft 66,99 dollara, yüngül neft isə 62,69 dollara təklif edilir.

Pensiyalar bu tarixdə ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutub. Sozcu.az xəbər verir ki, bu barədə DSMF-dən bildirilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Bakıdan Ağdama qatar: tarix, saat və QİYMƏT

Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 manat təşkil edir. Sozcu.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə biletlərin minimum qiyməti 12,80 manatdır. Qeyd edək ki, Bakı-Ağdam-Bakı marşrutu üzrə biletləri 27 avqustdan ADY-nin veb-saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar. İşğaldan azad edilmiş ərazilərə qatarla komfortlu səfərlərin təşkili məqsədilə Bakı–Ağdam–Bakı marşrutu üzrə bilet alışı zamanı portaldan avtomatik icazə təmin olunacaq. Səfər zamanı qatarda ödənişsiz “Wi-Fi” xidmətindən yararlanmaq mümkün olacaq. Hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.

Son 6 ayda Qarabağa nə qədər pul xərclənib?

İşğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 2025-ci ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələri hesabına 1 milyard 989 milyon 798 min manat vəsait sərf edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (408 mln. 11 min manat), Laçın (303 mln. 122.1 min manat) və Ağdam (260 mln. 833.3 min manat) rayonlarına ayrılıb. Xatırladaq ki, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 73.5 milyon manat vəsait yönəldilib ki, bunun da 6 milyard 313.5 milyon manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə, hesabat dövründə azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin 31.5%-ni təşkil edib. Aşağıdakı diaqramda cari ilin I yarısında azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib: Əlavə edək ki, azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə bu ilin dövlət büdcəsindən 4 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Cari ilin ilk 6 ayı ərzində isə dövlət büdcəsindən illik nəzərdə tutulmuş vəsaitin 38,8 faizi — yəni 1 milyard 552,4 milyon manatı istifadə olunub.