Özəlləşdirmə çekləri yenidən dövriyyəyə qəbul edilir? - Əmlak Xidmətindən MÜHÜM AÇIQLAMA

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə paylarının (çeklər) yenidən dövriyyəyə qəbul ediləcəyi ilə bağlı iddialara aydınləq gətirib.

Sozcu.az xəbər verir ki, qurumun Aparat rəhbəri Kamran Uluxanov bununla bağlı müraciəti cavablandırıb.

O bildirib ki, çeklərin yenidən dövriyyəyə qəbul edilməsi mümkün deyil.

Aparat rəhbərinin cavabından məlum olur ki, bir qrup vətəndaş məsələ ilə bağlı kollektiv şəkildə Milli Məclisə müraciət ünvanlayıb. Qanunverici orqan da müraciəti araşdırılıb cavab verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə göndərib.  

Kamran Uluxanovun cavab məktubundan məlur olur ki, təmsil etdiyi qurumda dövlət özəlləşdirmə çeklərinin dəyərinin ödənilməsi ilə bağlı kollektiv müraciətə baxılıb:

“Çeklərin dəyərinin ödənilməsi ilə bağlı Milli Məclisdən daxil olmuş kollektiv müraciətə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılıb.

Bununla əlaqədar bildiririk ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 12-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlətə vəsait kimi təqdim olunan çeklərin və xarici təqdim edilən opsionların tədavüldən çıxarılması qaydaları Dövlət Proqramı ilə tənzimlənir.

Prezidentin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 1.5-ci bəndinə əsasən dövlət özəlləşdirmə paylarının tədavüldə olma müddəti 2002-ci ilin yanvar ayının 1-dək müəyyən edilib. Daha sonra dövlət özəlləşdirmə paylarının tədavüldə olma müddəti Azərbaycan Prezidentinin 11.10.2001-ci il tarixli 587 nömrəli Fərmanı ilə 2004-cü ilin yanvarın 1-dək, 11.06.2004-cü il tarixli 75 nömrəli Fərmanı ilə 2008-ci ilin yanvar ayının 1-dək, 13.11.2007-ci il tarixli 649 nömrəli Fərmanı ilə 2010-cu ilin yanvar ayının 1-dək, 23.12.2009-cu il tarixli 202 nömrəli Fərmanı ilə 2011-ci ilin yanvar ayının 1-dək 5 dəfə uzadılıb və özəlləşdirmə paylarının tədavüdə saxlanılması son istifadə müddəti 01.01.2011-ci il tarixində qüvvədən düşüb”.

Aparat rəhbəri onu da xatırladıb ki, məsələyə məhkəmə müstəvisində də baxılıb və iddia təmin edilməyib:

“İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı “dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və digər” tələblərinə dair iddiaları Bakı İnzibati Məhkəməsinin 06.12.2024-cü il tarixli, 2-1(112)-12800/2024 saylı qərardadı ilə mümkün sayılmamış və daha sonra həmin qərardad iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.02.2025-ci il tarixli 2-1(103)-1226/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin 21.02.2025-ci il tarixli 2-1(103)-1226/2025 nömrəli qərardadı iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.11.2025-ci il tarixli, 2-1(102)-1781/2025 nömrəli qərardadı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılıb”.

Share on Facebook