Ukrayna Azərbaycanla razılığa gəlib - ZELENSKİ

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Azərbaycandan qaz tədarükü ilə bağlı ilkin razılığa gəldiyini açıqlayıb.

Sozcu.az xəbər verir ki, o, bu barədə bazar günü jurnalistlərlə söhbəti zamanı məlumat verib.

Zelenskinin sözlərinə görə, söhbət təbii qazın mümkün çatışmazlığı halında həyata keçirilə biləcək tədarükdən gedir. Prezident bildirib ki, Kiyev ümumi dəyəri təxminən 2 milyard dollar olan qaz təchizatı üçün danışıqları təmin edib və artıq bəzi maliyyə tranşları tapılıb.

“Baş nazir Yuliya Sviridenko Slovakiya ilə müsbət razılaşmalara nail olub. Sviridenko və energetika naziri Svetlana Qrinçuk ABŞ-da da enerji şirkətləri ilə danışıqlar aparıblar. Biz haradan təxminən 2 milyard dollarlıq qaz ala biləcəyimizi bilirik, əgər buna ehtiyac yaranarsa,” – Zelenski deyib.

Dövlət başçısı əlavə edib ki, Norveç Ukraynaya 100 milyon dollar məbləğində qrant ayırıb və gələn ilin yanvarında daha bir tranş planlaşdırılır. Oxşar maliyyə yardımlarının digər ölkələr tərəfindən də təqdim ediləcəyi gözlənilir.

“ABŞ-dan maye təbii qaz (SPG) ilə bağlı razılaşma var, ehtiyac yaranarsa, qaz Polşa terminalı vasitəsilə gətiriləcək. Əlavə qaz Yunanıstandan da ala bilərik. Bu barədə baş nazir Kiriakos Mitsotakis ilə razılığa gəlmişik. Digər ölkələrlə də anlayış var. Azərbaycanla da bu istiqamətdə razılaşma əldə olunub,” – Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, Ukrayna hökuməti müxtəlif mənbələr hesabına enerji təhlükəsizliyini təmin etməyə çalışır və Azərbaycanın bu prosesdə mühüm tərəfdaşlardan biri kimi nəzərdə tutulması Kiyevin enerji diversifikasiyası siyasətinə uyğundur.

Share on Facebook