Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb. 2025-ci il aprelin 1-nə olan məlumata görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən verilən xəbərə əsasən, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat artıb. Son 1 ildə isə problemli kreditlərin məbləği 2.3% və ya 10.9 milyon manat yüksəlib. Qeyd edək ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.23 faiz bəndi azalaraq 1.62% təşkil edib.
Ölkədə problemli kreditlərin artma səbəbi barədə Moderator.az-a danışan iqtisadçı Emin Qəribli bildirib ki, problemli kreditlərin həcmi mütamadi artır:
“Son dövrdə Maliyyə Nazirliyi tərəfindən 1.5 milyard manat məbləğində resurs məhz bank depozitlərinə ayrılıb. Bu isə o deməkdir ki, kredit sahəsi genişlənir. Əgər problemli kreditlərin faizi artırsa, bu, iqtisadiyyatın inkişafı ilə bağlı tələbatın da artdığını göstərir. Amma bu prosesin mənfi tərəfləri mövcuddur və bu məsələ Mərkəzi Bankın diqqət mərkəzində olmalıdır. Kreditlər artdıqca, təbii ki, bu prosesin mənfi tərəfləri də ortaya çıxır. Kredit faizləri, xüsusən də istehlak kreditlərindəki faizlər həddən artıq yüksəkdir. Hesab edirəm ki, bəzi banklar var ki, bugünkü dövrün tələblərinə cavab vermir və kreditvermə prosesi lazımi qaydalara uyğun aparılmır. Ona görə də həm tənzimləmə, həm də monitorinq genişləndirilməlidir ki, bu hallar azalsın”.