Yığmamızın Ermənistanla oyununun vaxtı açıqlandı

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin (U-16) Avropa çempionatının C Divizionunda Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib. Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb. Məlumata görə, Kosovonun paytaxtı Priştinada keçiriləcək görüş iyulun 21-nə təsadüf edəcək. B qrupunda mübarizə aparacaq milli buna qədər ilk olaraq iyulun 19-da Kipr seçməsi ilə üz-üzə gələcək. Tahir Baxşıyevin yetirmələri, həmçinin, iyulun 23-də Albaniya, 24-də isə San-Marino ilə qarşılaşacaq. Yığmanın ilk iki matçı Bakı vaxtı ilə saat 17:00-da, digər oyunları isə 19:30-da start götürəcək.

"Neftçi"dən 400 min avroluq transfer

"CFR Kluj" futbolçusu Yuri Matiası "Neftçi"yə satıb. Sozcu.az xəbər verir ki, bu barədə Ruminiyanın "Fanatik" nəşri məlumat yayıb. 28 yaşlı braziliyalı mərkəz müdafiəçisinin tezliklə "Neftçi" ilə rəsmi müqavilə imzalayacağı bildirilib. Nəşrin yazdığına görə, bu transfer üçün "Neftçi" "CFR Kluj"a 400 min avro təzminat ödəyəcək. Sözügedən transfer "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutunun istəyi ilə həyata keçirilib. Qeyd edək ki, artıq futbolçu Rumıniyanı tərk edərək Moskvaya yola düşüb. Hazırda "Neftçi" təlim-məşq toplanışı çərçivəsində bu şəhərdədir. Sabah onlar "Spartak"la yoxlama oyunu keçirəcək. Xatırladaq ki, daha əvvəl "CFR Kluj"un prezidenti Yuri Matiasa görə "Neftçi" ilə danışıqlar apardıqlarını təsdiqləmiş və 700 min avro təzminat tələb etdiklərini demişdi.

"Azərbaycan komandası ilə danışıqlar aparırıq" - Sərvət Çətin

Türkiyə superliqa təmsilçisi "Sivasspor" Azərbaycan klubu ilə yoxlama matçı keçirə bilər. Sozcu.az "TRT Spor"a istinadən xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Sərvət Çətin məlumat verib. O, komandasının iyulun17-də Ərzurum şəhərində təlim-məşq toplanışına başlayacağını deyib.  "Dörd yoxlama oyunu keçirməyi nəzərdə tuturuq. Artıq iki rəqibimiz bəllidir. Bunlar "Antalyaspor" və "Ümraniyespor"dur. Bundan başqa, bir İran və bir Azərbaycan komandası ilə də oyunumuz ola bilər. Amma hələlik bu iki matçla bağlı məsələ dəqiq deyil. Danışıqlarımız davam edir".  Qeyd edək ki, iyulun 10-dan etibarən Azərbaycan klublarından "Səbail" Ərzurumda təlim-məşq toplanışındadır. Bugünlərdə baş məşqçi Şahin Diniyev Qol.az-a bildirib ki ,Ərzurumda toplanış müddətində 3 yoxlama oyunu keçirəcəklər: "Rəqiblər "Ərzurumspor", "Konyaspor" və “Sivasspor” olacaq. Son iki komanda  Türkiyə Superliqasının təmsilçisidir. Bu cür rəqiblərlə oyunlar bizim üçün dərs olacaq. Bütün problemlər məhz həmin matçlarda üzə çıxacaq”.

ÇL-də ən az azarkeş "Linkoln" - "Qarabağ" matçında olub

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariqdə keçirilən "Linkoln" - "Qarabağ" oyununu izləyən azarkeş sayı məlum olub. Sozcu.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Viktoriya" stadionunda keçirilən görüşü tribunalardan 683 azarkeş izləyib. Bu, 1-ci təsnifat mərhələsinin ən aşağı göstəricisidir. Ən çox azarkeş isə "Astana" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan) qarşılaşmasında qeydə alınıb. Oyunu 27 328 azarkeş tribunadan izləyib. Xatırladaq ki, "Qarabağ" səfərdə  "Linkoln"u 2:1 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab oyunu iyulun 19-da Bakıda olacaq.

Caner Erkin aşağı liqa klubunda

"Başakşehir"dən ayrılan Caner Erkinin yeni klubu müəyyənləşib. Sozcu.az xəbər verir ki, Türkiyə müdafiəçisi karyerasını 1-ci liqa təmsilçisi "Eyüpsor"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında imzalanan müqavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, Caner Erkin bu ilin yanvar ayından "Başekşehir"də çıxış edirdi. O, İstanbul klubunun heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi edib.

"Qarabağ" və "Neftçi"nin dünya reytinqindəki yeni mövqeyi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Sozcu.az qurumun saytına istinadən xəbər verir ki, 300 klubun yer aldığı siyahıda Azərbaycandan "Qarabağ" və "Neftçi" yer alıb. Ağdam təmsilçisi bundan əvvəlki reytinqlə müqayisədə 138,5 xalla 3 pillədə geriləyərək 74-cü pillədə qərarlaşıb. "Nefti" isə 4 pillə geriləyib və 67 xalla 291-ci sırada yer alıb. Qeyd edək ki, siyahıya 315 xalla "Real" başçılıq edir. "Mançester Siti" 311 xalla 2-ci, "Flamenqo" 296 xalla 3-cüdür.

Ukrayna Futbol Federasiyası “Neftçi”yə etiraz edir

Ukrayna Futbol Federasiyası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "PARI Premyer Kuboku"nun iştirakçılarına etirazını bildirib. Sozcu.az xəbər verir ki, federasiya bununla bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan klubu “Neftçi”, eləcə də “Srvena Zvezda” (Serbiya) və “Fənərbaxça” (Türkiyə) Rusiyada təşkil olunan turnirdə iştirakına görə qınanıb: "Ukrayna Futbol Assosiasiyası “Neftçi” (Bakı), “Srvena Zvezda” (Serbiya) və “Fənərbaxça” (Türkiyə) komandalarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yoldaşlıq turnirində iştirakını qətiyyətlə pisləyir. Bir daha Avropanın və bütün dünyanın futbol ictimaiyyətinə xatırladırıq ki, Rusiyada futbol həmişə yerli kriminal rejimin təbliğat vasitəsi kimi istifadə olunub. Uzun illərdir ki, bu təbliğat və futbol onun ayrılmaz atributu kimi Ukraynaya qarşı işləyir və Ukraynada hər şeyi məhv etmək məqsədi daşıyır. Rusiya Futbol İttifaqı nə rus qoşunlarının Ukrayna ərazisinə ilk dəfə hücum etdiyi 2014-cü ildən, nə də genişmiqyaslı işğalın başladığı 24 fevral 2022-ci ildən sonra Rusiyanın kriminal avtoritetlərinin hərəkətlərini pisləmir. Bu da yalnız belə şərh edilə bilər: Rusiya Federasiyasının Ukraynaya qarşı bütün cinayətlərə səssiz dəstəyi". Xatırladaq ki, iyulun 1-də start götürən turnirdə sözügedən klublarla yanaşı Rusiya "Zeni"i də iştirak edir. Yarışa iyulun 15-də yekun vurulacaq.

"Neftçi"nin baş məşqçisi vəzifəsi ilə bağlı yeni iddia

"Neftçi" hazırda baş məşqçi axtarışlarını davam etdirir. Sozcu.az xəbər verir ki, hazırda "Matç TV" turniri üçün Rusiyanın Sankt-Peterburq şəhərində olan "ağ-qaralar" Konfrans Liqasına hazırlığını da orada davam etdirir. Lakin baş məşqçi olmadan. Bu arada Rumıniya mətbuatı yeni iddia ilə çıxış edib. Bu ölkənin gsp.ro saytının yazdığına görə, Laurensio Regekampfla yolları ayıran paytaxt təmsilçisi başqa bir rumın mütəxəssisə təklif göndərmək fikrindədir. Söhbət 44 yaşlı Adrian Mutudan gedir. Sayt iddia edib ki, "Neftçi" Rumıniya millisinin sabiq üzvünə illik 1 milyon avro ödəməyə hazırdır. Bununla belə, qeyd edilir ki, hazırda "Neftçi" üçün əsas namizəd Sərgən Yalçındır. Əgər Mutu Azərbaycana gələrsə, bu halda onun hazırkı klubu "Rapid 1923"ə müəyyən təzminat ödənilməlidir. Qeyd edək ki, bu məlumatla əlaqədar "Neftçi"dən fikir almaq mümkün olmayıb. Ümumiyyətlə, baş məşqçi məsələsi ilə bağlı klubdan indiyədək heç bir açıqlama verilməyib. Ehtimal etmək olar ki, yekun qərar həmişə olduğu kimi bu dəfə də "Neftçi"nin sponsoru SOCAR tərəfdən veriləcək. Odur ki, bu məsələ klub rəhbərliyi faktiki olaraq ofsaydda qalıb.

Ançelotti Braziliya millisini çalışdıracaq - Rəsmi

"Real"ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisini çalışdıracağı təsdiqlənib. Sozcu.az xəbər verir ki, bunu Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges öz Tvitter hesabındakı paylaşımında bildirib. O, 2024-cü ildə komandaya Ançelottinin rəhbərlik edəcəyini bildirilib. İtaliyalı mütəxəssisin sözləşməsinin DÇ-2026-dək qüvvədə olacaq.  Braziliya Futbol Konfederasiyasının rəsmi saytı Ançelottiyə qədər komandanı Fernando Dinizin çalışdıracağını açıqlayıb. Qeyd edək ki, 64 yaşlı Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. O, Madrid klubuna ikinci qayıdışından sonra 2 il ərzində Çempionlar Liqasını, Klublararası Dünya Çempionatını, La Liqanı, İspaniya kubokunu və Superkubokunu qazanıb.

Neymar gölməçəyə görə 3,3 milyon dollar cərimələndi

PSJ və Braziliya millisinin hücumçusu Neymar Manqaratiba şəhərindəki mülkündə süni gölməçə və üzgüçülük sahəsi tikdiyi üçün 16 milyon real (3,3 milyon dollardan çox) cərimələnib. Sozcu.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. Məlumata görə, yerli prokurorluq futbolçunu iş üçün lazımi ekoloji nəzarətin olmamasında ittiham edib. O, həmçinin “torpağı qazıb daşımaqda” və “bitki örtüyünü məhv etməkdə” ittiham olunur.

"Əl-Hilal"dan Neymara fantastik təklif

Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı PSJ-nin hücumçusu Neymarı heyətində görmək istəyir. Sozcu.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub 31 yaşlı braziliyalıya 3 illik müqavilə üçün 600 milyon avro maaş ödəməyə hazırdır.  Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Daha əvvəl hücumçunun "Barselona"ya qayıtmağa hazır olduğu və klubların mümkün transfer barədə razılığa gəldiyi bildirilirdi. Ancaq diqqət çəkən məqam odur ki, "Barselona" PSJ-nin ulduz oyunçunun maaşının bir hissəsini ödəməyə davam etməsini istəyir. Qeyd edək ki, "Əl-Hilal" daha əvvəl "Çelsi"nin sabiq müdafiəçisi Kalidu Koulibali və "Vulverhempton"un sabiq yarımmüdafiəçisi Ruben Neveslə müqavilə imzalayıb.

Messi: "Fərdi mükafatlara görə heç vaxt narahat olmamışam"

"İnter Mayami"nin hücumçusu Lionel Messi karyerası ilə bağlı fikirlərini bölüşüb. Qol.az "Barca Universal"a istinadən xəbər verir ki, o deyib:  “Mən qarşıma qoyduğum ən vacib hədəfə nail oldum. Bu, Argentina ilə dünya çempionatının kubokunu qazanmaq idi. Bu inanılmaz idi. Mən  fərdi mükafatlara görə heç vaxt narahat olmamışam, millidə və oynadığım klublarda uğur həmişə birinci yerdə olub və bu baxımdan karyeramda hər şey əla alınıb. Mən artıq şəxsi rekordlarımı izləmirəm". Qeyd edək ki, PSJ ilə müqaviləsi bu ay başa çatan "Qızıl top"un yeddiqat sahibi Messi azad agent kimi "İnter Mayami"yə keçib.