Rövşən Nəcəf azərbaycanlı azarkeşlərin nə istədiyini bilir?

Rəşad Ergün

AFFA-nın yeni rəhbərliyi Azərbaycanda futbolun inkişafı üçün yeni strategiya hazırlayacaq.

Bu barədə federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev “CBC Sport” telekanalında qonaq olarkən deyib.

Əslində, AFFA-nın prezidenti postunda Rövnəq Abdullayevi əvəzləyən Rövşən Nəcəfin yeni vəzifəyə başlamazdan öncə əlində planı-proqramı olmalı idi. O plan-proqramla onu AFFA-ya “seçənlər”i tanış edəndən sonra işə başlamaq üçün xeyir-dua almalı idi və ya… Nə isə… Nəzərə alaq ki, bura Azərbaycandır. Burada seçki də formal xarakter daşıyır, seçkidən öncəki vədlər, planlar-proqramlar da. Rövşən Nəcəf AFFA-ya nə seçki yolu ilə seçilib (alternativsiz seçki olmur), nə də planı-proqramı olub.

Sərxan Hacıyev deyib ki, yeni strategiyanın hazırlanmasında yerli və əcnəbi mütəxəssislərin köməyindən istifadə ediləcək. Ümid edək ki, bu yeni strategiya da “Azərbaycanda futbolun inkişafına dair dövlət proqramı” (2005-2015) kimi ölkədə futbolun inkişafına mane olub, bir qrup adamın ciblərini doldurmasına xidmət etməz. AFFA-nın keçmiş rəhbərliyi “Top çiləmə” festivalları ilə, Avropada daim qapazaltı olan milli komandaları nəzərdə tutaraq, “Niyə də yox?” kimi populist şüarlarla günlərini, aylarını, illərini keçirib, ciblərini doldurdu, hətta aralarından ən fürsətcili olan Elxan Məmmədov FİFA-da vəzifə sahibi olmağa da imkan tapdı.

Rövşən Nəcəfin və onun köhnə-yeni komandasının eyni səhvləri etməyə nə haqqı qalıb, nə də Azərbaycan futbolunun, idmanın bu növünə könül verən sadə azərbaycanlıların səbri, vaxtı. Azərbaycan azarkeşi artıq aldadılmaq, ələ salınmaq istəmir. “Niyə də yox?” kimi populist şüarlara, “Top çiləmə” festivallarına, Avropa Liqasının final matçının, Avropa çempionatının final mərhələsinin bir neçə oyununun Bakıda keçirilməsinə qarnı toxdur azərbaycanlı azarkeşlərin. Azarkeş nəticə istəyir. Hə, bir də, nəhayət, bu ölkədən də normal bir futbolçunun çıxmasını. Ermənilərdə, gürcülərdə olduğu kimi…(Komanda.az)

Share on Facebook