Qurban Qurbanov: "Bütün Azərbaycanı təbrik edirəm"

“Azarkeşlərə və futbolçularıma təşəkkür edirəm”. Sozcu.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov UEFA Avropa liqasında İsveç təmsilçisi "Hakken" üzərindəki qələbədən sonra deyib. Ağdam klubunun baş məşqçisi bildirib ki, gərgin keçən oyunda nizam-intizamı qoruyub saxlamaq mümkün oldu. "Bütün Azərbaycanı təbrik edirəm"- deyə Qurbanov bildirib.

Avropa Liqası: "Qarabağ" ilk dəfə pley-offa yüksəlib

"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib. Sozcu.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubu ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. "Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib. H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini darmadağın edib - 5:1. Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.

Messi və Ronaldo yenidən üz-üzə gələcək

Yaşıl meydanların iki əfsanəvi futbolçusu, “İnter Mayami”də çıxış edən argentinalı Lionel Messi və “Əl Nəsr”də çıxış edən portuqaliyalı Kriştianu Ronaldonun komandaları fevralın 1-də qarşılaşacaq. Sozcu,az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin “İnter Mayami” klubu məlumat verib. Məlumata görə, komanda mövsüm ərəfəsindəki hazırlıqlar çərçivəsində Səudiyyə Ərəbistanı təmsilçilərindən “Əl Hilal” və “Əl Nəsr” komandaları ilə yoldaşlıq oyunu keçirəcək. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək oyunda “İnter Mayami” yanvarın 29-da “Əl Hilal”, fevralın 1-də isə “Əl Nəsr”lə qarşılaşacaq. Qeyd edək ki, Ronaldonun formasını geydiyi “Əl Nəsr” komandası əsas liqada ikinci yerdə qərarlaşıb. Messinin zədə ilə əlaqədar meydana çıxa bilmədiyi “İnter Mayami” komandası isə matçlarda zəif nəticə göstərdiyi üçün liqada pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Qeyd edək ki, yaşıl meydanların iki ulduzu Messi və Ronaldo öz komandaları ilə 38 dəfə qarşılaşıblar. Bu görüşlərin 17-də Messinin komandası, 11-də isə Ronaldonun komandası qalib gəlib.

Türkiyə liqalarındakı bütün oyunlar qeyri-müəyyən vaxtadək təxirə salındı

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi MKE “Ankaragücü” klubunun prezidenti Faruk Kocanın hakim Halil Umut Melerə hücumundan sonra növbədənkənar toplantı keçirib Sozcu.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, toplantıdan sonra o, jurnalistlərə verdiyi açıqlamada ölkədəki bütün liqaların oyunlarının qeyri-müəyyən müddətə təxirə salındığını bəyan edib. Xatırladaq ki, ötən gün – dekabrın 11-də Türkiyənin Trendyol Super Liqasının 15-ci həftəsində “Ankaragücü” ilə “Rizəspor” 1:1 hesablı heç-heçə edib. Qarşılaşmadan sonra meydana daxil olan “Ankaragücü” prezidenti Faruk Koca matçın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində Meler gözündən xəsarət alıb.

Valeybolçular prezidentə videomüraciət etdilər

“Xarı Bülbül ŞuŞa” və “Xarı Bülbül Laçın” komandalarının əcnəbi və yerli voleybolçuları prezident İlham Əliyevə videomüraciət ediblər. Azərbaycan idmanı tarixində ilk dəfə Şuşanı Avrokuboklarda təmsil edən və Avropa arenasında mərhələ adlayan “Xarı Bülbül Şuşa” və Azərbaycan milli komandası üçün ehtiyyat qüvvə yetişdirmək məqsədi ilə qurulan “Xarı Bülbül Laçın” komandalarının əcnəbi və yerli oyunçuları, texniki heyət üzvləri komandanın düşdüyü çətin durumdan qurtulmaq üçün ölkə başçısı, Ali Baş Komandan, cənab İlham Əliyevə videomüraciət ünvanlamışdır. Azərbaycanı, Bakını, buranın mədəniyyətini, tarixini, insanlarını və onlara olan münasibəti çox sevdiklərini söyləyən heyət üzvləri bizim üçün dəyərli olan simvolların adını daşıyan bu möhtəşəm layihənin daha da yüksəklərə ucalması üçün ölkə rəhbərliyinin dəstəyinə ehtiyacı olduğunu bildirmiş və gələcəklərini Azərbaycanla bağlamaqdan qürur duyduqlarını söyləmişdir. Sozcu.az sözügedən videomüraciəti sizlərə təqdim edir:

De Byazi Azərbaycan millisindən qovuldu

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq. Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib. Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edib.

Luçesku Kiyev “Dinamo”sundan getdi və karyerasını başa vurdu

Mirça Luçesku Kiyev “Dinamo”sunun baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. 78 yaşlı mütəxəssis bu sözləri Ukrayna çempionatının 13-cü turunda səfərdə “Şaxtyor”a 0:1 hesablı məğlubiyyətlə başa çatan oyundan sonra deyib. “Bu gün oyun haqqında danışmaq istəmirəm. Demək istəyirəm ki, 15 ilimi Ukrayna futboluna həsr etmişəm. Burada karyeramı bitirmək qərarına gəldim. Bu son oyun idi. Futbolçularımla, “Şaxtyor”la vidalaşdım. Hamınıza təşəkkür edirəm. Mən karyeramı başqa cür bitirmək istərdim, amma hər şey sona çatır - futbolçu karyeram, sevgim, həyatım. Hər şeyin başlanğıcı və sonu var”, - Luçesku bildirib. Xatırladaq ki, Kiyev “Dinamo”su hazırda 10 oyundan 16 xal toplayaraq Ukrayna çempionatının turnir cədvəlində yeddinci yerdədir. Luçesku üçün “Dinamo” karyerasında ikinci Ukrayna klubu olub. Bundan əvvəl o, “Şaxtyor” klubunun baş məşqçisi vəzifəsində çalışıb. 2004-2016-cı illərdə kluba rəhbərlik edən məşqçi «Şaxtyor»la 8 dəfə ölkə çempionu olub və 2009-cu ildə UEFA kubokunu qazanıb. 78 yaşlı mütəxəssis Türkiyə millisi, “İnter”, “Zenit”, “Qalatasaray” və “Beşiktaş”a da rəhbərlik edib. Mirça UEFA Çempionlar Liqasında qələbə sayına görə ilk 15 məşqçi arasındadır. Məşqçi kimi onun 35 kuboku var. Bu göstəriciyə görə yalnız Ser Aleks Ferqyuson və Pep Qvardiola Luçeskudan öndədir. Mənbə: championat.com

Messi 8-ci dəfə "Qızıl top"u qazandı

“France Football” nəşrinin verdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib. Sozcu.az xəbər verir ki, mükafatı bu yay PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçən Lionel Messi qazanıb. Nəticədə 36 yaşlı hücumçu karyerasında 8-ci dəfə "Qızıl top"u əldə edib. Messiyə mükafatı “İnter Mayami”nin sahibi Devid Bekhem təqdim edib. Lionel ötən il Argentina yığması ilə birlikdə DÇ-2022-nin qalibi olub. O, turnirin ən yaxşı futbolçusu seçilib. Xatırladaq ki, Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub. Ötən il isə bu mükafatı Kərim Benzema qazanmışdı.

Ağsulu idmançılar Avropanı fəth etdi - Foto + VİDEO

20 - 22 oktyabr 2023 - cü il tarixlərdə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən taekvondo idman növü üzrə kiçik yaşlı yeniyetmələrin Avropa birinciliyinə 4 nəfər idmançıyla qatılan Ağsu taekvondoçuları bir qızıl və bir  gümüş medal qazanıblar. Belə ki, Mehman Qənbərov 27 kq çəki dərəcəsində  qızıl, Ülvi Məmmədov isə 36 kq çəki dərəcəsində  gümüş medal qazanıb.  Komandamız komanda hesabında da II yerə layiq görülərək kubokla təltif olunub.Bu uğur münasibətilə idmançılarımızı və onların məşqçiləri Vüqar Kərimovu təbrik edir, onlara daha yüksək naliyyətlər arzu edirik.

Qurban Qurbanova dünyanın ən nüfuzlu Feyr Pley mükafatı təqdim olundu

“Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova Macarıstanda beynəlxalq mükafat təqdim olunub. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, o, Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə, dünyanın ən nüfuzlu Feyr Pley mükafatı – “Joao Barotra” diplomuna layiq görülüb. Beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə bu gün keçirilən təntənəli mərasimində Feyr Pley mükafatı Q.Qurbanova təqdim olunub. Xatırladaq ki, Q.Qurbanovun bu mükafata təqdimatını Azərbaycan İdman Jurnalistləri Assosiasiyası edib.

“Qarabağ” ev oyunlarını Xankəndidə keçirəcək

"Qarabağ" bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndində keçirəcək. Sozcu.az xəbər verir ki, bu haqda Sportinfo.az-a mötəbər mənbələrdən məlumat daxil olub. Redaksiyamıza verilən informasiyaya görə, Ağdam klubu dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırıb. "Köhlən atlılar" bəzi ev matçılarının Xankəndində təşkili ilə əlaqəli tədbirlər planı hazırlayacaq və onu müvafiq instansiyalara təqdim edəcək. "Qarabağ" rəhbərliyi dünəndən bər Xankəndindədir. Klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında Qarabağın bu bölgəsinə yollanıb. Onlar sentyabrın ikinci yarısında qeyri-qanuni xunta rejiminin əlindən geri alınan və Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub. Sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbi qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib. Əldə etdiyimiz informasiyasına görə, Ağdam təmsilçisinin nümayəndələrinin hələ 1 gün də orada qalmaları planlaşdırılır. Səfər birbaşa "Qarabağ"la əlaqədardır və bu məkanla tanışlıq xarakteri daşıyır. Gəlinən ilk rəydan məlumatlıyıq. Belə ki, klub funksionerləri stadionun ciddi təmirə ehtiyacı olması barədə dövlət qurumunun nümayəndələrinə məruz edib. Uzun müddət istifadə olunmadığı üçün burada yenidənqurma işlərinin aparılması zəruridir. Qazonla səliqəyə salınmalı, tribunaların oturacaqları dəyişdirilməlidir. Çünki plastik skamyalar qondarma rejimin "bayrağ"ının rənglərindədir. Hakimlər və paltardəyişmə otaqlarına "əl gəzdirilməlidir". Stadionun ərazisində ümumiyyətlə tör-töküntü çoxdur və onların da təmizlənməsi mütləqdir.

"Ten Haq qovulmalı, Ronaldo kapitan olmalı idi"

Jurnalist və teleaparıcı Pirs Morqan “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun 2023-cü ildə 42 matçda 46 qol vurmasına münasibət bildirib. Sozcu.az  xəbər verir ki, o, sosial şəbəkə hesabında deyib: "Ancaq o, guya "Mançester Yunayted"də problem idi. Ten Haqı qovmalı, Ronaldo "Mançester Yunayted"in kapitanı olmalı idi". Qeyd edək ki, Ronaldo ötən ilin noyabrında Morqanla qalmaqallı müsahibəsindən sonra klubdan ayrılmışdı. Portuqaliyalı hücumçu baş məşqçi Erik Ten Haqın ona hörmət etmədiyini vurğulamışdı.