"Robot kimi oynamaq istəyirik, səhv etmək yox"

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 25-ci turunda təxirə salınmış və ötən gecə keçirilən "Brentford"la matçda qalib gəlmələri (1:0) barədə danışıb.  Sozcu.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis komandasının oyunundan razı qaldığını deyib: “Çox yaxşı oynadıq, xüsusən də birinci hissədə. 2-ci hissə daha çox döyüşə bənzəyirdi. "Brentford" kimi güclü komandaya qarşı yaxşı futbol oynamaq asan deyil. Amma ehtiras və arzumuz var idi, ona görə də məqsədimizə çata bildik. Markus Reşford möhtəşəm qola imza atıb. O, yenidən zirvədədir, yaxşı formadadır. Ümid edirəm ki, Markus mövsümün sonuna qədər belə qalacaq. David de Xeanın köməyinə nə vaxt ehtiyacımız olsa , yerində olur. Konsentrasiyanı itirdikdə səhvlər etmək mümkündür. Biz robot kimi oynamaq istəyirik, səhv etmək yox. Biz bir boşluq yaratdıq. Yaxşı ki, rəqib bundan istifadə edə bilmədi. David isə özünü göstərdi. Bu, vacib qələbədir, 16 matçda "Brentford" yalnız bir dəfə məğlub olub. Mən komandamızla fəxr edirəm”. Qeyd edək ki, "Mançester Yunayted"in qələbə qolunu Markus Reşford vurub.

“Barselona” Messini qaytarmaq istəyir - sərfəli müqavilə təklif edir

“Barselona” Lionel Messiyə kluba keçidlə bağlı təklif hazırlayır. Bu barədə “Fox Sports”un əməkdaşı Veronika Brunati açıqlama verib. Onun sözlərinə görə, hazırda PSJ-nin hücumçusu olan Messiyə 2025-ci ilə qədər 1+1 sxemi üzrə müqavilə təklif olunacaq. Son məlumatlara görə, Messi Robert Levandovskinin aldığı maaş qədər maaş alacaq. Bundan başqa Messiyə klubun sponsorluq gəlirinin bir faizi təklif olunacaq. “Barselona” həmçinin argentinalı üçün tam dolu “Kamp Nou” stadionunda vida matçı təşkil etməyi də planlaşdırır. Lionel Messinin PSJ ilə müqaviləsi iyunda başa çatır. Klub hücumçudan imtina etməyə hazır olduğu bəyan edib.

Zidan gəlsə, Neymar gedəcək

Fransız mütəxəssis Zinəddin Zidan PSJ-yə baş məşqçilik etməsi ehtimalı daha da artıb.  Sozcu.az xəbər verir ki, bu barədə "Mundo Dpoertivo" məlumat yayıb. 50 yaşlı fransalı məşqçiliyə PSJ-də qayıtmaq niyyətindədir. Belə olan halda Paris klubu futbolçusu Neymarla yolları ayıracaq. Bu məsələnin səbəbi isə açıqlanmayıb. Qeyd edək ki, Zidan əvvəllər Fransa millisinə baş məşqçilik etmək istəyirdi. Lakin yerli federasiya hazırkı baş məşqçi Didye Deşamla müqaviləni uzatmağa qərar verib.

Messi maaşının azaldılmasına razı deyil

PSJ-nin futbolçusu Lionel Messi klubu ilə müqaviləni yeniləmək üçün maaşını azaltmaq fikrində deyil. Sozcu.az-ın "Goal"a istinadən xəbər verir ki, argentinalı hücumçu bununla bağlı öz mövqeyini komanda rəhbərliyinə izah edib. Bildirilib ki, 35 yaşlı oyunçunun hazırkı maaşını saxlamaq və ya artırmaq üçün  Paris təmsilçisi maaş fondunu demək olar ki, 30 faiz azaltmalıdır. Qeyd edək ki, Messi bu mövsüm PSJ-də 32 oyunda 18 qol vurub və 17 qolun ötürməsini verib. Onun klubla müqaviləsi bu ilin iyununda başa çatır.

"Qarabağ"dan növbəti qələbə...

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib. Sozcu.az xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Şamaxı"nın qonağı olub. Şamaxı şəhər stadionundakı qarşılaşma "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 33-cü dəqiqədə Elvin Cəfərquliyev vurub. Bu nəticədən sonra xallarının sayını 74-ə çatdıran Ağdam təmsilçisi birinci pillədə qərarlaşıb. Meydan sahibləri 20 xalla doqquzuncu sıradadır. Qeyd edək ki, günün digər görüşündə "Sabah" "Qəbələ"ni qəbul edəcək. Turun əvvəlki oyunlarında "Sumqayıt" "Turan Tovuz"u 3:2, "Kəpəz" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Neftçi" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

Kontedən yeni qərar

Martın 27-də “Tottenhem”in baş məşqçisi vəzifəsindən istefaya göndərilən Antonio Konte karyerasına fasilə vermək qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. İtaliyalı mütəxəssis “Tottenhem”dən qovulduqdan sonra işə qayıtmağa tələsməyəcək və “Yuventus”un marağına baxmayaraq, bir il fasilə verəcək. Konte şəxsi həyatında bir neçə dəfə yaşanan ağır sarsıntılardan sonra ailəsi və yaxınlarının əhatəsində olmaq istəyir.  Xatırladaq ki, Konte London komandasının futbolçuları və rəhbərliyi ilə bağlı rezonans doğuran müsahibəsindən sonra “Tottenhem”dən istefaya göndərilmişdi.

İlkay "Barselona" ilə razılığa gəldi

"Barselona" "Mançester Siti"ninyarımmüdafiəçisi İlkay Gündoğanla yayda azad agent kimi müqavilə imzalamaq barədə razılığa gəlib. Sozcu.az xəbər verir ki, bu barədə insayder Jerar Romero məlumat verib. Mançester təmsilçisi ilə müqaviləsi bu ilin iyununda başa çatacaq türkəsilli alman yarımmüdafiəçi bir müddətdir ki, Kataloniya təmsilçisinin diqqət mərkəzindədir. Lakin “Barselona”nın maliyyə feyr-pleyində problem yaşadığını nəzərə alsaq, klub Gündoğana transferinin qeydə alınacağına zəmanət verə bilməz. Kataloniya klubu İlkayla müqaviləyə "Barsa"nın onu qeydiyyatdan keçirməyəcəyi təqdirdə icarəyə verə biləcəyi barədə bənd daxil etməyi təklif edir.

Səfir komandamızı tənqid etdi: “Qızlardan danışır, yeyib-içirdilər...”

Futbol üzrə Azərbaycan milli komandasının səfərdə İsveç yığmasına 0:5 hesablı məğlubiyyəti (bundan əvvəl də Avstriyaya 1:4 hesıbı ilə uduzmuşduq) geniş müzakirələrə səbəb olub. Milli komandanın biabırçı məğlubiyyətini həzm edə bilməyən Azərbaycanın futbol ictimaiyyəti sosial şəbəkələrdə futbolçuları, məşqçi heyətini və AFFA rəhbərliyini tənqid atəşinə tutub.  Milli komandanı qınayanlar sırasında tanınmış simalar da az deyil. Sozcu.az-ın məlumatına görə, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev də biabırçı məğlubiyyətə görə əsəblərini cilovlaya bilməyib. Səfir Azərbaycan millisinin Polşa yığmasına 0:8 hesablı məğlubiyyətini yada salaraq bunları qeyd edib: “Deməli, milli komandamız dünən İsveçə 0:5 hesbı ilə uduzdu. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 0:8 hesabı ilə məğlub olduq. VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub: - Bu futboldur, - dedi. - Hər dəqiqə hər şey dəyişə bilər. Dördüncü qol vurulanda isə: - Futbol boş şeydir, - deyə ürək-dirək verdi. - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan. Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi. Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 0:8 hesabı ilə uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar. Yanaşı oturduğumuz məşqçi Şahin Diniyev isə guya özünə haqq qazandırırmış kimi: - Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox... - dedi. Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan... Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir...”. 

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi: “Əla oyun göstərdik”

“İkinci qola qədər oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Top daha çox bizdə idi”. Sozcu.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 0:5 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis ikinci qolun həlledici olduğunu bildirib: “İkinci topdan sonra onların hər imkanı qol oldu. Bizim də şanslarımız oldu. Heç-heçə edə bilərdik. 70-75 dəqiqə çatdırırıq, sonra bizə çətin olur. Rəqib fiziki cəhətdən çox güclü idi”. 67 yaşlı mütəxəssis sona yaxın gənc oyunçulara şans verdiyini vurğulayıb: “Birinci hissədə rəqibi çətinliyə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci hissədə gənclərə şans verdim. Başa düşürəm ki, nəticə acınacaqlıdır. Amma uşaqlara deyiləcək heç nə yoxdur”. Baş məşqçi futbolçularının buraxılan qollardan sonra həvəsdən düşməməsini istəyib: “0:2 hesabından sonra ruhdan düşməməliyik, əmin olmalıyıq ki, nəticəni dəyişmək olar. Bunu etməyi bacarmalıyıq”. O, 60-cı dəqiqəyə qədər komandalar arasında səviyyə fərqinin hiss olunmadığını düşünür: “Bizə qarşı hamıda yaxşı alınır. Yesper Karlsson bu gün cərimə zərbəsindən qol vurdu. Bizim canlı sədd də buna şərait yaratdı. İsveç fiziki cəhətdən çox güclü komandadır. Amma bir saatın tamamına qədər meydanda fərq elə də görünmürdü”.

Azərbaycan millisi İsveçə darmadağınla uduzdu

Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb. Sozcu.az xəbər verir ki, yığmamız F qrupunda 2-ci turda İsveçin qonağıdır. Solna şəhərindəki "Frends Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Qrupun digər matçında Avstriya  Estoniyanı qəbul edir. Qeyd edək ki, Azərbaycan bu turnirdə ilk turda Avstriyaya 1:4 hesabı ilə uduzub. F qrupu 22:45. İsveç - Azərbaycan - 5:0  Qollar: Emil Forsberq, 38, Bəhlul Mustafazadə, 65-avtoqol, Viktor Dyekereş, 79, Yesper Karlsson, 88, Antoni Elanqa, 89 22:45. Avstriya - Estoniya - 2:1  Qol: Sappinen, 25 (0:1), Florian Kaynz, 68 (1:1), Mixael Qreqorits, 88 (2:1)

Fateh Terim Türkiyədə klub alır

“Qalatasaray” klubunun keçmiş baş məşqçisi Fateh Terim futbol klubu alır. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuat məlumat yayıb. Məlumata görə, Terim Spor Toto 1-ci Liqada çıxış edən “Bodrumspor” klubunu almaq niyyətindədir. TGRT kanalında yayımlanan “Stüdyoda Futbol” verilişinin şərhçisi Tahir Kum mətbuatda yer alan iddiaları təsdiq edib: “Fateh Terim “Bodrumspor”u almaq üçün fəaliyyətə başlayıb”.

Azərbaycan millisi AÇ-2024-ə biabırçı məğlubiyyətlə başladı

Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində ilk oyununa çıxıb. Sozcu.az xəbər verir ki, yığmamız Avstriyanın qonağı olub. Linzdəki “Raiffeisen Arena”da keçirilən meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər matçında İsveç Belçikanı qəbul edib. Bu oyunda qonaqlar 3 cavabsız qolla qalib gəlib. Romelu Lukaku het-trik edib.  Qeyd edək ki, millimiz Avro-2024-ün seçmə mərhələsində 2-ci oyununu martın 27-i İsveçə qarşı keçirəcək. Xatırladaq ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda bundan əvvəlki 5 qarşılaşmada qalib gəlmişdi. 24 mart 23:45. Avstriya - Azərbaycan - 4:1 Qollar: Marsel Sabitzer, 28 (1:0), Mixael Qriqoriç, 30 (2:0), Marsel Sabitzer, 50 (3:0), Emin Mahmudov, 64 (3:1), Kristof Baumqartner, 69 (4:1) Hakimlər: Bartoş Frankovski,Marçin Boniek, Yakub Vinkler, Damian Kos (hamısı Polşa) Linz, “Raiffeisen Arena” 23:45. İsveç - Belçika - 0:3 Qollar: Romelu Lukaku, 35, 49, 83 "Friends Arena")