Yardımlıda İran vətəndaşları saxlanıldı: 36 kq narkotik...

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olan İran vətəndaşlarına qarşı polis əməkdaşları əməliyyat keçirib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə 26 yaşlı Hadi Fəsihi və 29 yaşlı Rza Ətai saxlanılıblar. Onlardan 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana,heroin və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Kanalda batan qızın meyiti tapıldı

Bərdədə 10 gün əvvəl kanalda batan 17 yaşlı qızın meyiti tapılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, martın 19-da kanalda batan Bərdə rayon sakini 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının meyiti Qarabağ kanalında, Qaraqoyunlu kəndi ərazisində aşkarlanıb. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.

Bərdədə dəhşət: Kotanın altında qalıb öldü

Laçın rayonunun Qorçu kənd sakini, 1991-ci il təvəllüdlü Xəyyam Yaşar oğlu Məmmədov traktorun kotanı altında qalaraq ölüb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə martın 28-də axşam saatlarında Bərdə rayonunun Xamtorpaq adlanan ərazisində məcburi köçkünlər üçün salınan qəsəbədə yerləşən fermada baş verib. Məcburi köçkün kimi qəsəbədə məskunlaşan X.Məmmədov fermada həm çobanlıq edirmiş, həm də traktor işlədirmiş. O, texnikaya baxış keçirmək üçün həyətdə saxlayıb və kotanın altında yağlama işləri aparmağa başlayıb. Bu zaman traktor hərəkət edib və X.Məmmədov kotanın altında qalaraq faciəvi şəkildə dünyasını dəyişib. Onun üç azyaşlı övladı, iki əlil qardaşı var. Valideynləri isə yaşlıdır. O, ailənin yeganə qazanc gətirən üzvü idi. Mərhum bu gün Bərdə şəhərində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Ağsuda 8 nəfər YARALANDI

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu rayon ərazisində olub. İlkin məlumata görə, hadisə zamanı 8 nəfər xəsarət alaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin orta-ağır olduğu bildirilir. DİN-in Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.

Gəncədə 21 yaşlı qız atasının qərbi üstündə zəhər içdi

Gəncədə 21 yaşlı qız intihar edib. Sozcu.az Gencexeber.az-a istinadla xəbər verir ki, Nüşabə Məmmədova 4 il öncə atasının vəfatından sonra psixoloji sarsıntı keçirib. O, iki gün əvvəl atasının qəbrinin yanında essensiya məhlulu içib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən gənc qız orada dünyasını dəyişib. Qeyd edək ki, Gəncə Dövlət Universitetinin tələbəsi N.Məmmədova təhsil aldığı müddətdə tədrislə də məşğul olub.

Yevlaxda 6 tibb işçisi qəzaya düşdü: 1-i ağır vəziyyətdədir

11:46 Yevlaxda mikroavtobusla minik maşını toqquşub. Sozcu.az xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb. Məlumata görə, mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində ən azı 5 nəfər xəsarət alıb. Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. Mikroavtobusda tibb işçilərinin olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. *** Yevlaxda qəzaya düşən tibb işçilərinin kimliyi məlum olub. Həmin şəxslər 1984-ci il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədova, 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov, 1990-cı il təvəllüdlü Arzu Məmmədova və 1991-ci il təvəllüdlü Çinarə Əliyevadır. Yaralılardan ağır vəziyyətdə olan Gəncə sakini Vüsal Məmmədov üzərində cərrahi əməliyyat aparılıb.

Kənar Dairəvi yolda yük avtomobili yandı - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində “Ford” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yük hissəsinə yığılmış mallar yanğından mühafizə olunub.

Tovuzda 42 yaşlı qadın dəm qazından boğuldu

Tovuzda dəm qazından zəhərlənmə olub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü K.Əmrahova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz Rayon Prokrorluğunda araşdırma aparılır.

Kabab bişirmək istədi, alov üzünü yandırdı

Gəncədə kabab bişirmək istəyən şəxs ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıb. Sozcu.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 59 yaşlı S. Paşayeva həyətində oğlu ilə birlikdə kabab bişirərkən oğlu bilmədən yanan oda benzin töküb. Nəticədə qadının əl və üz nahiyələri yanıb. O, dərhal xəstəxanaya çatdırılıb və müalicəsi davam edir.

İbtidai sinif müəllimi vəfat etdi - FOTO

Gəncədə ibtidai sinif müəllimi vəfat edib. Sozcu.az xəbər verir ki, Gəncə şəhər 32 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rəna Rahat qızı Əliyeva dünyasını dəyişib. 58 yaşlı R.Əliyeva ürək tutmasından vəfat edib.

Naxçıvanda ər arvadını tavandan asaraq öldürdü

Naxçıvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq araşdırmalar həyata keçiriblər. Tədbirlər nəticəsində 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra tavandan asaraq öldürməsi müəyyən olunub. A.İbrahimli şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Qeyd edək ki, 25 yaşlı Aytac İbrahimli iki uşaq anası olub. Onun ikinci övladı üç aylıqdır.

Göyçayda kişi qohumunu bıçaqladı

Göyçayda bıçaqlanma hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bığır kəndinin ərazisində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Şaiq Salmanov münaqişə zəminində qohumu 1961-ci il təvəllüdlü Nazir Salmanova bıçaqla xəsarət yetirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.