Sumqayıtda partlayış: əlindəki partlayıcı işə düşdü...

Sumqayıtda partlayış olub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə yaşayış binasında qeydə alınıb. Orada olan bir nəfərin əlində partlayıcının partladığı və həmin şəxsin öldüyü bildirilir.

Quyuda boğulan ata və qızının ölümü ilə bağlı təfərrüat

Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüat məlum olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov dərinliyi təxminən 15 metr olan su quyusuna düşən qızı 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanı oradan xilas etmək istəyərkən özü də quyuya düşərək boğulub. Qız quyuya düşərkən evdə heç kim olmayıb. Qonşu kəndə qonaq gedən ata evə gəldikdən sonra qızını axtarmağa başlayıb. Sonra onun ayaqqabılarını quyunun kənarında görüb. Qızının quyuya düşdüyünü müəyyən edən ata dərhal su şlanqı ilə onu çıxarmağa çalışıb. Lakin şlanq qırıldığından o da boğulub. Kənd sakinlərinin məlumatına görə, qız həmişə quyudan kəndir vasitəsi ilə su çəkirmiş. O boğulan zaman evin xanımı Bakıda müalicədə olub. Qeyd edək ki, dünyasını dəyişən N.Məmmədova nişanlı imiş.

Ağsuda ağır yol qəzası oldu, ölən və yaralanan var

Ağsu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Ağsu şəhərinin Tofiq İsmayılov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, “VAZ 2106” markalı avtomaşının sürücüsü, Ağsu rayon sakini Nazim Abışov həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara çırpılıb. Qəza zamanı avtomobildə olan Ağsu sakini Rövşən Əzizbəy oğlu Əmirov hadisə yerində ölüb, sürücü N.Abışov isə ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Ağsuda deputatlığa namizədin vəkili həbs edilib

90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd Ruslan Nəcəfovun vəkili Samir Cəfərov həbs edilib.  Samir Cəfərovun yaxınlarının Sozcu.az saytına verdikləri məlumata görə, Samir Cəfərovun saxlanılmasına səbəb onun seçkilərdə aktiv iştirak etməsidir.  Əldə etdiyimiz digər məlumata görə, Ağsu rayonunda olan bir neçə idarə müdirinin şikayəti əsasında Ağsu rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan Samir Cəfərov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıya aparılıb.  Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi hələki rəsmi məlumat yaymayıb. 

Bakıda bir yaşlı uşaq faciəli şəkildə öldü

Bakıda faciəli hadisə baş verib. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon sakini, bir yaşlı Mədinə Məmmədovanın üstünə qaynar su tökülüb. Nəticədə xəstəxanaya yerləşdirilən körpə aldığı xəsarətdən orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Məhkəmə iti baltalayıb öldürən şəxsə ağır cəza verdi

Binəqədi rayonunda itlə rəhmsiz rəftara görə saxlanılan şəxs həbs olunub. Sozcu.az xəbər verir ki, 1982-ci il təvəllüdlü X.Muradov Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub. Qeyd edək ki, ötən gün Biləcəri qəsəbəsində "DSK yolu" adlanan ərazidə onun iti balta ilə döyməsi ilə bağlı görüntülər yayılmışdı. Həmin şəxsin övladını it dişlədiyi və nəticədə övladının dünyasını dəyişdiyi iddia edilib.

Ağstafada bir nəfər Kürdə batdı

Ağstafada bir nəfər Kür çayında batıb. APA-nın məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində qeydə alınıb. Əraziyə FHN-in dalğıc-axtarış qrupu cəlb olunub.

Ata və qızı quyuya düşdü: meyitləri tapıldı

15:06 Cəlilabad rayonunda ata və övladının su quyusuna düşdüyü ehtimal olunur, atanın meyiti tapılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) 20 yaşlı qadının təxminən 15 metr dərinliyi olan su quyusuna düşdüyü barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər quyudan həmin qadının atasının meyitini aşkar ediblər. Həmçinin 20 yaşlı qadının da quyuda olduğu ehtimal edilir. Hazırda onun xilas edilməsi üçün əməliyyat aparılır. Hadisə yerinə polis və təcili tibbi yardım briqadası da cəlb olunub. Hadisənin təfərrüatları dəqiqləşdirilir. *** Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb. Xilasedicilər su quyusunda 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanın meyitini aşkar ediblər. Hər iki meyit müayinə olunması aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Küçədə heyvana balta ilə işgəncə verən şəxs saxlanıldı

Heyvanla rəhmsiz davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonunda əməli törədən 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib. Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür. 

Gəncədə yeniyetməni avtomobil vurdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Toyota Prius" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2010-cu təvəllüdlü T.Şükür İlahini vurub. Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda ayı gecə kəndə hücum etdi - FOTO

Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb. Sozcu.az "Report"a istinadla xəbər verir ki, Göygöl rayonu Toğanalı kəndində ayı insanların yaşadığı evlərin həyətinə daxil olub. Toğanalı kəndinə istirahətə gedən Rövşən Əmiraslanoğlu gecə saatlarında həyətdə səs eşitdiyini bildirib. O, həyətə çıxan zaman ayının çəpəri dağıdaraq həyətə daxil olduğunu görüb: "Mən təxminən 4-5 metr ondan aralıda idim. Əl fənərinin işığını ayıya tərəf tutdum. Xoşbəxtlikdən ayı mənə hücum etmədi. Haradasa, on saniyədən çox ayı işığa doğru baxdı və sonra qonşunun həyətinə tərəf qaçdı”. Qeyd edək ki, bir neçə ay öncə Göygöl rayonun digər kəndlərində də ayı sakinlərin təsərrüfatına hücum edib. Sakinlər ac ayının onlara xəsarət yetirəcəyindən ehtiyat edirlər.

Azərbaycanda ər arvadını küt alətlə öldürdü

Bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb. S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.