Sürücünü döyüb maşınını əlindən aldılar

Yanvarın 11-də gecə saatlarında Sabunçu qəsəbəsi ərazisində bir nəfərin “Mercedes” markalı avtomobilinin quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sozcu.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Ələsgərov müəyyən olunaraq saxlanılıb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. “Mercedes” markalı avtomobilin sürücüsünün döyüldüyü, avtomobilinin əlindən alındığı bildirilir.

Bakıda dəhşət - Qardaş qardaşı güllələdi

Yanvarın 10-da saat 20 radələrində Bakı şəhəri Pirallahı rayonu ərazisində bir nəfərin odlu silahdan açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Araşdırmalarla əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü İlham Həşimovun yaşadığı evdə sərxoş vəziyyətdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə 1969-cu il təvəllüdlü qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Həşimov saxlanılıb. Hadisə yerindən qanunsuz saxladığı “Bum” markalı tüfəng götürülüb. Araşdırma aparılır.

Azərbaycanda FACİƏ: 4 uşaq diri-diri yandı

Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı birgə məlumat yayıb.  Sozcu.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub. Qeyd olunur ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub: "Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub. Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir. Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq". 

Şirvanda oğul atasını öldürdü

Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Şərifov Allahverdi Şərif oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Laçında ağır qəza: İki hərbçimiz HƏLAK OLDU

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin!

Canavar kəndə hücum etdi, tələfat var

Zaqatalada canavar şəxsi təsərrüfata hücum edib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə yanvarın 3-dən 4-ə keçən gecə rayonun Yengiyan kəndində olub. Kənd sakini İradə Qurbanovanın yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə canavar hücum edib. Yırtıcı heyvan tövlədə olan xırdabuynuzlu heyvanlardan 5 başı parçalayaraq tələf edib, daha bir neçə baş xırdabuynuzlu heyvana isə xəsarət yetirib. Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.

Bakıda yeniyetmələr təmir sexindən maşın qaçırdılar

Yanvarın 1-də saat 12 radələrində paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən avtomobillərin təmiri sexindən “Hunday” markalı avtomobil qaçırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onların təmiri sexində olan “Mersedes” və “Toyota” markalı avtomobilləri əzmələri və şüşələrini sındırmaları, habelə “Hunday” markalı avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları da müəyyən olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Göyçayda 6 otaqlı ev yandı

Göyçay rayonunun Çaxırlı kəndində yanğın hadisəsi baş verib. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd edilib ki, Çaxırlı kəndində ümumi sahəsi 240 kvadratmetr (hər mərtəbəsi 120 kvadratmetr) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.

Bakıda 30 yaşlı kişi dəm qazından öldü

Bakı şəhəri Yasamal rayonunda 30 yaşlı Nicat Ağanemət oğlu Bayramov evinin hamam otağında çimərkən ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisənin baş verməsinin ilkin səbəbi olaraq dəm qazı zəhərlənməsi ehtimal edilir. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Cəlilabadda iki azyaşlı kanalda batdı

Bu gün Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyiti aşkar olunub. Sozcu.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bakıda 2 nəfər dəm qazından öldü

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Elnur Rəhman oğlu Quliyev və 2000-ci il təvəllüdlü Elşən Hüseyn oğlu Əliyev birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Oğuzda həmkəndlisini güllələyərək öldürən şəxsin məhkəməsi başlayır

Sentyabrın 14-də Oğuz rayon, Mollalı kənd sakini Toğrul Kərimovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Bu barədə Sozcu.az-a Oğuz Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, istintaqla 1992-ci il təvəllüdlü Pərvin Məmmədovun həmkəndlisi Toğrul Kərimovu sentyabrın 11-də yaşadığı kəndin meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Pərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.