Kürəkənini öldürən qayınata polisə təslim oldu

Yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin Ələkbərovun Saray qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Abşeron Rayon Prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı 1975-ci il təvəllüdlü Tayır Tayırovun aralarında yaranmış mübahisə zamanı qohumu Elvin Ələkbərova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bakıda hamilə qadın dəm qazından boğularaq öldü

Bakının Sabunçu rayonunda qadın hamam otağında dəm qazından boğulub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Səmayə Xalid qızı Məmmədova evin hamam otağında dəm qazından boğulub. O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, ölən qadın hamilə olub.

"8 aylıq nəvəmlə küçədə qalmışıq" - Zərərçəkən

"Hazırda 8 aylıq nəvəmlə küçədə qalmışıq".  Bunu "Unikal"a açıqlamasında Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında məskunlaşan Sakit Hüseynov deyib.  Onun sözlərinə görə, İcra Hakimiyyətindən onlara gecəni qohumları və ya yaxınlarında gecələmək tövsiyə edilib: "İcra Hakimiyyətindən dedilər ki, insanlar sabah yerləşdiriləcək. Lakin hazırda 8 aylıq nəvəm, arvadım, qızım, yeznəm və əsgərlikdən beş gündür gələn oğlumla küçədə qalmışıq.  Bizə dedilər ki, qohumlardan kim varsa, onların evində məskunlaşın. Yalnız bunu dedilər ki, bu işə sabah baxılacaq". 

Sumqayıtda yataqxana yanır: zəhərlənənlər var

2024.01.17 - 23:38 Sumqayıt Tibb Kollecinin həyətində yerləşən yataqxanada yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. *** Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib. Əraziyə polis əməkdaşları cəlb edilib. *** Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür. Məlumata görə, yanğında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.

Göygöldə polisin evdə meyiti tapıldı

Göygöldə mühafizə polisinin əməkdaşı, 1982-ci il təvəllüdlü Elmir Nuriyev kirayə yaşadığı evdə vəfat edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dilqəm Verdiyev küçəsində yerləşən evlərin birində qeydə alınıb. O, Göygöl rayon Mühafizə Polisində baş çavuş rütbəsi ilə xidmət edib. Məlumata görə, E.Nuriyevin ürəyində problemlər olub və öz əcəli ilə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb. İkisi böyük olmaqla - 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir. Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Azərbaycanda DƏHŞƏT: Bir yumruqla tanışını öldürdü

Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində tanışını yumruq zərbəsi ilə qətlə yetirən 1981-ci il təvəllüdlü Nurlan Rəhimovun cəzası ağırlaşdırılıb.  Sozcu.az xəbər verir ki, 2019-cu ildə baş verən cinayət hadisəsi zamanı həmyerlisi, 1978-ci il təvəllüdlü Teymur Səfərçinovun ölümünə səbəb olmuş şəxs barəsində prokurorun protestinə baxılıb.  Şəki Apellyasiya Məhkəməsi N.Rəhimov barəsində Cinayət Məcəlləsinin 124.1-ci, yəni ehtiyatsızlıqdan adam öldürmə maddəsi üzrə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib. Məhkəmə həmin hökmlə təyin edilmiş cəzanı çəkərək azadlığa çıxmış şəxsi bu dəfə Cinayət Məcəlləsinin 126.3-cü, yəni qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə Nurlan Rəhimova 9 il 6 ay müddətinə həbs cəzası verilib. Onun daha əvvəlki hökmlə əlaqədar çəkdiyi 2 il 3 ay 15 gün azadlıqdan məhrumedilmə müddəti cəzadan çıxarılıb və üzərində qəti olaraq 7 il 2 ay 15 gün müddətə azadıqdan məhrumetmə cəzası saxlanılıb.  Qeyd edək ki, prokurorluq daha əvvəl Nurlan Rəhimov barəsindəki hökmdən protest versə də, Şəki Apelyasiya Məhkəməsi protesti təmin etməmişdi. Prokurorluq kassasiya şikayəti verdikdən sonra Ali Məhkəmə işi yenidən apelyasiya instansiyasına qaytarmışdı. Bundan sonra hadisənin Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə araşdırılmasına qərar verilib və 2023-cü ilin 26 noyabr tarixində Nurlan Rəhimov həbs edilib. 

Sumqayıtdakı partlayışda yaralanan 4 nəfərdən 3-nün vəziyyəti ağırdır

Sumqayıtda partlayışda xəsarət alan 4 nəfərdən 3-nün vəziyyəti orta ağırdır. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəsində 4 nəfər (2-si böyük, 2-si uşaq olmaqla) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib. 1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslər Təcili Tibbi Yardım Xəstəxanasına, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslər isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Müxtəlif növ yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. 1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.

Bakıdakı dəhşətli partlayışla bağlı rəsmi açıqlama: 3 nəfərin meyiti tapıldı

Mebel sexində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.  Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında qeyd olunub. Bildirilir ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.  Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.  İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir. Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub. Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.  İctimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək. 

Bakıda küləyin sürəti güclənəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara və bəzi ərazilərdə qara keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Bildirilib ki, 14-ü gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-28 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir. Qeyd edilib ki, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və səhər 4°-yə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun 5-8°aşağı enərək,13-də axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. 14-15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq. Güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görünüşün məhdudlaşacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında yanvarın 14-15-də gecə və səhər saatlarında bəzi ərzilərdə yolların buz bağlama ehtimalı var.

Şamaxıda ər-arvad dəm qazından zəhərləndi - Biri öldü

Şamaxının Mərzəndiyyə kəndində ər-arvad dəm qazından zəhərlənib.  Sozcu.az xəbər verir ki, kənd sakinləri Elxan Əhmədov və həyat yoldaşı Zenfira Əhmədova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hadisə nəticəsində Elxan Əhmədov ölüb, Z.Əhmədova isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Faktla bağlı araşdırma aparılır. 

Bakıda YANĞIN

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən Sozcu.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində taxta və məişət tullantıları yığılmış tikilidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 30 kv.m. sahədə taxta və məişət tullantıları yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.