Masallı sakini döyülərək öldürüldü - Həmkəndlisi həbs edildi

Həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs həbs edilib. Masallı rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, yanvarın 27-də Masallı rayonu Musaküçə kənd sakini 1994-cü il təvəllüdlü Elnur Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Nurlan Nuriyevin yanvarın 21-də aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elnur Məmmədovun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı xəsartələr yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Nurlan Nuriyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Hazırda ibtidai istintaq davam etdirilir.

İmtahanda halı pisləşən tələbə vəfat etdi

Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Xumar Nəcəfzadə vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, onun imtahandan sonra halı pisləşib və dünyasını dəyişib. Mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb. Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.

Sumqayıtda ər arvadını bıçaqladı

Sumqayıtda ər arvadını bıçaqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vaqif Ağasəf oğlu Abdullayev aralarında baş vermiş münaqişə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Könül Ələsən qızı Abdullayevaa bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır

Lerikdə 60 yaşlı kişinin donmuş cəsədi tapıldı

Lerik rayonunda 60 yaşlı kişi qarlı yolda sürüşərək dərəyə yıxılıb və ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Veri-Əliabad kəndi ərazisində baş verib. Belə ki, 1964-cü il təvəllüdlü rayon sakini Fəxrəddin Məhəmmədoğlunun meyiti bu gün kənddən bir qədər aralıda dərədə aşkarlanıb. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar olunmayıb. Yaxınlarının bildirdiyinə görə, mərhum dünən səhər evdən çıxıb və geri qayıtmayıb. Bu gün səhər ərazidən keçənlər yol kənarında sahibsiz bazarlıq torbaları görüblər. Məlum olub ki, sahibi yoldan dərəyə yıxılıb. Onun donmuş cəsədi tapılıb. Meyit Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Fakt üzrə Lerik Rrayon Prokurorluğunda araşdırma aparılır.

Gəncədə 2 yaşlı uşaq ÖLDÜ

Gəncədə 2 yaşlı qız vəfat edib. Sozcu.az xəbər verir ki, 2022-ci il təvəllüdlü E. İmamverdiyeva Gəncə şəhərində yaşadığı evdə dünyasını dəyişib. İlkin araşdırmalar zamanı uşağın ağır septik vəziyyət, pnevmoniya və ürək çatışmazlığından vəfat etdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

Ağdaşda ağır qəza: ölən var

Ağdaş rayonunun Nehrəxəlil kəndində ölümlə nəticələnən ağır yol qəzası olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Məlumata görə, Aydın İsmayılovun idarə etdiyi VAZ-2104 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən ölüb. Araşdırma aparılır.

Şirvanda 70 yaşlı qadın dəm qazından öldü

Şirvanda 70 yaşlı qadın dəm qazından zəhərlənərək vəfat edib. Sozcu.az xəbər verir ki, hadisə Şirvan şəhərinin M.Əsədov küçəsi ev 96 ünvanında qeydə alınıb. Şəhər sakini 1954-cü il təvəllüdlü Şölə Abıyeva yuyunmaq üçün yaşadığı fərdi yaşayış evinin hamam otağına daxil olub, bir müddət keçdikdən sonra hamam otağının daxilində olan su qızdırıcıdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb. Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.

Şabranda Vətən müharibəsi qazisini qətlə yetirən şəxsə HÖKM OXUNDU

Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Teymur Cəfərzadəyə hökm oxunub. Bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, T.Cəfərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2022-ci il iyunun 15-i saat 23 radələrində Şabran rayonu ərazisində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tanışı, 1997-ci il təvəllüdlü Orxan Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Şabranda qətlə yetirilən Orxan Əliyev Vətən müharibəsi qazisi olub. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. /Report/

696 bal toplayaraq ölkə birincisi olmuş tələbə dəm qazından boğuldu

ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə “Azərbaycan universitetləri” səhifəsi Feysbukda məlumat yayıb. Bildirilib ki, S. Həsənov bu gecə dəm qazından dünyasını dəyişib. “2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan, ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, fakültənin ən yaxşılarından biri, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib”, - məlumatda deyilir. Qeyd olunub ki, o, ABŞ-də təcrübə keçib.

37 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Həsənovun kəsici-deşici alətlə xəsarət yetirilərək qətlə yetirilməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir

Atasına bıçaqla xəsarət yetirən şəxs SAXLANILDI

Bakı şəhəri Abşeron rayonu Masazır kəndində atasına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb. Əliyev Ceyhun Mobil oğlu Abşeron rayonu Masazır kəndi, Hamlet Həşimov küçəsi, ev 15 ünvanında yerləşən mənzildə atası - 1956-cı il təvəllüdlü Əliyev Mobil Məhərrəm oğlu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun qarın nahiyəsindən qəsdən iki dəfə bıçaqla zərbə vuraraq Mobil Əliyevə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin (CM) 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ceyhun Əliyev 22.01.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 24 yanvar 2024-cü il tarixdə o, CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilib.//Report

33 yaşlı kişi Koroğlu metrostansiyasının qarşısında öldürüldü

Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, Koroğlu metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Nizami Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.